Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-290/2020 21.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun qaytarılmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(113)-531/2020 saylı qərardadından (hakim Emin Əliyev) Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 23.290,79 manat hesablar üzrə əsas borcun, 291.731,79 manat borcun gecikdirilməsinə görə faiz məbləğinin, 1500 manat məbləğində hüquqi xidmət haqqına və 30 manat dövlət rüsumuna görə ödənilmiş məbləğin, cəmi 316.552,58 manat məbləğinin İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Vəkil ərizə təqdim edərək iddianı təmin tədbiri qismində Cavabdeh MMC-nin adına qeydiyyatdan keçən 15 ədəd yük avtomobilinin üzərinə həbsin qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-531/2020 saylı qərardadına əsasən ərizə təmin olunmuşdur. Cavabdeh həmin qərardaddan şikayət verərək, sonradan şikayətə əlavə verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-531/2020 saylı qərardadının qismən ləğv edilməsini xahiş etmişdir. Şikayət və əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının müqavilə ilə tələb etdiyi borc məbləği ödənilmişdir. Bu barədə müvafiq sənədlər şikayətə əlavə edilmişdir. İddiaçı tələb etdiyi borc məbləği ilə əlaqədar məhkəməyə mötəbər sübutlar təqdim etmədiyi halda cavabdehin mülkiyyətində olan bütün maşınlar üzərinə həbs qoyulmuşdur. Bu halın cavabdehin sahibkarlıq fəaliyyətini faktiki dayandırdığı nəzərə alınaraq **-JB-*** nömrə nişanlı, **-JA-*** nömrə nişanlı, **-JD-*** nömrə nişanlı, **-JA-*** nömrə nişanlı MAN TGA markalı avtomaşınların üzərindən həbsin götürülməsi xahiş olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-531/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X3 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-531/2020 saylı qərardadı qismən-cavabdehin mülkiyyətində olan 4 ədəd **-JB-*** nömrə nişanlı, **-JA-*** nömrə nişanlı, **-JD-*** nömrə nişanlı, **-JA-*** nömrə nişanlı “MAN TGA” markalı yük avtomaşınların üzərinə həbs qoyulması hissəsində ləğv edilməli, həmin avtomaşınların üzərinə həbs qoyulması hissəsində iddiaçının ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Hazırkı halda iddiaçı tərəfindən tələb edilən pul məbləği öhdəliyin icrasının gecikdirilməsinə görə cərimə faizi və digər xərclərlə birgə 316.552,58 manat olsa da, tələb olunan əsas borc məbləği cəmi 23.290,79 manatdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab edir ki, 23.290,79 manat əsas borcun ödənilməməsinə görə yaranmış mübahisə ilə əlaqədar cavabdehin mülkiyyətində olan 15 ədəd avtomaşının üzərinə həbs qoyulması təmin etmə tədbirlərinin iddiaçının əsas iddia tələbinə mütənasibliyi prinsipinə ziddir. Bundan əlavə MPM-nin 158.3.1-ci maddəsində iddianı təmin etmə tədbiri görülərkən birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulması nəzərdə tutulmuşdur. Hazırkı halda birinci instansiya məhkəməsi iddiaçının ərizəsini təmin edərkən cavabdehin mülkiyyətində olan minik avtonəqliyyatı ilə yanaşı eyni zamanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istehsalda istifadə etdiyi yük avtomaşınlarının üzərinə həbs qoymaqla qeyd edilən prosessual normanın tələbini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə qərardad cavabdeh tərəfindən mübahisələndirilən hissədə-4 ədəd “MAN TGA” markalı yük avtomaşınlarının üzərinə həbs qoyulması hissəsində ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-531/2020 saylı qərardadı qismən-cavabdehin mülkiyyətində olan 4 ədəd **-JB-*** nömrə nişanlı, **-JA-*** nömrə nişanlı, **-JD-*** nömrə nişanlı, **-JA-*** nömrə nişanlı “MAN TGA” markalı yük avtomaşınlarının üzərinə həbs qoyulması hissəsində ləğv edilməli, həmin avtomaşınların üzərinə həbs qoyulması hissəsində iddiaçının ərizəsi təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-531/2020 saylı qərardadı qismən-cavabdeh Cavabdeh MMC-nin mülkiyyətində olan 4 ədəd **-JB- *** nömrə nişanlı, **-JA-*** nömrə nişanlı, **-JD-*** nömrə nişanlı, **-JA-*** nömrə nişanlı “MAN TGA” markalı yük avtomaşınların üzərinə həbs qoyulması hissəsində ləğv edilsin. Həmin avtomaşınların üzərinə həbs qoyulması hissəsində İddiaçı MMC-nin ərizəsi təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-290/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-290/2020
21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver