Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-296/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “xxxxxxxxxxxxxx” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili X4, Cavabdeh MMC-nin nümayəndəsi (qanuni təmsilçi) X5 iştirakları ilə, iddiaçı “xxxxxxxxxxxxxx” Mənzil-Tikinti Kooperativinin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (81)-960/2019 saylı qətnaməsindən (hakim Səbinə Nuriyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxx” Mənzil-Tikinti Kooperativi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 72000 manat məbləğində əsas borc, 18000 manat məbləğində faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və 01 manat bank xidmət haqqı olmaqla, cəmi 72.031 manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında xx xxxx 2013-cü il tarixdə bağlanmış N-01/10 saylı müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh “İcraçı” 1 (bir) ədəd sərnişin və 1 (bir) ədəd yük liftini gətirərək “xxxxxxxxxxxxx” MTK-nın Abşeron rayonunun Xırdalan şəhərində Qalibiyyə küçəsində, 21-ci məhəllədə inşa etdiyi 12 mərtəbəli yaşayış binasında quraşdırıb təhvil verməli idi. Müqavilənin 3-cü bəndinə əsasən hər bir liftin dəyəri 36.000 manat olmaqla, iki liftin dəyəri 72.000 manat xx xxxxxx 2013-cü il tarixdə cavabdehə tam ödənilmişdir. Ötən dövr ərzində cavabdeh tərəfindən 2015-ci ildə bir yük liftinin quraşdırılmasına başlanılmış və bu lift 2018-ci ilin axırlarında işə salınaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşının iştirakı ilə istifadəyə verilmiş, lakin bundan sonra lift dayanmışdır. Vəziyyəti aydınlaşdırmaq üçün həm Cavabdeh MMC-nə, həm də mütəxəssisə müraciət olunmuş və araşdırılarkən məlum olmuşdur ki, liftin investri köhnə olduğu üçün yanaraq sıradan çıxmışdır və bəzi avadanlıqları köhnədir. Bununla bağlı akt tərtib olunmuşdur. Dəfələrlə müraciət edilməsinə baxmayaraq liftin investri və köhnə avadanlıqlarının yenisi ilə əvəz edilməsi tələb olunmasına baxmayaraq liftin hissələri, o cümlədən investri əvəz edilməmiş, lift elə həmin vaxtdan nasaz vəziyyətdə də saxlanılmışdır. İkinci sərnişin liftinin quraşdırılması üçün rels dəmirlər və mərtəbələrdə qapılar quraşdırılmış, lakin mühərrik yenisi ilə əvəz ediləcəyi adı ilə çıxardılaraq aparılmışdır. Lakin həmin vaxtdan nə mühərrik geri gətirilmiş, nə də ki lift quraşdırılaraq istifadəyə verilməmişdir. Cavabdehə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi tələb olunmasına baxmayaraq cavabdeh bu günə kimi yük liftini işlək vəziyyətdə salmamış, sərnişin lifti isə ümumiyyətlə quraşdırılmamışdır. Bununla da cavabdehə iki liftin quraşdırılmasına görə ödənilmiş 72.000 manat pulun müqabilində cavabdeh liftləri nəinki vaxtında, ümumiyyətlə sonralar da quraşdırmamaqla ötən dövr ərzində “xxxxxxxxxxxxxx” MTK-nə külli miqdarda maddi ziyan vurmuşdur. Cavabdehin qanunsuz hərəkətləri və liftləri quraşdırmaması binada yaşayan sakinlərin də haqlı narazılığına səbəb olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (81)- 960/2019 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən 72000 manat məbləğində əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və 01 manat bank xidmət haqqı olmaqla, cəmi 72031 manat məbləğində pulun tutularaq iddiaçı “xxxxxxxxxxxxxx” MTK-nın xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (81)-960/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Cavabdeh MMC” ilə iddiaçı "xxxxxxxxxxxxxx" MTK arasında həmin MTK-nın Abşeron rayonunun Xırdalan şəhərində Qaliübiyyə küçəsində 21-ci məhəllədə inşa etdiyi 12 mərtəbəli yaşayış binasında 1 ədəd sərnişin və 1 ədəd yük liftinin quraşdırılması üçün xx xxxx 2013 -cü il tarixində 01/10 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtinə müvafiq olaraq 2015- ci ildə 1 ədəd yük liftinin və 1 ədəd sərnişin liftinin quraşdırılmasına başlanılmışdır. İddiaçının qeyd etdiyi kimi 2018-ci ildə 1 ədəd yük lifti tam quraşdırılaraq Fövqalədə Hallar Nazirliyinin Əməkdaşlarının iştirakı ilə işə salaraq təhvil verilmiş və bu haqda FHN-nin X3 əməkdaşları tərəfindən "Liftlərin istismara Qəbulu haqqında" Akt tərtib edilərək iddiaçının da imzası olmaqla üç tərəfli qaydada təsdiqlənmiş və həmin lift istismara tam yararlı halda istismara istifadəyə verilmişdir. Hər bir liftin qiyməti 36 000 manat müəyyənləşdirilmişdir. Sərnişin üçün nəzərdə tutulmuş liftlə əlaqədar bütün mexaniki işlər görülmüşdür. Lakin iddiaçı müqavilə üzrə şərtləndirilmiş məbləği tam ödəmədiyi üçün şərnişin liftinin tamamlanması başa çatdırılmamışdır. Belə ki, 2013-cü ilin iyul ayında Aslan adlı bir şəxs onun yaxın qohumunun Xırdalan şəhərində yaşayış binası tikdiyini və onlara 1 ədəd sərnişin və yük liftinin lazım olduğunu bildirmişdir. Bundan sonra "Cavabdeh MMC" və "xxxxxxxxxxxxxx" MTK arasında ümumi dəyəri 72.000 manat olmaqla 1 ədəd sərnişin və 1 ədəd yük liftinin quraşdırılması haqqında müqavilə imzalanmışdır. Bundan sonra Aslan bildirmişdir ki, lift avadanlıqlarının həmin binaya təhvil verən gün müqavilənin ümumi dəyərinin 50 faizi "Cavabdeh MMC" yə ödəniləcəkdir. Lakin avadanlıqlar təhvil verildikdən sonra "xxxxxxxxxxxxxx" MTK-nın ofisində mühasib işləyən Zakir adlı şəxs lift avadanlıqlarının dəyərini lift avadanlıqları üçün ayrılmış mənzil satışı ilə həyata keçirməyin mümkün olduğunu bildirmiş və "Cavabdeh MMC" dən bunun üçün müqavilənin ümumi dəyərinin ödənilməsi haqqında kassa mədaxil orderinin verilməli olduğunu bildirmişdır. Lift avadanlıqları üçün ayrılmış 132 kv.m sahəsi olan mənzilə müştəri tapılmış və müqavilənin ümumi dəyəri olan 72.000 manat kassa mədaxil orderi Zakirə təqdim edilmişdir. Həmin mənzilin 1 kv.m 400 manat olmaqla sənədləşdirilməsi zamanı mənzilin ümumi dəyəri olan 52800 manat pulun 12800 yüz manatını Zakir özləri üçün götürmüş qalan 40000 manat pulu isə "Cavabdeh" MMC-yə vermiş və mənzilin 1 kv.m 500 manat hesablamaqla 50000 manat olaraq hesaba yazmışdır. Həmin gün Aslan adlı şəxsi də Zakir ofisə dəvət etmiş və söhbət zamanı bəlli olmuşdur ki müqavilə bağlamazdan çox əvvəl "xxxxxxxxxxxxxx" MTK Aslan və MTK-nın təsisçilərindən birinin kürəkəni olan Nazim adlı şəxsə dəyəri 22.000 manat olan avtomobil lift avadanlıqlarının gətirilməsi üçün verilmişdir. Bunu biləndən sonra avadanlıqları geri götürmək istəmiş, lakin MTK-nın təsisçilərindən biri Mahir adlı şəxs telefonda həmin avtomobilin qiyməti olan 22000 manatı "Cavabdeh MMC"-yə ödəyəcəyini söz vermişdir. Bundan sonra lift avadnlıqlarının qurulması üçün işçilərə göstəriş verilmişdir. Avadanlıqların quraşdırılması üçün tikinti obyekti tam hazır olmadığından 2018-ci ildə 1 ədəd yük lifti tam quraşdırılmış və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən ilkin baxış aktı tərtib edilmiş və həmin aktda quraşdırılma haqqında göstərilən iradlar aradan qaldırıldıqdan sonra həmin lift istismara qəbul edilmişdır. 1 ədəd sərnişin liftinin isə mexaniki işləri tam başa çatdırılmış, lakin "Cavabdeh MMC"-yə ödənilməli olan 22.000 manat həmin dövrdə dollar kursu ilə 28061 dollar məbləğ ödənilmədiyindən sərnişin lifti tam quraşdırılmamışdır. Belə ki dolların bu günə olan məzənnəsi ilə 47704 manat məbləğ "Cavabdeh MMC-yə ödənilməmişdir. Lift avadanlıqları xarici ölkədən ABŞ dolları ilə idxal edildiyindən dolların məzənnəsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi (qanuni təmsilçi) X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxxxxx” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili X8 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyb, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (81)-960/2019 saylı qətnaməsi qismən ləğv edilməli, iddia Cavabdeh MMC-dən iddiaçı “xxxxxxxxxxxxxx” Mənzil-Tikinti Kooperativinin xeyrinə 36000 manat pulun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən əsaslıdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətləri olmuşdur. “xxxxxxxxxxxxxx” Mənzil-Tikinti Kooperativi və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, cavabdeh 1 (bir) ədəd sərnişin və 1 (bir) ədəd yük liftini gətirərək iddiaçının Abşeron rayonunun Xırdalan şəhərində inşa etdiyi 12 mərtəbəli yaşayış binasında quraşdırıb təhvil verilməsini iddiaçı isə hər bir liftin dəyəri 36.000 manat olmaqla, iki liftin dəyərini ödəməsini öhdələrinə götürmüşlər. Müqavilənin 6.1-ci bəndinə əsasən “İcraçı” Fövqəladə Hallar Nazirliyinə təhvil verdiyi lift avadanlıqlarının keyfiyyətinə dövlət standartlarına tam cavab verməsinə görə məsuliyyət daşıyır. Müqavilənin 6.2-ci bəndinə əsasən “İcraçı” müqavilə bağlandıqdan sonra 45 gündən gec olmayaraq həmin avadanlıqları “Sifarişçi” yə təhvil verir və 60 gündən gec olmayaraq quraşdırır. İşin mübahisəsiz halıdır ki, liftlərdən biri 2018-ci ildə quraşdırılaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə iddiaçıya təhvil verilmiş, ikincisi liftin isə quraşdırılması cavabdeh tərəfindən tam başa çatmamışdır. 696870 nömrəli, xx.xx.2013-cü il tarixli kassa mədaxil orderi ilə təsdiq olunur ki, iddiaçı tərəfindən lift avadanlıqları üçün 72000 manat müqaviləyə əsasən cavabdehə ödənilmişdir. Cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində 72000 manat pulun alınması barədə qarşı tərəfə kassa mədaxil orderinin formal olaraq verildiyini, əslində ona pulun tam ödənilmədiyini, 40.000 manat pul nağd ödənilsə də, qalan məbləğin əvəzinə aralarında olan razılaşmaya əsasən mənzil və ya avtomobil verilməli olduğunu, lakin verilmədiyini göstərmiş, lakin bu mülahizələri təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iki liftin quraşdırılması üçün 72000 manat pulun iddiaçı tərəfindən cavabehə ödənildiyi halda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyindən quraşdırılmamış liftin dəyəri olaraq 36.000 manatın cavabdehdən tutulması barədə birinci intansiya məhkəməsinin iş üzrə gəldiyini nəticə işin faktiki hallarına və qətnamədə istinad edilmiş MM-nin 385.1-ci, 442-ci, 448.1-ci maddəsinin tələblərinə uyğundur. Lakin məhkəmə kollegiyası 2018-ci ildə cavabdeh tərəfindən quraşdırılaraq iddiaçıya təhvil verilmiş liftin dəyərinin cavabdehdən tutulması hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. İddia ərizəsində və pretenziya məktubunda iddiaçı göstərmişdir ki, cavabdeh tərəfindən quraşdırılaraq təhvil verilmiş lift bir gündən sonra işləməmiş, bununla əlaqədar həm cavabdeh, həm də mütəxəssis dəvət edilmiş, liftin investrinin köhnə olduğu üçün yandığı, bəzi avadanlıqlarının köhnə olduğu müəyyən edilmişdir. İddiaçının nümayəndəsi İddiaçı1 işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2019-cu il tarixli məhkəmə iclasında bildirmişdir ki, sonradan həmin lift iddiaçının hesabına bərpa edilmişdir. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, podratın nəticəsinin şərtləşdirilmiş keyfiyyətə uyğun gəlmədiyi halda tərəflərin arasındakı münasibətlər mülki qanunvericiliklə tənzimlənir və nəzərdə tutulur ki, sifarişçi qüsuru özü aradan qaldırdığı halda podratçıdan müqavilə üzrə ödənilmiş bütü məbləği deyil, yalnız çəkilmiş xərcləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda cavabdeh tərəfindən quraşdırılaraq iddiaçıya təhvil verilmiş liftin sonradan işləməməsi, bəzi hissələrində və detallarında qüsurların olması, qüsurların aradan qaldırılması üçün iddiaçı tərəfindən xərc çəkilməsini təsdiq edən sübutlar iş materiallarında mövcud olmadığı və həmin liftlə bağlı iddia ərizəsinin dəlilləri təsdiq edilmədiyi halda məhkəmə iddianı hər iki liftə görə ödənilmiş məbləğin cavabdehdən tutulması barədə düzgün nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (81)-960/2019 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbi Cavabdeh MMC-dən iddiaçı “xxxxxxxxxxxxxx” Mənzil-Tikinti Kooperativinin xeyrinə 36000 manat pulun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (81)- 960/2019 saylı qətnaməsi qismən-cavabdehdən 36000 manat pulun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi Cavabdeh MMC-dən iddiaçı “xxxxxxxxxxxxxx” Mənzil-Tikinti Kooperativinin xeyrinə 36000 manat pulun tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilənqalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-296/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-296/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver