Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-295/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-7249/2022 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 11356,22 manat vergi borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi bildirir ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2022-ci il tarixə vergilər üzrə 9.588,89 manat və faizlər üzrə 1.767,33 manat olmaqla, ümumilikdə 11.356,22 manat məbləğində vergi borcu yaranmışdır. Yaranmış borc məbləğlərinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq tarixli və nömrəli vergi borcunun ödənilməsinə dair borc bildirişi göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
3. Maraqlı şəxs ərizəyə etiraz edir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-7249/2022 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən silinmişdir. Hazırda da, ərizəçi "xxxx" MMC-nin "xxxx" QSCyə olan 192333,9 manat kreditor borcunun silinməsinə və silinmiş debitor borcun satışdankənar gəlir hesab edilməklə aparıldığına istinad edərək ərizənin təmin edilməsini xahiş edir. Ərizəçinin ərizəsində qeyd etdiyi və hazırda da, Şəki İnzibati Məhkəməsində mübahisələndirilən borc məbləği "xxxx" QSC ilə "xxxx" MMC arasında mövcud olmuş münasibətlər əsasında hesablanmış və qeyd edilən münasibətlər də, məhz 1989-2014-cü illəri əhatə etmişdir.
6. Vergilər Məcəlləsinin 85.4, 93.1.1 və 93.1.3-cü maddələrinin tələblərinə görə 5 il müddətin keçdiyini də, nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, 13 Saylı Ərazi Vergilər İdarəsi "xxxx" MMC-dən tələb edilən 11.356,22 manat məbləğində vergi borcu “ümidsiz borc” kateqoriyasına aiddir. Buna görə də, həmin borc görə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbirinin tətbiqi, o cümlədən hüquqi şəxsin rəhbərinin ölkədən çıxış hüququnun məhdudlaşdırılması yolverilməzdir.
7. Beləliklə, məhkəmə hesab etmişdir ki, ərizəçinin irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinin tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
8. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi.
12. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
14. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
16. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
17. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
18. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində də təsbit olunmuşdur ki, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
19. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməlidir.
22. Belə ki, ərizəçinin istinad etdiyi hallar iş materiallarında olan "xxxx" MMC (VÖEN **********) şəxsi hesab vərəqəsi və vergi borcunun ödənilməsinə dair xx.xx.2022ci il tarixli **********0 saylı bildirişlə təsdiq olunur.
23. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə təmin edilməlidir.
24. Birinci instansiya məhkəməsinin istinad etdiyi hallar isə ərizənin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır. Ərizəçi tərəfindən ərizəyə müvafiq qaydada təsdiqlənmiş formada şəxsi hesab vərəqəsindən çıxarış əlavə olunmuşdur ki, bu sənədlərdə vergi ödəyicisi olan "xxxx" MMC-nin dövlət büdcəsinə borcunun olması öz təsdiqini tapmışdır. Həmin borc məbləğinin hansı əsasla yaranması və onun hesablanmasının əsaslı olub-olmaması məsələsi isə hazırki işin predmeti deyildir və yalnız maraqlı şəxs tərəfindən inzibati qaydada mübahisələndirdiyi halda inzibati məhkəmə icraatının predmetini təşkil edə bilər. Birinci instansiya məhkəməsi isə öz səlahiyyətləri həddini aşaraq hazırki işə aid olmadığı halda inzibati məhkəmə icraatının predmeti olan dövlət büdcəsinə olan vergi borcunun yaranma əsaslarını araşdıraraq onun “silinməli olan” və “ümidsiz borc” kateqoriyasına aid etmiş və bu əsasla ərizəni rədd etmişdir.
25. Bundan əlavə Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuşdur ki, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
26. Göründüyü kimi vergi borcunun məbləği maraqlı şəxs tərəfindən inzibati qaydada mübahisələndirdiyi və inzibati mübahisənin nəticəsi olaraq borc əsassız hesab edildiyi təqdirdə vergi orqanı dərhal məhdudlaşdırılmanın götürülməsini təmin edəcəkdir.
27. Bundan başqa, kollegiya qeyd edir ki, hazırki ərizəyə Mülki Prosessual Məcəllənin 40-2-ci fəslinin müddəalarına uyğun olaraq xüsusi icraat qaydasında baxılır. Xüsusi icraat qaydasında baxılan işlər üzrə isə birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi iddia tələbi və onun qanuni əsası mövcud olmur.
28. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ərizə təmin edilməlidir.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 355-7.4, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-7249/2022 saylı qətnaməsi ləğv edilsin. Ərizə təmin edilsin. Maraqlı şəxs (doğulduğu tarix – xx xxxxx 1979-cu il, doğulduğu yer – Bakı şəhəri, qeydiyyat ünvanı – ünvan 2əsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə vergilər üzrə 9.588,89 manat və faizlər üzrə 1.767,33 manat olmaqla, ümumilikdə 11.356,22 manat məbləğində borcu tam ödənilənədək məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn