Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-29/2024 26.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin kommersiya kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi (vəkili) Nümayəndə2, Cavabdeh MMC–nin nümayəndəsi (vəkil) X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, həmçinin Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “avadanlıqların geri götürülməsi və avadanlıqların dəyərinin borcdan çıxılması” barədə qarşılıqlı iddiaya dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-299/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh MMC arasında 2013-cü il 18 yanvar tarixli, 04-LA/13 nömrəli lizinq müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən dəyəri 892.500 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti və dəyəri 156.000 manat olan bu müqaviləyə 2 nömrəli əlavədə göstərilən süd emalı zavodunun istifadəyə verilməsi üçün əlavə avadanlıqların dəyəri lizinq ödəniş qrafikinə (3 nömrəli Əlavə) uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinq alana lizinqə vermişdir.
2. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın dəyərini ödəniş qrafikində (3 nömrəli Əlavə) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnoloji avadanlığa mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Avadanlıq Zərdab rayonunda quraşdırılmışdır.
3. Müqaviləyə 1 saylı Əlavədən görünür ki, müxtəlif adda texnoloji avadanlıqların texniki təsnifatı müəyyən edilmişdir.
4. Müqaviləyə 2 saylı Əlavədən görünür ki, müxtəlif adda süd emalı avadanlıqalrın texniki təsnifatı müəyyən edilmişdir.
5. Müqaviləyə 3 saylı əlavə olan ödəniş qrafikinə əsasən müəyyən edilir ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 2013-cü ilin 2-ci rübündə 16000 manat, 2013-cü ilin 3-cü və 4-cü rüblərinin hər birində 22.000 manat, 2014-cü ildən 2018-cü ilədək olan dövr ərzində hər rübə görə 30.500 manat, 2019-cu ildə hər rüb 29.800 manat, 2020-ci ildə hər rüb 29.200 manat, 2021-ci ildə hər rüb 28.700 manat, 2022-ci ilin 1-ci rübündə 27.700 manat məbləğində lizinq ödənişləri edilməli idi.
6. 2013-cü il 12 iyul tarixli, 07/12 nömrəli məktuba əsasən müəyyən edilir ki, Cavabdeh MMC "xxxx" ASC-yə müraciət edərək, MMC-nin südlə təminatının əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olduğunu, südün texnologiyaya müvafiq olaraq emal edilməsində müəyyən problem yarandığını, müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, habelə plastik qablaşdıran və südlü qablara doldurma avtomatlarının və polistrol stəkanlara doldurma avtomatının istehsalatda istifadəsiz qaldığını bildirmiş və həmin aparatların geriyə götürülməsinə sərəncam verilməsini xahiş etmişdir.
7. Müqaviləyə 2014-cü il 12 may tarixli, D-04-LA/13 saylı razılaşmaya əsasən "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin ödəniş qrafikinə dəyişiklik edilərək 2014-cü ilin İİ rübündən (iyun ayından) başlayaraq 10 (on) il müddətinə ödəniş aparılması şərtilə yeni ödəniş qrafiki tərtib olunur; Lizinq alan yeni tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında yerinə yetirməyi öhdəsinə götürür. Bu razılaşma müqavilənin tərkib hissəsi hesab olunmaqla imzalandığı gündən qüvvəyə minir.
8. 2014-cü il 12 may tarixli, D-04-LA/13 saylı razılaşmaya əsasən dəyişdirilmiş 3 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 2014- cü ilin 2-ci rübündə 3.000 manat, 3-cü rübündə 10.000 manat, 4-cü rübündə 12.000 manat, 2015-ci ilin 1-ci rübündə 12.000 manat, 2-ci rübündə 13.000 manat, 3-cü və 4-cü rüblərin, eləcə də 2016-cı ilin 1-ci və 2-ci rübün hər birində 15.000 manat, 2016-cı ilin 3-cü, 4-cü, 2017-ci ilin 1-ci və 2-ci rübün hər birində 18.000 manat, 2017-ci ilin 3-cü və 4-cü rübündə 21.000 manat, 2018-cü ilin hər 4 rübün hər birində 24.000 manat, 2019-cu ildən 2022-ci ilədək olan dövr ərzində hər rübə görə 43.500 manat, 2019-cu ildə hər rüb 29.800 manat, 2020-ci ildə hər rüb 29.200 manat, 2023-cü ilin 1-ci rübündə 32.500 manat məbləğində lizinq ödənişləri edilməlidir.
9. 2014-cü il 14 aprel tarixli, 47/14 nömrəli məktuba əsasən müəyyən edilir ki, Cavabdeh MMC "xxxx" ASC-yə müraciət edərək, MMC-nin südlə təminatı əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olduğunu, südün texnoloji prosesə və həcmə müvafiq olaraq emal edilməsində müəyyən problem yarandığını, müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, südlü qablara doldurma avtomatı və polistrol stəkanlara doldurma avtomatı istehsalatda istifadəsiz qaldığını, istehsalatın həcminə müvafiq olaraq tərəflərindən öz hesablarına, yeni texnoloji avadanlıqlar alınaraq quraşdırıldığını və bu yaxın günlərdə zavod işə salınacağını bildirmiş və həmin aparatların geriyə götürülməsinə və yenidən ödəmə qrafikinin tərtib edilməsi zamanı geriyə götürülən aparatların qiymətlərinin nəzərə alınmasına sərəncam verilməsi xahiş edilmişdir.
10. 2015-ci il 24 fevral tarixli, 47/15 nömrəli məktuba əsasən müəyyən edilir ki, Cavabdeh MMC Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək, Cavabdeh MMC-nin "xxxx" ASC-nin texniki və maliyyə dəstəyi ilə gətirilmiş süd zavodu kompleksinin tərəflərindən Zərdab rayon mərkəzində inşa edilmiş binada quraşdırdıqlarını və hal-hazırda 8 çeşiddə sınaq üçün süd məhsulları istehsal etdiklərini, süd zavodunun tam işə salınması məqsədi ilə Cavabdeh MMC tərəfindən, əlavə avadanlıqların alınması üçün daxili imkanlar hesabına, bir milyon manatdan artıq vəsait xərcləndiyini, zavodun sınaq işə salınmasına baxmayaraq müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, habelə plastik qablaşdıran, südlü qablara və polistrol stəkanlara doldurma avtomatlarının istehsalatda istifadəsiz qaldığını və bunların gələcəkdə istifadəsi imkan xaricində olmaqla cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə öz mənfi təsirini göstərməkdə olduğunu bildirərək, əhalinin süd və süd məhsullarına olan ehtiyacının daxili istehsal hesabına ödənilməsində zavodun müəyyən müsbət rol oynamasını, onun maliyyə-təsərrüfat fəaliyyətinin daha da yaxşılaşdırılmasını nəzərə alaraq, həmin aparatların "xxxx" ASC tərəfindən geri götürülməsinə göstəriş verilməsini xahiş etmişdir.
11. 2015-ci il 28 oktyabr tarixli akta əsasən isə müəyyən olunur ki, Zərdab rayonu ərazisində Cavabdeh MMC-yə lizinqə verilmiş bir dəst süd emalı avadanlıqlarına texniki baxış keçirilmiş, avadanlıqlar saz və işlək vəziyyətdədir, sex istismar olunmur. Bağlanmış lizinq müqaviləsinin 5.2, 5.3 və 5.6-cı bəndlərini əsas tutaraq borc öhdəliyi yarandığı səbəbindən istismarının dayandırılmasını təmin etmək məqsədilə 03 noyabr 2015-ci il tarixinədək içərisindəki məhsulların çıxarılması üçün 5 gün vaxt verilmiş, ödəniş olmadığı halda 5 gündən sonra avadanlığın istismarının dayandırılaraq geri götürmək üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-nin nümayəndəsi xəbərdar edilmişdir. Aktın doğruluğu lizinq verənin texnoloji avadanlıqların lizinqi şöbəsinin müdir əvəzi T.Budaqov, texnika və texnoloji avadanlıqlara texniki xidmət şöbəsinin baş mütəxəssisi F.Ələsgərov, ümumi şöbənin kuryeri F.Ələsgərov və lizinq alanın nümayəndəsi R.Səfərovun imzaları ilə təsdiq edilmişdir.
12. 2019-cu il 10 oktyabr tarixli, ASC/2-115 saylı məktuba əsasən müəyyən edilir ki, "xxxx" ASC "xxxx" MMC-nin 105/18 saylı müraciətinə cavab olaraq avadanlıqların sonuncunun sifarişinə əsasən alındığını, qarşılıqlı razılaşdırılmış və imzalanmış lizinq müqaviləsi əsasında uzunmüddət əvvəl təhvil verildiyini, bu baxımdan avadanlığın bir hissəsinin geri götürülməsinin imkanları xaricində olduğunu bildirmişdir.
13. "xxxx" MMC-nin 29 noyabr 2021-ci il tarixli, QXM-266 nömrəli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Cavabdeh MMC-yə aid 29 adda avadanlıqların bazar dəyəri 848.000 manat təşkil edir.
14. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.
15. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, Cavabdeh MMC-yə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı”) Cavabdehnə qarşı (bundan sonra – “cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə 649.000 manat gecikdirilmiş əsas borc və hesablanmış 464.574 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 1.113.924 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə südün emalı, təkrar emalı avadanlığı və əlavə avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 2021-ci il 6 iyul tarixə müqavilə üzrə 649.000 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
18. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427, 748-1 və 465.2-ci maddələrinə istinad olunmuşdur.
19. Cavabdeh 2021-ci il 27 dekabr tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış Müqavilə əsasında verilmiş, lakin istifadə olunmamış avadanlıqların ilk iddiaçıya geri qaytarılması və həmin avadanlıqların dəyərinin yaranmış borcdan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilənin bağlanmasından bir müddət sonra cavabdehin südlə təminatı əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olması səbəbi ilə südün texnologiyaya müvafiq emal edilməsində müəyyən problemlər yaratmışdır və bu səbəbdən də "xxxx" ASC tərəfindən lizinq verilən və quraşdırılmayan bir sıra avadanlıqlar zavodun anbarında istifadəsiz vəziyyətdə qalmışdır və istismar olunmamışdır. Belə ki, cavabdeh tərəfindən qeyd olunan faktlar əsas gətirilərək verilmiş avadanlıqların geriyə götürülməsi ilə bağlı sərəncam verilməsi xahişi ilə "xxxx" ASC-nin idarə heyətinin sədri Əli Bayramova 2012-ci il 12 dekabr, 2013-cü il 12 iyul və 2013-cü il 29 oktyabr tarixində müraciətlər edilmişdir. 2014-cü il 14 aprel tarixində istehsalatın həcminə müvafiq olaraq cavabdeh tərəfindən öz hesablarına yeni texnoloji avadanlıqların quraşdırılması səbəbi ilə avadanlıqların geri götürülməsinə və yeni ödəmə qrafikinin tərtib edilməsi zamanı geri götürülmüş avadanlıqların qiymətlərinin nəzərə alınmasına sərəncam verilməsi xahişi ilə yenidən "xxxx" ASC-nin idarə heyətinin sədri Əli Bayramova müraciət edilmişdir. Məsələ ilə əlaqədar 2015 və 2018-ci il tarixində cavabdeh tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və "xxxx" ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayevə müraciətlər olunmuşdur. Beləliklə, cavabdeh tərəfindən dəfələrlə "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciətlər edilmiş, lakin müraciətləri nəticəsiz qalmış və bu günə qədər avadanlıqları geri qaytarmaq mümkün olmamışdır. Həmçinin avadanlıqların istismar və istifadə edilməməsi faktı "xxxx" ASC tərəfindən hər il keçirilmiş inventarizasiya və monitorinq zamanı tərtib edilmiş aktlarla bir daha təsdiq olunmuşdur.
21. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 yanvar tarixli, e-2-2(113)- 299/2022 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən müqavilə üzrə 649.000 manat məbləğində əsas borc, 60.000 məbləğində dəbbə pulu olmaqla, cəmi 709.000 manat məbləğində pul vəsaitinin, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 250 manat və mediasiya xərclərinin əvəzi olaraq 250 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, qalan hissədə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, ilk iddianın verilməsinə görə ödənilməli olan 585 manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
22. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən ilk iddiaçı cavabdehdən müqavilə üzrə əsas borcun və dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə dəbbə pulunun əsas borca nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu 60.000 manat məbləğində müəyyən etmişdir.
23. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə bildirmişdir ki, cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi mübahisəli lizinq müqaviləsinə əsasən lizinqə verilən və quraşdırılmayan bir sıra avadanlıqların zavodun anbarında istifadəsiz vəziyyətdə qalmasına və istismar olunmasına istinad etsə də, göstərilən halları təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Əksinə, avadanlıqların təhvil-təslimi haqqında 2021-ci il 25 dekabr tarixli aktdan görünür ki, lizinq obyekti olan avadanlıqlar sınaqdan keçirilərək tam hazır vəziyyətdə lizinq alana təhvil verilməsi faktı Cavabdeh MMC-nin direktorunun imzası ilə təsdiq edilmişdir.
24. Həmçinin, cavabdeh lizinq obyekti olan avadanlıqlar təhvil verilərkən lizinq verən tərəfindən quraşdırılmamasını iddia etsə də, müqavilənin bağlanmasından keçən 9 il ərzində avadanlıqların quraşdırılması ilə bağlı "xxxx" ASC-yə müraciət etməsi iş materialları ilə müəyyən edilməmişdir. Bununla yanaşı cavabdeh tərəfindən "xxxx" ASC-yə avadanlıqların geri götürülməsi ilə bağlı ünvanlanmış çoxsaylı müraciətlərin heç birində avadanlıqların geri götürülməsi tələbinə əsas kimi lizinq verən tərəfindən avandanlıqların quraşdırılmamış vəziyyətdə lizinq alana təhvil verilməsinə istinad olunmamışdır. Məhkəmə hesab etmişdir ki, göstərilən hallar da lizinq obyekti olan avadanlıqların lizinq verən tərəfindən quraşdırılmamasına dair qarşılıqlı iddianın dəlillərin əsassızlığına dəlalət edir.
25. Eyni zamanda, lizinq obyekti olan avadanlıqların bir qisminin cavabdeh tərəfindən istifadə edilməməsi də müəyyən olunmamışdır. Belə ki, göstərilən halı təsdiq etmək üçün cavabdehin məhkəməyə təqdim etdiyi 2015-ci il 28 oktyabr tarixli aktın birinci hissəsində sexin istismar edilməməsi qeyd edilsə də, ikinci hissəsində sexin süd məhsullarından boşaldılması üçün lizinq alana vaxt verildiyi göstərilmişdir. Halbuki, avadanlıqların istismar edilməməsi həmin avadanlıqlarda süd məhsullarının saxlanılmasını istisna edir. Göründüyü kimi sözügedən akt ziddiyyətli olmaqla mübahisəli avandanlıqların lizinq alan tərəfindən istifadə edilməməsi barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etməmişdir.
26. Bundan başqa, lizinq alanın lizinq obyekti olan avadanlıqların bir hissəsindən istifadə etməməsi müəyyən olunsa belə, göstərilən hal həmin avadanlıqların lizinq verənə geri qaytarılması üçün əsas hesab edilə bilməzdi. Belə ki, lizinq alanın ona təhvil verilmiş lizinq obyekti olan əmlakdan (həmin obyektdən istifadəyə dair marağının olmaması səbəbindən) istifadə etmədiyi halda həmin əmlakın lizinq verən tərəfindən qaytarılmasını və həmin avadanlıqlara görə lizinq ödənişlərinin tutulmamasını tələb etmək hüququna malik olması nə lizinq haqqında qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır.
27. Hazırkı halda tərəflər arasında lizinq obyekti olan avadanlığın bir hissəsinin geri götürülməsi və ödəniş qrafikinə buna müvafiq olaraq dəyişikliklər edilməsi barədə müqavilə tərəfləri arasında hər hansı razılaşma (müqaviləyə dəyişiklik edilməsi barədə 2014-cü il 12 may tarixli, D-04- LA/13 saylı razılaşma istisna olmaqla) olmamış, eləcə də lizinq verən tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas ola biləcək müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına yol verilməmişdir. Tam əksinə müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Lakin, cavabdeh hal-hazıradək müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı tələb irəli sürməmişdir. Bundan əlavə lizinq alanın lizinq obyektindən istifadə etməsinə dair marağının olmaması əsası ilə lizinq müqaviləsinin birtərəfli qaydada dəyişdirmək hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır və tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən də irəli gəlmir.
28. Məhkəmə həmçinin bildirmişdir ki, qətnamə ilə ilk iddia qismən təmin edildiyindən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq mediasiya xərcləri tərəflər arasında bölüşdürüldürülərək ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 250 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, qətnamə ilə ilk iddianın qiymətinin 62 faizinə yaxın hissəsi təmin edildiyindən ilk iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun 62 faizi, yəni 835 manat hissəsi də cavabdehə aid edilmişdir.
29. Gəldiyi nəticəni məhkəmə MM-in 6.1.2, 6.1.5, 6.2, 421.1, 421.2, 385.1, 442, 443.1, 448.1, 747.1, 462.1, 467-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1, 121.1, 124.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. Qətnamə 2022-ci il 4 fevral tarixdə proses iştirakçılarının şəxsi elektron kabinetlərində yerləşdirilmiş, cavabdeh həmin qətnamədən 2022-ci il 22 fevral tarixdə apellyasiya şikayəti verərək onun ləğv olunması, ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli, 2-2(103)-400/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında lizinq müqaviləsi üzrə lizinqə verilmiş 1 ədəd “Məhsuldarlığı 2500 s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” adlı avadanlıqların dəyəri ümumi lizinq ödənişlərindən çıxılaraq 2015-ci il 3 noyabr tarixdən etibarən hesablanmadığı halda 2021- ci il 6 iyul tarixə olan əsas və cərimə borcunun nə qədər təşkil etməsi barədə suallar qoyulmuş, ekspert tərəfindən 2022-ci il 11 oktyabr tarixli, 9/4579 saylı rəy tərtib olunaraq ümumi qalıq borc 165.900 manat məbləğində müəyyən edilmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli, 2-2(103)-400/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiada irəli sürülmüş əsas borcun tutulması hissəsində dəyişdirilmiş, dəbbə pulunun tutulması hissəsində və qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 165.900 manat məbləğində pul vəsaitinin tutulması, ilk iddia tələbinin dəbbə pulunun tutulması hissəsində təmin olunmaması, qarşılıqlı iddia tələbi qismən təmin olunaraq 1 ədəd “Məhsuldarlığı 2500 s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” adlı avadanlıqların cavabdehdən alınaraq iddiaçıya verilməsi qət olunmuşdur. Qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
33. Məhkəmə kollegiyası bildirmişdir ki, MM-in lizinq münasibətlərini tənzimləyən normalarında, habelə tərəflər arasında bağlanmış müqavilədə lizinqə verilmiş əşyanın lizinq alan tərəfindən geri qaytarılması imkanını nəzərdə tutan hər hansı müddəa mövcud deyildir. Bununla belə nə mülki qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə bunu qadağan edən hər hansı bir norma da yoxdur. Hazırkı işin halları bundan ibarət olmuşdur ki, cavabdeh "xxxx" ASC-yə müraciət edərək lizinq avadanlıqlarının bir hissəsinin geri götürülməsini xahiş etmişdir. Belə ki, lizinq müqaviləsi bağlandıqdan qısa müddət sonra lizinq alan avadanlıqların bir hissəsinin quraşdırılmadığını və istifadə olunmadığını bildirərək iddiaçıdan dəfələrlə həmin avadanlıqların geri götürülməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin məktublar MM-in 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildirişə bərabər sənəd hesab olunur.
34. İddiaçı əvvəlcə həmin məktublara cavab verməsə də, 2015-ci il 28 oktyabr tarixdə həmin avadanlıqlara texniki baxış keçirərək, avadanlıqların saz və işlək vəziyyətdə olunduğunu, sexin istismar olunmadığını aşkarlamış, borc öhdəliyi yaranması səbəbindən istismarının dayandırılmasını təmin etmək məqsədilə 2015-ci il 3 noyabr tarixinədək içərisindəki məhsulların çıxarılması üçün 5 gün vaxt verilmiş, ödəniş olmadığı halda 5 gündən sonra avadanlığın istismarının dayandırılaraq geri götürmək üçün məhkəməyə müraciət olunacağı barədə cavabdehin nümayəndəsini xəbərdar etmişdir. Göründüyü kimi iddiaçı hazırda həmin avadanlıqların geri götürülməsi ilə razılaşmasa da, cavabdehin müqavilənin qeyd olunan avadanlıqlara münasibətdə ləğvinə dair bildirişinə (məktublarına) öz razılığını bildirmiş, bununla bağlı aktiv hərəkətlər edərək 2015-ci il 28 oktyabr tarixdə mübahisəli ərazidə avadanlıqlarına texniki baxış keçirərək, akt tərtib etmiş, həmin aktı sonradan mübahisələndirməmişdir. Həmin aktda qeyd olunan 5 gün müddətində isə cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir. Bu isə onu deməyə əsas verir ki, lizinq müqaviləsi həmin avadanlıqlara münasibətdə 2015-ci il 3 noyabr tarixdə ləğv edilmiş sayılmalıdır. Əks yanaşma, yəni avadanlıqları qəti şəkildə istəmədiyi və istismar etmədiyi halda (iddiaçı həmin halları aktda təsdiq etmişdir) onlara münasibətdə məcburi qaydada lizinq münasibətlərində qalması və ödənişlərin tutulması müqavilə azadlığı prinsipinə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, həmin avadanlıqlar lizinq müqaviləsinin bağlandığı 2013-cü il 18 may tarixdə deyil, bundan təxminən 6 və 2 il əvvəl, yəni 2007-ci ilin noyabr və 2011-ci ilin noyabr aylarında alqı-satqı müqavilələri əsasında alınmışdır. Bu fakt, iş materiallarında olan alqı-satqı müqavilələri ilə öz təsdiqini tapır (İ cild, iş.v 197-212).
35. Göründüyü kimi avadanlıqlar məhz cavabdehin sifarişi əsasında xüsusi olaraq onun üçün alınmamış, iddiaçının təklifi əsasında ona lizinqə verilmiş, hətta quraşdırılmamışdır. Bu baxımdan, həmin avadanlıqlar iddiaçıya geri qaytarıldığı təqdirdə belə yenidən üçüncü şəxslərə lizinə verilməsi imkanı istisna olunmur. Beləliklə məhkəmə kollegiyası iddiaçının öz hüquqlarından sui-istifadə edərək avadanlıqların geri götürülməsi əvəzinə onlara görə də lizinq ödənişlərinin tələb olunması qənaətinə gəlmiş və hesab etmişdir ki, avadanlıqlar iddiaçıya qaytarılmalı və onların dəyəri yaranmış borcdan çıxılmalıdır.
36. Məhkəmə kollegiyası əlavə etmişdir ki, borc məbləği tamamilə yeni qaydada, yuxarıda qeyd olunan avadanlıqların dəyəri ümumi lizinq ödənişlərindən çıxılaraq yenidən hesablandığından cavabdeh tərəfindən ödənişlərin nə zamandan etibarən və neçə müddət ərzində gecikdirildiyini müəyyən etmək mümkün deyildir və bu səbəbdən cərimənin tutulması hissəsində ilk iddia rədd edilməlidir.
37. Gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi MM-in 5.3, 16.1, 421.1, 421.3, 425.1, 425.2, 462.1, 560.2, 690, 691.4, 747.1, 751-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
38. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 5 dekabr tarixdə proses iştirakçılarının şəxsi elektron kabinetlərində yerləşdirilmiş, ilk iddiaçı ondan 2022-ci il 25 dekabr tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunaraq müqavilə üzrə 649.000 manat gecikdirilmiş əsas borc və hesablanmış 464.574 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 1.113.924 manat pul vəsaitinin cavabdehdən tutularaq ilk iddiaçıya ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
a. Kassasiya instansiyası məhkəməsindəki icraat
39. iddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-2(102)-164/2023 nömrəli qərarı (hakimlər X5 (məruzəçi), X4 və X7) ilə kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli, 2-2(103)-400/2022 saylı qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
41. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki; - 18 yanvar 2013-cü il tarixli lizinq müqaviləsinə görünür ki, lizinq verən dəyəri 882500.00 manat olan və Müqavilənin tərkib hissəsi sayılan 1№ li əlavədə göstərilən məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti və dəyəri 156000, 00 manat olan bu müqaviləyə 2№li əlavədə göstərilən süd emalı zavodunun istifadəyə verilməsi üçün əlavə avadanlıqları 9 il müddətinə lizinq alana lizinqə verir. “Avadanlıqların təhvil-təslimi haqqında” 2012-ci il 25 dekabr tarixli aktdan isə görünür ki, lizinq obyekti olan avadanlıqlar sınaqdan keçirilərək tam hazır vəziyyətdə lizinq alana təhvil verilməsi faktı cavabdehin direktorunun imzası ilə təsdiq olunmuşdur. - Cavabdehin iddiaçıya ünvanlandığı yuxarıda göstərilən məktublarda isə 1 ədəd “Məhsuldarlığı 2500 s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” adlı avadanlıqların geriyə götürülməsi xahiş edilmişdir. Həmin avadanlıqlardan 4 ədədi müqavilənin 1№ li əlavəsi kimi müəyyənləşdirilən “Texnoloji avadanlıqların texniki təsnifatı” na əsasən 22 adda avadanlıqdan ibarət olan məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xəttinin tərkibində, 1 ədəd isə müqavilənin 2№ li əlavəsi kimi müəyyənləşdirilən “Texniki təsnifatı və qiymət cədvəli”ndə göstərilən 7 adda avadanlığın tərkibinə aidir. O da qeyd edilməlidir ki, həm müqavilə, həm də müqaviləyə 1№ li əlavədə göstərilən avadanlıqların məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti kimi mürəkkəb əmlak təəsüratı yaradır. Belə ki, MM-in 135.9-cu maddəsinə görə əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Bu cür vəziyyətdə isə apellyasiya instansiyası məhkəməsi həmin texnoloji xəttin bir əmlak olub-olmamasını araşdırmalı cavabdeh tərəfindən geriyə götürülməsi xahiş edilən avadanlıqların texnoloji xəttədən ayrılması mümkünlüyünü, bunun nəticəsində onun tamlığının pozulub-pozulmamasını, texniki və məsuldarlıq parametrlərinə neqativ təsir göstərib- göstərməməsinı qiymətləndirilməli idi. - Bundan başqa apellyasiya məhkəməsi cavabdeh tərəfindən həmçinin ödənişlərin edilmədiyini vurğulamışdır. Lakin iş materiallarında olan kassa-mədaxil order qəbzlərindən görünür ki, aktın tərtib edildiyi 2015-ci il 28 oktyabr tarixindən sonra da texnoloji avadanlıqlarla bağlı cavabdeh tərəfindən lizinq ödənişləri həyata keçirilmişdir (bax 2-ci cild, iş v. 26-27). Digər tərəfdən 2017-2020-ci illərdə də təyinatı və əsası 2013-cü il 13 yanvar tarixli, 04LA/13 nömrəli müqavilə üzrə olan ödənişlərin edildiyi iş materiallarındakı sənədlərlə təsdiq olunur (bax 2-ci cild, iş v. 2-25). Belə olan təqdirdə, həmin ödənişlərin konkret olaraq geri qaytarılması xahiş olunan avadanlıqları da əhatə edib-etməməsi aydınlaşdırılmadan apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət anlaşılan deyildir. - Apellyasiya instansiyası məhkəməsi MM-in yuxarıda göstərildiyi kimi, 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya ünvanlandığı məktublar müqavilənin ləğvinə dair bildirişə bərabər sənəd hesab olunur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, doğurdan da MM-in 690-cı maddəsində əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişin forması və məzmunu göstərilmişdir. Lakin o da nəzərə alınmalıdır ki, həmin Məcəllənin 689.2-ci maddəsinin göstərişinə əsasən, əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. Göründüyü kimi, MM-in 690-cı maddəsinin birbaşa tətbiqi yalnız kirayə müqaviləsində müddətin müəyyənləşdirilmədiyi halda mümkündür. Hazırkı iş üzrə lizinq müqaviləsində isə müddət müəyyənləşdirilmişdir. Belə olan təqdirdə, apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-in 689.2-ci maddəsinin tələbinə əhəmiyyət verilməməsi iş üzrə doğru olmayan nəticəyə gəlməyə səbəb olmuşdur. - Bundan başqa, məhkəmə kollegiyası onu da vurğulayır ki, məzmunu iki hissədən ibarət olan 2015-ci il 28 oktyabr tarixli aktın özündə də biri-digərilə ziddiyyət təşkil edən 2 hal göstərilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi həmin ziddiyyətlərin aradan qaldırılmaqla əsl mahiyyətini müəyyənləşdirmədən qətnaməni çıxararkən onu əsas götürmüşdür. - O da qeyd edilməlidir ki, MM-in 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (MM-in 421.2- ci maddəsi). Lakin bu normaların tələbləri hazırki mübahisənin həlli zamanı apellyasiya instansiyasi məhkəməsi tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır - Bundan başqa, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşdən göründüyü kimi, cavabdeh qarşılıqlı iddia ərizəsində lizinq müqaviləsi əsasında verilmiş, lakin istifadə olunmamış avadanlıqların ilk iddiaçıya geri qaytarılması və həmin avadanlıqların dəyərinin yaranmış borcdan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2015-ci il 3 noyabr tarixindən ləğv edilmiş sayılmalı olması barədə qətnamə qəbul etməklə faktiki olaraq qarşılıqlı iddia tələbindən kənara çıxaraq və MPM-in 218.3-cü maddəsinin tələbini pozmaqla qətnamə qəbul etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar
a) Apelyasiya şikayətinin dəlilləri
42. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunması xahiş olunmuşdur.
43. Apellyasiya şikayəti qarşılıqlı iddiada göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cavabdeh tərəfindən iddiaçıya rəsmi şəkildə müraciət olunaraq, istifadə olunmamış avadanlıqların geri götürülməsinin xahiş olunması, lakin müraciətlərin nəticəsiz qalması, bunun iş materialları ilə də təsdiq olunması, birinci instansiya məhkəməsinin yanlış nəticəyə gəlməsi və s. göstərilmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
45. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X6 qarşılıqlı iddia ərizəsinə, birinci instansiya məhkəməsində verilmiş izahata, eləcə də apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi.
46. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 iddia ərizəsinə, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat verərək, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
47. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. - Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. - Maddə 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. - Maddə 689.2. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. - Maddə 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. - Maddə 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. - Maddə 690.3. Yaşayış otağını kirayəyə verən bu Məcəllənin 696-cı maddəsinə uyğun etirazvermə imkanını, habelə etirazın verilməsi formasını və müddətini kirayəçiyə vaxtında göstərməlidir.” - Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - Maddə 747-2. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. - Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: - Maddə 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. - Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. - Maddə 751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747- 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. - Maddə 462.1. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. - Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər.
Apelyasiya baxışının hədləri
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
52. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır.
54. İlkin olaraq qeyd olunmalıdır ki, tərəflər arasında 2013-cü il 18 yanvar tarixli, 04- LA/13 nömrəli lizinq müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən lizinq verən tərəfindən dəyəri 892.500 manat olan müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xəttinin, habelə dəyəri 156.000 manat olan müqaviləyə 2 nömrəli əlavədə göstərilən süd emalı zavodunun lizinq alana lizinqə verilməsi, avadanlıqların dəyərinin lizinq ödəniş qrafikinə (3 nömrəli Əlavə) uyğun ödənilməli olması işin mübahisə olunmayan hallarıdır.
55. Birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərkən, cavabdehin lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyini müəyyən etmiş, qarşılıqlı iddianın əsassız olması nəticəsinə gələrkən isə - sübutetmə yükünün həyata keçirilməməsinə, həmçinin lizinq alanın ona təhvil verilmiş lizinq obyekti olan əmlakdan (həmin obyektdən istifadəyə dair marağının olmaması səbəbindən) istifadə etmədiyi halda həmin əmlakın lizinq verən tərəfindən qaytarılmasını və həmin avadanlıqlara görə lizinq ödənişlərinin tutulmamasını tələb etmək hüququna malik olmasının nə lizinq haqqında qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamasına, tərəflər arasında lizinq obyekti olan avadanlığın bir hissəsinin geri götürülməsi və ödəniş qrafikinə buna müvafiq olaraq dəyişikliklər edilməsi barədə müqavilə tərəfləri arasında hər hansı razılaşmanın (müqaviləyə dəyişiklik edilməsi barədə 2014-cü il 12 may tarixli, D-04- LA/13 saylı razılaşma istisna olmaqla) olmamasına, eləcə də lizinq verən tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas ola biləcək müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına yol verilməməsinə, tam əksinə müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasına və s. əsaslanmışdır.
56. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
57. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri).
58. Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur.
59. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir.
60. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də lizinq müqaviləsidir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə, lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq münasibətləri Mülki Məcəllənin XXXVİİİ fəsli ilə tənzimlənir və həmin Məcəllənin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı verilmişdir. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
61. Həmçinin qeyd edilməlidir ki, lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər.
62. İşin müəyyən olunmuş hallarından, eləcə də toplanmış sübutlardan açıq-aşkar görünür ki, cavabdeh lizinq ödənişlərini lazımi qaydada həyata keçirməmiş, nəticədə borcu yaranmışdır.
63. Belə olan halda isə, iddiaçı cavabdehdən müqavilə üzrə əsas borcun və dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi dəbbə pulunun əsas borca nisbətini, eləcə də tərəflərin mənafeyini nəzərə alaraq yüksək dəbbə pulununun 60.000 manat məbləğindək azaldılmasını məqsədəmüvafiq hesab etmişdir.
64. Qeyd edildiyi kimi, cavabdehin əsas dəlilləri lizingə götürdüyü avadanlıqların bəzilərinin (pasterizasiya və soyutma qurğusu, südlü qablara doldurma avtomatı və polistrol stəkanlara doldurma avtomatı) iddiaçı tərəfindən geriyə götürülməsi və onların dəyərinin nəzərə alınması (ümumi borcdan çıxılması) ilə bağlıdır.
65. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisə avadanlıqlar cavabdeh tərəfindən istifadə olunmasa belə, göstərilən hal həmin avadanlıqların lizinq verənə geri qaytarılması üçün əsas hesab edilə bilməz. Belə ki, lizinq alanın ona təhvil verilmiş lizinq obyekti olan əmlakdan (həmin obyektdən istifadəyə dair marağının olmaması səbəbindən) istifadə etmədiyi halda həmin əmlakın lizinq verən tərəfindən qaytarılmalı olması və həmin avadanlıqlara görə lizinq ödənişlərinin tutulmalı olması nə lizinq haqqında qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır. Bununla yanaşı, lizinq verən tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas ola biləcək müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına da yol verilməmişdir. Tam əksinə müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur.
66. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, lizinqə verilmiş avadanlıqların bir hissəsinin sonradan sadəcə lizinq alanın istəyinə görə lizinq verənə qaytarılmalı olması lizinq sahədə qanunvericiliyin mahiyyəti ilə üzlaşmır.
67. Bununla yanaşı, işdə olan 18 yanvar 2013-cü il tarixli lizinq müqaviləsinə görünür ki, lizinq verən dəyəri 882500 manat olan və Müqavilənin tərkib hissəsi sayılan 1№ li əlavədə göstərilən məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti və dəyəri 156000 manat olan bu müqaviləyə 2№li əlavədə göstərilən süd emalı zavodunun istifadəyə verilməsi üçün əlavə avadanlıqları 9 il müddətinə lizinq alana lizinqə verir. “Avadanlıqların təhvil-təslimi haqqında” 2012-ci il 25 dekabr tarixli aktdan isə görünür ki, lizinq obyekti olan avadanlıqlar sınaqdan keçirilərək tam hazır vəziyyətdə lizinq alana təhvil verilməsi faktı cavabdehin direktorunun imzası ilə təsdiq olunmuşdur.
68. Cavabdeh bunun əksini, yəni lizinq avadanlıqlarının təhvil verilməməsi (quraşdırılmaması) ilə bağlı məhkəməyə sübutlarını təqdim edə bilməmişdir. Əksinə, cavabdeh iddiaçıya ünvanladığı məktublarda avadanlıqların quraşdırılmaması səbəbindən deyil, onların istifadə olunmaması səbəbindən geri götürülməsini xahiş etmişdir.
69. Cavabdeh ümumiyyətlə qeyd edilən hissədə öhdəliyin iddiaçı tərəfindən əhəmiyyətli pozulması halını təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir.
70. Halbuki, mülki qanunvericiliyin tələbinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (MM-nin 421.2-ci mad.)
71. Eyni zamanda, işdə müqavilə tərəflərinin qarşılıqlı razılığını (qarşılıqlı iddiada göstərilən lizinq predmetlərinin qaytarılması və s.) təsdiq edən hər hansı mötəbər sübut da mövcud deyildir.
72. Bununla yanaşı, kassasiya instansiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi MM-in 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya ünvanlandığı məktublar müqavilənin ləğvinə dair bildirişə bərabər sənəd hesab olunur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, doğurdan da MM-in 690-cı maddəsində əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişin forması və məzmunu göstərilmişdir. Lakin o da nəzərə alınmalıdır ki, həmin Məcəllənin 689.2-ci maddəsinin göstərişinə əsasən, əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. Göründüyü kimi, MM-in 690-cı maddəsinin birbaşa tətbiqi yalnız kirayə müqaviləsində müddətin müəyyənləşdirilmədiyi halda mümkündür. Hazırkı iş üzrə lizinq müqaviləsində isə müddət müəyyənləşdirilmişdir. Belə olan təqdirdə, apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-in 689.2-ci maddəsinin tələbinə əhəmiyyət verilməməsi iş üzrə doğru olmayan nəticəyə gəlməyə səbəb olmuşdur.
73. Həmçinin qeyd edilməlidir ki, cavabdehin mübahisə predmeti olan lizing avadanlıqların geri götürülməsi barədə iddiaçıya müraciətlər etməsi də vəziyyəti dəyişdirmir. Çünki, yuxarıda da qeyd edildiyi kimi, müqavilənin iddiaçı tərəfindən əhəmiyyətli pozuntusu hallarına yol verilmədiyi və ya qarşılıqlı razılıq olmadığı təqdirdə, sadəcə cavabdehin istəyinə görə müqavilədən qismən imtina yolverilməzdir və qanunvericiliyin tələbləri ilə uzlaşmır.
74. Cavabdeh həmçinin 2015-ci il 28 oktyabr tarixli akta əsaslansa da, həmin aktda iddiaçının məhz mübahisəli lizinq avadaqlıqlarını geri götürülməsinə razılğının ifadə olunması görünmür. Əksinə, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı və s. qeyd olunmuşdur.
75. Bununla yanaşı, kassasiya instansiyasının göstərişlərinə əsasən, lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıqların vahid tam halda mürəkkəb əmlak təşkil edib-etməməsi, habelə lizing ödənişlərinin qaytarılması tələb olunan avadanlıqları da əhatə edib etməməsi və s. bu kimi halların müəyyən olunması üçün müvafiq ekspertizalar təyin olunmuşdur.
76. Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli məhkəməmühasibatlıq ekspertizası ekspert rəyinə əsasən - tərəflər arasında bağlanmış xx.xx.2013cü il tarixli, 04-LA/13 saylı lizinq müqaviləsinin şərtləri, iş materiallarında olan ödəniş tapşırıqları, kassa mədaxil orderləri, ödəniş qarfiki, Müqavilə üzrə 1 və 2 saylı Əlavələr, texniki təsnifat və qiymət cədvəlləri nəzərə alınmaqla xx.xx.2013-cü il tarixli müqavilə üzrə 106.000.00 manat məbləğində lizinq ödənişlərinin 1 ədəd “Məhsuldarlığı 2500s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” avadanlıqları üzrə ödənilməsi müəyyən olunmur.
77. Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli tikinti-texniki ekspertizası ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 04- LA/13 saylı Lizinq müqaviləsi və ona əlavələrə əsasən orada göstərilən avadanlıqlar məcmu halında məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti kimi mürəkkəb vahid əmlak yaradıb-yaratmaması tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, birinci sual üzrə tədqiqat aparılmamışdır. Həmçinin, cavabdehin qaytarılmasını tələb etdiyi avadanlıqlara baxış zamanı onların texnoloji xəttə qoşulmadığı, süd emalı zavodunda avadanlıqların kompleks şəkildə quraşdırılmış vəziyyətdə olduğu, həmin avadanlıqların su, elektrik və kanalizasiya xəttinə qoşulduğunu nəzərə alaraq, cavabdehin qaytarılmasını tələb etdiyi avadanlıqların texnoloji xəttən müstəqil şəkildə xəttin tamlığını pozmadan ayrılmasının mümkün olduğu müəyyən olunur.
78. Yaranmış zərurətlə əlaqədar tikinti-texniki ekspertizanı aparmış ekspert Xəyyam İsgəndərov məhkəmə iclasına dəvət olunmuş, verilmiş suallara cavab olaraq bildirmişdir ki, avadanlıqlar hissəvi olmaqla, istehsalın başlanılıb aparılması üçün vahid tam yaradır. Baxış zamanı cavabdeh tərəfin geri götürülməsini tələb etdiyi avadanlıqlar qablaşdırılmış şəkildə kənara yerləşdirilmişdir. Kənara qoyulmuş avadanlıqlar isə cavabdeh tərəfindən digər avadanlıqlarla əvəz olunmuşdur. Əgər cavabdehin hazırda istifadə etmədiyi avadanlıqlar başqaları ilə əvəz olunmasa idi, o zaman ümumi süd email prosesi aparıla bilməzdi. Bu halda isə məcburiyyətdən hazırda qoşulmamış avadanlıqlar istifadə olunmalı idi. Həmin avadanlıqların hər biri birlikdə vahid tam yaradır və bir prosesin aparılması üçün nəzərdə tutulmuş vahid əşyadır. Həmçinin, ekspert rəydə məhkəmənin birinci sualına (avadanlıqların mürəkkəb vahid tam əmlak yaradıb-yaratmaması) cavab verməməsinin səbəbini, sualı tam başa düşməməsi kimi izah etmişdir.
79. Bununla yanaşı, iş materiallarından, eləcə də cavabdehin nümayəndəsinin məhkəmə iclasları zamanı verdiyi izahatlarında cavabdehin qaytarmaq istədiyi avadanlıqların onlara lazım olmadığı, onların başqa avadanlıqlarla əvəz olunaraq emal prosesinin həyata keçirildiyi öz əksini tapmışdır.
80. MM-nin 135.9-ci maddəsinə əsasən əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir.
81. Hazırkı mübahisə üzrə isə tərəflər arasında bağlanmış müqavilədə və ona Əlavələrdə hazırda cavabdehin geri götürülməsini tələb etdiyi avadanlıqların, vahid tam yaradan əmlaklardan ayrılmasını nəzərdə tutan hər hansı müddəa nəzərdə tutulmamışdır.
82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli lizinq müqaviləsi və ona əlavələr üzrə iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş avadanlılar vahid tam yaratmaqla bir əmlakdır (mürəkkəb əmlakdır).
83. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, işdə olan ödəniş qrafikində də ödənişlərin konrket əşyalara görə deyil, ümumi formada, hissə-hissə (rüblük) həyata keçirilməli olması göstərilmişdir.
84. Eyni zamanda, cavabdehin həyata keçirdiyi ödənişlərlə bağlı təqdim olunmuş sübutlardan (ödəniş tapşırığı, kassa mədaxil orderi) da, ödənişlərin konkret avadanlığa görə həyata keçirilməsi qeyd olunmamışdır.
85. Lakin, Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli məhkəməmühasibatlıq ekspertizası ekspert rəyinin nəticə hissəsində ekspert cavabdeh tərəifndən həyata keçirilmiş 106.000 manat məbləğində lizinq ödənişlərinin 1 ədəd “Məhsuldarlığı 2500s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” avadanlıqları üzrə ödənilməsinin müəyyən olunmamasını qeyd etmişdir.
86. Halbuki, ekspertiza rəyinin əsaslandırıcı hissəsində ekspert qeyd etmişdir ki, ödəniş qrafikində rüblük lizinq ödənişlərinin hansı avadanlıqlara aid olması göstərilməmişdir.
87. Rəydən görünür ki, ekspert yalnız özünün subyektiv ehtimallarına əsaslanmış, gəldiyi nəticə isə iş materialları ilə təsdiq olunmur. Belə olan halda isə, məhkəmə kollegiyası ekspertiza rəyini qarşılıqlı iddianın həlli istiqamətində mötəbər sübut kimi qəbul etmir.
88. MPM-in 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
89. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən onun üzərinə düşən öhdəliklər lazımi qaydada icra olunmamış, nəticədə cavabdehin 640.000 manat əsas borcu qalmış, eyni zamanda öhdəliyin icra olunmaması ilə bağlı dəbbə pulu hesablanmışdır. Qarşılqılı iddia isə yuxarıda qeyd olunanlara əsasən tam əsassızdır.
90. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbini və etirazlanı əsaslandırmamışdır.
91. Halbuki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci mad.)
92. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
93. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
94. Həmçinin qeyd edilməlidir ki, mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir.
95. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi).
96. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
97. Göstərilənləri nəzərə alaraq, lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İcranın lizinq alan tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində lizinq verənə zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətlərindən irəli gələrək pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.
98. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
99. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
100. İşdən görünür ki, hazırki apellyasiya icraatı zamanı 300 manat ekspertiza tədqiqatlarının dəyəri, əvvəlki apellyasiya icraatı zamanı isə 200 manat ekspertiza tədqiqatının dəyəri, ümumilikdə 500 manat məhkəmə xərci mövcud olmuşdur.
101. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya icraatları zamanı yaranmış həmin məhkəmə xərcləri cavabdehə aid edilməlidir.
102. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” dair ilk, həmçinin Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “avadanlıqların geri götürülməsi və avadanlıqların dəyərinin borcdan çıxılması” barədə qarşılıqlı iddiaya dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-299/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-299/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh MMC-yə aid edilsin, apellyasiya icraatları zamanı aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 500 (beş yüz) manat pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.