Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-308/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5941/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə müraciət edərək, ƏDV daxil olmaqla 4.265 manat məbləğində pul və 63 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5941/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
3. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5941/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin olunması və "xxxx" MMC-nin xeyrinə apellyasiya şikayətinə görə vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində pulun Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə elektron qaimə göndərib. Qətnamədədə göstərildiyi kimi Cavabdeh MMC "xxxx" MMC tərəfindən ona elektron qaimə göndərilməsini mübahisələndirməyib. Bu halda hesab edilir ki, məhkəmənin həmin sənədi sübut kimi qəbul etməməsi əsassızdır. Eyni zamanda, məhkəməyə iddia ərizəsi təqdim olunmamışdan əvvəl iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə pretenziya göndərib. Lakin cavabdeh şirkət bu pretenziyaya heç bir münasibət bildirməyib. Bundan başqa, xx.xx.2024-cü il tarixli, ******* nömrəli qaimə fakturaya əlavəyə istinad edən məhkəmə, 4734,84 manat dəyərində dizel yanacağının iddiaçı tərəfindən cavabdehə deyil, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə satılmasını təsdiq etdiyini göstərir. Məhkəmənin bu istinadı anlaşılan deyil. Belə ki, bu sübut məhkəməyə məhz iddiaçı şirkətin Cavabdeh MMC-yə satmaq üçün "xxxx" QSC-dən mal almasını təsdiqi üçün təqdim edilib. Yuxarıda qeyd olunan şahid ifadələrindən göründüyü kimi, "xxxx" QSC-dən alınan yanacaq cavabdehə çatdırılıb. Məhkəmə işin faktiki hallarını -"xxxx" MMC-nin "xxxx" QSC-dən aldığı dizel yanacağını Cavabdeh MMC-yə çatdırmasını, iddiaçının yalnız cavabdeh şirkətlə müqavilə bağladığını və buna görə "xxxx" QSC-dən mal almasını, cavabdehə göndərilən elektron qaimənin mübahisələndirilməməsini aydınlaşdırmadan qətnamə qəbul edib. Hesab edilir ki, işə baxan hakim işin faktiki, həqiqi hallarını araşdırmamış, təqdim edilmiş dəlillərin müqayisəli təhlilini aparmamış və əsassız qətnamə qəbul etmişdir. Bu hal yuxarıda sadalananlarla öz təsdiqini tapır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə sistemi vasitəsi ilə cavabdeh tərəfindən etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edilmişdir.
6. Etiraz belə əsaslandırılmışdır: məlum olduğu kimi, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin qaydalara əsasən: 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir; Elektron qaimələr Dövlət Vergi Xidmətinin “Avis” proqramı vasitəsilə alıcıya (cavabdehə) elektron qaydada göndərildiyi üçün mal müşayətedici sənəd deyil. Əgər tərəflər malın təhvil-təsliminin yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilməli olması barədə razılığa gəlmiş olsaydılar, onda müqavilənin 3.6-cı bəndinin müqaviləyə əlavə edilməsinə zərurət olmazdı. Odur ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr malın təhvil-təslimi barədə digər sübutlar olmadan satılmış malların həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz, bu qaimələr malların digər vergi ödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir. Bunda əlavə tərəflər arasında bağlanmış alqı–satqı müqaviləsinin 3.6-cı maddəsinə əsasən “hesabat ayının sonunda tərəflər arasında aylıq yekun haqqhesabın aparılması və yaranan borcların təyin edilməsi məqsədi ilə məhsulun faktiki satışı barədə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə yekun akt tərtib ediləcək”. İddiaçı tərəfdən borcun müəyyən edilməsi üçün bu akt tərtib edilməmişdir. Müqavilə şərtlərində borcun üzləşdirmə aktı ilə müəyyən edilməsinə dair imperativ şərt olmasına baxmayaraq, iddiaçı iddia tələbini əks etdirən aktları məhkməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmiş (4265 manat məbləğində yanacaq məhsulunun cavabdehə təhvil verilməsini) və iddia tələbi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş şahid ifadələri qeyd olunan halllar ziddiyyətli olmaqla bərabər iddianı təsdiq edən mötəbər sübut qismində qəbul oluna bilməz.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
17. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
18. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
19. Məhkəmədə tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 1.1-ci bəndinə əsasən satıcı bu müqavilə ilə nəzərdə tutulan məhsulların alıcıya verilməsini, alıcı isə həmin məhsulların qəbul edilməsini öz üzərinə götürür. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində satıcı hər ay alıcının şifahi tələbnaməsinə uyğun olaraq alıcının tələb olunan miqdarda yanacaqla təmin edir. Müqavilənin 3.2-ci maddəsinə əsasən alıcı bu müqavilənin 3.1-ci bəndində göstərilən məbləğin 100 %-ni əvvəlcədən ödəyir. Ödəniş hər ay hesab təqdim edildiyi gündən etibarən 5 bank günü ərzində manatla bank köçürməsi yolu ilə həyata keçirilir. Hesabat ayının sonunda tərəflər arasında aylıq yekun haqq-hesabın aparılması və yaranan borcların təyin edilməsi məqsədi ilə məhsulun faktiki satışı haqqında hər iki tərəfin nümayəndələrinin iştirakları ilə yekun akt tərtib ediləcək (3.6).
20. 01 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə 1 nömrəli Əlavəyə əsasən Benzin Aİ92 adlı məhsulun qiyməti 1.00 manat, Premium Aİ 95 adlı məhsulun qiyməti 2.00 manat, dizel yanacağının qiyməti 0,80 manat müəyyən edilmişdir.
21. xx.xx.2024-cü il tarixli, ******* nömrəli qaimə-fakturaya əlavədən görünür ki, 4.734,84 manat dəyərində dizel yanacağı "xxxx" QSC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır.
22. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə izahatında yanacağı yanvar ayında Hövsan qəsəbəsində yerləşən ünvana iddiaçı şirkətin adından təhvil verdiyini, maşını cavabdehin ərazisində saxladıqlarını, dayanacağın kimin mülkiyyətində olduğunu bilmədiyini, gün ərzində 1600, 1700 litr yanacağın vurulduğunu, təhvil-təslim aktının olmadığını, sadəcə kitabda qeydiyyat aparıldığını, ödənişlərin köçürmə yolu ilə həyata keçirildiyini, hər dəfə mal verildikcə litr və avtobusun nömrəsinin yazıldığını, maşın qarşı tərəfin ərazisində qalsa da, açarın onlarda qaldığını bildirmişdir.
23. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə izahatında iddiaçı təşkilat üçün “Socar”dan yanacaq aldığını, yanacağı Hövsanda yerləşən bir şirkətə verdiyini, malları ancaq bir şirkətə verdiyini, ödənişlərdən xəbərinin olmadığını bildirmişdir.
24. İşdən görünür ki, iddia tələbi alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 4265 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq iddiaçıya ödənilməsindən ibarətdir.
25. Tərəflər arasında xx.xx.2023-cü il tarixli müqavilənin, eləcə də müqaviləyə 01 saylı Əlavənin bağlanması işin mübahisəsiz hallarını təşkil edir.
26. İşin mübahisəli halı cavabdehə göstərilən məbləğdə yanacaq məhsulunun satılması və məhsulun cavabdehə təhvil verilməsi ilə bağlıdır. Cavabdeh tərəf iddianı qəbul etməyərək, yuxarıda qeyd olunan əsaslarla etiraz etmişdir.
27. Məhkəmə qeyd etmişdir ki, cavabdehin də istinad etdiyi, tərəflər arasında bağlanmış “Neft məhsullarının alqı-satqısına dair” 01 nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin 3.6cı bəndindən göründüyü kimi, tərəflər aylıq yekun haqq-hesabın aparılması və yaranan borcların təyin edilməsi məqsədi ilə məhsulun faktiki satışı haqqında yekun akt tərtib edəcəklərini razılaşdırmışlar. Eyni zamanda Müqavilənin 3.2-ci maddəsinə əsasən alıcı bu müqavilənin 3.1-ci bəndində göstərilən məbləğin 100 %-ni əvvəlcədən ödəyir.
28. Məhkəmə hesab etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş (4265 manat məbləğində yanacaq məhsulunun cavabdehə təhvil verilməsini) və iddia tələbi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş şahid ifadələri qeyd olunan halı təsdiq edən mötəbər sübut qismində qəbul oluna bilməz.
29. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə sübut qismində tarixi, seriyası, nömrəsi göstərilməyən “qaimə” adı ilə sənəd təqdim olunmuşdur. Nəzərə alınır ki, cavabdeh iddiaçı tərəfindən ona elektron qaimə göndərilməsini mübahisələndirməmişdir. Lakin elektron qaimə də özlüyündə malın təhvil verilməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.5.3-cü bəndinə əsasən elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. Lakin müvafiq sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sübutetmə vəzifəsini yerinə yetirmiş, lakin məhkəmə əsassız olaraq onun təqdim etdiyi sübutları mötəbər hesab etməmişdir. Nəticə olaraq işin faktiki halları düzgün müəyyən edilməmiş və yanlış nəticəyə gəlinmişdir.
31. Tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndi cavabdehin qeyd etdiyi kimi malın təhvil-təslim edilməsi qaydasını deyil, aylıq hesabatı tənzimləyir.
32. Müqavilənin bəndlərini təhlil etdikdə aydın olur ki, tərəflər malların təhvil-təslim edilməsi qaydasını (qaimə və ya akt) müəyyən etməmişlər.
33. Belə halda şahidlərin və qaimənin təhvili təsdiq edən sübut kimi qəbul edilməsi üçün hüquqi maneə mövcud deyil.
34. Belə ki, iddiaçı tərəfindən yanacağın təhvil verilməsi iki nəfər şahid ifadəsi ilə, qaimə ilə təsdiq edilmişdir. Məhkəmə şahid ifadələrinin nəyə görə mötəbər olmamasını əsaslandırmamışdır. Həmin ifadələr mötəbərlik, mümkünlük və aidlik meyarlarına cavab verir. Belə vəziyyətdə sübutetmə vəzifəsi inkar edən cavabdeh tərəfin üzərinə düşür. Cavabdeh isə istinad etdiyi halı sübut edə bilməmişdir.
35. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinin işgüzar adətin əvvəllər də tərəflər arasında e-qaimələrin verilməsi əsasında formalaşmasına dair “sübut” adı ilə elektron sistemə yüklədiyi e-qaimələrə münasibətdə kollegiya qeyd edir ki, həmin sənədlər sübut kimi qəbul olunmamalıdır; çünkü iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı onları təqdim etməmişdir - yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər.
36. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
37. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir. Nümayəndə sübutların mühasib tərəfindən vaxtında təqdim edilmədiyini bildirmişdir.
38. Digər tərəfdən kollegiya bu sübutları yeni sübutlar olduğuna görə qəbul etməsə də iddiaçının apellyasiya icraatı zamanı təqdim etdiyi “Neft məhsullarının alqı-satqısına dair” 01 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə ilə satılan məhsulların 6 ədəd e-qaimələrindən görünür ki, tərəflər arasında münasibətlərlə bağlı işgüzar adət e-qaimələrin verilməsi əsasında formalaşmışdır.
39. Beləliklə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və sübutlara uyğun olmamışdır. Qeyd edilən əsaslar məhkəmənin qətnaməsinin əsassız və qanunsuz olmasını göstərir. Ona görə qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.
40. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdеh Cavabdehndən ƏDV daxil olmaqla 4.265 manat məbləğində pul və 63 manat məbləğində dövlət rüsumunun tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
42. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
43. İddiaçı apellyasiya şikayətinin nəticə hissəsində 600 manat vəkil xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə əlavə etdiyi ödəniş tapşırığı ilə vəkil və nümayəndəyə qeyd edilən məbləği ödəməsini təsdiq etmişdir. Vəkil apellyasiya icraatında iki məhkəmə iclasında iştirak etmişdir. Kollegiya hesab edir ki, həmin məbləğ ağlabatan həddə olduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin apellyasiya şikayətinə görə ödənilmiş 32 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
44. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5941/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehndən ƏDV daxil olmaqla 4.265 manat, 63 manat məbləğində dövlət rüsumu və 600 manat vəkil xərci tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayətinə görə ödənilmiş 32 manat dövlət rüsumu Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.