Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-300/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3144/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.10.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən görülmüş işlərin xidmət haqqı olan 5232 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli e-2-2(113)-3144/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC ilə "xxxx" QSC arasında 03.01.2019-cu il tarixli “Mühasibat, vergi və kadr xidmətlərin göstərilməsi” haqqında 2 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC mühasibat, vergi və kadr xidmətlərin göstərilməsi ilə yanaşı hər ay növbəti ayın 3-cü günündən gec olmayaraq xidmətlərin göstərilməsi haqqında və hesabat dövründən sonra gələn dekabr ayının birinci dekadasında hesabat dövrü sona çatdıqda, göstərilən xidmətə görə "xxxx" QSC-yə hesab, eləcə də hesabat dövrü üzrə xidmətlərin dəyərinin hesablanması və xidmətlərin göstərilməsi haqqında aktlar təqdim etməyi, "xxxx" QSC isə bunun müqabilində xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, müqavilənin qüvvədə olduğu bütün müddəti ərzində iddiaçı tərəfindən cavabdehə mühasibatlıq xidmətləri göstərilmişdir. Cavabdeh tərəfindən isə göstərilmiş xidmətlərdən 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr üzrə xidmət haqları ƏDV də daxil olmaqla ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə əsasında sifarişçi - "xxxx" QSC-yə göstərilmiş mühasibat xidmətləri üçün 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə cəmi (hər ay üçün 1200 manat olmaqla) 4800 manat xidmət haqqı və həmin məbləğdən ƏDV üzrə borcu 432 manat, cəmi 5232 manat ödənilməmişdir. Həmin məbləğin ödənilməsinə dair aparılmış işgüzar danışıqlarda borcun ödənilməsinə cavabdeh bir neçə dəfə vəd versə də, vədinə əməl etməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı məhkəmədən qabaq hazırki tələblə bağlı onlara müraciət etmiş, lakin İddiaçı MMC 2 saylı müqavilə və 1 saylı əlavəyə uyğun xidmətlərin göstərilməsini əks etdirən sənədləri təqdim etmədiyinə görə pulun ödənilməsindən imtina edilmişdir. Mühasibatlıq xidməti İddiaçı MMC-nin nəzarətində olduğuna görə elektron qaimələrə vaxtında etiraz bildirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.. Belə ki, tərəflər arasında bağlanmış 03.01.2019-cu il tarixli müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. Çünki iddiaçı cavabdehə mühasibat, vergi və kadr xidmətlərini göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırki işdə isə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, iddiaçı mühasibatlıq xidmətləri göstərdiyinə, lakin 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə cəmi 5232 manat xidmət haqqının ödənilmədiyinə istinad edərək, hazırki iddianı qaldırmışdır. Bununla belə iş materiallarında olan İddiaçı MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanan 14 yanvar 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “2019 və 2020-ci maliyyə illəri üçün maliyyə hesabatlarının audit olunması "xxxx" QSC-nin köhnə rəhbərliyinin tələbi əsasında “Grant Thornton” audit təşkilatına həvalə edilmişdir. Göründüyü kimi müvafiq illərin maliyyə auditinin aparılması barədə İddiaçı MMC-yə heç bir müraciət daxil olmamışdır. Bildiyiniz kimi MMC və QSC arasında 03.01.2019-cu il tarixində bağlanmış 02 saylı müqaviləyə əsasən xidmət 2019-cu ildən etibarən göstərilməyə başlamışdır. Belə ki, MMC müvafiq müqavilə üzrə birbaşa mühasibat uçotunun aparılmasına məsul deyildir, başqa sözlə MMC-yə QSC tərəfindən mühasibat uçotunun aparılmasına dair məsləhət xidmətlərinin göstərilməsi (o cümlədən büdcə və büdcədənkənar fondlara hesabatların baza məlumatları və QSC tərəfindən MMC-yə emal olunması üçün təqdim edilən ilkin sənədlər əsasında təqdim edilməsi) təhkim edilmişdir. Buna əsas olaraq bildirmək istəyirik ki, əgər MMC mühasibat uçotunu aparmı olsaydı, o zaman QSC-də mühasibatlıq departamentinə (və ya şöbəsinə) ehtiyac qalmazdı. Xülasə, MMC 2019-cu və 2020-ci illər üzrə mühasibat uçotunun lazımi qaydada aparılması üçün müəyyən işlər görmüş və görülmüş işlər toplusunu elektron daşıyıcıda sizə ən qısa zamanda təqdim edəcəkdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, 2017 və 2018-ci maliyyə illəri üçün MMC maliyyə analizləri aparmış və aparılmış analizlərin nəticələrini də ən qısa zamanda sizə elektron qaydada təqdim edəcəkdir” (i/v 10). Göründüyü kimi iddiaçı bir tərəfdən hazırki iddianı qaldıraraq 2020-ci il üçün mühasibatlıq xidmətləri dəyərinin ödənilməsini tələb etsə də, cavabdehə ünvanlandığı məktubda müqavilə üzrə mühasibat uçotunun aparılmasına ümumiyyətlə məsul olmadığını və yalnız məsləhət xidmətlərinin göstərilməsi üçün məsul olduğunu etiraf etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən elektron qaimələr isə xidmətlərin göstərilməsini təsdiq edən birbaşa sübut kimi qiymətləndirilə bilməz. Belə ki, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.6-cı bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən elektron qaimələrdə xidmətlərin həqiqətən göstərilməsini təsdiq edən heç bir sənədə (təhvil-təslim aktı, üzləşdirmə aktı və s.) istinad edilməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin 2.1.10-cu bəndinə əsasən podratçı hər ay növbəti ayın 3-cü günündən gec olmayaraq xidmətlərin göstərilməsi haqqında akt təqdim etməyi öhdəliyi üzərinə götürmüşdür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesabat dövründən sonra gələn dekabr ayının birinci dekadasında hesabat dövrü sona çatdıqda, podratçı göstərilən xidmətə görə sifarişçiyə hesab, eləcə də hesabat dövrü üzrə xidmətlərin dəyərinin hesablanması və xidmətlərin göstərilməsi haqqında akt təqdim etməlidir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən sifarişçi podratçıdan hesabı, hesabat dövrü üzrə xidmətlərin göstərilməsi haqqında aktı aldıqdan sonra 3 iş günü ərzində xidmətlərin göstərilməsi haqqında aktı imzalamalı və ya onun imzalanmasından imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Tərəflərin razılığı ilə ödənişin başqa müddəti və qaydası nəzərdə tutulmadığı halda, sifarişçi ödənişi hər hesab üzrə sifarişçi xidmətlərin göstərilməsi haqqında aktı imzaladığı gündən sonra 2 iş günü ərzində həyata keçirməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə iddiaçı hesabı, hesabat dövrü üzrə xidmətlərin göstərilməsi haqqında aktı cavabdehə təqdim etməli, yalnız cavabdeh həmin aktları imzaladığı gündən sonra 2 iş günü ərzində ödənişləri həyata keçirməlidir. Lakin iddiaçı qeyd olunan aktların heç birini məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan, habelə yuxarıda istinad olunan 14 yanvar 2021-ci il tarixli məktubda qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, yalnız alt sənədləri təqdim edilməyən və hansı sənədlər əsasında tərtib olunduğu məlum olmayan elektron qaimələr əsasında iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3144/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-300/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-300/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver