Məhkəmə qərarları › İş №2-2(103)-312/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-312/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-312/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-nə qarşı “pul tələbi"nə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-111/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh "Cavabdeh" ASC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, 325 500 manat əsas məbləğin və həmin məbləğə hesablanmış 31 353 manat faiz məbləğinin, həmçinin dövlət qeydiyyat nömrəsi İS********** olan qiymətli kağızlar üzrə 300 000 manat əsas məbləğin və həmin məbləğə hesablanmış 28 250 manat faiz məbləğinin, ümumilikdə 625 500 manat pul vəsaitinin və ona hesablanmış 59 603 manat faiz məbləğinin cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC “Cavabdeh" ASC-dən xx.xx.2015-ci il tarixdə 351 (üç yüz əlli bir) ədəd, xx.xx.2015-ci il tarixdə isə 450 (dörd yüz əlli) ədəd xx.xx.2013-cü il tarixli, AZ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış emissiya prospektinə əsasən nominal dəyəri 500 manat olan faizli, adlı, sənədsiz istiqrazlar almışdır. Cəmiyyət tərəfindən “xxxx” MMC-nin xx.xx.2015- ci il tarixli, 25 saylı ödəniş tapşırığına əsasən 351 ədəd istiqrazın dəyərini təşkil edən 175 500 manat, xx.xx.2015-ci il tarixli 27 saylı ödəniş tapşırığına əsasən isə 450 ədəd istiqrazın dəyərini təşkil edən 225 000 manat məbləğində pul vəsaiti Cavabdeh ASC-yə ödənilmişdir. Cavabdeh ASC-nin xx.xx.2013-cü il tarixli emissiya prospektinə əsasən dövlət qeydiyyat nömrəsi AZ********** olan “xxxx" ASC tərəfindən alınmış istiqrazlar üzrə gəlirliliyin illik faiz dərəcəsi 14 % təşkil edir. Cəmiyyətlə Cavabdeh ASC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış razılaşmanın 4-cü bəndinə əsasən, Cavabdeh ASC-nin qiymətli kağızların qüvvədə olma müddətinin xx.xx.2017-ci il tarixdə bitməsinə baxmayaraq alınmış istiqrazlara görə ödənilmiş 400 500 manat vəsaiti “xxxx” ASC-yə ödəyə bilməyəcəyindən, istiqrazlar üzrə 14 % miqdarında illik faiz dərəcəsini həmin vəsait “xxxx” ASC-nin hesabına mədaxil olunanadək aylıq olaraq ödəməyə davam edəcəyi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Bundan sonra xx.xx.2017-ci il tarixdə Cavabdeh ASC ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Razılaşmaya 1 saylı Əlavə imzalanmışdır. xx.xx.2017-ci il tarixli 1 saylı Əlavəyə əsasən, Cavabdeh ASC-nin “xxxx” ASC-yə xx.xx.2017-ci il tarixə olan əsas borc məbləği 350 500 manat və faiz üzrə borc məbləği 8 953 manat təşkil etdiyi təsdiqlənmişdir. xx.xx.2017-ci il tarixli, 1 saylı Əlavəyə əsasən, 29 208,33 manat məbləğində olan aylıq ödəniş və hesablanmış faizlərin hər ayın 25-dək Cəmiyyətə ödənilməsi razılaşdırılmış və Cavabdeh ASC 350 500 manat borc məbləğini 12 hissəyə bölməklə əlavənin imzalandığı tarixdən aylıq 29 208,33 manat olmaqla 1 (bir) il ərzində illik 14 %-lə “xxxx” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Əlavədə Cavabdeh ASC tərəfindən ödənişlərin həyata keçirilməsinin gecikdirildiyi təqdirdə gecikdirilən məbləğə görə faiz dərəcəsinin illik faiz məbləğilə yanaşı illik 7 % cərimə əlavə edilməklə cəmi 21 % təşkil etdiyi də təsbit olunmuşdur. Həmçinin əlavənin 6-cı bəndinə əsasən, Cavabdeh ASC ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli razılaşmanın "Cavabdeh” ASC-nin istiqrazlar üzrə 14 % miqdarında illik faiz dərəcəsini həmin vəsait "xxxx” ASC-nin hesabına mədaxil olunanadək aylıq olaraq ödəməyə davam edəcəyi barədə olan 4-cü bəndi ləğv edilmişdir. Cavabdeh ASC xx.xx.2017-ci il tarixdə bağlanmış Razılaşmaya 1 saylı Əlavə ilə 350 500 manat borc məbləğini 12 hissəyə bölməklə əlavənin imzalandığı tarixdən aylıq 29208,33 manat olmaqla 1 (bir) il ərzində illik 14 %-lə “xxxx” ASC-yə ödəməsi ilə bağlı götürdüyü öhdəliyə əməl etməmişdir. "Cavabdeh” ASC tərəfindən Cəmiyyətə xx.xx.2018-ci il tarixə əsas məbləğdən 116 833,32 manat köçürülməli olduğu halda, cəmi 25000 manat pul vəsaiti köçürülmüş, 91 manat əsas borc məbləği və xx.xx.2018-ci il tarixə 10 % həcmində vergi məbləği çıxılmaqla 11 709,25 manat faiz üzrə borc məbləği ödənilməmişdir. Tərəflərindən xx.xx.2018-ci il tarixli, AS- 18/842 saylı məktubla Cavabdeh ASC-yə müraciət olunaraq Cavabdeh ASC ilə “xxxx" ASC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Razılaşmaya 1 saylı Əlavənin tələbinə əsasən borcun 10 (on) iş günü müddətində Cəmiyyətə ödənilməsi xahiş edilsə də, heç bir ödəniş edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-111/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2 (81)-111/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində cavabdeh bildirmişdir ki, hazırda maliyyə vəziyyəti ağır olduğundan ödəniş aparılması mümkün olmamışdır. Eyni zamanda lizinq şirkətinin mülkiyyətində göstərilən borcun bağlanmasına kifayət edəcək miqdarda daşınmaz əmlak vardır və borc həmin əmlaka yönəldilə biləcəyi halda məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə qətnaməsində 300.000 manata hesablanmış faiz borcu 18625 manat göstərilməli olduğu halda, 28250 manat qeyd edilmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, Cavabdeh ASC ərizə ilə məhkəməyə müraciət edərək nümayəndəsi məzuniyyətdə olduğundan işin baxılmasının xx.xx.2020-ci il tarixdən sonraya təxirə salınmasını xahiş etmiş, məhkəmə bu barədə vəsatətə sübut əlavə edilmədiyini və hüquqi şəxsin məhkəmədə iştirak etməsi üçün digər nümayəndə təyin etmək imkanı olduğunu nəzərə alaraq vəsatəti əsassız hesab etmiş, tərəflərin işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrini nəzərə alaraq MPM-nin 376.2-ci maddəyə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2 (81)-111/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh ASC arasında xx xxxxxx 2017-ci il tarixli razılaşma bağlanmışdır. Həmin razılaşmada qeyd olunur ki, “xxxx” ASC tərəfindən Cavabdeh ASC-nin xx.xx.2013-cü il tarixli, AZ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış emissiya prospektinə əsasən nominal dəyəri 500 manat olan faizli adlı sənədsiz istiqrazlarından xx.xx.2015-ci il tarixdə 351 ədəd, xx.xx.2015-ci il tarixdə isə 450 ədəd alınmışdır. “xxxx” MMC-nin xx.xx.2015-ci il tarixli, 25 saylı ödəniş tapşırığına əsasən 351 ədəd istiqrazın dəyərini təşkil edən 175 500 manat, xx.xx.2015-ci il tarixli 27 saylı ödəniş tapşırığına əsasən isə 450 əlli ədəd istiqrazın dəyərini təşkil edən 225 000 manat məbləğində pul vəsaiti Cavabdeh ASC-yə ödənilmişdir. Cavabdeh ASC-nin xx.xx.2013-cü il tarixli emissiya prospektinə əsasən dövlət qeydiyyat nömrəsi AZ********** olan “xxxx” ASC tərəfindən alınmış istiqrazlar üzrə gəlirliliyin illik faiz dərəcəsi 14 % təşkil edir. “xxxx” ASC ilə Cavabdeh ASC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli Razılaşmaya xx.xx.2017-ci il tarixdə 1 saylı Əlavə edilmişdir. Əlavənin məzmununa əsasən tərəflər razılaşırlar ki, Cavabdeh ASC-nin “xxxx” ASCyə xx.xx.2017-ci il tarixə olan əsas borc məbləği 350 500 manat və faiz üzrə borc məbləği 8 953 manat təşkil edir. Cavabdeh ASC 350 500 manat borc məbləğini 12 hissəyə bölməklə əlavənin imzalandığı tarixdən aylıq 29 208,33 manat olmaqla 1 (bir) il ərzində illik 14 %-lə “xxxx” ASC-yə ödəməyi öhdəsinə götürür. Faiz məbləği azalan yekunla hesablanır və hər ay mövcud borc məbləğinə tətbiq edilir. Aylıq ödəniş məbləği (29 208,33 manat) və hesablanmış faizlər hər ayın 12-dək “xxxx” ASC-yə ödənilir. Cavabdeh ASC tərəfindən ödənişlərin həyata keçirilməsi gecikdirildiyi təqdirdə gecikdirilən məbləğə görə faiz dərəcəsi illik faiz məbləğilə yanaşı illik 7 % cərimə əlavə edilərək, cəmi 21 % təşkil edir. Cavabdeh ASC xx.xx.2017-ci il tarixə olan 8 953 manat faiz məbləğini xx.xx.2017-ci il tarixədək ödəməyi öhdəsinə götürür. Cavabdeh ASC faiz məbləğini vaxtında ödəmədikdə gecikdirilmiş məbləğə hazırkı əlavənin 4-cü bəndinin şərtləri (illik 21 % cərimə) tətbiq edilir. Bu Əlavə qüvvəyə mindiyi tarixdən Cavabdeh ASC ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli razılaşmanın 4-cü bəndi ləğv edilir. xx.xx.2015-ci il tarixli, 25 saylı ödəniş tapşırığına əsasən 351 ədəd istiqrazın dəyərini təşkil edən 175 500 manat, xx.xx.2015-ci il tarixli 27 saylı ödəniş tapşırığına əsasən isə 450 ədəd istiqrazın dəyərini təşkil edən 225 000 manat məbləğində pul vəsaiti Cavabdeh ASC-yə ödənilmişdir. İddiaçı tərəfindən "Cavabdeh" MMC-nə ünvanlanmış xx.xx.2018-ci il tarixli, AS18/842 saylı pretenziya məktubun mətnində qeyd edilmişdir ki, “xxxx” ASC bildirir ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh ASC ilə “xxxx” ASC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Razılaşmaya 1 saylı Əlavə imzalanmış və həmin Əlavənin şərtlərinə əsasən “Cavabdeh" ASC 350 500 manat borc məbləğini 12 hissəyə bölməklə əlavənin imzalandığı tarixdən aylıq 29 208,33 manat olmaqla 1 (bir) il ərzində illik 14 %-lə “xxxx” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ASC ilə “xxxx" ASC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Razılaşmaya 1 saylı Əlavənin 4-cü bəndinə əsasən Cavabdeh ASC tərəfindən ödənişlərin həyata keçirilməsi gecikdiriİdiyi təqdirdə gecikdirilən məbləğə görə faiz dərəcəsi illik faiz məbləğilə yanaşı, illik 7 % cərimə əlavə edilərək, cəmi 21 % təşkil edir. İşə birinci instansiya məhkəməsində baxılan zaman məhkəmə iclasına iştirak edən cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi X2 iddia tələbinə münasibət bildirərək verdiyi izahatında qeyd etmişdir ki, həqiqətən də "Cavabdeh" MMC-nin iddiaçıya borcu mövcuddur, lakin maliyyə vəziyyəti ağır olduğundan ödəmə aparılmamışdır. Cavabdehin nümayəndəsi borcun müəssisənin əmlakına yönəldilməsinə etiraz etmədiyini bildirmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2019-cu il tarixli 22937 saylı ekspert rəyi ilə Cavabdeh ASC ilə “xxxx” ASC arasında bağlanmış 19.01,2017-ci il tarixli razılaşma və xx.xx.2017-ci il tarixli 1 saylı Əlavənin şərtlərinə əsasən cavabdehin xx.xx.2018-ci il tarixə 325 500 manat əsas, 31353 manat faiz borcu, dövlət qeydiyyat nömrəsi İS********** olan qiymətli kağızlar üzrə xx.xx.2018-ci il tarixə 300 000 manat əsas, 28250 manat faiz borcu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edilən normaların tələblərini, işdəki sübutları, ekspert rəyini, cavabdehin borcu etiraf etdiyi nəzərə alaraq iddianı əsaslı hesab etmiş və təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Apelyasiya şikayətində qiymətli kağızlar üzrə iddiaçıya olan 300.000 manat əsas borc məbləğinə 18625 manat faiz hesablanmalı olduğu qeyd edilsə də, cavabdeh bu hesablamanı hansı qaydada apardığını, ekspert tərəfindən hesablanmış faiz borcu ilə hansı səbəbdən razılaşmadığını əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçı tərəfindən borc üzrə tutmanın cavabdehin mülkiyyətində olan əmlaklara yönəldilməsi barədə tələb irəli sürülmədiyindən və cavabdehin qarşılıqlı iddiası olmadığından apelyasiya şikayəti məhkəmə tərəfindən cavabdehin bu istəyinin nəzərə alınmaması prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 385.2.-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh ASC-nin apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-111/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ASC-nin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-111/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar