Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-302/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X6 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və avtomobilin qaytarılması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2531/2023 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC ilə cavabdeh X8 arasında 12 fevral 2020-ci il tarixli 2001/0679 saylı X7 bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC cavabdeh X5 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 34000 (otuz dörd min) manat olan 1 ədəd “Audi” markalı “A6” modelli **-PX-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, X6 müvəqqəti sahiblik və istifadəyə vermişdir.
2. Lizinq müqaviləsinin təminatı kimi İddiaçı MMC ilə zamin Cavabdeh3 arasında 12 fevral 2020-ci il tarixli 2001/0679/ZM-01 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin lizinq alan X5 MMC öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı «İddiaçı MMC cavabdehlər X6 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan “Audi” markalı “A6” modelli **-PX-*** qeydiyyat nömrəli avtomaşının cavabdeh X5 qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılması, cavabdehlərdən iddiaçının xeyrinə 23800 manat əsas lizinq borcunun, 19189,00 manat vaxtı çatmış faiz borcunun, 35000 manat hesablanmış penyanın, cəmi 77989,00 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 324 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, cavabdeh X8 lizinq müaviləsinə Əlavə №2-də (Lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 27% faiz olmaqla mütəmadi olaraq hər ay 972 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmişdir. Eyni zamanda lizinq borcunu da ödəmir. Hazırda öhdəliklərini tam icra etməyən cavabdeh X5 xx.xx.2022-ci il tarixə iddiaçıya iddia qaldırılan günə 23800 manat əsas lizinq borcu, 19189,00 manat vaxtı çatmış faiz borcu, 35000 manat hesablanmış penya, cəmi 77989 manat məbləğində borcu qalmaqdadır. Eyni zamanda 12 fevral 2020-ci il tarixli 2001/0679/ZM-01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 X5 12 fevral 2020-ci il tarixli 2001/0679 saylı X4 əsasən üzərinə götürdüyü öhdəliklərinə zamin durmuş və lizinq alanın lizinq verən qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilmişdir. 12 fevral 2020-ci il tarixli 2001/0679 saylı X1 14.1.-ci bəndinə əsasən, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına Lizinq verən tərəfindən birtərəfli qaydada aşağıdakı hallarda xitam verilə bilər: 14.1.3. lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmir və ya iki dəfə ödənişi gecikdirib. Lizinq obyektinə dair sahiblik və istifadə hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun mülkiyyətində qalır.
5. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2531/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 23800 manat əsas lizinq borcu, 19189 manat vaxtı çatmış faiz borcu, 1190 manat penya, cəmi 44179 manat borc cavabdehlər X3 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı MMCyə ödənilməsi, İddiaçı MMC-nin mülkiyyətində olan “Audi” markalı “A6” modelli **-PX-*** dövlət qeydiyyat nömrəli avtomaşın cavabdeh X3 alınaraq İddiaçı MMC-yə qaytarılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Cavabdeh X8 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının iddia etdiyi borc məbləğinin həqiqətə uyğunluğu yoxlamadan həmin məbləğin tutulmasını təmin etmişdir. Halbuki iddiaçı tərəfindən tələb edilən borc məbləği həddindən artıq şişirdilmişdir. İşin obyektiv həlli baxımından iddiaçının tələb etdiyi borc məbləğinin real borca uyğun olmasını aydınlaşdırmaq məqsədi ilə ekspertiza təyin edilməli və real borcun müəyyən edilməsi təmin olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi.
11. Digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 13.Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
14. Həmin Məcəllənin 748-10.1-ci maddəsinin tələblərinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
15. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrinə əsasən lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
16. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
17. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı lizinq obyektinin geri qaytarılması və borcun tutulması barədə tələblərin qismən təmin edilməsi hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
21. Belə ki, lizinq obyektinin geri qaytarılması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir. 22.Lakin hazırki işdə həmin tələblərin təmin edilməsi üçün əsaslar mövcüd deyil.
23. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirdi ki, işə birinci instansiya məhkəməsində baxılan zaman lizinq müqaviləsinin predmeti olan avtomobilin cavabdeh tərəfindən satışa çıxarılması aşkar olunmuş və həmin avtomobil geri qaytarılmışdır.
24. Göründüyü kimi lizinq müqaviləsinin predmeti olan avtomobil lizinq alan cavabdehin sahibliyində deyil və iddiaçının sahibliyinə qaytarılmışdır. Belə olan halda isə həmin iddia təmin edilə bilməz.
25. Lizinq borcunun tutulması barədə iddia tələbləri isə qismən əsaslıdır.
26. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci, 748-10.1-ci, 748-11.1 və 748-11.1.2-ci maddələri təşkil edir.
27. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinə aid 2 saylı Əlavədən müəyyən edilir ki, lizinq ödənişləri 12 mart 2020-ci il tarixdən 12 fevral 2023-cü il tarixə kimi 36 ay müddətində həyata keçirilməli idi, sonuncu ayın ödənişi istisna olmaqla aylıq ödəniş 972 manat, sonuncu ayın ödənişi 953 manat, cəmi ödənilməli olan məbləğ 34.973 manat, bundan 23.800 manat əsas ödəniş, 11.173 manat isə lizinq mükafatı (əlavədə faiz kimi qeyd olunub) təşkil edir.
28. Kollegiya qeyd edir ki, kredit müqavilələrindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər sabit məbləğdən ibarətdir və ödənişlərin vaxtında aparılıbaparılmamasından asılı deyil. Yəni ödənişlərin gecikdirilməsi cəmi ödənilməli olan məbləğin artmasına səbəb olmur (dəbbə pulu istisna olmaqla).
29. Hazırki işdə də müqavilə üzrə cəmi ödənilməli olan əsas məbləğ 23.800 manat, lizinq mükafatı isə 11.173 məbləğində müəyyən edilmiş, habelə iddiaçı müqavilə üzrə müəyyən edilən müddətdən (xx.xx.2023) sonra məhkəməyə müraciət etmişdir.
30. Bununla yanaşı, işin hallarını və Mülki Məcəllənin 748-10.1, 748-11.1, 748- 11.1.2, 750-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə cavabdehdən tutulmalı olan məbləğin müəyyən edilməsi zamanı onun tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilən avans nəzərə alınmalıdır.
31. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinin tələblərinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
32. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində isə təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
33. İş materiallarında olan 2001/0679 saylı hesabdan çıxarışa əsasən cavabdeh X8 10.200 manat avans məbləği ödəmişdir.
34. Mülki Məcəllənin 750-ci maddəsi də tələb edir ki, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildiyi zaman tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
35. Lakin nə iddiaçı, nə də birinci instansiya məhkəməsi tərəfindən borc hesablanarkən həmin avans ödənişi nəzərə alınmamışdır.
36. Halbuki hazırki işin halları ondan ibarətdir ki, cavabdeh 34.000 manat dəyərində olan lizinq obyektinin əldə edilməsi və iddiaçının mülkiyyətinə keçməsi üçün 10.200 manat avans ödəmişdir.
37. Göründüyü kimi iddiaçının faktiki qənaət etdiyi məbləğ 10.200 manat təşkil edir.
38. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə xitam verildiyi və lizinq obyekti lizinq şirkəti tərəfindən geri qaytarıldığı üçün onun əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan müddəalarına ziddir, eyni zamanda lizinq şirkətinin əsassız varlanmasına gətirib çıxarır. Çünki lizinq obyekti qaytarıldıqdan sonra lizinq şirkəti onları özgəninkilləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun lizinq şirkətinin mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir.
39. Bu baxımdan kollegiya hesab edir ki, lizinq müqaviləsi üzrə cəmi ödənilməli olan məbləğdən (34973 manat) cavabdehin ödədiyi avans məbləği (10.200 manat) çıxılmalı və cəmi 24773 manat məbləğində borcun tutulması müəyyən edilməlidir.
40. İddiaçı və birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunanları nəzərə almamış və lizinq müqaviləsinə kredit müqaviləsi kimi yanaşmışdır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsi qismən, yəni əsas borc və mükafat borcunun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir.
41. Cərimə borcunun tutulması tələblərinə dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.
42. Tərəflər arasında bağlanmış bağlanmış lizinq müqaviləsinin 10.1-ci bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə (7-ci maddəyə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5% məbləğində cərimə pulunun ödənilməsini tələb edir, Lizinq alan isə onu ödəməyi öhdəsinə götürür.
43. İşin hallarını və Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı 1190 manat məbləğində cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır.
44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi avtomobilin geri qaytarılması və lizinq borcununun tutulması hissəsində ləğv edilməli, avtomobilin geri qaytarılması hissəsidə iddia təmin edilməməli, lizinq borcununun tutulması hissəsində isə iddia qismən təmin edilməli və qətnamə digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu isə Mülki Prosessual Məcəllənin 119.1 və 119.3-ci maddələrinin tələblərinə görə cavabdehin özünə aid edilməlidir.
45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2531/2023 saylı qətnaməsi qismən, yəni 23800 manat əsas lizinq borcu, 19189 manat vaxtı çatmış faiz borcunun cavabdehlər X3 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi və İddiaçı MMC-nin mülkiyyətində olan “Audi” markalı “A6” modelli **-PX-*** dövlət qeydiyyat nömrəli avtomaşın cavabdeh X3 alınaraq İddiaçı MMC-yə qaytarılması hissəsində ləğv edilsin. İddiaçı MMC-nin mülkiyyətində olan “Audi” markalı “A6” modelli **-PX-*** dövlət qeydiyyat nömrəli avtomaşının cavabdeh X3 alınaraq İddiaçı MMC-yə qaytarılması barədə iddia rədd edilsin. Borcun tutulması hissəsində iddia qismən təmin edilsin və cəmi ödənilməli olan lizinq borcu 24.773 manat məbləğində müəyyən edilsin. Qalan hissədə həmin iddia təmin edilməsin. Qətnamə digər mübahisələndirilən hissədə (cərimə borcunun tutulması barədə tələblərin təmin edilmiş hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov