Məhkəmə qərarları › İş №2-2(103)-294/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-294/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-294/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdehin direktoru Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4907/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6.989,80 manat məbləğində əsas borc, 1.397,96 manat məbləğində dəbbə pulu, 104 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4907/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 6.989 (altı min doqquz yüz səksən doqquz) manat, 80 (səksən) qəpik, cərimə borcu üzrə 350 (üç yüz əlli) manat olmaqla, cəmi 7.339 (yeddi min üç yüz otuz doqquz) manat, 80 (səksən) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4907/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş 4460/23 №-li, xx.xx.2023-cü tarixli alq-satqı müqaviləsi əlavə edilmişdir. Həmin müqaviləyə diqqət yetirildikdə onun ümumi müqavilə olması, orada heç bir mal-materialın adının olmamasını görə bilirik. Yəni, qeyd olunan müqavilənin iddiaçının tələb ilə heç bir əlaqəsi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktından görünən odur ki, malların təhvil alınması Abdullayev R. şəxsi tərəfindən həyata keçirilmişdir. Cavabdeh MMC-də isə bu adlı şəxs nə işləmir, nə də MCC tərəfindən həmin şəxsə hər-hansı bir etibarnamə və digər sənəd verilmişdir. Yəni, xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktın nə 4460/23 №-li, xx.xx.2023-cü tarixli alq-satqı müqaviləsi, nə də Cavabdeh MMC ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq Cavabdeh MMC-nin üzərinə ona aid olmayan öhdəliyi qoymuş, nəticədə onu çətin vəziyyətə salmışdır. İstinad olunan maddədən də göründüyü kimi öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi 4460/23№-li, xx.xx.2023-cü tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktı arasında heç bir əlaqə yoxdur, xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktında göstərilən mallar Cavabdeh MMC tərəfindən təhvil alınmamışdır. Bu səbəbdən Cavabdeh MMC-nin, İddiaçıMMC qarşısında xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktında göstərilən mallar ilə əlaqədar öhdəliyi yaranmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında cavabdehin direktoru apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

7. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

11. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

12. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

15. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

16. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

18. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

24. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli №4460/23M nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

25. Alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

26. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İ007325 saylı təhvil-təslim aktından görünür ki, 5 adda məhsul iddiaçı tərəfindən təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDJ seriyalı, 512573 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 6.382,76 manat olan elektron qaimə göndərilmişdir.

27. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İ010838 saylı təhvil-təslim aktından görünür ki, 03 adda məhsul iddiaçı tərəfindən təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDL seriyalı, 419348 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 607,04 manat olan elektron qaimə göndərilmişdir.

28. Göründüyü kimi, elektron qaimələrdə göstərilmiş məbləğlərin sadə riyazi hesablama ilə cəmi 6.989,80 manat təşkil edir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

30. Məhkəmə qeyd etmişdir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

31. Həmçinin də, məhkəmə qeyd etmişdir ki, tərəflər özləri müqavilənin 5.1-ci bəndində mal mübadiləsinin məhz elektron qaimələr üzərindən həyata keçirilməsi barədə razılığa gəlmişlər.

32. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi hesab-faktura təqdim olunduqdan sonra 100% öncədən avans şəklində Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir. O cümlədən, satıcı tərəfindən təqdim edilmiş malların dəyərinin ödənilməsi üçün elektron qaimə təqdim ediləcəkdir. Qaiməni alan alıcı tərəfindən təsdiq düyməsi basılıbsa və sonradan elektron vergi sistemində ləğv edilməyibsə bu qaimə üzrə təqdim edilmiş malların alıcı tərəfindən qəbul edilməsi mənasını daşıyacaqdır.

33. Göründüyü kimi tərəflər müqavilənin qeyd edilən bəndi ilə elektron qaimənin təhvil-təslim sənədi kimi müəyyən etmişlər. Ona görə cavabdehin təhvil-təslim aktını (imzasının işçisinə məxsus olmaması barədə) mübahisələndirməsinin mübahisənin həlli baxımından heç bir hüquqi əhəmiyyəti qalmır.

34. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddiaçı tərəfindən ona malların verilməsini təsdiq edən mötəbər sübutları inkar edən sübutlar təqdim etməmişdir.

35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 6.989,80 manat təşkil edən mallar verilmişdir və cavabdehin də, verilmiş malların dəyərini ödəmək öhdəliyi yaranmışdır. Bununla bağlı dəbbə pulu tələbi də əsaslı olmuşdur.

36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

38. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4907/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar