Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-288/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı qarantiya üzrə pulun ödənilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-351/2020 saylı qətnaməsindən (hakim F.Qasımov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC (“xxxx” ASC-nin hüquqi varisi) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarantiya üzrə 167.475 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “X10 Təsərrüfatı” MMC-nin direktoru X6 xx xxxx 2017-ci il tarixdə iddiaçıya ərizə ilə müraciət edərək 4 adda məhsulların əkinini aparacağını və nəticədə alınan 700 ton kartof, 1050 ton mətbəx çuğunduru, 600 ton yerkökü və 1200 ton kələm məhsulunun xx xxxx 2017-ci il tarixədək cəmiyyətə satılmasını öhdəsinə götürmüşdür. Bunun üçün məhsulun dəyərinin 25%-dək avans məbləğinin “X10 Təsərrüfatı” MMC-yə ödənilməsi xahiş olunmuşdur. Müraciət əsasında tərəflər arasında 4 adda kənd təsərrüfatı məhsullarının istehsalına dair xx xxxxx 2017-ci il tarixli, 41 saylı avans müqaviləsi imzalanmışdır. “X10 Təsərrüfatı” MMC Cavabdeh ASC-nin xx xxxxx 2017-ci il tarixli, M/17-6246 №-li avans ödənişinin zəmanət forması olan 3638 №-li 167475 manat məbləğində avans zəmanət məktubunu təqdim etmişdir. Həmin avans zəmanətinin 2-ci bəndində Cavabdeh ASC bildirmişdir ki, “Prinsipial” tərəfindən xx xxxxx 2017-ci il tarixli, 41 saylı avans müqaviləsində nəzərdə tutulmuş avans ödənişi barədə müddəalar pozulduqda 167.475 manat məbləğindən artıq olmayan pul cəmiyyətin ilk yazılı tələbinə əsasən ödəniləcəkdir. “X10 Təsərrüfatı” MMC üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyərək müqavilənin müvafiq şərtlərini pozmuşdur. Bundan sonra “xxxx” ASC xx xxxx 2017-ci il tarixli və xx xxxx 2018-ci il tarixli məktublarla Cavabdeh ASC-yə müraciət edərək sonuncu tərəfindən verilmiş M/17-6246 saylı, xx xxxxx 2017-ci il tarixli, 3638 №-li avans zəmanətilə müqavilənin şərtləri “Prinsipial” tərəfindən pozulduğuna görə 167475 manat avans məbləğini cəmiyyətin ilk yazılı tələbi ilə bankın müxbir hesabından qeyd şərtsiz və mübahisəsiz olaraq “Prinsipial”ın razılı tələb olunmadan ödənilməsini xahiş etmiş, lakin hal-hazıra kimi pul vəsaiti ödənilməmişdir. İddiaçı ASC Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2018-ci il tarixli, 400 saylı Fərmanına əsasən “xxxx” ASC-nin hüquqi varisidir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-351/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-351/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “Benefisiar” cavabdeh “Qaranta” ünvanlandığı xx.xx.2017-ci il tarixli məktubda müqavilə müddətinin başa çatmasına az vaxt qalmasına baxmayaraq “Prinsipialın” 4 adda kənd təsərrüfatı məhsullarının tədarük edilməsi ilə bağlı Cəmiyyətə heç bir təklif vermədiyini və verilən avansı təyinatı üzrə istifadə edilmədiyini qeyd etmişdir. İddiaçı “Benefisiar” həmin məktubda göstərilənlərlə əlaqədar heç bir sənəd təqdim etmədən yalnız mülahizələrə əsaslanmış və “Prinsipial” tərəfindən öhdəliyin pozulmasının nədən ibarət olmasını göstərsə də, həmin pozuntuya dair tutarlı sübutları əlavə etməmişdir. Eyni zamanda göndərdiyi məktuba qarantiyada nəzərdə tutulmuş heç bir lazımi sənədləri qoşmamışdır. Halbuki, məktubda göstərilənlər yalnız mülahizələrlə deyil, müəyyən edilən sübutlar və tutarlı faktlar üzrə sənədlər əlavə edilməklə əsaslanmalıdır ki, qarant Bank ona ünvanlanan məktubda göstərilən halları qanunda nəzərdə tutulmuş qaydada araşdıraraq, gələcəkdə reqress qaydasında əsaslı tələb irəli sürə bilsin. İddiaçı “Benefisiar” cavabdeh “Qaranta” digər xx.xx.2018-ci il tarixli məktubu qarantiyada müəyyənləşdirilmiş müddəti ötürməklə göndərmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-351/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxxx 2017-ci il tarixli, 41 №-li avans məbləğinin ödənilməsi barədə müqavilənin surətindən görünür ki, "xxxx” ASC 167475 manat avans məbləğini “X10 Təsərrüfatı” MMC-nin hesabına köçürməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan M/17-6246 saylı, xx xxxxx 2017-ci il tarixli, 3638 №-li avans zəmanətinə əsasən, Cavabdeh ASC üzərinə öhdəlik götürmüşdür ki, xx xxxxx 2017-ci il tarixli, 41 saylı avans müqaviləsində nəzərdə tutulmuş avans ödənişi barədə müddəalar pozulduqda 167.475 manat məbləğindən artıq olmayan pul cəmiyyətin ilk yazılı tələbinə əsasən “Prinsipial”ın razılı tələb olunmadan ödəniləcəkdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx xxxx 2017-ci il tarixli və xx xxxx 2018-ci il tarixli məktubların məzmunundan görünür ki, müqavilənin müddətinin başa çatmasına az vaxt qalmasına baxmayaraq “X10 Təsərrüfatı” MMC tərəfindən istehsal edəcəyi 4 adda məhsulların tədarük edilməsi ilə bağlı cəmiyyətə heç bir təklif vermədiyindən öhdəliklər yerinə yetirilməyərək müqavilənin şərtləri pozulduğuna görə 167.475 manat məbləğində pul vəsaitinin “Prinsipial”ın razılığı tələb olunmadan cəmiyyətin hesabına köçürülməsi xahiş edilmişdir. İşin sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya “X10 Təsərrüfatı” MMC tərəfindən müqavilə öhdəliyi yerinə yetirilmədiyi təqdirdə 167.475 manat məbləğində vəsaitin iddiaçıya ödəniləciyinə dair xx xxxxx 2017-ci il tarixli, 3638 №-li bank qarantiyası (yazılı öhdəlik) vermişdir. Cavabdeh qarantiya verdiyi öhdəliyini icra etmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Mülki Məcəllənin 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Həmin Məcəllənin 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. Həmin Məcəllənin 480-cı maddəsinə əsasən qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir. Məcəllənin 484.1-ci və 484.2-ci maddələrinə əsasən benefisiarın qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbi qarantiyada göstərilmiş sənədlər qoşulmaqla, qaranta yazılı formada təqdim edilməlidir. Tələbdə və ya ona qoşmada benefisiar prinsipialın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir. Benefisiarın tələbi qaranta qarantiyada müəyyənləşdirilmiş verilmə müddəti qurtaranadək təqdim edilməlidir. Mülki Məcəllənin 486.1 və 486.2-ci maddəsinə əsasən əgər benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantiya şərtlərinə uyğun deyildirsə və ya qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra qaranta təqdim edilmişdirsə, qarant bu tələbi ödəməkdən imtina edir. Qarant benefisiarın tələbini ödəməkdən imtina etdiyi barədə benefisiara dərhal məlumat verməlidir. Hazırkı halda cavabdeh iddiaçıya tələbin ödənilməsindən hansı səbəblə imtina edildiyi barədə yazılı məlumat verməmişdir. Cavabdeh apelyasiya şikayətində qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbin qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra verildiyini qeyd etmiş, məhkəmə apelyasiya şikayətinin bu dəlili ilə bağlı araşdırma apararaq əsassız olduğunu müəyyən etmişdir. Belə ki, bank tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli qarantiyada onun qüvvədə olma müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı qarantiya üzrə pul məbləğinin ödənilməsinə dair xx.xx.2017-ci il tarixli məktubla banka müraciət etmiş, qeyd edilən məktub banka xx.xx.2017-ci il tarixdə-qarantiya ilə nəzərdə tutulmuş müddətdə təqdim edilmiş, məktub banka ünvanlanmış digər məktublarda da imzası olan “Bağırova” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Cavabdeh iddiaçının qarantiya ilə bağlı xx.xx.2017-ci il tarixli tələbinin banka xx.xx.2017-ci il tarixdən gec daxil olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qarantiya verilməsinə əsas olmuş müqavilə öhdəliyinin “xxxx” MMC tərəfindən pozulması 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(81)- 539/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunur. Həmin qətnaməyə əsasən X3 və xxxx MMC-nin xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində “xxxx” MMC – yə dəymiş 420.000 manat məbləğində maddi ziyanın, X5 qanunazidd hərəkətləri nəticəsində X6 tərəfindən əlavə xərclənmiş 5000 manat məbləğində pulun və 20000 manat məbləğində mənəvi zərərin və hüquqi yardıma görə xərclənmiş 500 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə iddiası rədd edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, “... iddiaçı cavabdeh cəmiyyət tərəfindən 41 nömrəli, xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyini iddia etsə də, iddiaçının özü tərəfindən mövcud müqavilə şərtləri icra edilməmişdir.... Beləliklə iddiaçı tərəf xx xxxxx 2017-ci il tarixli, 41 saylı müqavilə üzrə üzərinə götürdüyü mətbəx çuğunduru ilə bağlı öhdəlikləri xx xxxx 2019-cu il tarixədək və ya daha sonra icra edildiyini sübuta yetirə bilməmişdir.” Cavabdeh eyni zamanda apelyasiya şikayətində qarantiyanın ödənilməsindən imtinanın əsası kimi qarantiya ilə bağlı tələb məktubuna lazımi sənədlərin qoşulmadığına istinad etsə də, qarantiya üzrə ödənişin həyata keçirilməsi üçün konkret hansı sənədin tələbə əlavə edilməli olduğunu göstərə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)- 351/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-351/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə göndərilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-288/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-288/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver