Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-290/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5743/2023 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2014-cü il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir və onun sahibkarlıq fəaliyyətinin əsas istiqaməti çörək və uzun müddət saxlanıla bilməyən unlu qənnadı məmulatlarının istehsalıdır.
2. Maraqlı şəxs xx.xx.2023-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 6450,22 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 1,7 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 0,35 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 0,54 manat təşkil edir.
3. “Elektron məhkəmə” informasiya sisteminin “Yekun məhkəmə qərarlarının vahid bazası tətbiqi proqram təminatı”ndan əldə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-1(112)-12962/2023 nömrəli qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi cavabdeh Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 4986,06 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6000 manat məbləğində siyahıya alınmış əmlakının (bir ədəd, 90-OB515 dövlət qedyiyyat nişanlı, 2015-ci il istehsalı, “Niva Vaz 21214” markalı, qara rəngli, XTA212140G2213008 kuzov nömrəli, 6000 manat dəyərində minik maşını) satılması barədə qərarın qəbul edilməsini xahiş etmiş, iddia təmin edilmiş, cavabdehin xx.xx.2023cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 4986,06 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6000 manat məbləğində siyahıya alınmış əmlakının (bir ədəd, **-OB-*** dövlət qedyiyyat nişanlı, 2015-ci il istehsalı, “Niva Vaz 21214” markalı, qara rəngli, XTA212140G2213008 kuzov nömrəli, 6000 manat dəyərində minik maşını) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması, göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən cavabdehin yuxarıda göstərilən məbləğdə borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AA*******) dövlət büdcəsinə olan 5525 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1,7 manat, İşsizlikdən Sığorta Fonduna olan 35 manat və İcbari Tibbi Sığorta Fonduna 55 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 5525 manat məbləğində (o cümlədən vergilər üzrə 4755,14 manat, faizlər üzrə 569,86 manat, maliyyə sanksiyası üzrə 200 manat), İşsizlikdən Sığorta Fonduna 35 manat, İcbari Tibbi Sığorta Fonduna 55 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,7 manat olmaqla, ümumilikdə 5527,6 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********107700 nömrəli, xx.xx.2023-cü il tarixli **********177800 nömrəli, xx.xx.2023-cü il tarixli **********067600 nömrəli, xx.xx.2023-cü il tarixli **********351300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5743/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) ərizə rədd edilmişdir.
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fərdi sahibkar kimi vergi ödəyicisi olan Maraqlı şəxs vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmış, ərizəçi maraqlı şəxsin dövlət büdcəsinə olan 5525 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1,7 manat, İşsizlikdən Sığorta Fonduna olan 35 manat və İcbari Tibbi Sığorta Fonduna 55 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Bundan başqa ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin müvafiq qərarı ilə maraqlı şəxsin dövlət büdcəsinə olan 4986,06 manat borcunun ödənilməsini təmin etmək məqsədilə 6000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması qərara alınmışdır.
8. Məhkəmə xüsusilə qeyd etmişdir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab veribverməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
9. Məhkəmə qeyd etmişdir ki, hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlərin (bank hesablarına dair sərəncam verilməsi, öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə verib-verməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir.
10. Məhkəmə bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12962/2023 nömrəli qərarından da göründüyü kimi, maraqlı şəxsin 6000 manat məbləğində əmlakı siyahıya alınmış, siyahıya alınmış əmlakın müvafiq qaydada satılması qərara alınmışdır. Eyni zamanda maraqlı şəxsin borcları artdığı halda onun əmlakının yeni yaranmış borclara görə də siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi və əmlakının olmaması ilə bağlı vergi orqanı məhkəməyə hər hansı sənəd də təqdim etməmişdir. Belə ki, maraqlı şəxsin 6000 manat siyahıya alınmış əmlakı satılacağı halda onun dövlət büdcəsinə olan borcu cüzi məbləğ həddinə (təqribən 450 manat) enəcək, ərizədə qeyd edilən vergi ödənişləri üzrə isə artıq ödəmə yaranacaqdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5743/2023 nömrəli qətnaməsini ləğv edərək ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsini mütənasiblik prinsipi ilə əsaslandırmağa çalışsa da, iddianın rəddi üçün hər hansı maddi hüquq normasına istinad etməmişdir. Məhkəmə qətnaməsini maddi hüquq normasına əsaslanmadan ümumi sözlərlə əsaslandırmağa çalışmış və heç bir əsas olmadan iddia tələbini rədd etmişdir. Həmçinin fiziki şəxsin ölkədən çıxışına qoyulan müvəqqəti məhdudiyyətin ədalət mühakiməsinə zidd olması məhkəmənin özünün subyektiv fikri olub, hansı maddi yaxud prosessual hüquq normasından irəli gəlməsi məlum deyil. Halbuki Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Ərizəçi maraqlı şəxsin ölkədən çıxmaq hüququnu müvəqqəti olaraq məhdudlaşdırmaqla vergi borcunun ödənilməsini təmin etmək məqsədi güdür, iddianın rədd olunması ilə maraqlı şəxs tərəfindən vergi borcu qaytarılması gecikir yaxud ümumiyyətlə qaytarılmır ki, bu halda məqsəduyğun deyil. Belə ki, siyahıya alınmış əmlakın satılması ölkədən çıxma hüququnun müvəqqəti məhdudlaşdırılması vergi borcunun ödənilməsi üçün təsir tədbirləridir. Bu tədbirlər vergi ödəyicisinin vergi borcunun miqdarından, vergi ödəyicisinin vergi borcunu ödəməsinə yönəlmiş aktiv hərəkətlər edibetməməsindən asılı olaraq həm ayrılıqda, həm də eyni zamanda da tətbiq oluna bilər. Məhkəmənin qətnamədə qeyd etdiyi kimi mütənasiblik prinsipinin pozulması kimi qəbul oluna bilməz.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Ərizəçinin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
14. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirakı etməmişdir.
15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddə - vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. 77.3-cü maddə - vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddə - vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5743/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12962/2023 nömrəli qərarı ilə vergi orqanının iddiası əsasında maraqlı şəxsin dövlət büdcəsinə olan 4986,06 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6000 manat məbləğində əmlakı siyahıya alınmış, siyahıya alınmış əmlakın müvafiq qaydada satılması qərara alınmışdır.
19. Eyni zamanda müəyyən edilmişdir ki, maraqlı şəxsin borcları artdığı halda onun əmlakının yeni yaranmış borclara görə də siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbir görülməsi təmin edilməmişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı halda fiziki şəxsin dövlət büdcəsinə olan borclarının alınmasının təmin edilməsi üçün onun əmlakının siyahıya alınaraq satılması mümkün olduğu və borcun 4986,06 manat hissəsi ilə bağlı siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan şəxsin əsas konstitusion hüquqlarından biri olan sərbəst hərəkət azadlığının məhdudlaşdırılması üçün əsaslı zərurət yoxdur və ərizənin təmin edilməsi legitim məqsəd güdmür. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedent hüququna əsasən əsas insan hüquqularına müdaxilənin qanuni əsası olsa belə bu müdaxilənin demokratik cəmiyyətdə zəruri olub-olmadığı məhkəmələr tərəfindən yoxlanılmalıdır.
21. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmiş, qətnamə kifayət qədər əsaslndırılmışdır.
22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 5743/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5743/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.