Məhkəmə qərarları › İş №2-2(103)-307/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-307/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-307/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı X5 və onun, eyni zamanda üçüncü şəxs X12 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-25/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X13 Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-yə məxsus ana qaz xəttindən istixanaya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində əsassız hesablanmış 73663,34 manat borcun silinməsi, 175054,69 manat məbləğində maddi zərərin əvəzinin, 435000 manat məbləğində əldə çıxmış faydanın, 50000 manat məbləğində mənəvi zərər olmaqla ümumilikdə 654154,69 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X18 Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 73663,34 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-25/2021 saylı qətnaməsi ilə X5 Cavabdehnə qarşı borcun silinməsi və zərərin əvəzinin ödənilməsi barədə iddiasının qismən təmin edilməsi, 125780,69 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq X6 ödənilməsi, X5 iddiasının qalan hissədə rədd edilməsi, X12 Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasının təmin edilməsi, Cavabdeh tərəfindən X14 hesablanmış 73663,34 manat məbləğində borcun silinməsi, məhkəmə mühəndis-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 350 manat məbləğində pul vəsaitinin 283 manat məbləğində hissəsinin X3, 67 manat məbləğində hissəsinin Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı X13 apellyasiya şikayəti verərək, həmin qətnamənin dəyişdirilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçı X13 və onun, eyni zamanda üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi X17 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və hər iki iddianın qismən təmin edildiyini, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddiaçı X13 tərəfindən irəli sürülmüş maddi zərərin tutulması barədə tələblərin təmin edilməyən hissəsində və əldə çıxmış fayda ilə mənəvi zərərin əvəzinin tutulması barədə tələblərin rədd edilməsi hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, X1 fəaliyyətini həyata keçirmək məqsədilə 03 sentyabr 2018-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlayaraq mülkiyyət hüququ ilə X7 məxsus Salyan rayonu Qarabağlı kəndində yerləşən 3,5554 ha torpaq sahəsi üzərində inşa edilmiş 2,12 ha sahəsi olan istixana kompleksini 28 avqust 2018-ci il tarixində X18 ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən 1 illik müddətə icarəyə götürmüşdür. X18 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli AUX 1/3187 saylı təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı X5 iddia tələbləri onunla əsaslandırılmışdır ki, istixananın qaz təchizatında 15 noyabr 2018-ci il tarixdə, gecə saat 00:50 radələrində Cavabdeh İB-yə məxsus ana qaz xəttindən istixanaya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində ana xətlə onların xətti arasında yerləşən qaz tənzimləyici reduktoru sıradan çıxartmışdır. Bu qəza nəticəsində yüksək təzyiqli su qarışığı istilik qazanına daxil olaraq, qazanın farsunkasını bütövlükdə sıradan çıxartmış və qazan işini dayandırmışdır. Bundan başqa 12 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən istixanaya məxsus qaz xəttinə qazla birlikdə mayenin daxil olması səbəbindən TRZ G 400 markalı qaz sayğacının sıradan çıxması tam olaraq öz təsdiqini tapmışdır. Beləliklə də cavabdehin təqsirli hərəkətləri nəticəsində sıradan çıxmış TRZ G 400 markalı qaz sayğacının dəyəri olan 5900 manat dəyərində də ziyan dəymişdir. 15 noyabr 2018-ci il tarixdə yəni həmin gün saat 00:50 radələrindən 17 noyabr 2018-ci il tarixədək Cavabdeh İB-nin servis xidmətinə zəng edib qəza yerinə gəlmələrini xahiş edilmişdir. Məlumat verilməsinə baxmayaraq hadisədən 3 gün keçsə də, hadisə yerinə heç kim gəlməmiş, nəticədə 8 gün istixanada yerləşən qazanxananın işi dayandığı nəticəsində çox böyük zəhmətlə yetişdirilən kənd təsərrüfatı məhsulları soyuqdan tələf olmuşdur. Bununla da, təsərrüfata külli miqdarda zərər dəymişdir. Dəymiş ziyanın hesablanması üçün müstəqil auditor X8 ilə müqavilə bağlanaraq 22 noyabr 2018-ci il tarixində audit yoxlaması başlanmış və 15 fevral 2019-cu il tarixdə bitmişdir. 18/93-1 nömrəli audit aktı ilə qaz xəttinə suyun dolması nəticəsində istilikxana kompleksinə 221026,23 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. Dəymiş ziyanın ödənilməsi məqsədilə onun tərəfindən Cavabdeh İB-yə ərizə ilə müraciət olunaraq dəymiş ziyanın ödənilərək qaz təchizatının əvvəlki kimi saz vəziyyətə gətirilməsi xahiş olunmuş, əks təqdirdə bu barədə aidiyyatı məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh orqan məsələnin həlli istiqamətində heç bir addım atmadığından hazırda məhkəmə müdafiəsi hüququndan istifadə olunmasına zərurət yaranmışdır. Bundan başqa, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində əldə çıxmış fayda olaraq istehsal olunacaq pomidor məhsullarının satşından əldə olunacaq külli miqdarda gəlirdən məhrum olmuşdur. Belə ki, cavabdehin təqsirli hərəkəti 2018-ci ilin noyabr ayının 15-də baş vermiş və nəticədə əkilmiş şitillər tam yarasız olduğu üçün məhv olmuşdur. Bundan sonra yeni şitillərin əldə olunaraq əkilməsi təxminən 1 həftə ərzində baş vermiş, yəni növbəti şitillərin əkilməsi noyabr ayının 20-dən sonra həyata keçirilmişdir. Nəzərə alınsa ki, kənd təsərrüfatı məhsulu olaraq pomidor şitillərinin yüksək gəlirli olaraq əkilməsi hər sentyabr ayında həyata keçirilməlidir, ikinci əkinin noyabr ayının 20-dən sonra baş verməsi isə ən azı iki ay yarım sonra baş vermişdir ki, bu da gözlənilən gəlirin əldən çıxması ilə nəticələnmişdir. Sentyabr ayında əkilən şitili 2018-ci ilin dekabr ayında Rusiya Federasiyasına ixrac etmək istəmişdir ki, həmin vaxta da pomidorun qiyməti daxili bazarda da ən yüksək həddə olur. İki ay yarımdan sonra ikinci əkinin baş verməsi isə iddiaçını həm Rusiya bazarlarına ixrac etmək imkanından məhrum etmişdir. Eyni zamanda dekabr və yanvar ayında 4-5 manata satılacaq pomidoru mart-iyun aylarında orta hesabla 0,55 manata satılmış və nəticədə ona təxminən 435000 manat maddi ziyan dəymişdir. Belə ki, sentyabr ayından əkilən pomidorun ortalama satış qiymətini 3 manat və təqribən 1 manat maya dəyəri hesablanarsa ondan həmin ayda əkilən pomidorun 1 kq-dan əldə olunacaq xalis gəlir minimum halda 2 manat təşkil edir ki, istehsal oluncaq 300 ton pomidorun qazancı minimum 600000 manat olmalı idi. Noyabr ayında əkilmiş pomidorun 1 kq orta 0.55 manata satıdığından əldə olunan qazanc 165000 manat olmuşdur ki, 600000 manatdan çıxanda həmin məbləğ 435000 manat təşkil edir. Cavabdeh təşkilatın təqsirli hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərər isə heç bir məbləğdə pul vəsaiti ilə ölçülməsə də, ən azından emosional durumunun normallaşması üçün hesab edir ki, maddi ziyanla yanaşı 50000 manat dəyərində mənəvi zərər də cavabdehdən onun xeyrinə tutulmalıdır. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçıya məxsus borunun 3 metr hissəsi su kanalının içərisindən keçir və bu, qaz xəttinə su kütləsinin haradan daxil olduğunu göstərir. Qaz xəttinə su kütləsinin Cavabdeh İB-nin təqsiri üzündən dolması sübuta yetirilmir. Bundan başqa, sayğaca su kütləsi dolduğu halda həmin sayğac yararsız vəziyyətə düşməli idi. Lakin sayğac bundan sonra işləmişdir. Qaz borcunun 2018 və 2019-cu illərdə fərqin yaranması ilə istixanada yeni qurğuların quraşdırılması ilə bağlı da ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, maddi zərərin tutulması barədə tələblərin hazırda baxılan hissəsi əsaslıdır. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki işdə də bu əsaslar müəyyən edilir. Belə ki, Cavabdeh İB-nin Salyan RQİİ-nin 12 dekabr 2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Salyan rayonu, Qaradağlı kəndində yerləşən istixananın qaz təchizatında yaranmış problemlə əlaqədar araşdırma aparılıb yerində baxılaraq müəssisənin qaz xəttində qaz ilə birgə maye axıntısı müşahidə olunmuşdur. Məsələnin daha ətraflı araşdırılması ilə bağlı Cavabdeh İB-nin mütəxəssisləri ilə birgə yerində mövcud qaz şəbəkəsinə və qaz qəbul məntəqəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, şəbəkəyə hazırkı vəziyyətdə qəbul olunan qaz səmt qazıdır və tərkibində maye axıntısı mövcuddur. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X9 filialının məktubunda da qeyd olunan xüsusat əksini tapmışdır. Birinci instansiya məhkəməsində keçirilmiş kompleks tikinti və mühəndis-texniki ekspertizasının 24 iyun 2020-ci il tarixli, 10/283 saylı ekspert rəyi və mühəndis-texniki ekspertizasının 12 aprel 2021-ci il tarixli 10/3358 saylı ekspert rəyləri də təsdiq olunmuşdur ki, X5 istifadəsində olan istixanaya çəkilmiş diametri 110 (115) mm olan qaz kəmərinə qaz ilə birlikdə su (maye) kütləsi sayğaca daxil olmuşdur. Ən əsası isə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış və ondan apellyasiya şikayəti verməmişdir. Apellyasiya baxışında keçirilən məhkəmə iclasında da cavabdehin nümayəndəsi zərərin Cavabdeh İB-nin təqsiri üzündən dəydiyini etiraf etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün zəruri olan bütün şərtlər mövcüddur. Çünki iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməklə iddiaçının istinad etdiyi halların, yəni cavabdehin təqsirli və qanunsuz hərəkətləri nəticəsində onun istifadəsində olan istixanaya çəkilmiş qaz kəmərinə qaz ilə birlikdə su (maye) kütləsinin sayğaca daxil olması, bunun nəticəsində avadanlıqların yararsız hala düşməsi, istixananın fəaliyyətinin pozulması və əkilmiş pomidor şitillərinin yararsız hala düşməsi hallarını təsdiq etmişdir. Hazırda apellyasiya baxışının predmeti olan iddiaçının tələb etdiyi və birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyən real zərər iki hissədən ibarətdir: 1) 19 noyabr 2018-ci il tarixli, 18 №-li müqaviləyə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-dən əldə etdiyi hər birinin dəyəri 0,48 manat olan 50000 ədəd pomidor şitili üçün ödənilmiş 24000 manat məbləğində pul vəsaitinin; 2) işçilərin əmək haqqına görə sərf olunan 25274 manat məbləğində pul vəsaitinin ödənilməsi. Birinci ilə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, hadisənin 15 noyabr 2018-ci ildə baş verdiyi və istilikxanada nasazlıq olduğu halda niyə 19 noyabr 2018-ci il tarixdə müqavilə bağlanılırdı və 22 noyabr 2018-ci il tarixdə şitil alınırdı? Yəni, 19 noyabr 2018-ci il tarixli, 18№-li müqaviləyə əsasən alınmış şitillər hadisənin baş verdiyi tarixdən sonra alınmışdır, tələf olduğu təqdirdə belə hadisənin baş verməsi ilə səbəbli əlaqə mövcud deyildir və buna görə iddia həmin hissədə (24000 manat) rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, bu hissədə məhkəmə işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, 15 noyabr 2018-ci il tarixdə iddiaçının istifadəsində olan istixanaya çəkilmiş qaz kəmərinə qaz ilə birlikdə su (maye) kütləsinin sayğaca daxil olması və bunun nəticəsində istilikxananın fəaliyyətinin pozulması və əkilmiş pomidor şitillərinin yararsız hala düşməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda isə hadisədən sonra iddiaçı tərəfindən yenidən şitillərin alınması məhz hadisə ilə bağlı yararsız hala düşmüş şitillərin yenisi ilə əvəz edilməsi ilə bağlı olub və bu da onun zərərə uğraması anlamına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin zərərin ödənilməsini də tələb etməkdə haqlıdır. İkinci ilə bağlı isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tələbin bu hissədə təmin olunması üçün məhkəməyə rael zərərin mövcudluğunu təsdiq edən sübut olaraq əmək haqlarının ödənilməsini təsdiq edən sübut təqdim olunmalı, sonradan digər xüsusatlar araşdırılmalı idi. İddianın bu hissəsi ilə bağlı əvvəllər keçirilmiş məhkəmə iclaslarında şahidlər dindirilsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbi baxımından şahid ifadəsi əmək haqqının ödənilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə də razılaşmır. Belə ki, iddiaçının bildirdiyinə görə mövsümi işlərin görülməsi üçün günəmuzd fəhlələrdən istifadə olunur və həmin şəxslərlə əmək müqaviləsi bağlanılmır. Məhkəmə kollegiyası iddiaçının izahatını ağlabatan və inandırıcı hesab edir. Çünki həqiqətən də istixanalarda şitillərin əkilməsi və sonradan məhsulun yığılması il boyu deyil, müəyyən mövsümlərdə həyata keçirilir. Ona görə də, bu işlərə günəmuzd işçilərin cəlb edilməsi iqtisadi baxımdan daha əlverişlidir. Həmçinin nəzərə alınır ki, günəmuzd işçilər həmin işləri gördüyü vaxt faktiki olaraq podrat işlərini yerinə yetirirlər. Mülki Məcəllənin podratla bağlı müddəalarında isə podrat müqaviləsinin yazılı qaydada bağlanmasını müəyyən edən müddəa mövcüd deyil və bu növ müqavilələr şifahi qaydada da bağlanıla bilər. Eyni zamanda, hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli 9/2888 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə məhkəmə-mühasibat ekspertizasının predmetinə aid olan əmək haqqının və DSMF ödənişlərinin hesablanması üzrə bildirilmişdir ki, məhkəmə-mühasibat ekspertizası mühasibat sənədlərinin məlumatları əsasında aparılan tədqiqatdır. Təqdim edilmiş iş materiallarından da göründüyü kimi məhkəmə-mühasibat ekspertizasının tədqiqatının aparılması üçün, yəni işçi qüvvəsinə sərf edilən əmək haqqının, DSMF ödənişlərinin hesablanılması üçün iş materiallarında mühasibatlıq sənədləri tam olaraq öz əksini tapmamışdır. Lakin, tədqiqata təqdim edilmiş ali təhsilli aqronom X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Mütəxəssis rəyində iki ay müddətində işçi qüvvəsinə hesablanmış əmək haqqının 20.000 manat, DSMF ödənişlərinin 3920 manat, ümumilikdə isə 23.920 manat olduğu müəyyən edildi. İşdə olan 15 fevral 2019-cu il tarixli auditor hesabatında isə (auditor Adıgözəl qeyd olunmuşdur ki, fiziki şəxslər X2 Həsən Məhər oğlu auditor yoxlamasına iyul 2018-ci il tarixdən noyabr 2018-ci il tarixədək əmək haqqı cədvəlləri təqdim etmişlər. Təqdim edilmiş əmək haqqı cədvəllərindən aydın olur ki, iyul 2018-ci il tarixdən noyabr 2018-ci il tarixədək olan dövr ərzində istilikxanada işləyən işçilərə ümumilikdə 25274 manat pul verilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin zərərin ödənilməsini də tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, 435000 manat əldən çıxmış faydanın tutulması hissəsində iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir. Çünki iddiaçı fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni özünün bildirdiyinə görə dekabr və yanvar ayları ilə müqayisədə mart-iyun aylarında pomidorun daha ucuz qiymətə satıldığını və bu səbəbə görə əldə edilə biləcək faydadan məhrum olduğunu təsdiq edən mötəbər sübutları (əvvəlki illərə aid bu halları təsdiq edən maliyyə və mühasibatlıq sənədləri) təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC tərəfindən tərtib olunmuş 14 sentyabr 2020-ci il tarixli, 361 saylı ekspert rəyi isə bunu təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, əvvəla “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsinə görə məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. Eyni zamanda “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2019-cu il tarixli 883 №-li Fərmanına və həmin Fərmanın icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2019-cu il tarixli 843s saylı Sərəncamına əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı təsdiq edilməli, həmçinin məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası, məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları, Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları müəyyən edilməlidir. Lakin hazıra kimi həmin sənədlərin siyahısı və qaydaların təsdiq edilməsi ilə bağlı müvafiq normativ-hüquqi aktlar qəbul edilməmişdir. Ona görə də, hal-hazırda “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsində göstərilən müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrindən başqa digər elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən məhkəmə ekspertlərinin fəaliyyətinin həyata keçirilməsinin qanuni əsası mövcud deyildir. Həmçinin kollegiya hesab edir ki, hətta həmin sənəd iş üzrə sübut kimi qiymətləndirilsə belə, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, həmin rəy konkret maliyyə və mühasibatlıq sənədləri ilə əsaslandırılmayıb, habelə rəydə qeyd olunan 492750 manat məbləğin pomidorun əkilib-becərilməsi üçün çəkilən xərclər nəzərə alınmadan hesablandığı göstərilir. Eyni zamanda hazırki apellyasiya baxışı zamanı da həmin halın müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, hazırki apellyasiya baxışı zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli 9/2888 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 1 ədəd pomidor şitilinin 2018-2019-cu il tarixlərə olan topdan satış orta bazar qiyməti nəzəri qaydada təxminən 0,25 manat, nəzəri qaydada 1 kq pomidor məhsulunun 2019-cu ilin yanvar-mart aylarına olan topdan satış orta bazar qiyməti təxminən 3,50 manat, aprel ayına - 2,50 manat, may ayına - 1,50 manat müəyyən edilir. Qeyd edilir ki, pomidor məhsulunun yetişdirilməsi üçün görüləcək işlər və çəkiləcək xərclərin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Belə ki, görülməli işlər və çəkilməli olan xərclər həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz. Həmçinin kollegiya hesab edir ki, mənəvi zərərin tutulması barədə tələblər də rədd edilməlidir. Belə ki, iddiaçı delikt nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürmüşdür. Kollegiya qeyd edir ki, Mülki Məcəllədə mənəvi zərərin ödənilməsi məsələlərini birbaşa müəyyən edən normalar mövcud deyil. Bununla yanaşı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarında həmin məsələlərə aydınlıq gətirilmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36, 57, 60-cı, Əmək Məcəlləsinin 290-cı, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 12-ci maddələrində və digər qanunlarda mənəvi ziyanın ödənilməsi barədə müddəalar vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 12-ci maddəsində istehlakçıların bu qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyanın təqsirkar tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli Qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər...Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Lakin iddiaçı ona mənəvi zərər vurulduğunu bildirsə də, mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Eyni zamanda işin hallarından da həmin əsaslar müəyyən olunmur. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi zərərin tutulması barədə tələblərin təmin edilməyən hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə iddia həmin hissədə də təmin edilməli, qətnamənin digər mübahisələndirilən hissələri isə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-25/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi maddi zərərin tutulması barədə tələblərin təmin edilməyən hissəsində ləğv edilsin, iddia həmin hissədə də təmin edilsin və Cavabdeh İB-dən cəmi 175054,69 manat maddi zərər tutularaq iddiaçı X6 ödənilsin. Qətnamənin digər mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 300 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar