Məhkəmə qərarları › İş №2-2(103)-307/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-307/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-307/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı firmasının cavabdeh “xxxx” MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun, cərimənin, hüquqi xidmət xərcinin tutulması barədə iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2283/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Aytən Əliyeva) hər iki tərəfin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı firması cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 31/f nömrəli, xx xxx 2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış 7260 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 619 manat pulun, 38478 manat məbləğində hesablanmış cərimənin, dövlət rüsumu kimi ödənilmiş 30 manat və hüquqi xidmətə görə ödənilmiş 210 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 31/f nömrəli, xx xxx 2018- ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə taxta və fanera (bundan sonra malı) Alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib, dəyərini 5 iş günü ərzində ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, alıcı bu müqavilə ilə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə gecikdirdiyi hər bir gün üçün malın dəyərinin 1 %-i həcmində dəbbə pulu ödəyəcəkdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş mal göndəriləndə təhvil-təslim (qaimə faktura) tərtib edilir və orada malın adı, nominal, diametr, cəmi miqdarının qiyməti göstərilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 ay ərzində həyata keçməlidir. Müqavilə satıcı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında imzalanmış 415.597 saylı, xx.xx.2018-ci il tarixli elektron qaimə əsasında alıcıya təhvil verilmiş, bu məqsədlə elekron qaimə təqdim edilmiş və həmin elektron qaimə Alıcı tərəfindən təsdiq edilmişdir. Alıcı tərəfindən təhvil verilmiş malların dəyərindən yalnız 6000 manat pul və onun ƏDV-si ödənilmişdir. Qalan məbləğ, yəni 7260 manat və müqaviləyə əsasən əlavə geciktirilən günlərə görə əlavə 1% nəzərə alınaraq 38.478 hal-hazıradək Cavabdeh MMC tərəfindən İddiaçı firmasına ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə xx xxxx 2020-ci il tarixli pretenziya məktubu göndərilərək 45738 manat borcun ödənilməsi tələb edilmişdir. Müqavilənin 2.3- cü bəndinə əsasən, 7260 x 1% x 741 gün = 38.478 manat da dəbbə pulu cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Cavabdeh MMCbu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş, pretenziya məktubuna cavab verməmişdir. Əlavə olaraq qeyd edilir ki, məhkəməyə müraciət etmək üçün hüquqi xidmətə ehtiyac yaranmış və hüquqi xidmətlərin göstərilməsi üçün 210 manat ödəniş etmişdir. AR MPM-nin 121.1-ci maddəsi rəhbər tutularaq hüquqi xidmət üçün ödənilmiş 210 manat pul məbləği də cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş olunur. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2283/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” MMC-dən 7260 (yeddi min iki yüz altmış) manat əsas borc üzrə, 384 (uç yüz səksən dörd) manat cərimə məbləğinin, hüquqi xidmətə görə ödənilmiş vəsaitin əvəzi 210 (iki yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı firmasının hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə iddiaçının cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olduğunu göstərsə də, cəmi 384 manat cərimə məbləği tutmaqla, çox az məbləğdə pul tutmuşdur. İşin faktiki halları ondan ibarətdir ki, uzun müddət borc məbləği ödənilmədiyi üçün tələb olunan məbləğ müqaviləyə uyğun olaraq hesablanmışdır. Bundan başqa məhkəmə ümumiyyətlə ƏDV və iddiaçının kredit borclarını nəzərə almamışdır. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli 31/f nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə satılmış taxta və fanerin cavabdehə təhvil verilib-verilməməsi faktını araşdırmamış və yalnız iş üzrə iddiaçının təqdim etdiyi xx xxx 2018-ci il tarixli elektron qaimə-fakturanın olması ilə kifayətlənmişdir. Halbuki elektron qaimə-fakturanın verilməsi həmin müqavilə üzrə malların həqiqətən cavabdehə çatdırılması faktını təsdiq etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadə Qaydaları”nın 2.6-cı bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “əsas” rekvizitində öz əksini tapır. Həmçinin Qaydaların 2.2-ci bəndinə əsasən elektron qaimə-fakturanın “əsas bölməsində daxil edilməli məlumatlar sırasına qaimələr, müqavilələr, təhvil-təslim aktları öz əksini tapmalıdır. Bu bəndlərin məzmunundan göründüyü kimi, elektron qaimə-fakturanın özü malların təhvil verilməsi barədə məlumatları göstərən sənədlərə əsaslanır və bu sənəd təhvil-təslim aktı qismində çıxış etmir. Digər tərəfdən alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilməliydi. Belə ki, həmin müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş mal göndəriləndə təhvil-təslim aktı (qaimə-faktura) tərtib edilməlidir. İndiki halda alqı-satqı müqaviləsi üzrə heç bir təhvil-təslim aktı olmamışdır və bu fakt öz növbəsində cavabdehə taxta-fanerin verilmədiyini göstərir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, sonradan xx.xx.2021-ci il tarixə təxirə salınmış, cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 2283/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi cərimə tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 726 manat cərimə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı firması ilə Cavabdeh MMC arasında bağlanmış 31/f nömrəli, xx xxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı bu müqavilədə müəyyən olunmuş şərtlərlə taxta və fanera məhsulunu cavabdehə satmağı, cavabdeh malı qəbul edib, dəyərini 5 iş günü ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, alıcı bu müqavilə ilə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə gecikdirdiyi hər bir gün üçün malın dəyərinin 1 %-i həcmində dəbbə pulu ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli elektron qaiməyə əsasən cavabdeh “xxxx” MMC-yə ümumilikdə 15647,74 AZN məbləğində 1 adda (taxta 500 mm x 100 mm x 6000 mm) mal satılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli hesab fakturaya əsasən cavabdeh “xxxx” MMC-yə satılmış malın dəyərinin ödənilməsi üçün ümumilikdə 15647,74 AZN məbləğində (malın dəyəri 13260.80manat +2386.94 manat ƏDV) hesab faktura göndərilmişdir. İş materiallarında olan “YapıKrediBank” tərəfindən təsdiq edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən təhvil verilmiş malların dəyərindən xx.xx.2018-ci il tarixdə 6000 manat pul ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı firması xx.xx.2019-cu il tarixli pretenziya qaydasında məktubla “xxxx” MMC-yə müraciət edərək, müqavilənin şərtlərinə əsasən geciktirilən hər gün üçün 1% miqdarında dəbbə pulu ödənilməli olduğunu, həmçinin bu dövrdən bir il altı ay keçməsinə baxmayaraq verilmiş malların dəyəri ödənilmədiyi üçün vurulmuş ziyanın 45738 manat təşkil etdiyi bildirilmiş və 10 gün müddətində borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutları nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçının cavabdehə satdığı malın dəyərinin tam ödənilmədiyi və 7260 AZN (ƏDV-siz) məbləğində əsas borcu yarandığı müəyyən edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442, 448.1-ci maddələrinə əsasən iddia əsas borcun tutulması hissəsində tam təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsi üzrə qalıq borcu cavabdehdən tutulması hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı tərəfindən malın alıcıya təhvil verilməsi barədə öhdəliyinin icra edilməsinə dair işdə mötəbər sübutlar olmaması barədə cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Belə ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə malların dəyərindən 6000 manat ödəniş etməklə həmin malları təhvil aldığını aldığını təsdiq etmişdir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2018-ci il tarixli 416697 saylı elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmiş, həmin elektron-qaimənin ləğv edilməsi ilə bağlı iradə ifadəsi bildirməmişdir. Elektron qaimənin təsdiq edilməsi ilə cavabdehin həm əsas borcu, həm də onun ƏDV-nin ödənilməsi bağlı öhdəliyi yaranmışdır. Lakin iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən ƏDV-nin tutulması ilə bağlı tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğundan birinci instansiya məhkəməsinin cavabdehdən tutulmalı olan ƏDV-ni nəzərə almamaqla pozuntuya yol verdiyinə dair iddiaçının apelyasiya şikayətinin dəlili əsassız hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş, xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları”nın 1.2-ci bəndinə görə elektron qaiməfaktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş mal göndəriləndə təhvil-təslim (qaimə-faktura) tərtib edilir və orada malın adı, nominal, diametr, cəmi miqdarının qiyməti göstərilir. Göründüyü kimi, müqavilədə satıcı tərəfindən malın alıcıya təhvil verilməsi barədə ayrıca akt tərtib edilməli olduğu nəzərdə tutulmamış, malın təhvil-təsliminin qaimə-faktura ilə rəsmiləşdirilməli olduğu qeyd edilmişdir. İddiaçı iddia ərizəsində borcun gecikdirilməsinə görə 38.478 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüş, məhkəmə həmin məbləği azaldaraq 384 manat məbləğində (tələb olunan cərimə məbləğinin təxminən 1 % məbləğində) tutulması qənaətinə gəlmişdir. İddiaçı apelyasiya şikayətində məhkəmə tərəfindən cərimə məbləğinin az hesablandığını və həmin məbləğin artırılmasını xahiş etmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası MM-nin 467-ci maddəsində tənasüb müəyyənləşdirilərkən eyni zamanda kreditorun mənafeyinin nəzərə alınmalı olduğuna dair tələbini əsas tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyənləşdirilmiş dəbbə pulu məbləği az olduğundan qətnamə həmin hissədə dəyişdirilməli, cavabdehdən tutulmalı olan dəbbə pulu tələb olunan borc məbləğinin, yəni 7260 manatın 10%-i həddində, yəni 726 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşdəki ödəmə qəbzinə əsasən iddiaçı tərəfindən hüquqi xidmətə görə xx.xx.2020-ci il tarixdə 210 manat ödənildiyindən həmin məbləğin cavabdehdən tutulması hissəsində qətnamə qanuni və əsaslıdır. İddiaçı öhdəliyin icrasının gecikdirilməsi nəticəsində cavabdehdən 619 manat pul tutulmasını tələb etsə də, bu tələbin əsasları iddia ərizəsində qeyd edilməmiş, tələb edilən məbləğin hansı tarixdən və hansı müddət üçün hesablandığı göstərilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2283/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi cərimə tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 726 manat cərimə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməsin. İddiaçı firmasının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2283/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi cərimə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh “xxxx” MMC-dən İddiaçı firmasının xeyrinə 726 manat cərimə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar