Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-303/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının direktoru Nümayəndə2 iştirakı ilə, İddiaçı (AR Group Company müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) Cavabdehnə qarşı “pul” tələbinə dair ilkin, cavabdeh İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5116/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2023 tarixli AR 0xx/xx.2023 nömrəli “Ekspeditor xidmətlərinə dair” müqaviləyə əsasən yaranmış 12087 manat, 200 manat hüquqi yardım haqqı, 1200 manat dəbbə pulu, 400 manat gecikməyə görə zərər haqqı, 132 manat dövlət rüsumu olmaqla, 14019 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Həmçinin, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə aralarında olan müqavilə üzrə ona borclu olduğu 33297 USD (56604,90 manat) pul vəsaitinin İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin artırılması barədə ərizə verərək, İddiaçı MMC ilə aralarında olan müqavilə üzrə ona borclu olduğu 38497,81 ABŞ dolları (65449,597 manat) pul vəsaitinin İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5116/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdehndən müqavilə üzrə 12087 (on iki min səksən yeddi) manat borc, 200 (iki yüz) manat hüquqi yardım haqqı, 600 (altı yüz) manat dəbbə pulu, 400 (dörd yüz) manat gecikməyə görə zərər haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 (yüz otuz iki) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
5. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5116/2024 nömrəli qətnaməsinin ləğv edilib ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: Maşın anbara xx.xx.2023-cü il tarixdə çatıb, miqdar və keyfiyyət üzrə təhvil-təslim xx.xx.2023-cü il tarixdə aparılıb. Mala baxış nəticəsində şirkətin müfəttişləri tərəfindən temperatur tələbinin pozulması aşkar olunub ki, X-Sense sensorlarının göstəriciləri təsdiq edib. Pulpada malın temperaturu - 2.4C, -1.5C, 2,1 C. Malın keyfiyyət göstəriciləri yolverilən həddə olub, lakin temperatur rejiminin uzunmüddətli kənara çıxması partiya üzrə “qaytarılma” statusunun təyin edilməsinə səbəb olub, çünki bu müqavilə şərtlərinin kobud pozuntusudur. KA ilə danışıqlar zamanı bizim tərəfimizdən Partiyadan donmuş xurmanın bir hissəsinin seçilib götürülməsi məqsədi ilə malın seçilib ayrılmasının yerinə yetirilməsinə icazə verilməsi barədə qərar qəbul edilib. Seçilib ayrılma nəticəsində malın keyfiyyətinin təkrar təftişi aparılıb və “tullantı” kateqoriyası üzrə faizlər X5 TS-nin keyfiyyət standartlarının yolverilən normalarından artıq olub. Ekspert rəyi-yükün daşınması nəticəsində malın aşağı temperaturdan zədələnməsi. Nəticədə xurmanın tam utilizasiyası yerinə yetirilmiş və şirkətin gömrük rüsumları ilə bütün xərcləri, malın tədarük edilməsinə görə cərimə, utilizasiya prosedura və s. xərcləri sonradan tədarükcü "xxxx" MMC-nin ünvanına göndərilib”. Cavab məktubu iş materiallarında mövcuddur. Məktubun mətnindən də aydın olur ki, malların xarab olması müəssisənin təqsirindən baş verməmişdir. Sadəcə temperatur tələbinin pozulması malların xarab olmasına səbəb olmuşdur. Belə olduğu təqdirdə isə müəssisənin hazırkı iş üzrə təqsiri və məsuliyyəti mövcud olmur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən göndərilən 132755 № CMR Beynəlxalq Qaimədən görünür ki, mallar +2, + 4 temperaturda daşınmalı idi. Lakin hazırkı işə əlavə edilmiş (qarşı tərəfin ekspert rəyi kimi əlavə etdiyi) fotoşəkillərdən görünür ki, mallar -4, -5, -1, 0, dərəcədə temperaturda daşınmışdır. Göründüyü kimi malların +2, +4 dərəcədə daşınmalı olduğu halda mallar qarşı tərəfin temperatur şərtlərinə əməl etməməsi səbəbilə donmuş və məhv olmuşdur. Həmin qaimə ilkin iddia üzrə iddiaçı tərəfindən təsdiqlənmişdir. Bu səbəbdən qarşı tərəfin iddia etdiyi hallar tamamilə əsassızdır. Əksinə qarşı tərəfin təqsiri nəticəsində müəssisəyə zərər dəymişdir. Bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş pretenziya və digər məktublardan görünür ki, mallar qarşı tərəfin səhlənkarlığı, təqsiri nəticəsində donmuş və utilizasiya olunmuşdur. Belə ki, “Arviay” SC Xab Meyvə-tərəvəz paylama mərkəzi xx.xx.2024-cü il tarixli Utilizasiya_aktından görünür ki, mallar “Arviay” şirkəti tərəfindən utilizasiya olunmuşdur. Həmçinin gömrük ödənişləri, gömrük rəsmiləşdirilməsi və broker, saxlanma xərci (xarici anbar, utilizasiya ) bu xərclərə aiddir. Qeyd etmək lazımdır ki, İnvoyslar(hesab) və “Arviay” SC şirkəti ilə bağlanmış müqavilə də məhkəməyə təqdim olunmuşdur. Müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsinə dair AGRVİ/12.23/İNV214 saylı faktura üzrə №********** iddiadan görünür ki, müqavilənin şərtlərinin pozulmasına görə malların ümumi dəyəri əlavələrlə yanaşı 38.497,81 ABŞ dolları həcmindədir. Odur ki, qarşı tərəfin səhlənkarlığı, təqsiri üzündən müəssisəyə 38.497, 81 ABŞ dolları (65449,597) həcmində zərər dəymişdir. Əlavə olaraq qeyd edilir ki, 8 sentyabr 2020-ci il tarixli müqavilə və 27 dekabr 2023-cü il tarixli İnvoys (hesablar) da məhkəməyə təqdim edilmişdir. Məhkəmə öz əsaslandırma hissəsində qətnamənin 12-ci səhifəsində göstərmişdir ki, “Məhkəmə çatdırılmış malların utilizasiyası ilə bağlı qeyd edir ki, utilizasiya prosesi daşıyıcı şirkətin iştirakı olmadan, mallar təhvil verildikdən sonra həyata keçirilmiş, hətta yük göndərən özü də iştirak etməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılan yüklərin daşınmasının həyata keçirildiyi soyuducunun məlumatlarından malların nəzərdə tutulmuş temperaturda daşınması öz təsdiqini tapmışdır. Eyni zamanda, cavabdeh tərəf malların xüsusi şərtlərlə daşınması, bununla bağlı qarşı tərəfi məlumatlandırması barədə məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Bundan başqa yük alanın tərtib etdiyi hesabatda malların tullantı hissəsinin kiflənmə və çürümə olduğu qeyd edilmişdir ki, bu da iddiaçının daşıdığı -0,1 ilə +1,2 dərəcə aralığından əməl gələ bilməzdi. Çünki ilk növbədə kif göbələyinin əmələ gəlməsi üçün rütubətli şərait lazımdır, ikincisi isə çox isti və ya çox soyuq şərait olmalıdır ki, kif əmələ gəlsin və meyvə çürüsün. Lakin göründüyü kimi iddiaçının malları daşıdığı temperatur nə çox isti, nə də çox soyuq temperatur olmamış, qida məhsullarını, o cümlədən xurmanı təzə saxlamaq üçün uyğun olmuşdur. Həmçinin, əgər mallar rütubətli şəraitdə daşınmış olsa idi, o zaman, cəmi 1,7% deyil, daha çox mallar kiflənmiş və çürümüş olardı. Bu isə malların kiflənməsi və çürüməsinin daşınmadan öncəki saxlanma şəraiti ilə əlaqəli olduğunu, təbii proses nəticəsində mümkün xarab olmasını göstərir.” Məhkəmənin əsaslandırmasından göründüyü kimi hakim ya işin hansısa hallarını təhrif edir, ya da işlə tanış deyil. Həmin əsaslandırmanın tam əksini sübut edən sənədlər tərcümə olunmuş şəkildə isə cavabdeh tərəfindən məhkəmənin elektron sisteminə təqdim edilmişdir. Həmin hallar da məhkəməyə bildirilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən göndərilən 132755 № CMR Beynəlxalq Qaimədən görünür ki, mallar +2, + 4 temperaturda daşınmalı idi. Göründüyü kimi onun tərəfindən məhkəməyə qarşılıqlı iddianın əsaslı, ilkin iddianın isə əsassız hesab edilməsi barədə sübutlar təqdim olunmaqla müraciətlər edilmişdir. Lakin bu nüanslar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Malların əslində hansı temperaturda daşınmalı və saxlanılması olması, ilkin iddiaçın təqsiri səbəbindən malların məhv olunmasına münasibəti yetkin və əsaslı olmamışdır. Halbuki məhkəmənin işin hallarına verdiyi qiymət qanuni və əsaslı olmalıdır. Açıq-aşkar görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə prosesində bütün sübutlar lazımınca qiymətləndirilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş bununla da qanunsuz bir qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi (direktoru) apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir.
9. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
11. 10.2-ci maddəyə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
12. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. 404.1-ci madddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
17. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
18. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
21. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.
23. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.
24. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
25. 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.
26. 853.1 və 853.1.6-cı maddələrinə əsasən xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda - təhlükənin konkret növü və belə hallarda qəbul edilməli ehtiyat tədbirləri barədə məlumatlar yük göndərən tərəfindən daşıyıcıya dəqiq göstərilməlidir.
27. 854.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: yük göndərən ilə daşıyıcı arasında müqavilə; bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; yük alan tərəfindən yükün qəbul edilməsi; müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; daşıyıcının yükə girov hüququ.
28. 854.2-ci maddəsinə əsasən qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir.
29. 856.1-ci maddəsinə əsasən nə qədər ki yük hələ daşıyıcıdadır, yük göndərənin daşıyıcıya onun xərcləri və zərərləri üçün kompensasiya ödəyərək, yükü geri qəbul etmək və ya çatdırma yerini və yük alanı dəyişdirmək hüququ vardır. Bu müddəalar aşağıdakı hallarda tətbiq edilmir: 856.1.1. yük daşınması müqaviləsində və ya qaimədə yükə dair sərəncam verməyə yalnız yük alanın ixtiyarının çatdığı müəyyənləşdirildikdə; 856.1.2. qaimənin birinci nüsxəsi yük alana verildikdə; 856.1.3. yük təyinat yerinə gəldikdən sonra yük alan yükün çatdırılmasını tələb etdikdə və ya daşıyıcı qaimənin ikinci nüsxəsini yük alana verdikdə; 856.1.4. yük göndərən yükün alınması barədə daşıyıcıdan qəbz aldıqda və onu qaytara bilmədikdə.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı ilkin iddianın təmin edilən və qarşılıqlı iddia hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
34. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında ekspeditor xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır. İlkin iddia üzrə iddiaçı daşıyıcı vasitəsilə ilkin iddia üzrə cavabdehin sifarişləri əsasında iki yük maşınında olan malları daşımış, həmin yük maşınlarını yük alana təhvil verilmişdir. **-LE-***/**-YD-*** və 77-JF301/**-ZG-*** dövlət nömrə nişanlı qoşqulu yük maşınları ilə mallar razılaşdırılmış ünvana çatdırılmış və təhvil verilmişdir. Müqavilə üzrə iki - 323/24 saylı 77JF301/99ZG307 nörməli və 06 aprel 2024-cü il tarixli 324/24 saylı 77/LE306/99YD306 nömrəli sifarişlər yerinə yetirilmişdir. Cavabdeh tərəf isə sadəcə olaraq 77JF301/99ZG307 nömrəli yük vasitəsilə aparılan malların keyfiyyətini mübahisələndirmişdir. Bu baxımdan cavabdeh mübahisələndirmədiyi üçün, 323 saylı, xx.xx.2024-cü il tarixli sifariş üzrə 6205 manat ödənişi hər bir halda ödənməlidir.
35. Məhkəmə malların keyfiyyətinin mübahisələndirildiyi daşınma ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı yola salınan malların vaxtında ünvana çatdırılması, təhvil verilməsi öz təsdiqini tapmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatından məlum olur ki, hazırda daşınma sahəsində təşəkkül tapmış işgüzar adətə və praktikaya əsasən daşınan mallar təhvil verilərkən hər hansı qüsur aşkar olunduqda yük alan həmin malın qəbulundan tam və ya qismən imtina edərək geri qaytarır.
36. Bundan başqa cavabdehin özü tərəfindən təqdim olunmuş, yük alan “Arviay” şirkəti tərəfindən tərtib edilmiş “Keyfiyyət yoxlama hesabatı”ndan məlum olur ki, tövsiyyə olunan temperatur 0 +2 dərəcə olduğu halda, daşınan mallar -0,1-dən +1,2 dərəcə aralığında daşınmış, bu barədə fotoşəkillər hesabata əlavə edilmişdir. Həmçinin həmin fotoşəkillərdə daşınmış malların yük alan tərəfindən anbara yığıldığı öz əksini tapmışdır. Bu isə malların yük alan tərəfindən təhvil alınaraq anbara yığıldığını təsdiq edir. Eyni zamanda Beynəlxalq qaimələr yük göndərən "xxxx" MMC və daşıyıcı “AR Group Company” ilə yanaşı, yük alan “X4 İnvestment” Şirkəti tərəfindən imzalanmış, malda qüsurların olması barədə heç bir qeyd aparılmamışdır. Bütün bunlar daşınmanın qüsursuz həyata keçirildiyini, malların yük alan tərəfindən qəbul edildiyini göstərir.
37. Məhkəmə çatdırılmış malların utilizasiyası ilə bağlı qeyd etmişdir ki, utilizasiya prosesi daşıyıcı şirkətin iştirakı olmadan, mallar təhvil verildikdən sonra həyata keçirilmiş, hətta yük göndərən özü də iştirak etməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılan yüklərin daşınmasının həyata keçirildiyi soyuducunun məlumatlarından malların nəzərdə tutulmuş tempraturda daşınması öz təsdiqini tapmışdır. Eyni zamanda, cavabdeh tərəf malların xüsusi şərtlərlə daşınması, bununla bağlı qarşı tərəfi məlumatlandırması barədə məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Bundan başqa yük alanın tərtib etdiyi hesabatda malların tullantı hissəsinin kiflənmə və çürümə olduğu qeyd edilmişdir ki, bu da iddiaçının daşıdığı -0,1 ilə +1,2 dərəcə aralığından əməl gələ bilməzdi. Çünki ilk növbədə kif göbələyinin əmələ gəlməsi üçün rütübətli şərait lazımdır, ikincisi isə çox isti və ya çox soyuq şərait olmalıdır ki, kif əmələ gəlsin və meyvə çürüsün. Lakin göründüyü kimi iddiaçının malları daşıdığı temperatur nə çox isti, nə də çox soyuq temperatur olmamış, qida məhsullarının, o cümlədən xurmanın təzə saxlamaq üçün uyğun olmuşdur. Həmçinin, əgər mallar rütübətli şəraitdə daşınmış olsa idi, o zaman, cəmi 1,7% deyil, daha çox mallar kiflənmiş və çürümüş olardı. Bu isə malların kiflənməsi və çürüməsinin daşınmadan öncəki saxlanma şəraiti ilə əlaqəli olduğunu, təbii proses nəticəsində mümkün xarab olmasını göstərir.
38. Məhkəmə qeyd etmişdir ki, cavabdehin malların çatdırıldığı şirkətlə bağlı müqavilə münasibətlərinin onun hazırki iş üzrə iddiaçı ilə müqavilə münasibətlərinə aid edilə bilməz. Belə ki, tərəflər arasında müqavilə münasibətlərinə görə ödənişin edilməsindən imtina yalnız o halda əsaslı hesab oluna bilərdi ki, malların daşınması ilə bağlı müqavilə tələbləri pozulmuş olsun, mallar çatdırılmasın və ya daşıyıcı tərəfindən mallar zədələnsin və ya yararsız hala salınsın. Həmin hallar isə öz təsdiqini tapmadığından qarşılıqlı iddia tələbi əsassız hesab edilməlidir. Bundan başqa 2 yük avtomobili ilə daşınmış 42200 kq. mallardan bir yük avtomobilində olan 21100 kq. malın cəmi 1,7%-nin tulantı olmasına görə yük alan “X5 İnvestment” şirkətinin həmin malların hamısından imtina etməsi də inandırıcı görsənmir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında daşıma müqaviləsi üzrə mülki hüquq münasibətləri yaranmışdır. İşdən görünür ki, yük alan “X5 İnvestment” şirkəti, yük göndərən Cavabdeh MMC, ekspeditor İddiaçı MMC və daşıyıcı isə AR Group Company şirkətidir.
40. İşin halları ondan ibarətdir ki, iddiaçı xurma məhsulunu yük alana çatdırdığı üçün daşıma muzdunu cavabdehdən tələb etmiş, cavabdeh isə muzdu ödəməkdən imtina etmiş, məhsulun xarab olmasına görə zərərin əvəzinin ödənilməsini tələb etmişdir.
41. Malın iddiaçı tərəfindən daşıyıcı vasitəsilə yükalana çatdırılması işin mübahisəsiz halıdır.
42. İddiaçının mövqeyinə görə iddiaçı xx.xx.2023 tarixində cavabdehin hər bir nəqliyyat vasitəsində 26 (iyirmi altı) paletdə yerləşən 21.100 (iyirmi bir min bir yüz) kq olmaqla “şişburun xurma” meyvələrini Hökməli (Bakı)-Moskva marşrutu ilə daşımanya qəbul etmişdir. Daşıma 2 ayrı nəqliyyat vasitəsində təşkil edilib: **-LE-***/**-YD-*** və **- JF-***/**-ZG-*** dövlət nömrə nişanlı qoşqulu yük maşınları ilə. Mallar müvafiq olaraq xx.xx.2024 və xx.xx.2024 tarixlərində ünvana çatdırılmışdır. xx.xx.2024 tarixində isə Moskva şəhərində alıcının anbarında inspeksiya edilmiş və qəbul edilmişdir. Həmin sənədlərdən də görünür ki, məhz mübahisəyə səbəb olan 99ZG307 nömrə nişanlı yük maşınında olan bütün malın 93,1%-i birinci kateqoriyaya uyğundur, 5,2%-i ikinci kateqoriyaya uyğundur, yalnız 1,7%-i tullantıdır. Həmin yük maşının soyuducusunun gündəlik monitorinq sənədindən (Thermo King WinTrack 5) də görünür ki, mallar lazımi olan “1” selsi dərəcədə daşınmış, kənar hava şəraitindən asılı olaraq temperatur cüzi fərqlənmişdir. Bu isə göründüyü kimi malların xarab olmasına gətirib çıxara bilməzdi (bu fakt inspeksiya sənədində də öz əksini bir daha tapır).
43. Cavabdehin mövqeyinə görə “ARVİAY (ARVİAY RAŞEN VENÇUR İNVESTMENTS)” SC-nin məktubundan aydın olur ki, bu aktla "xxxx" MMC-dan xx.xx.2023-cü il tarixində alınmış RVİ-2023-52-1-AGRORETEMS-4309366-HUBMSC- DSC2, hesab-faktura 214, a/m 77JF301/99ZG307 sifariş əsasında 1 kg xurma şiş burun Azərbaycan MP-nin tam utilizasiyası təsdiq edilir. Utilizasiyanın səbəbi- yükün Boqorodsk HAB-na daşınması zamanı xurmanın aşağı temperaturdan zədələnməsi nəticəsində malın seçilib ayrılmasından sonra “tullantı” göstəricisi üzrə kateqoriyanın normasını aşması olmuşdur. “Maşın anbara xx.xx.2023-cü il tarixdə çatıb, miqdar və keyfiyyət üzrə təhviltəslim xx.xx.2023-cü il tarixdə aparılıb. Mala baxış nəticəsində şirkətin müfəttişləri (temperatur tələbinin pozulması aşkar olunub ki, X-Sense sensorlarının göstəriciləri təsdiq edib. Pulpada malın temperatoru - 2.4C, -1.5C, 2,1 C. Malın keyfiyyət göstəriciləri yolverilən həddə olub, lakin temperatur rejiminin uzunmüddətli kənara çıxması partiya üzrə “qaytarılma” statusunun təyin edilməsinə səbəb olub, çünki bu müqavilə şərtlərinin kobud pozuntusudur. KA ilə danışıqlar zamanı partiyadan donmuş xurmanın bir hissəsinin seçilib götürülməsi məqsədi ilə malın seçilib ayrılmasının yerinə yetirilməsinə icazə verilməsi barədə qərar qəbul edilib. Seçilib ayrılma nəticəsində malın keyfiyyətinin təkrar təftişi aparılıb və “tullantı” kateqoriyası üzrə faizlər X5 TS-nin keyfiyyət standartlarının yolverilən normalarından artıq olub. Ekspert rəyi-yükün daşınması nəticəsində malın aşağı temperaturdan zədələnməsi. Nəticədə xurmanın tam utilizasiyası yerinə yetirilmiş və şirkətin gömrük rüsumları ilə bütün xərcləri, malın tədarük edilməsinə görə cərimə, utilizasiya prosedura və s. xərcləri sonradan tədarükçü "xxxx" MMC-nin ünvanına göndərilib”. Həmin cavab məktubu cavabdeh tərəfindən işə əlavə edilmişdir.
44. İddiaçı iddia ərizəsində təhvil tarixini xx.xx.2024-cü il qeyd etsə də, cavabdeh 2023-cü il qeyd etmişdir. Bu ziddiyyətin aradan qaldırılması zəruridir. Tərəflər arasında müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Yük alan şirkətin daşıyıcı şirkətə təqdim etdiyi təhvil alma sənədlərində isə xx.xx.2024-cü ildə malın tam təhvil alındığını qeyd edilmişdir. Temperatur göstəriciləri əks olunan sənəddə və işdə olan digər sənədlərdə də malın göndərildiyi tarix xx.xx.2024-cü ildir. Bundan başqa yük alan şirkətin cavabdehə ünvanladığı məlumatlandırma məktubunda (tarixi olmayan) daşınan malın anbar qəbul tarixi xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli elektron pretenziya məktubunda isə sözügedən AGRVİ/12.23/İNV214 saylı invoys üzrə daşınan malın təhvilalma tarixi xx.xx.2024-cü il göstərmişdir. Odur ki, kollegiya hesab edir ki, müqavilə bağlanmamışdan bir neçə ay əvvəl mallar göndərilə bilməzdi və yük alan şirkətin cavabdehə ünvanladığı məlumatlandırma və pretenziya məktublarında təhvil alma tarixləri arasında kəskin fərq olduğundan, iddiaçı tərəfindən təqdim olunan təhvil alma sənədlərindəki tarix əsas götürülməlidir.
45. Yük alan şirkət cavabdehə malın temperaturla əlaqədar xarab olmasını bildirmiş, bununla bağlı ekspert cəlb edilmiş və ekspert rəyi ilə bu hal təsdiq edilmişdir. Lakin işdə olan materiallardan görünür ki, daşıyıcı şirkət malı təhvil verdikdən 2-3 gün sonra malın xarab olması yük alan tərəfindən aşkar edilmiş və yük alan şirkət daşıyıcı şirkətə bu barədə məlumat verməmiş, birtərəfli qaydada ekspert cəlb edilib rəy əldə edilmiş, bunun əsasında yük alan şirkət cavabdehə pretenziya göndərmişdir. Cavabdeh bu barədə məlumatlı olsa da, nə daşıyıcı şirkətə, nə də iddiaçıya malın xarab olması və ekspertin dəvəti barədə məlumat vermiş, bu məsələ iddiaçı cavabdehdən muzdu tələb edəndən sonra qalxmış və e-mail yazışmalarında cavabdeh iddiaçıya malın xarab olmasını bildirmişdir. Buna baxmayaraq cavabdeh iddiaçıya qarşı iddia qaldırmamış, yalnız iddiaçı iddia qaldırdıqdan sonra qarşılıqlı iddia qaldırmışdır. Həmçinin indəyədək cavabdeh ("xxxx" MMC) yük alan şirkətin (“X5 İnvestment”) ona qarşı iddia qaldırmasına dair sübutu təqdim etməmişdir.
46. Kollegiya qeyd edilən işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı və ya daşıyıcı şirkətin məlumatı olmadan, nümayəndələrinin iştirakı olmadan əldə edilmiş ekspert rəyi, yük alanın məktubu mötəbər sübut hesab edilə bilməz.
47. Bundan başqa iddiaçı bildirmişdir ki, iddiaçı hər iki yük maşınlarının qoşqusunda olan temperatur məlumatlarını təqdim etsə də, cavabdeh tərəfindən əlavə olaraq qoşquların ön və arxa hissələrində qoyulmuş temperaturu ölçən cihazların məlumatları iddiaçıya və məhkəməyə təqdim edilməmişdir. Halbuki iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş yükü qəbul edən şirkətin malları təhvil alarkən təqdim etdiyi tempratur göstəricilərinə dair sənədlərdə həmin cihazların göstəricisinin fotoları cavabdehin tempraturla bağlı gətirdiyi dəlillərin tutarlı olmadığı qənaətinə gəlməyə əsas verir.
48. Kollegiya hesab edir ki, cavabdehin marşurut boyunca temperatura sözügedən cihazlarla nəzarət imkanın olduğu və tempraturun dəyişməsi halında iddiaçıya bununla bağlı irad bildirməməsi, mallar çatdırılıb təhvil verildikdən sonra da daşıyıcıya məlumat vermədən birtərəfli qaydada malın xarab olması barədə rəy əldə etməsi və özünün yerləşdirdiyi cihazların temperatur barədə məlumatlarını iddiaçıya, məhkəməyə təqdim etməməsi cavabdehin zərərlə bağlı hala istinad etməkdə məqsədinin iddiaçıya ödənişdən yayınması üçün əsas yaratmaq olmuşdur.
49. Cavabdeh soyuducu maşında temperaturun -4, -5, -1 dərəcədə olmasını bildirsə də, iddiaçı tərəfindən təqdim edilən məlumatlarda yalnız müsbət dərəcələr qeyd edilmişdir. Yalnız bəzi dəqiqələrdə -0.1 dərəcələr qeyd edilmişdir. Ona görə iddiaçı 132755 nömrəli CMR Beynəlxalq qaimədə qeyd olunan +2, +4 temperatura riayət etmişdir. Şikayətin bu dəlili də iş materialları ilə təkzib edilir.
50. Göründüyü kimi qarşılıqlı iddiaya əlavə edilən sübutlar mötəbər olmadığına görə qarşılıqlı iddia əsaslı olaraq məhkəmə tərəfindən təmin edilməmişdir. Eyni zamanda ilkin iddia əsaslı olduğu üçün məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olaraq qismən təmin edilmişdir.
51. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
52. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5116/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.