Məhkəmə qərarları › İş №2-2(103)-302/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-302/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-302/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı qanunsuz borcun birdəfəlik tutularaq ödənilməsi barədə iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-515/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1,595,995.05 manat borcun, 267,001.19 manat cərimənin, 160 manat vəkil xərcinin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1,863,186.24 manat məbləğində pulun birdəfəlik tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Sadıqov Nurəddin Arif oğlu ərizə ilə məhkəməyəmüraciət edərək iddiaçı İddiaçı ASC-nin cavabdeh “xxxx CP” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-515/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e- 2-2 (113)-515/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan bütün mülki münasibətlər MMC-nin yerləşdiyi Sumqayıt şəhərində baş vermiş və MMC-nin faktiki ünvanı Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 A-dır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-515/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin həmin tarixdə öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-515/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Elektron məhkəmə sisteminin “vergi ödəyicilərinin məlumatları” bölməsindən çıxarışdan və Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytında olan məlumatda cavabdehin vergi ödəyicisi kimi hüquqi ünvanının Bakı şəhəri, Nizami rayonu olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən qanunla digər aidiyyət qaydası müəyyən edilməmişsə hüquqi şəxsə qarşı verilmiş iddiaya onun faktiki fəaliyyət göstərdiyi yerin məhkəməsi tərəfindən deyil, hüquqi ünvanının olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olduğundan mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Cavabdehin mübahisəyə hüquqi şəxsin faktiki fəaliyyət göstərdiyi yer üzrə baxılmalı olduğuna dair tələbinin prosessual əsası olmadığından şikayət məhkəmə tərəfindən əsassız hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-515/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq qərаrа аldı: Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-515/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar