Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-284/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4761/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə 25.248,62 manatın, 946,80 manat faizin, 5.918,44 manat (1.136,16 manat və 4.782,28 manat olmaqla) maddi ziyanın, 200 manat mediasiya xərcinin və hüquqi yardıma görə ödənilmiş 300 manat xərcin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Az-138/11-21 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC müvafiq (elektronika) mallarını alıcı Cavabdeh MMC-nin mülkiyyətinə vermək, alıcı isə, malı qəbul edib onun dəyərini satıcıya ödəmək barədə öhdəlik götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq alıcı malı elektron qaimə və təhvil-təslim aktı əsasında satıcıdan qəbul edir və müqavilə malın keyfiyyətini yoxladıqdan sonra onun dəyərini satıcıya ödəməlidir. İddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmişdir. O, ümumilikdə 83.995,83 manat (ƏDV daxil) dəyərində elektronika məhsullarını müxtəlif vaxtlarda cavabdehə çatdırmış, cavabdeh də həmin malları təhvil almışdır. Qeyd edilən məbləğin 58.747,21 manatı (yəni 46.935,16 manat malın dəyəri və 11.812,05 manat ƏDV) cavabdeh tərəfindən ödənilmişdir. Lakin cavabdeh 25.248,62 manat (yəni 24.247,84 manat mal dəyəri və 1.000,78 manat ƏDV) olan öhdəliyini yerinə yetirməmişdir. İddia ərizəsinə əlavə edilmiş təhvil-qəbul aktlarından da görünür ki, mallar iddiaçı tərəfindən cavabdeh şirkətə təhvil verilmişdir. Dəfələrlə yazılı və şifahı olaraq cavabdehdən öhdəliklərini yerinə yetirməsi, borcunu ödəməsi tələb edilmişdir. Lakin bunun müsbət nəticəsi olmamışdır. Eyni zamanda, nəzərə alaraq ki, cavabdeh 9 aydır ki, müqavilədən irəli gələn öhdəliyinin icrasını gecikdirmişdir, hesab edirlər ki, qeyd edilən məbləğdən əlavə cavabdeh iddiaçıya AR Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə əsasən həmin məbləğin illik 5%-i həcmində, yəni 946,80 manat məbləğində faiz ödəməlidir. 25.248,62 manat pul məbləği 5 faizlə illik 1.262,40 manat edir, həmin məbləği 12 aya böldükdə hər aya 105,20 manat düşür. 946,80 manat məbləğ 9 ay üçün (105,20x9=946,80) hesablanmışdır. Bundan başqa iddiaçı sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq "xxxx" ASC-dən illik 12 % (faiz) olmaqla 3 ay müddətinə 112640 manat kredit götürmüşdür. Cavabdeh pul borcunu vaxtında ödəmədiyinə görə, götürülən məbləğ normaldan daha çox 25.248,62 manat daha çox götürülmüşdür. Cavabdeh öhdəlikləri icra etmiş olsaydı, kredit məbləği 25.248,62 manat az götürülərdi. 25.248,62 manatın illik 12 %-i 3.029,83 manat edir. Həmin məbləği 12 aya böldükdə hər aya 252,48 manat düşür. Kreditin müddəti 3 aylıq olduğundan iddiaçı 757,44 manat faiz ödəmək məcburiyyətində qalmışdır. Eyni zamanda krediti götürərkən ona görə 1.5% miqdarında komissiya ödəmişdir. 25.248,62 manatın 1,5 %-i 378,72 manat edir. Başqa sözlə iddiaçı 757,44 manat faiz və 378,72 manat komissiya ödəmiş, 1.136,16 manat maddi ziyana uğramışdır. Bundan savayı cavabdeh tərəfindən ödənişlərin vaxtında edilməməsi və cavabdehin ödəniş etməklə bağlı verdiyi vədlərə əməl etməməsi səbəbindən iddiaçı tərəfindən gətirilmiş mallar gömrükdə saxlama kamerasında saxlanılmışdır. Nəticədə malların artıq müddətdə saxlanması ilə əlaqədar olaraq 4.782,28 manat əlavə saxlama xərci iddiaçı tərəfindən ödənilmişdir. Yəni iddiaçı həmin məbləğdə də maddi ziyana dəymişdir. Hazırki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehə pretenziya göndərilmiş, lakin bunun müsbət nəticəsi olmamışdır. Qanunvericiliyə uyğun olaraq mediasiya prosesinə müraciət edilmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərci olaraq iddiaçı tərəf 200 manat ödəmişdir. Qeyd edilənlərlə yanaşı onu da bildirməlidirlər ki, iddiaçı hüquqi prosedurun aparılması və məhkəmədə onun hüquqlarının müdafiəsi məqsədi ilə 300 manat dəyərində hüquqi yardım müqaviləsi bağlamış və ödəniş etmişdir.
3. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı etiraz verərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etirazında qeyd etmişdir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Az-138/11-21 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehin borcu yoxdur. İddiaçı tərəfindən cavabdehə rəsmi şəkildə təhvil verilmiş malların dəyəri tam şəkildə ödənilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş malların təhvil qəbul aktlarının bir çoxunda cavabdehin möhürü yoxdur və eyni zamanda cavabdehin səlahiyyətli şəxsi tərəfindən imzalanmamışdır.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4761/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 25.248,62 manat məbləğində borc, 946,80 manat məbləğində faiz, cəmi 26.195,42 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 160 manat və vəkil xidmətlərinə çəkilmiş xərclərinin əvəzi olaraq 300 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
5. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-4761/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində ləğv edərək, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə rəsmi şəkildə təhvil verilmiş malların dəyəri tam şəkildə ödənilmişdir. Cavabdeh MMC-nin iddiaçıya borcu yoxdur. İddiaçı tərəfindən cavabdehə iş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş malların təhvil qəbul aktlarının bir çoxunda cavabdehin möhürü yoxdur və eyni zamanda cavabdehin səlahiyyətli şəxsi tərəfindən imzalanmamışdır. Cavabdehin vəkili olaraq məhkəməyə təqdim etdiyimiz etirazda iddiaçı tərəfindən təqdim olunmuş aktlarda cavabdehin adından imza etmiş şəxslərin həqiqətən cavabdehin işçisi olub olmaması, işçisi olduğu halda həmin aktda imza atmağa səlahiyyətinin olub olmadığının araşdırılmasını tələb etsəkdə, məhkəmə bu yöndə heç bir araşdırma aparmamış iddiaçı tərəfindən təqdim edilmiş aktları mötəbər sübut kimi qəbul etmişdir. Cavabdeh tərəfindən heç bir işçiyə və ya içşi olmayan şəxsə akta imza atmaq və malları qəbul etməklə bağlı səlahiyyət verilməmişdir. Cavabdeh MMC adından yeganə səlahiyyətli şəxs kimi, yəni cəmiyyəti təmsil edən şəxs kimi direktor Qanuni nümayəndə çıxış edib. Yalnız onun hansısa malı qəbul etmək və akta imza etmək kimi səlahiyyəti olub. Və ya onun müvafiq etibarnamə verdiyi şəxslərin bele bir səlahiyyəti ola bilərdi. Lakin Cavabdeh MMC adından akta imza etmiş şəxslərin heç birinə belə bir etibarnamə verilməmişdir. Dolaysı ilə həmin şəxslərin Cavabdeh MMC-ni üçüncü şəxslər qarşısında təmsil etmək səlahiyyəti olmayıb. Belə olan halda iddiaçı tərəfindən təqdim edilmiş aktların mötəbərliyindən söhbet gedə bilməz. Bir daha qeyd edirik ki, iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş malların dəyəri tam şəkildə ödənilmişdir. Cavabdeh MMC-nin iddiaçıya heç bir borcu yoxdur. Qətnamə qismən yəni iddia tələbi təmin edilən hissədə ləğv edilməli və iddia tələbi tam rədd edilməlidir. İşin hallarında qeyd etdikləri kimi Cavabdeh MMC alqı-satqı müqaviləsi əsasında ona təhvil verilmiş əşyaların dəyərinin əvəzi olaraq 58747 manat pul ödəmişdir. Bununla da Cavabdeh MMC iddiaçı qarşısında öhdəliklərini tam şəkildə icra etmişdir. Məhkəmə qətnaməsində hüquqi şəxsin direktoru tərəfindən borcun etirafı kimi qələmə verilən də məhz yuxarıda qeyd olunan məbləğdir. Belə ki Cavabdeh MMC-nin direktoru əşyaların təhvil alındığını etiraf edərkən məs dəyəri ödənilmiş əşyaların alındığını bildirib. Məhkəmə isə onun bu fikrini iddia tələbinin etirafı kimi qəbul edib. Başqa sözlə desək qeyd olunan maddi hüquq normasının tələbi baxımından ki Cavabdeh MMC öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
14. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
15. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
17. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Mülki Məcəllənin 331.2-ci maddəsinə əsasən qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.
21. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsaslıdır.
24. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
25. Hazırkı işin hallarından görünür ki, İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 02 noyabr 2021-ci il tarixli, Az-138/11-21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
26. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz hissəsini təşkil edən 1 saylı Əlavədə müəyyən olunmuş təsvirə, qiymətə və çatdırılma şərtlərinə (bundan sonra “1 saylı Əlavə” adlandırılacaq) uyğun olaraq müvafiq malı (bundan sonra “Mal” adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, alıcı isə, razılaşdırılmış qaydada və müddətdə Malı qəbul edib onun dəyərini satıcıya ödəmək barədə öhdəlik götürür.
27. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın adı, təsviri, miqdarı, qiyməti və digər göstəriciləri tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri 1 saylı Əlavədə əksini tapır. Bu Müqavilə 1 saylı Əlavə imzalanmadığı təqdirdə etibarsız, hesab edilir.
28. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər müqavilənin ayrılmaz tərkib hissəsi olan “1 saylı Əlavə"yə əsasən tənzimlənir. Mallar elektron qaimə və təhvil-qəbul aktı vasitəsilə təqdim edilir və təqdim edilmə tarixi həmin tarix sayılır.
29. Həmin müqavilənin 4.2.2-ci bəndinə əsasən bu müqavilə üzrə malın keyfiyyətini yoxladıqdan sonra onun dəyərini Müqavilədə və 1 saylı Əlavədə müəyyən edilmiş müddətdə və məbləğdə satıcıya ödəmək alıcının vəzifəsidir.
30. Həmin müqavilənin 4.3.1-ci bəndinə əsasən bu müqavilə üzrə alınması nəzərdə tutulan malın razılaşdırılmış qiymətinin alıcı tərəfindən ödənilməsini tələb etmək satıcının hüququdur.
31. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən hazırkı müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən etibarən qüvvəyə minir və tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi anadək qüvvəsini saxlamaq şərti ilə 1 (bir) il müddətinə bağlanılır. Müddətin tamamında tərəflərdən biri digərinə yazılı şəkildə müraciət etməzsə, müqavilə eyni müddətə avtomatik olaraq uzadılmış sayılır.
32. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
33. 02 noyabr 2021-ci il tarixli, Az-138/11-21 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan qiymət razılaşma protokollarına, elektron qaimələr və malların təhvil-qəbul aktlarına əsasən müəyyən olunur ki, tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar, razılaşdırılmış ümumilikdə 83.995,83 manat məbləğində mallar (komputer, komputer avadanlıqları və s.) noyabr 2021-ci il - iyul 2022-ci illəri əhatə edən dövrlərdə İddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş və sözügedən məbləğdə malların verilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir.
34. Qiymət razılaşma protokolları hər iki tərəfin imzası və möhürü ilə, malların təhvilqəbul aktları isə hər iki tərəfin imzası və təhvil verənin möhürü ilə təsdiq edilmişdir.
35. İddiaçı MMC (müştəri) tərəfindən "xxxx" ASC-yə (banka) DC00111862-04 saylı xx.xx.2023-cü il tarixli maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) müştəri İddiaçı MMC-yə illlik 12%-lə xx.xx.2023cü il tarixədək müddətə 112.640 manat məbləğində birdəfəlik kredit verilmişdir. Kreditə illik 15%, kreditin müddəti bitdikdən sonra illik 27% cərimə faizi tətbiq edilir.
36. "xxxx" MMC-nin “GHC” filialının müştəri xidmətləri şöbəsinin sentyabr 2022-ci il – iyul 2023-cü il dövrləri əhatə edən gömrük-idxal (yüklərin saxlanma) sənədlərindən görünür ki, malların saxlanma kamerasında saxlanma haqqı ümumilikdə 8.656,57 manat təşkil etmişdir.
37. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
38. Kollegiya qeyd edir ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə birinci instansiya məhkəməsində verdiyi izahatda mübahisəli müqavilə üzrə iddiaçıya əsas borcunun iddia ərizəsində qeyd edilən həcmdə olmasını etiraf etmişdir.
39. Alqı-satqı üzrə elektron qaimə-fakturalar faktiki olaraq cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir (düzəliş edilməmiş və ya ləğv edilməmişdir).
40. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
41. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır.
42. Cavabdehin təhvil-təslim aktlarında cavabdehin möhürün olmaması, həmin aktların səlahiyyətli şəxs tərəfindən imzalanmaması, təqdim edilmiş malların dəyərinin tam ödənilməsi ilə bağlı dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə təhvil-təslim aktlarında tərəflərin möhürünün vurulmalı olması barədə imperativ norma yer almamış, eləcə də belə bir şərt tərəflərın razılaşması ilə müəyyənləşdirilməmişdir. Cavabdehin qanuni təmsilçisinin iddia ərizəsində qeyd olunmuş həcmdə borcunun olması, yəni dolayısıyla təhvil-təslim aktlarında göstərilmiş malların təqdim edilməsi faktını təsdiq etmişdir. Odur ki, təhvil-təslim aktlarında göstərilmiş malların təqdim edilməsi faktı işin mübahisəsiz olduğu halda həmin malların təqdim edilməsinin qanunauyğun formada rəsmiləşdirilib-rəsmiləşdirilməməsi işin nəticəsi üçün əhəmiyyət kəsb etmir. Təqdim edilmiş malların dəyərinin tam ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
43. Göründüyü kimi iddiaçı alqı-satqı müqaviləsindən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
44. Birinci instansiya məhkəməsi iddia tələbini əsas borcun tutulması hissəsində təmin etməklə cavabdehdən 25.248,62 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.
45. Əsas borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 946,80 manat məbləğində faizin tutulması tələbinə münasibətdə qeyd edilməlidir ki, Cavabdeh MMC-nin alqı-satqı müqaviləsinə əsasən satılmış malların dəyərinin ödənilməsi öhdəliyinin icrasını 9 aydan çox müddətə gecikdirdiyindən İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə bir illik müddət üçün (25.248,62x5%/12ayx9ay=946,80) 946,80 manat məbləğində pulun ödənilməsini Cavabdeh MMC-dən tələb etməkdə haqlı olmuşdur.
46. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4761/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova