Məhkəmə qərarları › İş №2-2(103)-291/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-291/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-291/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh “Cavabdeh”-yə qarşı “borcun ödənilməsi tələbinə dair” iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-4051/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC cavabdeh “Cavabdeh”-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 38400 ABŞ dolları əsas, 1920 ABŞ dolları faiz borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-4051/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini və mübahisəyə baxılması üçün müvafiq prosessual hərəkətləri yerinə yetirməyi məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına, eləcə də iddia ərizəsinin (ona əlavə edilən sənədlərlə birgə) və pretenziyanın cavabdehə göndərilməsini və həmin sənədlərin cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən sənədi (məlumatı) iddia ərizəsinə əlavə etmişdir. iddiaçı cavabdehlə aralarında olan kommersiya münasibətlərinin qurulmasında, mübahisə yarandıqdan sonra mübahisənin məhkəməyə qədər nizama salınmasında, eləcə də pretenziyanın və iddia ərizəsinin (əlavə sənədlərlə birgə) cavabdehə göndərilməsində elektron poçt vasitəsindən istifadə etmişdir. Belə ki, yazışmalar, pretenziya və iddia ərizəsi iddiaçının elektron poçtu (email) vasiətəsi ilə cavabdehin elektron poçt (email) ünvanına göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, MPM-in 135.8, 376.2 və 397.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb və prosessual qanunvericiliyin tələblərini nəzərə alıb belə hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş iddia ərizəsinin mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, məhkəmə öz qərardadında MPM-in 150.0.4 və 152.1.4-cü maddələrinə istinadən, cavabdeh tərəfindən iddia ərizəsinin alınmasına dair sənədin iddia ərizəsinə əlavə edilməməsi əsası ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gəlmişdir. Lakin məhkəmə bu nəticəyə gəlməzdən əvvəl iddianın yolverilməzliyi hallarının olub-olmaması yoxlanılmamışdır. Belə ki, tərəflərin subyektiv tərkibindən görünür ki, tərəflərdən biri olan cavabdeh xarici hüquqi şəxsdir. MPM-in 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0-cı maddəsində Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan hansı işlərə baxmağa haqlı olması halları sadalanmışdır. Məhkəmə tərəfindən isə prosessual qanununvericiliyin qeyd olunan tələbləri qaydasında araşdırma aparılmamış, xarici hüquqi şəxs olan cavabdehin Azərbaycan Respublikaında filialı və ya nümayəndəliyi olub-olmaması, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin icrasının Azərbaycan Respublikasının ərazisində nəzərdə tutulubtutulmaması və sair əsasların mövcud olub-olmaması yoxlanılmamışdır. Halbuki, məhkəmə ilk öncə həmin hallara qiymət verildikdən sonra yalnız iddia ərizəsinin geri qaytarılması əsaslarının olub-olmamasına qiymət verməli idi. Məhkəmə iddia ərizəsinin yolverilməzliyi əsasları mövud olmadığı təqdirdə isə, iddiaçının istinad etdiyi – pretenziyanı göndərdiyi elektron poçtun (e-mail), məhz, cavabdehin rəsmi elektron poçtu olub-olmaması və tərəflər arasında yazışmanın bu qaydada həyata keçirilməsinə dair müvafiq razılaşma olub-olmadığı aydınlaşdırıldıqdan sonra yalnız iddia ərizəsinin icraata qəbul edilməsi mümkünlüyünə qiymət verə bilərdi. Qeyd olunmalıdır ki, MPM-in 152.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının şikayətinin Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 4051/2020 saylı qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti qismən təmin edilməli, qərardad ləğv olunmalı və iş iddiaçının iddia ərizəsinin mümkünlük məsələsinə yenidən qiymət verilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 402, 399, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-4051/2020 saylı qərardadı ləğv edilsin. İş materialları iddiaçının iddia ərizəsinin mümkünlük məsələsinə yenidən qiymət verilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar