Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-292/2022 11.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı-nin vəkili Vəkil, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə cavabdehlər Cavabdeh2 MMC (bundan sonra - 1-ci cavabdeh) və "xxxx" MMC-yə (bundan sonra - 2-ci cavabdeh) qarşı kredit borcunun ödənilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, 1-ci cavabdehdən 04.02.2011-ci il tarixli 03-720-1 nömrəli kredit xətti müqaviləsi üzrə 1.702.000 manat faiz borcu, 1.968.000 manat cərimə borcu, ümumilikdə 3.670.000 manat məbləğdə kredit borcunun, 24.12.2014-cü il tarixli 120-720-14 nömrəli kredit xətti müqaviləsi üzrə 650.729,72 manat məbləğdə faiz borcu, 704.648,25 manat cərimə borcu, ümumilikdə 1.355.377,97 manat məbləğdə kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub iddiaçının xeyrinə ödənilməsi, 24.12.2014cü il tarixli 120-720-14 nömrəli kredit xətti müqaviləsi üzrə ödəmənin 04.02.2011-ci il tarixli 03-720-11 nömrəli kredit xətti müqaviləsinin təminatı qismində 2-ci cavabdehə DƏDRX-in 16.12.2014-cü il tarixli RX ******* nömrəli çıxarışına əsasən tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Quba şəhəri ünvanda 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, 14.05.2014-cü il tarixli 054-360-14 nömrəli kredit müqaviləsi üzrə 1.648.501,43 manat məbləğdə faiz borcu, 1.906.222,19 manat cərimə borcu, ümumilikdə 3.554.723,62 manat məbləğdə kredit borcunun, 30.12.2013-cü il tarixli 175-360-13 nömrəli kredit xətti müqaviləsi üzrə 425.500 manat məbləğdə faiz borcu, 492.000 manat cərimə borcu, ümumilikdə 917.500 manat məbləğdə kredit borcunun, 27.05.2013-cü il tarixli 43-604-13 nömrəli kredit müqaviləsi üzrə 3.404.000 manat məbləğdə faiz borcu, 3.936.000 manat cərimə borcu, ümumilikdə 7.340.000 manat məbləğdə kredit borcunun, 14.05.2014-cü il tarixli 053-225-14 nömrəli kredit müqaviləsi üzrə 848.872,50 manat məbləğdə faiz borcu, 981.540 manat cərimə borcu, ümumilikdə 1.830.412,50 manat məbləğdə kredit borcunun, iddiaçı tərəfindən mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1-ci cavabdehdən 04.02.2011-ci il tarixli 03-720-1 nömrəli kredit xətti müqaviləsi üzrə 1.702.000 manat faiz borcu, 60.000 manat cərimə borcu, 24.12.2014-cü il tarixli 120-720-14 nömrəli kredit xətti müqaviləsi üzrə 650.729,72 manat məbləğdə faiz borcu, 50.000 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub İddiaçı-nin xeyrinə ödənilməsi, 24.12.2014-cü il tarixli 120-720- 14 nömrəli kredit xətti müqaviləsi üzrə ödəmənin, ilkin likvid qiyməti 100.000 manat müəyyən edilməklə 04.02.2011-ci il tarixli 03-720-11 nömrəli kredit xətti müqaviləsinin təminatı qismində 2-ci cavabdehə DƏDRX-in 16.12.2014-cü il tarixli RX ******* nömrəli çıxarışına əsasən tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Quba şəhəri ünvanda 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, 1-ci cavabdehdən 14.05.2014-cü il tarixli 054-360-14 nömrəli kredit müqaviləsi üzrə 1.648.501,43 manat məbləğdə faiz borcu, 50.000 manat cərimə borcu, 30.12.2013-cü il tarixli 175-360-13 nömrəli kredit xətti müqaviləsi üzrə 425.500 manat məbləğində faiz borcu, 50.000 manat cərimə borcu, 27.05.2013-cü il tarixli 43-604-13 nömrəli kredit müqaviləsi üzrə 3.404.000 manat məbləğində faiz borcu, 50.000 manat cərimə borcu, 14.05.2014-cü il tarixli 053-225-14 nömrəli kredit müqaviləsi üzrə 848.872,50 manat məbləğdə faiz borcu, 50.000 manat cərimə borcunun tutulub iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun 14,44 manat məbləğinin 1-ci cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, qalan 15,56 manat məbləğin iddiaçıya aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğdə ekspertiza xərclərinin 72,22 manat məbləğinin 1-ci cavabdehdən, qalan 77,78 manat məbləğinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qismən ləğv edilib, iddianın rədd olunan hissədə təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə “cərimə borcu tələbinin” azaldılması hissəsində qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsaslanaraq qeyd edir ki, tələb olunan dəbbə pulu məbləğləri yaranmış borc məbləğlərinə görə tənasübsüz surətdə yüksək məbləğlər olduğundan azaldılmalıdır. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini – “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Bununla da kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Cərimənin həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Bundan əlavə, məhkəmə cərimə borcunun həcmini əhəmiyyətli azaldarkən, Mülki Məcəllənin 465.2-ci maddəsini nəzərə almamışdır. Maddəyə əsasən, “Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər”. Bu şərt isə cavabdehlə bağlanmış kredit müqavilələrində öz əksini tapmışdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Qeyd etmək vacibdir ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq kredit təşkilatı kredit üzrə hesablanan faizləri (gəliri) alıb-almamasından asılı olmayaraq bu faizlərə görə gəlir vergisi və ƏDV, əmanətçilərə isə faiz ödəyir. Borclu, faizləri və digər borc öhdəliklərini ona verilmiş cədvəl üzrə vaxtında ödəmədikdə, kreditor ziyana düçar olur. Bu ziyanın qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqavilələrində dəbbə pulunun ödənilməsi sanksiyası nəzərdə tutulmuşdur. Cavabdehdən tutulmalı dəbbə pulunun həcmini formal məbləğədək azaldarkən, məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, 1-ci cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia rədd olunan hissədə qismən ləğv edilərək, iddianın həmin hissədə də təmin olunması xahiş edildiyi, 1-ci cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarıldığı, 2-ci cavabdeh isə iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi), həmçinin qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğundan onun mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə yalnız iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Bu kontekstdə işdən müəyyən edilir ki, iddiaçı tərəfindən 1-ci cavabdehə: 04.02.2011-ci il tarixli 03-720-11 nömrəli kredit xətti müqaviləsinə əsasən Bakı şəhərində inşa edilən 17 mərtəbəli işgüzar mərkəzin tikintisi üçün 24 ay müddətinə illik 12 faiz hesablanmaqla kredit xətti açılaraq, 10.000.000 manat məbləğdə kredit verilmişdir; 27.05.2013-cü il tarixli 43-604-13 nömrəli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitlərinin artırılması üçün 604 gün müddətinə illik 22 faiz hesablanmaqla, 4.000.000 manat məbləğdə kredit verilmişdir. Həmin Müqaviləyə 09.07.2013-cü il tarixli 1 nömrəli Əlavə ilə kredit vəsaitinin miqdarı 1.000.000 manat, 01.11.2013-cü il tarixli 2 nömrəli Əlavə ilə 3.000.000 manat artırılaraq, 8.000.000 manat həcmində müəyyən edilmiş, 07.02.2014cü il tarixli 3 nömrəli Əlavə ilə kredit üzrə faiz dərəcəsi Razılaşma imzalandığı tarixdən 22%-dən 18% dərəcəsinə endirilmişdir; 30.12.2013-cü il tarixli 175-360-13 nömrəli kredit xətti müqaviləsinə əsasən dövriyyə vəsaitlərinin artırılması üçün 12 ay müddətə illik 18 faiz hesablanmaqla kredit xətti açılaraq, 500.000 manat məbləğdə kredit verilmiş, 07.02.2014-cü il tarixli 1 nömrəli Əlavə ilə kredit vəsaitinin miqdarı 500.000 manat artırılaraq, 1.000.000 manat həcmində müəyyən edilmişdir; 14.05.2014-cü il tarixli 054-360-14 nömrəli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitlərinin artırılması üçün 12 ay müddətə illik 18 faiz hesablanmaqla 1.000.000 manat məbləğdə kredit verilmiş, 02.10.2014-cü il tarixli 1 nömrəli Əlavə ilə kredit vəsaitinin miqdarı 2.000.000 manat, 01.12.2014-cü il tarixli 2 nömrəli Əlavə ilə 1.000.000 manat artırılaraq, 4.000.000 manat həcmində müəyyən edilmişdir; 14.05.2014-cü il tarixli 053-225-14 nömrəli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitlərinin artırılması üçün 225 gün müddətə illik 7 faiz hesablanmaqla, 5.130.000 manat məbləğdə kredit verilmişdir; 24.12.2014-cü il tarixli 120-720-14 nömrəli kredit xətti müqaviləsinə əsasən dövriyyə vəsaitlərinin artırılması üçün 24 ay müddətə illik 18 faiz hesablanmaqla kredit xətti açılaraq, 1.500.000 manat məbləğdə kredit verilmişdir. Tərəflər arasında bağlanmış 24.12.2014-cü il tarixli 058-720-14 nömrəli İpoteka müqaviləsinə əsasən 24.12.2014-cü il tarixli 120-720-14 nömrəli kredit xətti müqaviləsinin təminatı qismində, 2-ci cavabdehə DƏDRX-in 16.12.2014-cü il tarixli RX ******* nömrəli çıxarışına əsasən tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ipoteka müqaviləsi bağlanarkən 100.000 manat dəyərində qiymətləndirilmiş Quba şəhərində yerləşən 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi banka ipotekaya qoyulmuş və ipoteka yüklülüyü iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 13.01.2015-ci il tarixli RX ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. 1-ci cavabdehin iddiaçıya olan borcu 04.02.2011-ci il tarixli 03720-11 nömrəli kredit xətti müqaviləsi üzrə 1.702.000 manat faiz borcu, 1.968.000 manat cərimə borcu, ümumilikdə 3.670.000 manat məbləğdə kredit borcu, 27.05.2013-cü il tarixli 43-604-13 nömrəli kredit müqaviləsi üzrə 3.404.000 manat məbləğdə faiz borcu, 3.936.000 manat cərimə borcu, ümumilikdə 7.340.000 manat məbləğdə kredit borcu, 30.12.2013-cü il tarixli 175-360-13 nömrəli kredit xətti müqaviləsi üzrə 425.500 manat məbləğdə faiz borcu, 492.000 manat cərimə borcu, ümumilikdə 917.500 manat məbləğdə kredit borcu, 14.05.2014-cü il tarixli 054-360-14 nömrəli kredit müqaviləsi üzrə 1.648.501,43 manat məbləğdə faiz borcu, 1.906.222,19 manat cərimə borcu, ümumilikdə 3.554.723,62 manat məbləğdə kredit borcu, 14.05.2014-cü il tarixli 053-225-14 nömrəli kredit müqaviləsi üzrə 848.872,50 manat məbləğdə faiz borcu, 981.540 manat cərimə borcu, ümumilikdə 1.830.412,50 manat məbləğə kredit borcu, 24.12.2014-cü il tarixli 120-72014 nömrəli kredit xətti müqaviləsi üzrə 650.729,72 manat məbləğdə faiz borcu, 704.648,25 manat cərimə borcu, ümumilikdə 1.355.377,97 manat məbləğdə kredit borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18.03.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “... 2000-ci ilədək qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 14-cü maddəsi müəyyən etmişdi ki, məhkəmə təqdim olunmuş materiallarla və izahatlarla kifayətlənməyərək, işin həqiqi hallarını, tərəflərin hüquq və vəzifələrini hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Həmçinin həmin Məcəllənin 49-cu maddəsinin ikinci hissəsində təsbit olunmuşdur ki, təqdim edilmiş sübutlar kifayət olmadıqda, məhkəmə tərəflərə və işdə iştirak edən digər şəxslərə əlavə sübutlar təqdim etməyi təklif edir və ya sübutları öz təşəbbüsü ilə toplayır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. ... Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. ... Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. … Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır və onun dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası əvvəlcə qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan kommersiya mübahisələrində tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəmənin yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli olduğunu təsbit edərkən, məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Bu baxımdan, kredit müqavilələrinə əsasən alınan pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdehin müqavilə üzrə iddiaçıya olan bütün borclarını, o cümlədən dəbbə pulu borclarını ödəməli olması mübahisəsiz olsa da, iddiaçı bu hissədə öz tələbinin əsası kimi istinad etdiyi hallara dair Məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Halbuki, belə əhəmiyyətə malik sübutların təqdim olunması iddianın bu hissədə əsaslılığının Məhkəmədə təsdiqini tapması üçün zəruri idi. Bu məqsədlə də, iddiaçı 04.02.2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə 1.968.000 manat, 27.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə 3.936.000 manat, 30.12.2013-cü il tarixli 175-360-13 nömrəli kredit xətti müqaviləsi üzrə 492.000 manat, 14.05.2014-cü il tarixli 054-360-14 nömrəli kredit müqaviləsi üzrə 1.906.222,19 manat, 14.05.2014-cü il tarixli 053-225-14 nömrəli kredit müqaviləsi üzrə 981.540 manat və 24.12.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 704.648,25 manat məbləğdə cərimə borclarının hansı müddətlərdə baş verən gecikmələrə görə neçə faizdən necə hesablanmasına, xüsusən də əsas borc tələb olunmayan həmin kredit müqavilələri üzrə dəbbə pulunun məbləğini hansı qaydada formalaşdırdığına dair açıqlayıcı maliyyə arayışını təqdim etməli olduğu halda, bunu etməmiş, bununla da üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmiş olmuşdur. Belə bir arayışın verilməsinin zəruriliyi məhkəmə kollegiyasının 11.03.2022-ci il tarixli məktubu ilə də iddiaçının nəzərinə çatdırılsa da, yenə də təqdim olunmamışdır. İşdə bu məzmunda arayış mövcud deyil. İşin 3-cü cildinin 93-98-ci vərəqlərində olan 17.06.2021-ci il tarixli maliyyə arayışlarında isə, qeyd olunan məlumatlar da tam əks etdirilməməklə yanaşı, iddia ilə tələb olunan cərimə məbləğləri Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əsaslandırılmış və həmin normada nəzərdə tutulan 5 faizlə hesablanmışdır. İddia ərizəsi, apellyasiya şikayəti və sözügedən maliyyə arayışları arasında meydana çıxan bu ziddiyyətin dəqiqləşdirilməsi məhkəmə kollegiyasının iclasında iddiaçının vəkilindən soruşulmuş, sonuncu cavabında bildirmişdir ki, iddia ilə tələb olunan və apellyasiya şikayəti ilə azaldılmasından şikayət edilən cərimə məbləğləri cavabdehin gecikdirmə nəticəsində vurduğu zərərin əvəzi yox, məhz müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icrasının gecikdirdiyi üçün cavabdehin ödəməli olduğu pul məbləği, yəni dəbbə puludur. Bu mənada, iddiaçı apellyasiya şikayətində dəbbə pulunun azaldılması ilə razılaşmasa da, iddia ilə tələb etdiyi məbləğlərin əslində hansı həddədək yaxud nə miqdarda azaldılmalı olduğuna dair də konkret hər hansı dəlilə istinad etməmiş, heç bir hesablama, dəqiqləşdirmə və əsaslandırma aparmamışdır. MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı-nin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC kassasiya şikayəti verə bilməz. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-292/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-292/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver