Məhkəmə qərarları › İş №2-2(103)-289/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-289/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-289/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4047/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 115.375 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı-Qazax yolunun 85-ci km-də yerləşən yanacaq doldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinin üzərinə həbs (özgəninkiləşdirilmənin, satılmanın qadağan olunması) qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-4047/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh pul tələbinə dair kommersiya mübahisəsi üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. İddiaçı qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-4047/2020 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin təmin tədbiri olaraq Bakı-Qazax yolunun 85-ci km-də yerləşən yanacaq doldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinin üzərinə həbs (özgəninkiləşdirilmənin və satılmanın qadağan olunması) qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən ilkin sübutları da məhkəməyə təqdim etməmişdir. Bakı-Qazax yolunun 85-ci km-də yerləşən yanacaq doldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsi 2002-ci ildə alğı-satqı müqaviləsi əsasında Cavabdeh və İddiaçı mülkiyyətinə satılmışdır. Həmin torpaq sahəsi iddiaçı ilə cavabdehin birgə mülkiyyətində və istifadəsində olmasına rəğmən Cavabdeh Bakı-Qazax yolunun 85-ci km-də yerləşən yanacaq doldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbi üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2-1(85)-477/2013 saylı qərarı ilə Cavabdeh iddiası təmin edilmişdir. Lakin məhkəmələr işə baxarkən İddiaçı işdə maraqlı olmasından məlumatsız olmuşlar, bu səbəbdən həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsi barədə qərarlar qəbul etmişlər. Hazırda İddiaçı tərəfindən həmin qərarlar mübahisələndirilir və mübahisə Ali Məhkəmənin İnzibati Kollegiyasındadır. Bundan əlavə İddiaçı Dövlət Neft Şirkətində işlədiyi müddətdə Bakı-Qazax yolunun 85-ci km-də yerləşən yanacaq doldurma məntəqəsinin tam idarə olunmasını onun təmir və inkişaf etdirilməsini Cavabdeh həvalə etmişdir və bu məqsədlə şərik olaraq müxtəlif vaxtlarda ona 115.375 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Hazırda Cavabdeh qanunsuz mənimsədiyi əmlakı özgəninkiləşdirmək istəyir. İş üçün əhəmiyyətli sübutlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılmış araşdırma zamanı toplanmışdır və həmin sənədlər yalnız məhkəmə sorğusu əsasında əldə etmək mümkündür. Bütün qeyd olunanlara əsasən hazırki mülki mübahisənin obyektiv araşdırılması və həlli üçün Bakı-Qazax yolunun 85-ci km-də yerləşən yanacaq doldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinin üzərinə həbsin qoyulmasına ehtiyac vardır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)- 748/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflər lazımı qaydada xəbərdar edilsə də iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında şikayətə etirazını bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 4047/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizə təqdim etmiş iddiaçı bu tədbir görülmədiyi halda qətnamənin icrasının hansı səbəbdən mümkün olmayacağını və ya çətinləşəcəyini əsaslandırmağa borcludur. İddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olmalıdır, iddia tələbinə qeyri-mütənasib olan hər hansı iddianı təmin etmə tədbiri görülməsi qanunsuzdur. Bu hüquqi mövqe Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı ərizəsində işə baxılanadək bi tədbirin görülməsinin hansı səbəbdən zəruri olduğunu əsaslandırmadığından ərizə təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-4047/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-4047/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar