Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-299/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-718/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş elektron qaimələrə əsasən yaranmış olan 17002,96 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(82)-718/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(103)-26/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-718/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1ndən iddiaçı İddiaçı xeyrinə 3168,9 manat pul, 07 manat dövlət rüsumu tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və Cavabdeh1 MMC həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2- 2(102)-183/2020 saylı qərarı ilə hər iki kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(103)-26/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, o, Cavabdeh1 MMC-yə ayrı-ayrı vaxtlarda müxtəlif mallar təqdim etməklə partnyorluq etmiş, lakin cavabdehin xx.xx.2018-ci il tarixli 498067 saylı qaiməyə görə 3168,9 manat, xx.xx.2018-ci il tarixli 270088 saylı saylı qaiməyə görə 4301 manat, xx.xx.2018-ci il tarixli 270082 saylı qaiməyə görə 1875,70 manat, xx.xx.2018-ci il tarixli 066623 saylı qaiməyə görə 5504,18 manat, 06.112018-ci il tarixli 396891 saylı qaiməyə görə 2153,43 manat olmaqla, ümumilikdə 17002,96 manat borcu yaranmışdır. Cavabdeh iddiaya etiraz edir bildirir ki, iddia tələbində göstərilən halların heç biri həqiqəti əks etdirmir. Belə ki, qeyd olunan mallar cavabdehə təqdim edilməmişdir. Göstərilən qaimə-fakturalar malların alıcıya verilməsi barədə məlumatları özündə əks etdirən sənədlər əsasında doldurulmadığından, onlar əsassız və etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli 498067 saylı, xx.xx.2018-ci il tarixli 270088 saylı, xx.xx.2018-ci il tarixli 270082 saylı, xx.xx.2018-ci il tarixli 066623 saylı və xx.xx.2018-ci il tarixli 396891 saylı elektron qaimələrə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 24604,51 manat dəyərində qarışıq mallar verilmişdir. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, həmin elektron qaimələr Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron sistemi tərəfindən avtomatik təsdiq edilmişdir. Göründüyü kimi cavabdeh həmin elektron qaimələrə etirazını bildirməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq şifahi alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı həmin mallara görə ödənilməyən 17002,96 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır və iddia tam əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-718/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh1 MMC-dən 17002,96 manat məbləğində pul vəsaiti və cəmi 45 manat məbləğində dövlət rüsumları tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-2(103)-299/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-299/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver