Məhkəmə qərarları › İş №2-2(103)-300/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-300/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-300/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2445/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “X1 İnvestisiya Korporasiyası” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdeh “X1 İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5245,63 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2445/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “X1 İnvestisiya Korporasiyası” ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının istinad etdiyi hallar ondan ibarətdir ki, İddiaçı QSC ilə “X1 İnvestisiya Korporasiyası” ASC arasında xx xxxxxx 2019-cu il tarixli AA 03/0119 saylı alqısatqı müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən müvafiq mal və məhsullar cavabdehə təqdim olunmuş, lakin cavabdeh tərəfindən ödəniş tam həcmdə yerinə yetirilməmiş və bunun nəticəsində 5245,63 manat borc məbləği bu günə qədər ödənilməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iş materiallarında tərəflər arasında bağlanmış hər hansı müqavilə mövcud deyil. Cavabdehə elektron qaimələrin göndərilməsi və onların təsdiq edilməsi isə malların təhvil alınmasının sübutu kimi qiymətləndirilməməlidir. Belə ki, iddia tələbində göstərilən məbləğin nəyin əsasında yaranmasını, bu elektron qaimələrin malların təhvil-təslimini bildirən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Elektron qaimə Dövlət Vergi Xidmətinin “Avis” proqramı vasitəsilə alıcıya elektron qaydada göndərildiyi üçün malın verilməsinə dair müşayiətedici sənəd deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, kollegiya qeyd edir ki, əvvəla tərəflər arasında alqı-satqı müqaviləsi üzrə münasibətlərin olub-olmaması araşdırılmalıdır. Çünki iddiaçı istinad etdiyi müqavilənin surətini təqdim etməyib, cavabdeh isə ümumiyyətlə müqavilənin bağlanmadığına istinad edir. Mülki Məcəllənin alqı-satqı ilə bağlı münasibətləri tənzimləyən 29-cu fəslinin 1-ci paraqrafında daşınar əşyanın alqı-satqı müqaviləsinin mütləq qaydada yazılı formada bağlanmasını nəzərdə tutan hər hansı imperativ norma mövcud deyildir. Bu isə onu deməyə imkan verir ki, daşınar əşyanın alqı-satqı müqaviləsi şifahi formada da bağlanıla bilər. Eyni zamanda iş materiallarında olan xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, iddiaçı cavabdehə 7967,71 manat dəyərində müxtəlif çeşiddə mallar satmışdır. xx.xx.2019-cu il tarixli elektron vergi hesab-fakturasından müəyyən olunur ki, iddiaçı cavabdehə 7967,71 manat dəyərində müxtəlif çeşiddə mallar vermişdir. xx xxxxx 2019-cu il tarixli elektron qaimədən və xx xxxxx 2019-cu il tarixli elektron vergi hesab fakturasından görünür ki, iddiaçı cavabdehə 138 manat dəyərində müxtəlif ləvazimatlı mallar satmışdır. xx xxx 2019-cu il tarixli elektron vergi hesab-fakturasından müəyyən olunur ki, iddiaçı cavabdehə 2563,55 manat dəyərində müxtəlif çeşiddə mallar satmışdır. 29 ədəd satış qaiməsinin surətlərindən görünür ki, iddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda 10488,95 manat dəyərində müxtəlif çeşiddə mallar satmışdır. Göründüyü kimi tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq şifahi alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tam əsaslıdır. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmasaydı və mallar cavabdehə təhvil verilməsəydi cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələrə qanunla müəyyən edilmiş 5 gün müddətində etiraz edər və bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu hal isə onun tərəfindən iddiaçının göndərdiyi malların bəyənməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Həmçinin sonradan da cavabdeh tərəfindən bununla bağlı etiraz göndərilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “X1 İnvestisiya Korporasiyası” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2445/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar