Məhkəmə qərarları › İş №2-2(103)-296/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-296/2023

23.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-296/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, X5 qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2-2(113)-7351/2022 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 7.773,68 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix -xx xxxx 1946-cı il, Doğulduğu yer - Azərbaycan, Bakı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Azərbaycan-X3 (VÖEN: **********) dövlət büdcəsinə 7773,68 manat məbləğində (o cümlədən, vergilər üzrə 6744,82 manat, faizlər üzrə 1028,86 manat) olmaqla, ümumilikdə 7773,68 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********851700 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

3. Maraqlı şəxs tərəfindən ərizə tələbinə qarşı etiraz təqdim edilməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2-2(113)-7351/2022 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.

5. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-7351/2022 nömrəli qətnaməsini ləğv edərək, "xxxx" Azərbaycan-X3 dövlət büdcəsinə olan 7.773,68 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (Doğulduğu tarix -xx xxxx 1946-cı il, Doğulduğu yer - Azərbaycan, Bakı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, Maraqlı şəxs əmək kitabçasının surətindən görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci bəndinə əsasən xx.xx.2008-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-nin Tikinti Məmulatlarının İstehsalı İdarəsinin Beton istehsalı sexinə usta vəzifəsinə təyin edilmişdir. Əvvəla, məhkəmə qeyd etməmişdir ki, Maraqlı şəxs hazırda "xxxx" ASC-nin Tikinti Məmulatlarının İstehsalı İdarəsində işləyir mi? Və ya hazırda hər hansı başqa bir yerdə işləyir mi? Bu məlumatları təsdiq edəcək əmək kitabçasının surəti iş materiallarına da əlavə edilməmişdir. Həmçinin qeyd olunan arqumenlə bağlı əks arqumentimiz ondan ibarətdir ki, vergi ödəyicisi "xxxx" Azərbaycan-X3 (VÖEN: **********) direktoru Maraqlı şəxs tərəfindən xx.xx.2009-cu il tarixdə təqdim edilmiş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” arayışına əsasən vergi ödəyicisinin fəaliyyəti xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək dayandırılmışdır. Arayış Maraqlı şəxs tərəfindən təqdim edilmişdir. Həmçinin arayışa "xxxx" Azərbaycan-X3 direktoru Maraqlı şəxs tərəfindən X1 vergi orqanlarında bütün sənədləşmə işlərinin aparılması haqqında etibarnamə əlavə edilmişdir. Etibarnamə Günay İMS” Azərbaycan-X3 rəsmi blankında Maraqlı şəxs tərəfindən imzalanmış formada təqdim edilmişdir. "xxxx" Azərbaycan-X3 (VÖEN: **********) fəaliyyətinin xx.xx.2022-ci ilə qədər dayandırılması haqqında müəssisənin direktoru Maraqlı şəxs tərəfindən xx.xx.2017-ci il tarixdə müraciət edilmişdir. Müəssisənin direktoru Maraqlı şəxs tərəfindən xx.xx.2018-ci il tarixində vergi ödəyicisinin dövlət büdcəsinə olan borcuna görə “Günay Bank” da olan hesabındakı məbləğdən borc məbləğinin silinməsinə dair vergi orqanı tərəfindən göndərilmiş sərəncamın geri çağırılması barədə müraciəti daxil olmuşdur. "xxxx" Azərbaycan-X3 (VÖEN: **********) fəaliyyətinin xx.xx.2027-ci ilə qədər dayandırılması haqqında müəssisənin direktoru Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Həmçinin hüquqi şəxslərin dövlət reyestrindən əldə edilmiş məlumatdan və iş materiallarına əlavə edilən yeni sənədlərdən də görünür ki, "xxxx" Azərbaycan X3 direktoru Maraqlı şəxsdur. Məhkəmə tərəfindən qərar qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi "xxxx" Azərbaycan-X3 direktoru Maraqlı şəxsdur. Lakin məhkəmə Maraqlı şəxs xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-nin Tikinti Məmulatlarının İstehsalı İdarəsinin Beton istehsalı sexinə usta vəzifəsinə təyin edilməsi səbəbindən ərizəni rədd etmişdir. İş materiallarına xx.xx.2009-cu ildən indiki günə qədər müxtəlif vaxtlara aid sənədlər əlavə edilmişdir və onlar bir daha sübut edir ki, Maraqlı şəxs qeyd olunan müəssisənin direktorudur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

9. Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

11. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

13. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

14. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

15. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır.

19. Hazırkı işin halları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Azərbaycan-X3 (VÖEN: **********) dövlət büdcəsinə 7773,68 manat məbləğində (o cümlədən, vergilər üzrə 6744,82 manat, faizlər üzrə 1028,86 manat) olmaqla, ümumilikdə 7773,68 manat borcu vardır.

20. Qeyd edilməlidir ki, müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir.

21. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

22. Hazırkı işdən müəyyən olunur ki, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci bəndinə əsasən xx.xx.2008-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-nin Tikinti Məmulatlarının İstehsalı İdarəsinin Beton istehsalı sexinə usta vəzifəsinə təyin edilmişdir.

23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Maraqlı şəxs əmək kitabçasının surətindən görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci bəndinə əsasən xx.xx.2008-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-nin Tikinti Məmulatlarının İstehsalı İdarəsinin Beton istehsalı sexinə usta vəzifəsinə təyin edilmişdir. Belə olan halda isə ərizəçi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb edilə bilməz. Belə ki, hazırda "xxxx" Azərbaycan-X2i təmsilçisi olmadığı işdəki mötəbər sübutlarla təsdiq edildiyindən, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanuni əsaslar olmadığı halda, həmin şəxsin adının yalnız dövlət reyestrində formal olaraq hüquqi şəxsin qanuni təmsilçisi olaraq qalması əsası ilə şəxsin sərbəst hərəkət azadlığının məhdudlaşdırılması “Avropa İnsan hüquqları Konvensiyası”nın və Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilmiş hüquqların pozulmasıdır.

24. Kollegiya qeyd edir ki, Maraqlı şəxs "xxxx" Azərbaycan-X2i təmsilçisi olmadığından, hazırda "xxxx" Azərbaycan-X3 dövlət büdcəsinə yaranmış borcuna görə qeyd olunan hüquqi şəxslə hər hansı hüquqi bağlılığı olmayan şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması formal olmaqla, dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etməsinə yönələn məqsədə cavab vermir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair ərizəyə baxılarkən hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsi araşdırılmalı, sadəcə borcun mövcud olması faktının bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət etmədiyi nəzərə alınmalıdır.

26. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

27. Maraqlı şəxs MMC-nin işçisi, qanuni təmsilçisi, faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından MMC-nin dövlət büdcəsinə olan borcuna görə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir.

28. Apellyasiya baxışı zamanı 04 may 2023-cü il tarixli qərardadla iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edillmiş və məhkəməyə daxil olmuş 3-16-16/2-4/1587 saylı, 13 oktyabr 2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiq olunan imzaların Maraqlı şəxs eksperimental (sərbəst imza nümunələri iş materiallarında yoxdur) imza nümunələri ilə müqayisə edildikdə təqdim edilən sənədlərin kserosurətləri keyfiyyətsiz olduğundan imzaların başlanğıc və bitmə nöqtələrinin izlənilməsi mümkün olmamışdır. Bu da müqayisəedici tədqiqat zamanı qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmağa imkan verməmişdir. Göstərilənlərə əsasən aparılmış ekspertiza nəticəsində tədqiq olunan imzaların Maraqlı şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

29. Ekspert vəsatətinə əsasən ərizəçidən dəfələrlə həmin sənədlər tələb edilsə də, həmin sənədlərin əsilləri təqdim edilməmişdir.

30. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2-2(113)-7351/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2-2(113)-7351/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar