Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-294/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2306/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 09.03.2018-ci il tarixli 0034 nömrəli “Turizm sahəsində korporativ xidmətə və kompleks xidmətlər göstərilməsinə dair” müqavilə əsasında onun tərəfindən həyata keçirilmiş turizm sahəsində korporativ xidmətə və kompleks xidmətlərinə görə 19.299 manat məbləğdə əsas borc və 23.544,78 manat məbləğdə cərimə borcu olmaqla, ümumilikdə 42.843,78 manat məbləğdə borcun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.11.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 8.047 manat əsas borcun, 500 manat cərimə olmaqla, cəmi 8.547 manat məbləğdə pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, iddianın rədd edilən hissədə ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iddiaçı şirkətin əməkdaşı tərəfindən ödənilməli olan borcun məbəği aralarında aparılmış e-mail yazışmalarında qeyd edilmişdir. Belə ki, iddiaçı şirkətin əməkdaşı tərəfindən cavabdeh şirkətin elektron poçt ünvanına göndərilmiş “Səbinə, hər vaxtınız xeyir! Yulya xahiş etdi bu invoysları sənə göndərim. Bizdə ümumi 36.299 azn məbləğdə cəmi 3 invoys var idi, bir dəfə 6.000, ikinci dəfə 12.000 azn ödəmisiniz. Sizin bizə 18.299,00 azn borcunuz qalıb. Ödənişi gözləyirik. Əvvəlcədən təşəkkür edirik” məktubuna cavabdeh şirkətin əməkdaşı “Lera, salam. Mən Yulya ilə danışdım, hazırda bizdə struktur dəyişikliklər gedir, direktor işdən çıxıb, yenisi də hələ təyin olunmayıb, olan kimi ödəyəcəyik” deyə cavab yazmışdır. Bu da öz növbəsində iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyərinə dair 3 ədəd hesabfakturadan cavabdeh şirkətin məlumatlı olduğunun göstəricisidir. Eyni zamanda, həmin məktubda xidmətlərin dəyərinin ödəniləcəyinə dair cavabdehin etirafı aşkardır. Nəzərə alınmalıdır ki, tərəflər arasında müqavilə bağlandığı vaxtdan müqavilə münasibətlərindən irəli gələn bütün hərəkətlərə - aviabiletlərin alınmasına, mehmanxanaların bronlaşdırılmasına və s. dair məlumatlar cavabdehə elektron poçt üzərindən məktub göndərilərək həyata keçirilmişdir. Məhkəmə isə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilməsi sahəsində geniş tətbiq edilmiş elektron qaydada yazışmaların aparılmasını tərəflər arasında təşəkkül tapmış işgüzar adət kimi qiymətləndirməmişdir. Məhkəmə hazırda şikayət verilən qətnaməsində iş üzrə şahid kimi dindirilmiş cavabdeh şirkətin direktoru olmuş və hazırda təsisçilərindən olan X2 verdiyi “...Aviabilet alınmış şəxslər Cavabdeh MMC-nin işçiləri və qonaqlar olmuşlar. Biletlər e-mail vasitəsilə sifariş edilirdi. Səbinə Baxşəliyeva və Diana Bağırova Cavabdeh MMC-nin rəsmi işçiləri olmuşlar. Bilet sifarişlərini e-mail vasitəsilə Səbinə Baxşəliyeva və Diana Bağırova verirdi. Əgər şirkətin işçiləri özləri üçün aviabilet sifariş verirdilərsə, həmin biletin məbləği onların əmək haqqından tutulurdu” ifadəsində bildirdiklərinə qətnamədə ümumiyyətlə münasibət bildirməmişdir. Cavabdeh tərəfindən məhkəməyə yalan məlumat verilərək bildirilmişdir ki, guya iddiaçı şirkətin elektron poçt ünvanına cavabdeh şirkətin elektron poçt ünvanından məktub göndərən şəxslər cavabdeh şirkətin əməkdaşları olmamışdır, lakin məhkəmə gedişində bu hal sübut olunmamışdır. Bu hal elə şahid ifadəsi ilə də təkzib olunur. Məhkəmənin əsas borc məbləğinə dair araşdırması maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunduğundan, elə əsas borc məbləğinə mütənasib müqavilə ilə müəyyən edilmiş qaydada cavabdehdən tutulmalı olan dəbbə pulunun (cərimə) da miqdarı azaldılmışdır. Məhkəmənin Mülki Məcəllənin 467-ci maddəsinə istnad edərək “məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər” təşəbbüsündən istifadə etsə də, dəbbə pulunun miqdarını azaldarkən işin hansı hallarını nəzərə almasını əsaslandırmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia rədd olunan hissədə qismən ləğv edilərək, iddianın həmin hissədə də təmin olunması xahiş edildiyi, cavabdeh iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi), həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissəyə, tərəflər arasında mübahisəsiz olduğundan, toxunulmamalı, qətnamə yalnız iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Belə bir yoxlamadan hərəkətlə, işdən müəyyən edilir ki, tərəflər arasında 09.03.2018-ci il tarixli 0034 nömrəli Turzim sahəsində korporativ xidmətə və kompleks xidmətlər göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən, icraçı (iddiaçı) sifarişçinin (cavabdehin), habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatların əməkdaşlarının işgüzar səfirliyinin təmin edilməsi üzrə kompleks xidmətlər - sifarişçiyə daxili və beynəlxalq daşımalara dair təyyarə və dəmiryol biletlərinin bronlaşdırılması, satışı və çatdırılması, mehmanxanaların bronlaşdırılması, tranzit məntəqələrində transferin təşkil edilməsi, xaricə gedənlər üçün tibbi sığortaların rəsmiləşdirilməsi, tərəflər arasında yazılı şəkildə razılaşdırılmalı olan digər xidmətləri göstərir. Sifarişçi qəbul etdiyi sifarişləri öz vaxtında rəsmiləşdirməyi və icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür; 2.2-ci bəndinə görə, sifarişçi icraçı tərəfindən hesab-faktura təqdim olunduğu andan etibarən 15 bank günü ərzində sifariş edilmiş xidmətlərin haqqını nağdsız qaydada ödəməyi, daşıma və ya digər sənədlərin rəsmiləşdirilməsi üçün kifayət edən müddətlərdə tələbnamələri icraçıya yazılı, ya da elektron, yaxud faks şəklində təqdim etməyi öhdəsinə götürür; 4.5-ci bəndə əsasən, icraçı faktiki həyata keçirilmiş və istifadə olunmuş xidmətlərlə əlaqədər olaraq sifarişçi ilə hesablaşmalar apara bilər və bu hallarda icraçı hər ayin 15-i və 30-u tarixlərində sifarişçi ilə hesablaşmaların tutuşdurulması aktını tərtib edir, göstərilən xidmətlərin ödənişinə dair hesab-faktura verir və həmin sənədləri sifarişçiyə təqdim edir. Sifarişçi isə bir iş günü ərzində aktı imzalayır və hesab-faktura üzrə məbləği ödəyir. İddiaçı tərəfindən tərtib edilərək cavabdehə ünvanlanmış 25.04.2018-ci il 528 nömrəli, 05.06.2018-ci il tarixli 535 nömrəli və 13.08.2018-ci il tarixli 550 nömrəli hesab fakturalara (invoice) görə, cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ müvafiq olaraq 13.047 manat, 13.917 manat və 9.335 manat olmaqla, ümumilikdə 36.299 manat təşkil edir. Həmin borcdan 17.000 manatı (5.000+12.000) ödənildiyindən iddiaçı yerdə qalan 19.299 manatı tələb edir. Birinci instansiya məhkəməsi sözügedən hesab fakturalardan 528 nömrəli fakturanı mötəbər hesab etmişdir. Belə ki, “25.04.2018-ci il tarixli, 528 nömrəli hesab faktura (invoice) üzrə 5000 manat ödəniş edilmişdir. Bu hal məhkəməyə təqdim olunan 23.05.2018-ci il tarixli, 113İPXO181430234 nömrəli ödəniş tapşırığı ilə təsdiq olunur. Belə ki, həmin sənəddən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ17RBTA******************** nömrəli hesabına 5000 (beş min) manat məbləğində ödəniş edilmiş, ödənişin təyinatı hissəsində isə 25.04.2018-ci il tarixli, 528 nömrəli İnvoice üzrə hissəvi ödəniş qeyd olunmuşdur. 25.04.2018-ci il tarixli, 528 nömrəli, tərəflərin təsdiq etdiyi başqa bir faktura məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə həmin hesab fakturanı (invoyce) sübut qismində qəbul edir və hesab edir ki, həmin faktura üzrə ödənilməmiş qalan 8047 manat (13047-5000=8047) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.” Məhkəmə digər iki hesab fakturanı isə ona görə mötəbər hesab etməmişdir ki, həmin hesab fakturalar birtərəfli qaydada tərtib olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, 2016-02.10.2018-ci illərdə cavabdehin direktoru olmuş X3 ifadəsində göstərmişdir ki: “Məndə də e-maillər var, onları təqdim edə bilərəm” “S.Baxşəliyeva marketinq meneceri işləyib”, “Öhdəlik "xxxx" MMC-nin üzərindədir, ödəməliyik”, “İnvoysda hər şey düzgündür”, “Bəzi məbləğləri mən ödəmişəm”, “Bu sifarişlər olunub. "xxxx" şirkətindən tələb edin bunları” (iddiaçının vəkili və nümayəndəsinə müraciətlə); “Hansısa işçinin özü üçün nə isə alınıbsa, onun maaşından tutulub, o tutulan məbləğdən getməlidir ora. İndi ödəyin onları. Maliyyə departamentinin müdirini çağırın bura” (cavabdehin nümayəndəsinə müraciətlə); “Xarici şəxslər bizim işçilərimiz idi”, “Orada bir hissə ödənilmişdi, bir hissə qalmışdı, 15 mindən az olmamalıdır, 12-20 min arası olmalıdır” (hakimə müraciətlə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, xidmət müqaviləsinə əsasən həyata keçirilən xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyini pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Belə ki, işdən məlum olduğu kimi, tərəflər arasında olan işgüzar münasibətlər həm də elektron məktublar (e-mail yazışmaları) vasitəsilə həyata keçirilmişdir. Həmin yazışmalardan birində, cavabdehin satış meneceri Səbinə Baxşəliyeva (maildə X1 Manager yazılmışdır) ona məxsus mailto:sabina.bakhshalieva@softline.comElektron ünvan 1 ünvanından mailto:lera@sutravel.azElektron ünvan 2 ünvanına 03.10.2018-ci il tarixdə saat 13:02-də yazdığı elektron məktubda (“Səbinə, hər vaxtın xeyir! Yulya xahiş etdi ki, bu invoysları sənə göndərim. Bizdə ümumi 36.299 manat məbləğdə cəmi 3 invoys var idi, bir dəfə 6.000, ikinci dəfə 12.000 manat ödəmişsiniz. Sizin bizə 18.299 manat borcunuz qalıb. Ödənişi gözləyirik. Əvvəlcədən təşəkkürlər” məzmunda, 03.10.2018-ci il tarixdə saat 12:12-də iddiaçı tərəfdən ona ünvanlanan elektron məktuba cavab olaraq) bildirmişdir ki, “Lera, salam. Sağ ol, Mən Yulya ilə danışdım, hazırda bizdə struktur dəyişiklikləri gedir, direktor işdən çıxıb, yenisi də hələ təyin olunmayıb. Olan kimi ödəyəcəyik.” S.Baxşəliyevanın cavabdehin satış meneceri vəzifəsində işləməsi qeyd olunan elektron məktubda əks olunmuşdur, fakt cavabdehin direktoru vəzifəsində işləmiş, iş üzrə şahid qismində ifadə verən A.Salahov tərəfindən də təsdiq olunmuşdur. Bu baxımdan, S.Baxşəliyevanın 03.10.2018-ci il tarixli elektron məktubu borcun 18.299 manat məbləğdə qəbuluna dair mötəbər yazılı sübut kimi qiymətləndirilməlidir. Ödənilməmiş qalan borc məbləğinin elektron məktubda 18.299 manat məbləğdə göstərilməsini məhkəmə kollegiyası texniki məsələ kimi görür. Çünki, iş materiallarına əsasən cavabdeh ümumi 36.299 manat borc məbləğindən cəmi 5.000 və 12.000 manat, yəni 17.000 manat ödəmişdir, cavabdeh də əlavə 1.000 manat ödəniş etdiyini irəli sürmür və bu barədə heç bir mötəbər sənəd təqdim etmir. Cavabdehin iddiaçıya borcunun 19.299 manat təşkil etməsi iddiaçı tərəfindən tərtib edilərək cavabdehə ünvanlanmış 25.04.2018-ci il 528 nömrəli (məbləği 13.047 manat), 05.06.2018-ci il tarixli 535 nömrəli (məbləği 13.917 manat) və 13.08.2018-ci il tarixli 550 nömrəli invoyslarla (hesab faktura, invoice), həmin invoysların mötəbərliyini və borcun mövcudluğunu təsdiq edən şahid A.Salahovun ifadəsi ilə, həmçinin, 25.04.2018-ci il 528 nömrəli invoysa əsasən ondan 8.047 manatın tutulması qət edilən qətnamədən apellyasiya şikayəti verməməklə, sözügedən invoysla, o cümlədən həmin invoysda qeyd edilən 1%-lik əlavə ilə cavabdehin razılaşması ilə təsdiq olunur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği 19.299 manatdan yalnız 8.047 manatı tutmaqla, səhvə yol vermişdir, qalan 11.252 manat borc məbləği də cavabdehdən iddiaçının xeyrinə tutulmalı idi. Apellyasiya şikayətinin iddiaçının məhkəmənin dəbbə pulunun miqdarını azaldarkən işin hansı hallarını nəzərə almasını əsaslandırmaması barədə dəlilini isə məhkəmə kollegiyası əsaslı saymır. Belə ki, iddiaçı şikayətində dəbbə pulunun azaldılması ilə razılaşmasa da, iddia ilə tələb etdiyi məbləğlərin əslində hansı həddədək yaxud nə miqdarda azaldılmalı olduğuna dair də konkret hər hansı dəlilə istinad etməmiş, heç bir hesablama, dəqiqləşdirmə və əsaslandırma aparmamışdır. Dəbbə pulu məbləği isə məhkəmə tərəfindən Mülki Məcəllənin müddəalarına istinadən azaldılaraq, əsas borc məbləğinə münasibətdə ağlabatan və ədalətli miqdarda müəyyən edilmişdir. MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: Maddə 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyi qətnaməsi yoxlanılan (iddia rədd olunan) hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehdən iddiaçının xeyrinə müzakirə edilən qaydada əlavə məbləğdə əsas borc tutulmalı, qətnamə iddianın rədd olunduğu qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2306/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, eyni hissədə iddia qismən təmin edilsin və Cavabdeh MMC-dən 11.252 (on bir min iki yüz əlli iki) manat məbləğdə əsas borc tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə iddianın rədd olunduğu qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-294/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-294/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver