Məhkəmə qərarları › İş №2-2(103)-289/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-289/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-289/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Qanuni nümayəndə1, cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-5045/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıldı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında əldə edilmiş şifahi razılaşmaya əsasən iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər cavabdehə mühasibatlıq xidmətləri göstərilmişdir.

2. İddiaçı MMC tərəfindən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən ödənişlər tam həyata keçirilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanılmış mühasibatlıq xidməti göstərilməsi haqqında xidmət müqaviləsi üzrə yaranmış olan 1300 manat borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 manat mediasiya xərci, cəmi 1360 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində iddiaçı ilə cavabdeh arasında şifahi xidmət müqaviləsi bağlanılmışdır. Qarşılıqlı razılığa əsasən iddiaçı mühasibatlıq xidmətləri göstərməli, cavabdeh isə həmin xidmətlərin qarşılığında haqq ödəməli idi. Hər ayın 1-i ödənilməli olan xidmət haqqının məbləği 200 manat təşkil edirdi. İddiaçı razılaşmaya əsasən üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə və vicdanla icra etmişdir. Lakin cavabdeh dəfələrlə e-mail və whatsapp üzərindən müraciətlərinə baxmayaraq, razılaşdırılmış xidmət haqqını ödəməmişdir. Buna görə də tərəflərindən xx.xx.2022-ci il tarixində yazılı qaydada rəsmi olaraq xəbərdarlıq ünvanlanmışdır. Həmin xəbərdarlığın məzmununa əsasən göstərilmiş olan mühasibatlıq xidməti əvəzində 1300 manat xidmət haqqını 1 həftə ərzində ödəməsi xahiş edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində məktub göndərərək razılaşmanı tanımadığını, 1300 manat xidmət haqqını ağlabatan məbləğ hesab etmədiyindən ödəniş etməyəcəyini bildirmişdir. +90 ********** və +994 50 ******* qeyd olunan mobil nömrələri arasında whatsapp mobil tətbiqi üzərində keçən yazışmalardan göründüyü kimi müraciətləri cavabsız və nəticəsiz qalmışdır. Cavabdeh müxtəlif vədlər verərək öhdəliyini icra etməkdən yayınmışdır. +994 50 ******* və +994 51 ******* mobil nömrələri arasında keçən whatsapp yazışmalarından məlum olur ki, iddiaçı cavabdeh üçün uzunmüddətli olaraq mühasibatlıq xidmətləri göstərmişdir. Cavabdeh tərəfindən bağlanılmış həmin müqavilənin xitam edilməsinə dair heç bir mesaj və ya e-mail yoxdur.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5045/2022 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 1300 manat məbləğində pul və ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

6. 04.11.2022-ci il tarixdə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5045/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat davam etdirilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5045/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun İddiaçı MMCnin özünə aid edilməsi qət edilmişdir.

8. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi Mülki Məcəllənin 329.2, 329.3, 329.4, 386.4, 405.1, 405.2, 406.3, 407.1, 409.1-ci, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 7.2, 7.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

9. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-5045/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) İddiaçının apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı və cavabdeh arasında müqavilə azadlığına əsasən şifahi xidmət müqaviləsi bağlanmış və iddiaçı tərəfindən mühasibatlıq xidmətlərinin göstərilməsi, bunun qarşılığında isə cavabdeh tərəfindən muzd ödənilməsi razılaşdırılmışdır. Lakin, məhkəmə qətnamə qəbul edərkən iddiaçının irəli sürdüyü əsasları təsdiq edən mötəbər sübutların olmaması qənaətinə gələrkən, həm tərəflər arasında yazılı müqavilənin olmamasına istinad etmiş, həm də tərəflər arasında şifahi müqavilənin mövcudluğunu yox saymışdır. Məhkəmə qətnamə çıxararkən MM-in 390.1-ci maddəsini tətbiq etmək əvəzinə MM-in 386.4-cü maddəsini, “elektron ticarət haqqında” qanunun 7.2-ci maddəsini tətbiq edərək maddi hüquq normasının pozuntusuna yol vermişdir. Tərəflər arasında mühasibatlıq xidmətlərinin göstərilməsinə dair müqavilə xx.xx.2021-ci il tarixdə şifahi şəkildə bağlanılmışdır. Mühasibatlıq xidmətlərinin göstərildiyi dövrdə, xüsusilə də xx.xx.2021-ci il tarixində g-mail tətbiqi vasitəsilə cavabdehə göstərilən 200 manatlıq xidmət haqqının ödənilməsini nəzərdə tutan məktublara qarşılıq olaraq cavabdeh tərəfindən iddiaçı ilə arasında hər hansı bir xidmət müqaviləsinin olmadığını, bu səbəblə hər hansı bir xidmət haqqını da ödəmək məcburiyyətində olmadığını bildirən cavab alınmamışdır və ya bu məsələyə onun tərəfindən etiraz edilməmişdir. Məhkəmə araşdırmamışdır ki, əgər tərəflər arasında hər hansı xidmət və ya tapşırıq müqaviləsi yox idisə, o halda nəyə görə cavabdeh Şirkət iddiaçı şirkətin işçisi və mühasibi Şəhriyar Ağayevə etibarnamə vermişdir. Həmçinin şahid Xəyalə Cəfərova da prosesdə, tərəflər arasında xidmət haqqının 200 manat olduğunu, lakin cavabdehin iddiaçıya qalan borcunun nə qədər olduğunu bilmədiyini qeyd etmişdir. Bu baxımdan, məhkəmənin çıxardığı qətnamədə şahidlərin iddia tələbinin əsasını təşkil edən hallar barədə məlumatsızlığını qeyd etməsi absurddur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək mühasibatlıq üzrə elektron qaimələrin kəsilməsi, xx.xx.2021-ci il tarixədək gecikdirilmiş bəyannamələrin verilməsi, aylıq, rüblük, illik vergi və statistika hesabatlarının verilməsi, bank hesablarının açılması, məxaric kassalarının yazılması, əmək haqqı cədvəllərinin yazılması, əmək haqqlarının hesablanması və s. xidmətlər göstərilmişdir. Mühasibatlıq xidmətlərinin yerinə yetirilməsi üçün Cavabdeh MMC tərəfindən iddiaçının mühasibi Şəhriyar adlı şəxsə xx.xx.2021-ci il tarixli etibarnamə də verilmişdir. Göstərilmiş hər bir xidmət barədə cavabdeh whatsapp və e-mail vasitəsilə dərhal məlumatdırılmışdır. Bu günə qədər Cavabdeh MMC cəmi 2600 manat məbləğində xidmət haqqı ödəməli idi. Cavabdeh tərəfindən 24 sentyabr 2021-ci il tarixində 300 manat, 17 noyabr 2021-ci il tarixində 500 manat, 12 may 2022-ci il tarixində 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin dəfələrlə müraciət etmələrinə baxmayaraq Cavabdeh MMC 1300 manat xidmət haqqını ödəməmişdir. Xidmət göstərilməsi 01 aprel 2021-ci ildən başlamış 15 may 2022-ci ilə qədər davam etmişdir. 12 may 2022-ci ildə bildirilmişdir ki, “ödənişləri etmədiyiniz üçün şifahi müqaviləmizi ləğv edirəm”. Lakin cavabdeh tərəf heç bir cavab verməmişdir. Bu barədə həm e-mail, həm də whatsapp yazışmaları var.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh şirkət uzun illərdir ki, fəaliyyət göstərir, öz mühasibatlıq sistemini daim özü icra etmiş, bu sahədə hər hansı şirkətlə müqavilə bağlamamışdır. Belə ki, onlar əməkdaşlıq etdiyi şirkətlərlə həmişə yazılı müqavilə bağlamış, elektron qaimə və hesab-faktura əsasında, yalnız nağdsız qaydada ödəniş etmişlər. İddia ərizəsində göstərilənlər absurddur. Belə ki, cavabdeh Ayşe Kutvanla iddiaçı arasında hər hansı müqavilə bağlanmamış, mühasibatlıq xidmətləri göstərilməmiş, elektron qaimə, hesab faktura təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh Ayşe Kutvan tərəfindən iddiaçıya hər hansı ödəniş də edilməmişdir. Belə olsaydı, bunu təsdiq edən sənəd olardı. Tərəflər arasında 10 illik dostluq münasibətləri var idi, iddiaçı tərəf Ayşe Kutvana kömək məqsədilə ödənişsiz yardım ediblər. Tərəflər arasında rəsmi müqavilə yoxdur. Ödənişlər edilməsi barədə heç bir rəsmi sənəd yoxdur. 1300 manatla bağlı cavab verməmək Ayşe Kutvanın seçimidir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

14. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

15. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

16. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

17. Mülki Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

18. Mülki Məcəllənin 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır.

19. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

21. Mülki Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

22. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

24. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

25. Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

26. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

30. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

33. İddiaçı iddia tələbini belə əsaslandırır ki, tərəflər arasında əldə edilmiş şifahi razılaşmaya əsasən cavabdeh tərəfindən aylıq 200 manat ödəniş edilməsi müqabilində iddiaçı tərəfindən mühasibatlıq xidmətlərinin göstərilməsi razılaşdırılmışdır. Mühasibatlıq xidmətləri xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər həyata keçirilmişdir.

34. İddiaçı cavabdeh tərəfindən ümumilikdə ödənilməli olan 2600 manat məbləğin yarısının, 1300 manatın ödənildiyini, qalan 1300 manatın isə ödənilmədiyini bildirir.

35. Cavabdehin isə mövqeyi ondan ibarətdir ki, tərəflər arasında hər hansı bir müqavilə bağlanmamış və iddiaçı tərəfindən onlara hər hansı xidmət göstərilməmişdir. Bu səbəbdən də hər hansı ödəniş etmək öhdəlikləri yoxdur.

36. İş materiallarından görünür ki, tərəflər arasında yazılı müqavilə mövcud deyil.

37. İddiaçı tərəflər arasında xidmət müqaviləsi bağlanmasına istinad edərək, hazırkı iddianı irəli sürmüşdür. Kollegiya qeyd edir ki, əvvəla tərəflər arasında xidmət müqaviləsi üzrə münasibətlərin olub-olmaması araşdırılmalıdır. Çünki tərəflər arasında imzalanmış yazılı müqavilə mövcud deyil.

38. Mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.

39. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

40. Mülki Məcəllənin tapşırıq müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

41. Göründüyü kimi tapşırıq müqaviləsi şifahi formada da bağlanıla bilər.

42. Hazırki işin hallarından da görünür ki, tərəflər arasında şifahi qaydada tapşırıq müqaviləsi bağlanmışdır.

43. İddiaçı tərəfindən iş materiallarına watsapp və e-mail yazışmalar, cavabdeh tərəfindən iddiaçının işçisinə verilmiş etibarnamələr, cavabdehə aid vergi hesab sənədləri, şəxsi hesab vərəqəsi, kassa məxaric orderləri, elektron qaimə-fakturalar, icarə müqaviləsi və s. sənədlər, həmçinin şahid ifadələri təqdim edilərək həmin işlərin onlar tərəfindən həyata keçirildiyi bildirilmişdir.

44. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə1 və İddiaçı MMC-nin baş mühasibi Şəhriyar Ağayevlə Cavabdeh MMC-nin direktoru X11 arasında olan və iddiaçının qeyd etdiyi dövrü əhatə edən danışıqlara dair watsapp yazışmaları, həmçinin imeyl yazışmalar əlavə edilmişdir.

45. Qeyd edilən yazışmalar tarix üzrə ardıcıllıqla, ilkin olaraq 2021-ci ilin aprelindən yazışmalar həyata keçirilməyə başlanmışdır. xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçı MMC-nin baş mühasibi Şəhriyar Ağayevə etibarnamə verilmiş və həmin etibarnamə imeyl vasitəsilə cavabdeh tərəfindən iddiaçıya göndərilmişdir. Etibarnamənin müddəti xx.xx.2021-xx.xx.2021 tarixləri əhatə edir. xx.xx.2022-ci il tarixdə isə xx.xx.2022-ci il tarixə qədər qüvvədə olan yeni bir etibarnamə də verilmişdir.

46. Qeyd edilən tarixdən etibarən davam edən watsapp və imeyl yazışmaların məznunu açıq-aydın göstərir ki, iddiaçı tərəfindən cavabdehə davamlı olaraq xidmətlər göstərilmiş və bu xidmətlərin qarşılığı olaraq pul məbləğinin ödənilməsi xahiş edilmişdir.

47. Yazışmalarla sənədlər müqayisəli şəkildə tədqiq edildiyi zaman dəqiq uyğunluq müşahidə edilməkdədir. xx.xx.2022-ci il tarixdə olan watsapp yazışmasında X8 Kutvana icarəyə görə yanvar ayı üçün 3000 manat elektron qaimə kəsildiyini bildirir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən də görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən aylıq icarə haqqı 3000 manat olaraq müəyyən edilmişdir.

48. Təqdim edilən bütün watsapp yazışmalarında Ayşe Kutvan bir dəfə də olsun borcunun olmadığını, aralarında xidmət göstərilməsinə dair hər hansı bir razılaşma olmadığını bildirməmiş, əksinə borcunu ən qısa zamanda ödəyəcəyini bildirərək, mühasibatlıq xidmətlərinə dair xahişlərini bildirmişdir.

49. İddiaçı tərəfindən cavabdehə ünvanlana xx.xx.2021-ci il tarixli imeyldə aylıq 200 manata razılaşdıqlarını, 850 manat borclarının olduğunu bildirmiş, ödəniş edildikdən sonra onlarda olan sənədlərin geri qaytarılacağı bildirilmişdir.

50. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 2012-ci ilin fevral ayından etibarən İddiaçı MMC-də mühasib vəzifəsində işləyir. O, Cavabdeh MMC-yə xx.xx.2021-ci ildən etibarən 2022-ci ilin may ayına qədər mühasibatlıq xidmətlərini göstərmişdir. O, İddiaçı MMC-nin ofisində Cavabdeh MMCnin işlərini görmüşdür. Cavabdehin asan imzası direktor Ayşe xanımın özündə idi. Ayda 200 manat məbləğində xidmət haqqı barədə razılıq əldə olunmuşdur. Cavabdeh tərəfindən 1300 manat məbləğində odəniş olunmuş, ödənişləri Ayşe xanım Gürsel bəyə ödəyirdi. Sonuncu 500 manat məbləğində ödənişi o, cavabdehin nümayəndəsi X9 şəxsən almışdır. Əməkdaşlıqları Gürsel bəyin istəyi ilə sonlandırıldı. 500 manat məbləğində ödənişin alınması ilə bağlı qarşı tərəfə qəbz təqdim etmədilər. Sonuncu ödənişi onun almasının səbəbi Gürsel bəyin ölkədə olmaması idi. Cavabdeh MMC-dən ona etibarnamənin verilməsinin səbəbi isə şirkətin adından bəzi işlərin həyata keçirməyi üçün idi. Xidmət haqqının 200 manat olması ilə bağlı məlumatı Gürsel bəydən almışdır. Ayşe xanım özü də xidmət haqqının 200 manat olmasını təsdiq edirdi.

51. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər iddiaçı şirkətdə hüquqşünas vəzifəsində çalışmışdır. İddiaçı MMC-də işlədiyi zaman Ayşe xanım dəfələrlə ofisə gəlirdi. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə mühasibatlıq xidmətləri göstərilirdi. Xidmət haqqı ayda 200 manat təşkil edirdi. Həmin xidmətlər üzrə ödənişin olub-olmaması ilə bağlı məlumatı yoxdur.

52. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi X14 ziddiyyətli ifadələr vermişdir. Əvvəlcə vergi qanunvericiliyinə əsasən elektron qaimə göndərilməli olduğunu, belə bir şirkətlə heç vaxt əməkdaşlıq etməyəcəyini bildirmiş, daha sonra isə iddiaçı ilə bir neçə ay sınaq müddətində əməkdaşlıq etdiklərini, həmin aylarla bağlı məbləği danışmadıqlarını bildirmişdir.

53. Cavabdeh MMC-nin direktoru Ayşe Kutvan isə iddiaçı ilə hər hansı bir xidmət göstərilməsi ilə bağlı müqaviləsinin olmadığını, bəzən onlardan məsləhətlər aldıqlarını və bununla bağlı ödənişlər olduğunu bildirmişdir.

54. Apellyasiya baxışı zamanı xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında isə cavabdehin nümayəndəsi X13 tərəflərin dostluq münasibətlərinin olduğunu, bir-birilərinə borc verdiklərini, bir yerdə işlər gördüklərini, lakin heç bir borclarının olmadığını bildirmişdir.

55. Etibarnamənin hansı məqsədlə verilməsi barədə suala cavab olaraq isə “Hər kəs hər kəsə etibarnamə verə bilər. Etibarnamədən istifadə etməyə də bilərdilər. Baş mühasibə verilmiş etibarnamə bir müddət üçün bəzi sənədlərin alınması ilə əlaqəli verilmiş ola bilər” şəklində cavab vermişdir.

56. 13.04.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında isə cavabdehin nümayəndəsi X13 tərəflər arasında 10 illik dostluq münasibətinin olduğunu, iddiaçı tərəfin Ayşe Kutvana kömək məqsədilə ödənişsiz yardım etdiyini bildirmişdir.

57. Qeyd edilənlərdən də göründüyü kimi, cavabdehin nümayəndələrinin ifadələri ziddiyyətli olmaqla yanaşı, iş materiallarında olan sübutlarla üst-üstə düşməməkdədir.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

59. Göründüyü kimi həm yuxarıda qeyd olunan “WhatsApp” yazışmaları, həm də təqdim edilən e-mail yazışmaları ilə tərəflər arasında şifahi qaydada tapşırıq müqaviləsinin bağlandığı tam təsdiq olunur.

60. Eyni zamanda cavabdeh bir tərəfdən tərəflər arasında ümumiyyətlə, hər hansı bir müqavilənin bağlanmadığını bildirsə də, digər tərəfdən iddiaçı tərəfindən təqdim olunan “WhatsApp” və “e-mail” yazışmalarının həqiqiliyinə və mötəbərliyinə dair hər hansı etiraz bildirməmiş, əksinə ödənişi ən qısa zamanda icra edəcəyini bildirmişdir.

61. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında Mülki Məcəllənin 777.1-ci maddəsinə uyğun olaraq şifahi qaydada tapşırıq müqaviləsi bağlanmış, iddiaçı tərəfindən tapşırığa uyğun olaraq işlər görülmüş, cavabdeh isə həmin işlərin dəyərini iddiaçıya ödəmək vəzifəsini tam yerinə yetirməmişdir.

62. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 783.2-ci maddəsinə əsasən görülmüş işlərin dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tam əsaslıdır.

63. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən 60 manat mediasiya xərci və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

64. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5045/2022 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 1300 manat məbləğində pul, 60 manat mediasiya xərci, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 402.1-ci maddəsinə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5045/2022 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 1300 manat məbləğində pul, 60 manat mediasiya xərci, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar