Məhkəmə qərarları › İş №2-2(103)-305/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-305/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-305/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 17.11.2021-ci il tarixli 2-2(113)-1470/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus FİAT DOBLO markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi zamanı əzilməsi nəticəsində iddiaçı dəymiş zərər 996 manat məbləğində vəsaitin, nümayəndəyə göstərdiyi yardıma görə 300 manat məbləğində xərcin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 22.09.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdehin şirkətində sığortalanmış BMW markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus olan FİAT DOBLO minik ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmaqla mane edərək yol nəqliyyat hadisəsi törətmişdir. Bunun nəticəsində iddiaçının avtomobilinə ciddi zərər dəymişdir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, BMW markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edən şəxs Elman Quliyev olmuş, həmin avtomobil cavabdeh şirkətində sığortalanmış və avtomobilə sığorta şəhadətnaməsi verilmişdir. Hadisə zaman baş verən bütün sənədlər DYPİ YNH inspektoru inspektoru Anar Rəsulov tərəfindən cavabdehə göndərilmişdir. DYPİ YNH inspektoru Anar Rəsulov tərəfindən Elman Quliyev yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs kimi bilinərək onu barəsində 05.10.2020-ci il tarixli TP ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərar qəbul etmişdir. İddiaçı cavabdehə müraciət edərək yol nəqliyyat hadisəsi zamanı qəza törətmiş BMW markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin təqsiri nəticəsində dəymiş zərərin- 991,20 manatın iddiaçıya ödənilməsi xahiş etmişdir. Cavabdeh isə yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin 350 manat məbləğində qiymətləndirildiyini qeyd edərək həmin məbləğin sığorta ödənişinin həyata keçirilməsinin mümkün olduğunu bildirmişdir. Hesab edirlər ki, cavabdehin ödəniş etmək istədiyi 350 manat həddindən artıq azdır və real zərəri əks etdirmir. Belə ki, qeyd etmək istəyirlər ki, iddiaçıya məxsus olan FİAT DOBLO minik ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış ili 2019cu ildir. Həmin avtomobili iddiaçı yeni almışdır və istifadə etdiyi müddət ərzində heç bir yol nəqliyyat hadisəsi törədilməmişdir. Avtomobil yeni olduğundan iddiaçı cavabdehə avtomobilin arxa qapasını tamamilə dəyişdirilərək yenisi ilə əvəz edilməsi bildirmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan və avtomobilin yararsız vəziyyətdə uzun müddət qalması onun sahibkarlıq fəaliyyətinə təsir etmişdir. "xxxx" MMC tərəfindən yol nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilin sırıdan çıxan arxa qapısı yenisi ilə dəyişdirilmişdir. Bunun nəticəsində iddiaçı "xxxx" MMC-yə 991,20 manat vəsait ödəmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q- 20 №-li qərarı ilə təsdiq edilmiş fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydalarının 40.1.2-ci maddəsinə əsasən avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta hadisəsi baş verdikdə üçüncü şəxsin əmlakına dəyən birbaşa zərərin əvəzi əmlak qismən zədələndikdə həmin əmlakın sığorta hadisəsindən dərhal əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan xərc məbləğində ödənilir. Bakı Kommersiya Məhkəməsinin 17.11.2021-ci il tarixli 2-2(113)-1470/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, FİAT DOBLO markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş 991,20 manatın, hüquqi yardıma görə çəkilmiş 300 manatın və dövlət rüsumu kimi ödənilmiş 29,85 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 100 manat məbləğində pulun 99,51 manatının "xxxx" ASC-dən, 0,49 manatının isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC apelyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 17.11.2021-ci il tarixli 2-2(113)-1470/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 925.3-cü maddəsi pozulmuş, düzgün tətbiq olunmamışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 24.1.4-cü maddəsinə əsasən, müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək, zərərçəkənin hüquqlarına aid edilmişdir. Zərərçəkən (iddiaçı) isə Mülki Məcəllə və “İcbari sığortalar haqqında” qanunla təsbit edilmiş hüquqlardan istifadə edilmədən, yəni, sığortaçı tərəfindən aparılmış qiymətləndirmə məbləği ilə razı olmadığı təqdirdə, müstəqil ekspertin təyin edilməsini tələb etmədən və belə ekspertizanın keçirilməsindən sığortaçının imtinasını almadan bilavasitə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı, yalnız iddia etdiyi hüquqlarının pozulmasını sübut etməklə həmin iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. İddia tələbindən belə çıxır ki, icbari sığorta üzrə istənilən zərərçəkmiş şəxs qanunla və Mülki Məcəllə ilə təsbit edilmiş hüquqların həyata keçirilməsinə cəhd belə etmədən birbaşa məhkəməyə müraciət edərək, özünün təyin etdiyi və ya digər qərəzli rəyə istinad etməklə, həqiqi zərər məbləğindən dəfələrlə çox pul tələb edə bilər. Sığortaçı ilə razılaşdırmadan və onun iştirakını təmin etmədən özünün təyin etdiyi qiymətləndirmə rəyinə istinad edilməsi də əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli Qərarı pozulmuş, düzgün tətbiq olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları”nın 1.6 bəndinə əsasən, qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir. Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin tərtib etdiyi Standartlarının Standart 1. (Bazar qiyməti qiymətləndirmənin əsas kimi) bölməsində göstərilir ki, əmlakın qiymətləndirilməsi üçün ən effektiv metod bazar qiymətidir ki, bu da bir neçə ünsürdən – satışların müqayisəsi, kapitallaşdırılmış gəlir və xərclər metodunun tətbiqini ehtivaedir. Göründüyü kimi əmlakın bazar qiymətinin müəyyən olunmasının ən effektiv və dəqiq metodu analoji əmlakların (işlərin, xidmətlərin) satış qiymətlərin müqayisəsidir. Məhkəmə nəzərə almamışdır ki, rəyinə istinad edərək qətnamə qəbul etdiyi ekspert hər hansı satışların (xidmətlərin) müqayisəsini aparmadan, yalnız "xxxx" MMC-nin açıq-aşkar şişirdilmiş qiymətlərini əsas götürməklə, rəy vermişdir ki, bu da AzərbaycanRespublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalarla açıq-aşkar ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən MPM-nin 103.1., 121.1., 217, 218.1. -ci maddələri pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə onun üçün məcburi olmayan və "xxxx" MMC-nin açıq-aşkar şişirdilmiş qiymətlərini əks etdirən ekspert rəyini əlavə araşdırma etmədən qətnaməyə olduğu kimi köçürmüşdür ki, bununla da cavabdehin hüquqları kobud surətdə pozulmuşdur. İşə baxılması 16.03.2022-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 17.11.2021-ci il tarixli 2-2(113)-1470/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq edilən sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 22.09.2020-ci il tarixində yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən icbari sığorta olunan və X1 idarə etdiyi BMW markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə məxsus olan FİAT DOBLO minik ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. İş materiallarında olan 10 dekabr 2020-ci il tarixli 05/01-1352 nömrəli "xxxx" ASC-nin məktubdan görünür ki, FİAT DOBLO minik ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər şirkət tərəfindən 350 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli 9/5030 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, FİAT DOBLO minik ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 996 manat təşkil edir. Ekspertiza xərci 100 manat təşkil edir. İş materiallarında olan EBAQ seriyalı 646354 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC FİAT DOBLO minik ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri ilə bağlı İddiaçı MMC-dən 991,20 manat pul tələb etmişdir. İş materiallarında olan “Unibank” KB-nın çıxarışından görünür ki, EBAV seriyalı 615173 nömrəli elektron qaiməyə əsasən 300 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Həmin Məcəllənin 20.3. -ci maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, avtomobilə dəymiş zərərin məbləği 991,20 manat kimi müəyyən edilməlidir. Belə ki, İddiaçı MMC tərəfindən zədələnmiş FİAT DOBLO minik ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil təmir edilməsi üçün "xxxx" MMC-də təhvil verilmiş və həmin cəmiyyət tərəfindən avtomobil təmir ediləndən sonra 991,20 manat məbləğində çəkilən xərc ilə bağlı EBAQ seriyalı 646354 nömrəli elektron qaimə İddiaçı MMC-yə təqdim edilmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi “İcbari sığortalar haqqında” AzərbaycanRespublikası qanununun 24.1.4-cü maddəsində qeyd olunan hal zərərçəkənin vəzifəsi kimi yox, hüququ kimi nəzərdə tutulduğundan bu hüquqdan istifadə edilməməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bundan başqa dəymiş zərərin ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən aşağı olması barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün hər hansı əsas yoxdur. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 17.11.2021-ci il tarixli 2-2(113)-1470/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 17.11.2021-ci il tarixli 2-2(113)-1470/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar