Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-30/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1040/2021 saylı 08 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ******* manat əsas borcun, 1637878,46 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 3650434,46 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş “"xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 08-LA/10 nömrəli, xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli və xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli müqavilələrə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə soyuducu kamera və damcılı suvarma sistemləri avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2020-ci il tarixə xx.xx.2010-cu il tarixli 08-LA/10 nömrəli müqavilə üzrə 568.200 manat, xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli müqavilə üzrə 828.800 manat və xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli müqavilə üzrə 615.536 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. xx.xx.2010-cu il tarixli 08-LA/10 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 568200 manat təşkil etmişdir. xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 828.800 manat və bu müqavilənin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə məbləği 1.147.911,80 manat təşkil etmişdir. xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 615.536 manat və həmin müqavilənin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə məbləği 489.966,66 manat təşkil etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, e-2-2(113)-1040/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2.012.536 manat əsas borcun və 100.000 manat cərimənin Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1040/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə ümumiyyətlə məhkəmə bildirişləri göndərilməmiş, çəkişmə prinsipi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinin tələbləri pozulmuşdur. Qətnamə qəbul edilən zaman cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmamış və əsas borc üzrə heç bir araşdırma aparılmamışdır. Halbuki, cavabdeh tərəfindən həyata keçirilən lizinq ödənişləri iddiaçının bank hesabına ödənilmişdir. Belə olan halda həmin ödənişlərə dair iddiaçının bank hesabından çıxarış əldə edilərək, iş üzrə məhkəmə mühasibatlıq ekspertiyası təyin edilməli və ümumilikdə nə qədər lizinq ödənişlərinin həyata keçirildiyi və nə qədər borcun qaldığı müəyyən edilməli idi. Lakin işə baxan birinci instansiya məhkəməsi qeyd edilənlərin heç birini etməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına əsaslanmaqla müvafiq nəticəyə gəlmişdir. Göründüyü kimi, ekspertiza keçirilməsi zərurəti yarandığı halda, məhkəmə tərəfindən buna dair prosessual hərəkətlər həyata keçirilməmişdir. Bundan başqa məhkəmə tərəfindən tutulması qərara alınan dəbbə pulunun məbləği də ədalətli hesab edilə bilməz. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Şərh edilənlərdən də göründüyü kimi işə baxan Bakı Kommersiya Məhkəməsi aşağıda göstərilən prosessual qanunvericiliyin və eləcə də qətnamənin qanuni və əsaslı olmasını nəzərdə tutan Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərini pozmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Komersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında iddaçı "xxxx" ASC prosessual hüquq varisi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2022-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsinin elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilsə də nümayəndə son məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclaslarında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-1040/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında üç lizinq müqaviləsi bağlanmışdır: xx.xx.2010-cu il tarixli 08-LA/10 nömrəli, xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli, xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli. Lizinq müqavilələrinə əsasən iddiaçı cavabdehə kamera və damcılı suvarma sistemləri avadanlıqlarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh avadanlıqların satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. 9 il müddətinə bağlanmış xx.xx.2010-cu il tarixli 08-LA/10 nömrəli lizinq müqaviləsi üzrə ilkin ödəniş 60.000 manat, 10 il müddətinə bağlanmış, xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli müqavilə üzrə 90.000 manat, 10 il müddətinə bağlanmış xx.xx.2015-ci il tarixli 02- LA/15 nömrəli müqavilə üzrə 170.000 manat nəzərdə tutulmuşdur. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafıkinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Lizinq ödənişləri cavabdeh tərəfindən ödəniş qrafiklərində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən iddiaçı xx.xx.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə həyata keçirilmiş ödənişlər və borcun məbləğini əks etdirən maliyyə arayışları və cərimənin hansı qaydada hesablanması ilə bağlı arayışlar əlavə edilmişdir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Birinci instansiya məhkəməsi qeyd edilən normaların tələblərini nəzərə alaraq, belə nəticəyə gəlmişdir ki, işdəki sübutlarla cavabdehin iddiaçı ilə bağladığı lizinq müqavilələri üzrə öhdəliklərini lazımı qaydada icra etmədiyi təsdiq edildiyindən iddia əsas borcun tutulması hissəsində tam, cərimə borcu ilə bağlı hissədə MM-nin 467-ci maddəsinin tələbinə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə çəkişmə prinsipini pozaraq cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etmək üçün zəruri tədbirlər görməmişdir. İş materiallarından görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri həmin ünvandan köçdüyünə dair poçt qeydi ilə məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabineti barədə məlumat olmadığından məhkəmə tərəfindən bildirişlərin kağız daşıyıcıda cavabdehin hüquqi ünvanına göndərilməsi çəkişmə prinsipinin pozuntusu hesab edilmir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmə cavabdehin borcunun iddiaçının tələb etdiyi məbləğdə olub-olmadığının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/700 saylı ekspert rəyinə əsasən maliyyə arayışındakı məlumatlara əsasən cavabdehin lizinq müqavilələri üzrə həyata keçirdiyi ödənişlərin cəmi 443.000 manat olduğu, xx.xx.2021-ci il tarixə xx.xx.2010-cu il tarixli 08-LA/10 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun 568.200 manat, cərimə borcunun 757.538,10 manat, xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli lizinq müqaviləsi üzrə əsas borc 1.018.400 manat, cərimə borcunun 1.400.409 manat, xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun 1.448.320 manat, cərimə borcunun 684.331,20 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ödənişlərlə bağlı qəbzlər və hesabdan çıxarış təqdim edilmədiyindən, məhkəmə sorğusu əsasında cavabdehin "xxxx" ASC tərəfindən təqdim edilmiş bank hesabından çıxarışda lizinq ödənişləri öz əksini tapmadığından ekspertiza tədqiqatı iddiaçının təqdim etdiyi maliyyə arayışları əsasında həyata keçirilmişdir. Ekspert rəyindən göründüyü kimi, cavabdehin xx.xx.2021-ci il tarixə iddiaçıya lizinq müqavilələri üzrə borcunun cəmi məbləği ******* manat təşkil etdiyi halda iddiaçı həmin borcun 2.012.536 manat hissəsinin tutulması üçün iddia qaldırmış və məhkəmə tərəfindən cavabdehdən tutulmuş borc məbləği real borc məbləğindən daha az olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, əsas borc tələbi ilə bağlı hissədə iddianın rədd edilməsi üçün əsaslar mövcud deyil. Eyni zamanda məhkəmə xx.xx.2021-ci il tarixədək lizinq ödənişlərinin ödənişinin gecikdirilməsinə görə ekspert rəyi əsasında müəyyən edilmiş cərimə borcunun 2842278,3 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən müqavilələrinin 4.2-ci bəndinə əsasən cəmi 100.000 manat cərimə tutulması ağlabatan olmaqla formalaşmış məhkəmə təcrübəsinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Məhkəmə qeyd edilən normaların tələblərinə əsasən hesab edir ki, 200 manat ekspertiza xərci cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-1040/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, 200 manat ekspertiza xərci cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-1040/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 200 manat ekspertiza xərci Cavabdeh MMC-dən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2-2(103)-30/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-30/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver