Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-288/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4805/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.12.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2021-ci il tarixli Birgə fəaliyyət haqqında müqaviləyə əsasən ödənilməmiş 6134 manat məbləğində borcun, hüquqi yardım xərcləri üçün 300 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat məbləğində pul vəsaitlərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 47851 manat məbləğində borcun, hüquqi yardım xərcləri üçün 300 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat məbləğində pul vəsaitlərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.12.2021-ci il tarixli e-2-2(113)-4805/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən ödənilməmiş 6134 manat məbləğində borc və mediasiya xərcinə görə 73,82 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh da apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili və cavabdeh təmsil etdikləri şəxslərin (özlərinin) apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı istifadəsində olan əhəngdaşı karxanasının 1,45 ha sahəsini cavabdehə birlikdə fəaliyyət göstərməsi üçün ayırmağı, balansında olan texniki avadanlıqlarla (kombayn, şırımaçan, transformator və s.) təmin etməyi, cavabdeh isə hər ayın əvvəli iddiaçıya ƏDV olmadan 392 manat və kəsilən satışa yararlı mişar daşının 1 ədədinə görə ƏDV daxil olmadan 0,05 manat məbləğində ödəniş etməyi, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq emal məqsədilə Cavabdeh üçün ayrılmış torpaq sahəsinə aid bütün vergi, torpaq və sair ödənişləri etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin tələbi ilə Cavabdeh 2021-ci ilin iyun ayının sonunda əhəngdaşı karxanasındakı fəaliyyətini dayandıraraq oranı tərk etmişdir. İddiaçı bildirir ki, cavabdeh 01 yanvar 2021-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə üzrə iddiaçıya ödənişlərin heç birini etməmiş və onun 13.08.2021-ci il tarixə ümumilikdə 6134 manat borcu yaranmışdır. Eyni zamanda həmin məbləğdən əlavə cavabdehin iddiaçıya 05.01.2016-cı il və 01.09.2018-ci il tarixli üzləşmə aktlarına əsasən 41717 manat məbləğində borcu vardır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya heç bir borcu yoxdur, üzləşmə aktında göstərilən borc məbləğini etiraf etməsini onu məcbur edərək imzalatdırmışlar. İddia tələbində qeyd edilmiş 6134 manat məbləğindən əlavə üzləşmə aktına əsasən ona müvafiq olaraq 05.01.2016-cı il və 01.09.2018-ci il tarixli pul tələbinin iddia müddəti keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddianın predmeti iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə üzrə ödənilməli olan lakin ödənilməyən pul vəsaitinin ödənilməsi təşkil edir. Lakin Mülki Məcəllədə birgə fəaliyyət haqqında müqavilə nəzərdə tutulmamışdır. Bununla yanaşı mülki qanunvericilikdə belə razılaşma və ya müqavilə üzrə kommersiya fəaliyyətinin həyata keçirilməsi də qadağan olunmamışdır. Mülki Məcəllənin 390.1-ci maddəsində isə göstərilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Ona görə də kollegiya hesab edir ki, iddiaçı birgə fəaliyyət haqqında müqaviləyə istinad edərək öhdəliyin icra olunmasını (Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən) və ya həmin müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində zərərin əvəzinin ödənilməsini (Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən) tələb etməkdə haqlı hesab oluna bilər. İşin hallarından görünür ki, Cavabdeh İddiaçı ASC-nin tələbi ilə onun istifadəsində olan əhəngdaşı karxanasını 2021-ci ilin iyun ayının sonunda tərk etmişdir. Belə ki, İddiaçı ASC 01 iyun 2021-ci il tarixdə Cavabdeh məktub göndərərək, ondan əhəngdaşı karxanasındakı fəaliyyətini dayandırmasını tələb etmiş və 10 iyun 2021-ci il tarixdən etibarən onunla bağlanmış müqaviləyə xitam veriləcəyi bildirilmişdir. Göründüyü kimi Cavabdeh iddiaçının istifadəsində olan əhəngdaşı karxanasında cəmi 6 ay fəaliyyət göstərmişdir. Müqavilə üzrə Cavabdeh tərəfindən İddiaçı ASC-yə aylıq 392 manat məbləğində sabit pul vəsaitinin ödənilməli olduğunu nəzərə aldıqda isə müəyyən olunur ki, 6 ay üzrə ödənilməli olan pul vəsaitinin cəmi 2352 manat təşkil edir (392 x 6 = 2352). Eyni zamanda kollegiya hesab edir ki, ödənilməli olan pul vəsaiti hesablanarkən, kəsilən satışa yararlı mişar daşının 1 ədədinə görə ƏDV daxil olmadan 0,05 manat məbləğində ödənişin edilməli olması ilə bağlı iddiaçının dəlilləri nəzərə alınmamalıdır. Belə ki, iddiaçı kəsilən satışa yararlı mişar daşının sayı ilə əlaqədar 7 ədəd aktın surətini məhkəməyə təqdim etmişdir. Həmin aktlara əsasən Cavabdeh tərəfindən 2021-ci ilin yanvar-iyul ayları ərzində ümumilikdə 111666 ədəd mişar daşı istehsal edilmişdir. Lakin kollegiya hesab edir ki, həmin aktlar iş üzrə sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin aktlar Cavabdeh iştirakı olmadan birtərəfli qaydada yalnız İddiaçı ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş və imzalanmışdır. Cavabdeh də həmin aktları mübahisələndirir. Göründüyü kimi iddiaçı həmin hallarla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, ödənilməli olan pul məbləği hesablanarkən müqavilə üzrə yalnız sabit pul məbləği (392 manat) hesablanmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən kassa mədaxil orderlərindən isə görünür ki, Cavabdeh tərəfindən 01 yanvar 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixə qədər ümumilikdə 2312,8 manat məbləğində pul vəsaiti ödənilmişdir (462,56 x 5 =2312,8). Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, müqaviləyə uyğun olaraq 6 aylıq müddət üçün ödənilməli olan pul vəsaitinin cəmi 2352 manat təşkil edir. Cavabdeh tərəfindən isə cəmi 2312,8 manat məbləğində pul vəsaiti ödənilmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən ödənilməli olan lakin ödənilməyən pul vəsaitinin cəmi 39,2 manat təşkil edir (2352 - 2312,8 = 39,2). Bu baxımdan kollegiya hesab edir ki, 01 yanvar 2021-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə üzrə cəmi 39,2 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülən 05.01.2016-cı il və 01.09.2018-ci il tarixli üzləşmə aktlarına əsasən 41717 manat məbləğində borcun tutulması ilə bağlı tələblər əsassızdır. Belə ki, iddiaçı hazırki iddianın əsası kimi yalnız 01 yanvar 2021-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə istinad etmişdir. 05.01.2016-cı il və 01.09.2018-ci il tarixli üzləşmə aktları isə bundan müvafiq olaraq 5 il və 2 il əvvələ dair tərtib olunmuşdur. Göründüyü kimi həmin üzləşmə aktlarının 01 yanvar 2021-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə ümumiyyətlə heç bir aidiyyatı yoxdur. Eyni zamanda iddiaçı öz iddiasının əsası kimi həmin üzləşmə aktlarının aid olduğu tərəflər arasında bağlanmış hər hansı digər müqaviləyə istinad etməmişdir. Kollegiya izah edir ki, mülki prosesdə iddianın predmeti dedikdə iddiaçının məhkəmədən baxılmasını və həll olunmasını xahiş etdiyi maddi hüquqi tələb başa düşülür. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Hazırki iddianın əsasında duran hüquqi fakt da 01 yanvar 2021-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin bağlanması təşkil edir, lakin iddianın predmetini təşkil edən 41717 manat pul vəsaiti və bubunla bağlı 05.01.2016-cı il və 01.09.2018-ci il tarixli üzləşmə aktlarının həmin hüquqi fakta aidiyyəti yoxdur. Bu baxımdan kollegiya hesab edir ki, üzləşmə aktlarına əsasən 41717 manat məbləğində borcun tutulması barədə tələblər də rədd edilməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, həmin iddia tələbi özü-özlüyündə əsassız olduğuna görə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verilməsinə lüzum yoxdur. Çünki Mülki Məcəllənin 372, 375 və 377-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, iddia müddəti yalnız pozulmuş hüquqların bərpa edilməsi üçün qanunla müəyyən edilən müddətdir. Hüquqların pozulması müəyyən edilmədiyi təqdirdə isə müddətin axımının başlanması, hesablanması, bitməsini müəyyən etmək və ümumiyyətlə iddia müddətinin tətbiq etmək mümkün deyil. Lakin birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamış və düzgün olmayaraq iddianın həmin hissəsini iddia müddətinin keçməsi əsasına görə rədd etmişdir. İddiaçı tərəfindən torpaq vergisi üzrə 2900 manatın cavabdehdən tələb etməsi də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərinə torpaq sahəsinə dair vergilərin Cavabdeh tərəfindən ödənilməli olması ilə bağlı razılıq əldə olunsa da, həmin torpaq sahəsinə görə vergilərin tələb edilməsi səlahiyyəti İddiaçı ASC-nin deyil, bu sahədə səlahiyyətli dövlət orqanlarına aiddir. Göründüyü kimi iddiaçı həmin iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olan şəxs deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4805/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.12.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 39,2 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-288/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-288/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver