Məhkəmə qərarları › İş №2-2(103)-301/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-301/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-301/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-759/2023 qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 9660 manat borc, vəkil xidmətinə görə ödənilmiş 200 manat, mediasiya xərclərinə ödənilmiş 200 manat, vergi borcuna görə ödənilmiş 525 manat və DSMF-yə ödənilmiş 125 manat pul olmaqla, cəmi 10710 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, e-2-2(113)-759/2023 saylı qərardadı ilə (hakim Zeynəb Axundova) iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, orderdə iddiaçının adının qeyd edilməməsi ilə bağlı məhkəmənin iradı ilə razılaşmış, iddiaçının adı qeyd edilmiş yeni order şikayətə əlavə edilmişdir. Mediasiya arayışında iddiaçının adının qeyd edilməməsi ilə bağlı məhkəmənin iradı əsaslı deyil. Maraqlı şəxsla Mövludov Xəlil ata-oğuldur. Cavabdehə münasibətdə birgə iş görmüş və xidmətləri qarşısında pul qazanmaq niyyətləri olmuşdur. Maraqlı şəxs VÖEN olmadığından iddia Xəlil Mövludov tərəfindən qaldırılmışdır. Mediasiya sessiyası üçün 200 manat pul ödənilmiş, 5 saylı Mediasiya təşkilatı öz fəaliyyətni dayandırmışdır. Təkrarən 200 manat dövlət rüsumu ödənilməsi üçün heç bir əsas yoxdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-759/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-759/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən ona istinad etmişdir ki, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Vəkil tərəfindən imzalanmışdır. Vəkilin orderindən görünür ki, Vəkil hüquqi xidmət göstərdiyi şəxs iddiaçı deyil, “Maraqlı şəxs” adlı şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 69.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 73.5-ci maddəsinə əsasən vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinə cavabdehin elektron kabinetinə göndərildiyini təsdiq edən sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4-cü maddəsinin tələbinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin mediasiya prosesində iştirakı ilə bağlı sənəd (18 avqust 2022-ci il tarixli, MŞH/5-02676 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış) əlavə edilsə də, həmin sənəddən görünür ki, sözügedən arayış Maraqlı şəxs ilə Cavabdeh arasında olan kommersiya mübahisəsi ilə əlaqədar tərtib edilmişdir. Lakin hazırkı iş üzrə mübahisə İddiaçı ilə Cavabdeh arasındadır. Ona görə də, hazırkı vəziyyətdə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakla bağlı tələbə riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat təqdim edilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası "Mediasiya haqqında” Qanununun: - 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. - 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 28.1 -ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. - 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Məhkəmənin istinad etdiyi hallar yazılı icraat qaydasında yoxlanılmış və həqiqətə uyğun olduğu müəyyən edilmişdir. Şikayət ərizəsində qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vəkili məhkəmənin qeyd etdiyi nöqsanlarla razılaşaraq iddiaçının adı qeyd edilmiş yeni orderi və iddia ərizəsinin qarşı tərəfə çatdırılması barədə qəbzi şikayət ərizəsinə əlavə etdiyini qeyd edir. Şikayət ərizəsinə iddia ərizəsinin cavabdehin elektron poçtuna deyil, kağız daşıyıcıda ünvanına göndərilməsi barədə qəbz əlavə edilmişdir ki, bu isə qanunla müəyyən edilmiş qaydada çatdırılma hesab edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi qaytarılarkən məhkəmənin qeyd etdiyi nöqsanların sonradan aradan qaldırılması mübahisəli qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi şikayət əsasında mübahisələndirilən qərardadın qanuni və əsaslı olub-olmadığını yoxlayır. Qərardad qəbul edilərkən hər hansı qanun pozuntusuna yol verilməmişsə qərardad yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilən normadan da göründüyü kimi, iddiaçı iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanları aradan qaldırdıqdan sonra qərardaddan şikayət vermək yerinə, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə bu hissədə razılaşır ki, mediasiya arayışında iddiaçının deyil, başqa şəxsin adı qeyd olunduğundan həmin arayış tərəflərin mediasiya prosesində iştirakını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsində məhz tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakının tələb olunduğu nəzərdə tutulduğundan, təqdim edilmiş arayışda adı qeyd edilmiş (iddiaçının atası olduğu qeyd olunan) Maraqlı şəxs isə təqdim edilmiş iddia ərizəsində tərəflərdən biri kimi qeyd edilmədiyindən iddiaçının MPM-nin 149.2.4-1-ci maddəsinin tələbinə riayət etdiyi təsdiq edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-759/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-759/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar