Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-310/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlunun və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin cavabdeh X3 qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)-4143/2020 saylı iddianı təmin etmə tədbirinin tətbiq edilməsindən imtina barədə qərardadından iddiaçının şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən “xxxx” MMC-nin xeyrinə 112 320 manat əsas borc və 3 325 manat dəbbə pulunun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X2 əmlakına həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-4143/2020 saylı qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-4143/2020 saylı qərardadının ləğv edilərək, iddianın təmini tədbirinin tətbiqinə dair ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizənin əsaslandırılmadığına istinad edərək onu təmin etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi iddianın təmin edilməsi ərizə üçün onun “əsaslandırılması” kimi tələb qoymur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi mülki işlər üzrə prosessual məsələlərini tənzimləyən və məhkəmələr tərəfindən dəqiq icra olunmalı bir qanunverici mənbəyidir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)- 816/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddianı təmin etmə tədbiri barədə ərizədə konkret qeyd edilməsə də, cavabdehin nəqliyyat vasitələri üzərinə işə mahiyyəti üzrə baxılanadək həbs qoyulması xahiş olunur. Cavabdehin mülkiyyətində olan nəqliyyat vasitələri barədə Baş Dövlət X9 tərəfindən təqdim edilmiş məlumat apelyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi və vəkili X5 məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-4143/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Mülki prosessual qanunvericilikdə bütün iddialar üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizələrinin mütləq təmin edilməli olduğuna dair imperativ göstəriş yoxdur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. İş üzrə iddianı təmin etmə tədbiri görülməsinin həqiqətən zəruri olubolmadığını müəyyənləşdirmək səlahiyyəti isə məhkəməyə məxsusdur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” Hazırkı iş üzrə iddiaçının ərizəsində iş üzrə iddianı təmin etmə tədbiri görülməsinin hansı zərurətdən irəli gəldiyi əsaslandırılmadığından məhkəmə tərəfindən ərizənin təmin edilməməsində hər hansı prosessual pozuntu yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-4143/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “xxxx” MMC-nin şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-4143/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-310/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-310/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver