Məhkəmə qərarları › İş №2-2(103)-305/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-305/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-305/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “X3 Kompleksi” MMC-nin cavabdeh Hasanov Magir Başir oğluna qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, Zamin Vəliyəddin oğlu İbrahimovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdeh Hasanov Magir Başir oğlunun iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-6568/2024 saylı qətnaməsindən iddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. “X3 Kompleksi” MMC ilə Hasanov Magir Başir oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 165 saylı müqavilənin:

2. 1-ci bəndinə əsasən fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 40.0 ha torpaq sahəsində pambıq əkib alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürür. -2.1.1-ci bəndinə əsasən fermer mülkiyyətində olan və ya icarə müqaviləsi əsasında istifadə etdiyi 40.0 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal edib alıcının mülkiyyətinə verir. -2.1.7-ci bəndinə əsasən fermer alıcıya məxsus texnikalarla görülmüş şum, mala, disk, arx, kultivasiya, dərmanlama və. s fermerə göstərilən xidmətlərin, toxumluq çiyidin, zəhərli kimyəvi preparatların, gübrənin dəyərini, həmçinin nəğdsiz qaydada götürülən vəsaitin məbləğini istehsal etdiyi xam-pambıqla müqavilədə göstərilmiş tarixədək tam ödəyir. -5.2-ci bəndinə əsasən fermer üzərinə götürdüyü öhdəlikdən az miqdarda xampambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığın dəyərinin 20%-i həcmində (xam pambığın 1-ci nov qiyməti ilə) cərimə ödəyir. -7.3-cü bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədir.

3. Hasanov Magir Başir oğlunun xx.xx.2021-ci il tarixli yazılı izahatında xx.xx.2020ci il tarixli, 165 saylı xam-pambığın alğı-satqı müqaviləsinin bağlandığını və 31429,20 manat məbləğində vəsaitin xərcləndiyini bildirmişdir. O, həmçinin, xərclənən vəsaitin 9309,44 manat hissəsini ödədiyini, 22.129,76 manat borcun isə suvarma suyunun vaxtında olmaması səbəbindən ödəmədiyini öz imzası ilə təsdiq etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

1. İddiaçı “X3 Kompleksi” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borca görə 22119,76 manat, hesablanmış cərimə borcuna görə 4423,95 manat və ödənilmiş dövlət rüsumuna görə 169,63 manat olmaqla cəmi 26.713,34 manat pulun cavabdehdən alınaraq “X3 Kompleksi” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, alıcı qismində “X3 Kompleksi” MMC, tədarükçü qismində “X3 Kompleksi” MMC-nin “X4 və Tədarükü Məntəqəsi” filialı və fermer (Hasanov Magir Başir oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 165 saylı xampambığın alğı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan 40,00 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya yəni alıcıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 31429,20 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh üzərinə götürmüş öhdəliyi tam şəkildə icra etməmişdir. Beləliklə, cavabdeh tərəfindən 2020-ci il mövsümü üzrə xx.xx.2020-ci il tarixli, 165 saylı müqavilənin 2.1.1, 2.1.7 və 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 22119,76 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 4423,95 manat təşkil edir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin elektron kargüzarlıq sistemi üzərindən cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.

3. Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh iddia müddəti keçdiyi üçün iddia müddətinin tətbiq edilməsi və xx.xx.2020 tarixli 165 saylı müqavilə üzrə qaldırılan iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçının nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəyə dair təqdim etdiyi etirazı onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərə diqqət etdikdə görmək olur ki, iddia ərizəsi Suraxanı Rayon Məhkəməsinə təqdim edilən tarixdə iddia müddəti bitməmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş və iş materiallarına əlavə edilən izahatdan görünür ki, xx.xx.2021-ci il tarixində cavabdeh borcunu etiraf etmişdir. AR Mülki Məcəlləsinin 380-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il qərarına əsasən, borclunun kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi borcun etirafı halı hesab olunur. Bu isə o deməkdir ki, iddia müddətinin axımı xx.xx.2021-ci il tarixində yenidən hesablanmağa başlamışdır. İddiaçı xx.xx.2023-cü il tarixində qeyd olunan iddia tələbi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmiş, İmişli Rayon Məhkəməsi isə xx.xx.2024-cü il qərardadı ilə işi geri qaytarmış və bu qərardadı xx.xx.2024-cü il tarixində göndərmişdir. AR Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən isə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Beləliklə də, aydın olur ki, iddia müddəti buraxılmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(113)-6568/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanmış, pambığın alışı üçün cavabdehə avans olaraq pul verilmiş, lakin cavabdehin həmin pul müqabilində mallar tam verilməmiş və nəticədə cavabdehin iddiaçıya 22.119,76 manat borcu qalmışdır. Buna görə də iddiaçının bu cür tələb irəli sürmək üçün əsaslar mövcüd olmuşdur. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymamışdır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu və həmin müddətin keçdiyini bildirmişdir. İddiа müddəti keçdiyi üçün iddia təmin edilməməli və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğunu qeyd etmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış “2020-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” 165 saylı müqavilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixinə kimi qüvvədə olmuşdur. Müqavilədən irəli gələn tələb üzrə isə iddia müddətinin axımı xx.xx.2024-cü il tarixində başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə (Suraxanı Rayon Məhkəməsi) müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh xx.xx.2021-ci tarixində Mülki Məcəllənin 380.1-ci maddəsində göstərilən etirafedici hərəkət edərək 22.119,76 manat borcun olmasını yazılı qaydada etiraf etmişdir (izahat adlı cavabdehin əlyazması). Lakin, həmin tarixdən iddia müddəti hesablandığı halda belə, yenə də müəyyən olunur ki, iddia müddətinin axımı xx.xx.2024-ci il tarixində başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə (Suraxanı Rayon Məhkəməsi) müraciət etmişdir. Beləliklə, həm müqavilə müddətinin qüvvədə olduğu son tarixdən, həm cavabdehin yazılı etiraf ərizəsi tarixindən hesabladıqda iddia müddətinin axımı (hər iki halda) bitmiş olur. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsinə etirazını (İddiaçı xx.xx.2023-cü il tarixində qeyd olunan iddia tələbi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmiş, İmişli Rayon Məhkəməsi isə xx.xx.2024-cü il qərardadı ilə işi geri qaytarmış və bu qərardadı xx.xx.2024-cü il tarixində göndərmişdir) tamamilə əsassız hesab etmişdir. Belə ki, iddiaçı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etsə də, öz ərizəsi əsasında məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin iddia geri qaytarılmışdır. Və həmin qərardad tarixindən iddia müddətinin bitməsinə iki aya yaxın müddət qalmasına baxmayaraq, iddiaçı həmin müddəti ötürərək yenidən iddia ilə yalnız xx.xx.2024-cü il tarixində məhəməyə müraciət etmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir.

7. İddiaçı “X3 Kompleksi” MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6568/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin axımı xx.xx.2021-ci il tarixində yenilənmişdir. Belə ki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni iş məhkəmə tərəfindən baxılmamış saxlanılarsa, tərəfin məhkəməyə müraciət etdiyi tarixdən işin baxılmamış saxlanılması haqqında məhkəmə qərardadının verildiyi tarixədək olan müddət iddia tələbinin məhkəmədə qaldırılması üçün müəyyən edilən iddia müddətinə daxil deyildir. Həmin Məcəllənin 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 380.1.-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2.-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qanunvericiliyin bu müddəasından görünür ki, iş İmişli Rayon Məhkəməsinin icraatında olduğu müddətdə eyni əsaslarla eyni predmet barəsində Suraxanı Rayon Məhkəməsinə və ya Bakı Kommersiya Məhkəməsinə müraciət etməkləri mümkünsüz idi, belə ki, məhkəmə iddialarının qəbulundan imtina edəcəkdi. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 381.1-ci maddəsi iddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı məsələsini tənzimlədiyi halda adıçəkilən maddənin işin hallarına tətbiqindən yayınmışdır. Məhkəmə işin digər məhkəmənin icraatında olan müddətdə iddia müddətinin axınının dayandırılmış hesab etməməklə yanlış nəticəyə gəlmişdir, belə ki, məhkəmə nəzərə almamışdır ki, eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla bir məhkəmənin icraatında iş olduğu təqdirdə, digər məhkəmədə eyni iddianın qəbul edilməsi yolverilməzdir. Müddətin ötürülməməsinə dair birinci instansiya məhkəməsinə təqdim etdikləri sənədlər qətnamə qəbul edilən zaman yetərsiz hesab edildiyindən, işin digər məhkəmənin icraatında olmasına dair sübutlar apellyasiya şikayətinə əlavə edilir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

12. Mülki Məcəllənin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. -377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. -380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. -752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

13. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

14. “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

2. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “X3 Kompleksi” MMC ilə cavabdeh Hasanov Magir Başir oğlu aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 165 saylı nömrəli müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra edərək cavabdehə pambıq əkilməsi üçün zəruri mallar təqdim etmiş, xidmətlər göstərmiş (şumlama, mala çəkmə və s.) və avans olaraq pul vəsaiti ödəmiş, cavabdeh isə bunun müqabilində razılaşdırılmış həcmdə xam pambığı iddiaçı təqdim etməmiş, nəticədə iddiaçıya 22.119,76 manat məbləğində borcu yaranmışdır.

19. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqısatqı, xidmət və podrat müqaviləsinin elementlərini birləşdirən qarışıq müqavilədir. Odur ki, həmin müqavilədən irəli gələn hüquq münasibətlərinə müvafiq hissələrdə alqı-satqı müqaviləsini və analogiya üzrə xidmət müqaviləsinə yaxın olan podrat müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir.

20. Odur ki, hazırkı halda cavabdehin iddiaçıya mübahisəli müqavilə üzrə təqdim edilmiş mallara, göstərilmiş xidmətlərə görə 22.119,76 manat məbləğində borcunun yaranması iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı Mülki Məcəllənin 567 və 752.1-ci maddələrinə əsasən həmin borcun cavabdehdən tutulmasını tələb etmək hüququna malikdir.

21. Digər tərəfdən iş materiallarından o da görünür ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Həmin ərizəyə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh xx.xx.2021-ci tarixində mübahisəli müqavilə üzrə 22.119,76 manat borcun olmasını yazılı qaydada etiraf etdiyindən (izahat adlı cavabdehin əlyazması) Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən iddia müddətinin axımı kəsilmiş və xx.xx.2021-ci il tarixdən yenidən başlamışdır. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə müraciət edərkən Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilə tələbləi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmışdır.

22. Bundan əlavə əsas borc üzrə iddia müddəti keçdiyindən Mülki Məcəllənin 376cı maddəsinin tələblərinə uyğun olaraq həmin tələbdən irəli gələn əlavə tələb olan dəbbə pulu tutulması tələbi üzrə də iddia müddəti keçmişdir.

23. İddia müddəti ərzində eyni iddia ilə İmişli Rayon Məhkəməsinə müraciət etməsi və belə olan halda iddia müddətinin buraxılmaması barədə iddiaçının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 380.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı tərəfindən “müəyyənləşdirilmiş qaydada” iddia irəli sürülməsi iddia müddətinin kəsilməsinə səbəb olan hərəkət kimi nəzərə alınır. Bu halda işə baxıldığı bütün müddət üzrə iddia müddətinin hesablanmasında fasilə yaranır və mübahisəni mahiyyəti üzrə həll edən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər yeni müddətin hesablanması başlanmır.

24. Bununla bağlı kollegiya hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən məhkəmə aidiyyəti qaydalarını pozmaqla İmişli rayon Məhkəməsində iddia qaldırıldığından həmin faktın “müəyyənləşdirilmiş qaydada” iddia irəli sürülməsi kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

25. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı “X3 Kompleksi” MMC-nin iddiası iddia müddətinin buraxılması əsası ilə rədd edilməlidir.

26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6568/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Zamin İbrahimov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar