Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-305/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-477/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı fərdi sahibkar İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, qanunsuz olaraq hesablanmış 1321,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xaiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən obyektdə (rəqs zalı) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İş üzrə Cavabdeh əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan **********00017 saylı abonent kodu üzrə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx xxxx 2018-ci il tarixli akt tərtib edilmiş, həmin aktın nöqsan qrafasında “obyektə baxış keçirən zaman sayğacın çıxış hissəsinin plastmas hissəsi kənar təsir nəticəsində deşilmişdir”qeydi aparılmışdır. Həmçinin həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesablanması komissiya tərəfindən xx xxxx 2018-ci il tarixdə 1321.50 manat borc hesablamışdır. Cavabdeh təşkilat belə nəticəyə gələrkən və qaz itkisini hesablayarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının rəyini əldə etməmişdir. Sayğac yoxlanılan zaman istehlakçı və ya onun nümayəndəsi araşdırmaya cəlb edilməmiş, mövqeyini bildirməsinə imkan yaradılmamışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-477/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı fərdi sahibkarlıqla məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilərkən obyektdə qaz sayğacının çıxış hissəsinin plastmas hissəsinin kənar təsir nəticəsində deşilməsi aşkar edilmişdir. Bu barədə akt tərtib edilərək dəymiş zərərin hesablanması tələb edilmişdir. Birliyin daimi fəaliyyət göstərən komissiyası tərəfindən itirilmiş qaza görə 8195 m3 qaz sərfiyyatı hesablanaraq abonentin hesabına daxil edilmişdi. Qaz sayğacının iddiaçıya məxsus olması və həmin qaz sayğacına müdaxilə edilməsi bir başa iddiaçının maraq dairəsindədir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, lazımı qaydada xəbərdar edilsələr də tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-477/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçı fərdi sahibkarlığla məşğul olduğu qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacının çıxış hissəsinin plastmas hissəsinin kənar təsir nəticəsində deşilməsi əsas göstərilməklə sayğac yenisi ilə əvəz edilmiş, dəymiş ziyanın hesablanması tələb edilmişdir. Qeyd edilən akta əsasən Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının üzvləri Cavid Abbasov, Abbas Rüstəmov, Rəşad Abbasov və Orxan Cabbarlı tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx xxxx 2018-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 32 gün, qış ayları üçün orta günlük iş rejimi 20 saat və hesabat müddəti 148 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 8195 m3 qaz sərfiyyatı hesablanaraq 1321,50 manatın ödənilməsi tələb edilmişdir. Məhkəmə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyini nəticəni qanuni və əsaslı hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin həyata keçirdiyi yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığı üçün hüquqi nəticəsi olmadığından həmin yoxlama nəticəsində tərtib edilmiş akt əsasında iddiaçıdan borc tələb edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-477/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-477/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-305/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-305/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver