Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-313/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, ilkin iddiaçının nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı “xxxx” Şirkətinin cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı “pul tələbinə dair” ilkin və bu ikincilərin birinciyə qarşı “borcun etirafı haqqında müqavilənin, həmin müqaviləyə əlavənin və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı - iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1231/2020 saylı 27.11.2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı “İddiaçı” (bundan sonra -“xxxx” şirkəti ) cavabdehlər “xxxx” MMC (bundan sonra -“A&B”) və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada 382.000 ABŞ dolları məbləğində əsas borc, 127.206 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 509.206 ABŞ dolları məbləğində pul borcunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddianın əsaslarına görə: “xxxx” Şirkəti ilə cavabdeh “A&B” arasında 18 may 2019-cu il tarixdə bağlanmış“mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən, 01.01.2016-cı il tarixli “Boya və lak məhsullarının satışı üzrə distribütorluq müqaviləsinə əsasən “A&B” “xxxx” Şirkətinə 382.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş və həmin borcunu həmin müqaviləyə 1 saylı Əlavədə nəzərdə tutulmuş qaydada 15.04.2019-cu il tarixindən 15.12.2022-ci il tarixədək hissələrlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, 18.05.2019-cu il tarixli “Zaminlik”müqaviləsinə əsasən, zamin Cavabdeh2 qeyd edilən 18.05.2019-cu il tarixli“ mövcud borcun etirafı haqqında müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə görə öz mülkiyyəti ilə tam cavabdehliyi öz üzərinə götürmüşdür. Belə ki, həmin müqavilənin 2.3-cü bəndinə müvafiq olaraq, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər mülki qanunvericilikdə və ya müqavilədə və ya ona əlavə də zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdırsa, zamin və borclu birgə məsuliyyət daşıyır. Lakin müqavilə şərtlərinə cavabdehlər tərəfindən riayət olunmamış , “18.05.2019-cu il tarixli Müqavilənin və onun 1 saylı Əlavəsinə müvafiq olaraq ödənişlər indiki günə kimi borc ödənilməmişdir. Müqavilə”nin 3.3-cü bəndinə əsasən 18.05.2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavədə göstərilən ödəmə cədvəlinə riayət edilmədiyi, hər hansı ay üzrə nəzərdə tutulmuş aylıq ödəniş gecikdirildiyi və ya tam həcmdə həyata keçirmədiyi təqdirdə iddiaçının dərhal məhkəməyə müraciət edərək müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulan ümumi borc məbləğinin həmin tarixə olan qalıq borcunu borcludan tələb etmək hüququ vardır. Əsas borcla yanaşı, 15 aprel 2019-cu il tarixdən bugünə - 10 mart 2020-ci il tarixədək hər gecikdirilmiş gün üçün ödənilməli məbləğin 0.1% məbləğində dəbbə pulu da cavabdehə 15.04.2019-cu il tarixdən 10.03.2020-ci il tarixədək olan - 333 gün üçün hesablanmış 509.206 ABŞ dolları məbləğində pul da cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir...” Qarşılıqlı iddiaçılar “A&B və Cavabdeh2 isə “xxxx” şirkətinə qarşı irəli sürdüyü iddia tələblərində 18 may 2019-cu il tarixində ntoariat aydasında bağlanmış - “mövcud borcun etirafı haqqında müqavilənin”, həmin müqaviləyə 1 saylı Əlavənin və Cavabdeh2 ilə “xxxx” şirkəti arasında bağlanmış zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi aşağıdakılarla əsaslandırılmışdır: “xxxx” şirketinin istinad etdiyi 18 may 2019-cu ildə bağlanmış “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə və ona 1 saylı əlavə, həmin tarixli zaminlik müqavilə real həqiqəti əks etdirmədiyindən və iddiaçının təmsilçilərinin xahişi əsasında Türkiyə Respublikasında bankdan kredit alınması üçün təqdim ediləcəyi ilə əlaqədar bağlandığına və formal xarakterli olduğuna görə etibarsız hesab edilməlidir. Belə ki, Şirketin təsisçiləri və sahibləri olan Türkiyə Respublikasının vətəndaşları Feyzoğlu Veysəl və Küçükali Selçuk ilə 2000-ci ilin əvvəllərindən işgüzar münasibətlər yaranmış, Türkiyədən göndərilən boya məhsulları Azərbaycanda realizə edilmiş və razılaşdırılmış qiymətlər əsasında hesablaşmalar həyata keçirilmiş, aralarında hər hansı bir narazılıq və anlaşılmazlıq yaranmamışdır. 01 yanvar 2016-cı il tarixdə cavabdeh şirkətlə aralarında boya və lak satışı üzrə distrübutorluq müqaviləsi bağlanmış və həmin il üçün müqavilənin toplam dəyəri minimum 900.000 ABŞ dolları məbləğində müəyyənləşdirilib. Həmin müqaviləyə uyğun olaraq alınmış boya məhsullarının dəyəri 315.367,59 ABŞ dolları məbləğində ödənilmişdir. Sonradan, cavabdeh Şirkətin təsisçiləri və sahibləri Feyzoğlu Veysəl və Küçükali Selçukun təklifi ilə “A&B-nin təsisçisi və mülkiyyətçisi Cavabdeh2 formal xarakter daşıyan və sadəcə kağız üzərində reallaşan 1.533.000 manat məbləğində 18 aprel 2017-ci il tarixli kredit müqaviləsi bağlanılmış və borc alana faktiki olaraq ödənilməmiş kreditin təminatı olaraq sonuncunun mülkiyyətində olan əmlak Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, 69 B ünvanında yerləşən 16 və 17 saylı mağazalar 1.788.000 manat məbləğində dəyərləndirilərək 18 aprel 2017-ci il tarixli ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuşdur. Göstərilən şəxslərlə birgə fəaliyyət dövründə aralarında yaranmış olan borc məbləğinin bağlanması məqsədi ilə ipotekaya qoyulmuş həmin əmlak faktiki dəyərindən 5 dəfə ucuz qiymətə ipoteka saxlayan yuxarıda qeyd edilən şəxslərin razılığı əsasında hazırda cavabdeh olan “xxxx” şirkətinin digər təsisçisi X2 bağlanılmış 13 iyun 2018-ci il tarixli AN-10694681 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonradan qaytarmaq şərti ilə onlara verilmişdir. Aralarında yaranmış isti və etibarlı münasibətdən istifadə edən həmin şəxslər maddi durumlarının yaxşı olmaması ilə əlaqədar müraciət edərək Türkiyədə banklardan kredit alınması üçün istifadə edəcəkləri adı ilə guya “A&B”-nin “xxxx” şirkətinə 382.000,00 ABŞ dolları məbləğində borcu olması barədə müqavilə bağlamağı xahiş etmişlər və aralarında hazırda borc olaraq tələb etdikləri 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə daha dolğun hüquqi ifadə verilməsi üçün müqaviləyə 1 saylı əlavə və həmin tarixli zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmədə qaldırılan iddiadan onlara məlum olmuşdur ki, onlar üzərlərinə götürdükləri öhdəliyi də pozaraq geri qaytarmalı olduqları mağazaları ikiqat baha qiymətə satmışlar. Hazırda tərəflərindən həmin məsələ ilə də bağlı məkəmə mübahisəsi başlanıb (Mülki Məcəllənin 337.1-337.2, 339.1-339.3-cü maddələrinə istinad olunur)” Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1231/2020 saylı 27.11.2020-ci il tarixli qətnaməsi ilə aşağıdakılar qət olunmuşdur: “İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 382.000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində əsas, 3820 (üç min səkkiz yüz iyirmi) ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 385820 (üç yüz səksən beş min səkkiz yüz iyirmi) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq “İddiaçı”-nin xeyrinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçılar “xxxx” MMC və Cavabdeh2 cavabdeh “İddiaçı”-inə qarşı “borcun etirafı haqqında müqavilə, əlavə razılaşma və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin...” Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar “A&B” və Cavabdeh2 apellyasiya şikayəti verərək: - qətnamənin ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, eyni zamanda, aşağıdakılar mübahisələndirilmişdir: Məhkəmə prosesində aparılmış araşdırma ilə də borcun distribütorluq müqaviləsinə əsasən yarandığı qeyd edilir. Lakin həmin müqavilə əsasında alınmış 315.367,59 ABŞ dolları məbləğində boyanın dəyərinin tam ödənilməsi və həmin müqavilə əsasında digər məbləğdə malın alınmaması faktı nəzərə alınmamışdır. Belə ki, iddiaçı tərəfindən göndərilən və alınmış malların həcmi və dəyəri, həmçinin alınmış mala görə ödənilən məbləğ barədə sənədə məhkəməyə təqdim edilmiş olsaydı onda birmənalı müəyyən edilərdi ki, borcun etirafı haqqında imüqavilə formal xarakter daşımış, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır. Əqdin etibarsızlığı ilə bağlı iddia müddətinin tətbiq edilməsinə dair məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq mümkün deyil. Belə ki, bu nəticə subyektiv mülahizələrə əsaslanır. Belə ki, mövcud borcun etirafı haqqında müqaviləyə əlavə və zaminlik müqaviləsi formal olaraq bağlandığğından və aralarında olan razılaşmaya əsasən iddiaçıların Türkiyə Respublikasında kredit almaları üçün zəruri olduğundan, sonradan onların razılaşmanı pozaraq onlara qarşı iddia qaldırma niyyətlərini məhkəmədə iddia qaldırdıqdan sonra bilmiş və bu nöqteyi-nəzərdən iddia müddətinin axımı da həmin vaxtdan hesablanmalıdır. Həmçinin Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Hazırkı halda isə qeyd edilən müqavilənin icrasına başlanılmamışdır. Məhkəmə tərəfindən ilkin idia tələbi təmin edilərkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, madi və prosessual hüquq normaları pozulmuşdur...” Məhkəmə kollegiyasının 11.03.2021-ci il və 15.04.2021-ci il tarixli iclaslarında iştirak edən: - qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, 15.04.2021-ci il və hazırkı məhkəmə iclasında iştirak edən ilkin iddiaçının nümayəndəsi Vəkil3 isə onunla razılaşmamış, iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qarşılıqlı iddiaçıların iddia ərizəsindən və onların apellyasiya şikayətinin dəlillərindən isə göründüyü kimi, notariat qaydasında bağlanmış 18 may 2019-cu il tarixdə notariat qaydasında bağlanmış “mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin”, həmin müqaviləyə 1 saylı Əlavənin və Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbləri - Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1-337.2 və 339.1-339.3-cü maddələrinə istinadən onunla əsaslandırırılır ki, cavabdeh şirkətin təsisçilərinin təklifi ilə “A&B”-nin təsisçisi Cavabdeh2 arasında 18 aprel 2017-ci il tarixli, formal xarakter daşıyan və sadəcə kağız üzərində reallaşan kredit müqaviləsi bağlanılmış, lakin faktiki olaraq pul ödənilməmiş, kreditin təminatı olaraq sonuncunun mülkiyyətində olan əmlak Bakı şəhəri, Ziya Bünyadov prospekti, 69 B ünvanında yerləşən 16 və 17 saylı mağazalar 18 aprel 2017-ci il tarixli ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuşdur. Birincisi, bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iki hüquqi şəxsin təsisçilərinin öz aralarında razılaşma yolu ilə hazırkı iddianın predmetini təşkil etməyən, hər hanı bir borc müqaviləsi bağlaması, bunun müqabilində digəri tərəfindən əmlakın ipoteka müqaviləsi ilə yüklü edilməsi – bütün bunlar həmin şəxslərin iştirakçıları olduqları hüquqi şəxsin öhdəliklərinə aid edilə və onun cavabdehliyini yarada bilməz Çünki, Mülki Məcəllənin 52.2-ci maddəsinin tələbinə görə bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Bu baxımdan, qarşılıqlı iddiaçılrın qeyd olunan dəlilləri borcun etirafı haqqında müqavilənin, onun əlavəsinin və zaminlik müqaviləsinin etibarsız sayılmasına əsas olan hallar kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, qarşılıqlı iddiaçılar 18 may 2019-cu il tarixində notariat qaydasında bağlanmış borcun etirafı haqqında müqavilənin və ona əlavənin, eləcə də, zaminlik imüqaviləsin etibarsızlığını mübahisələndirmək üçün mülki qanunvericiliklə nəzərdə tutulan kəsici iddia müddətini də ötürmüşlər. Belə ki, qarşılıqlı iddia əizəsində iddiaçılar Mülki Məcəllənin 337.1-337.2 və 339.1- 339-3-cu maddələrinə əsaslanaraq, hər üç əqdləri, cavabdeh şirkət tərəfindən pis niyyətlə, ağır vəziyyətə düşmələrindən istifadə edərək, son dərəcə onlar üçün əlverişsiz şərtlərlə bağlandığına istinadən, mübahisəlndirilə bilən əqdlər kimi dəyərləndirilməsi baxımından yanaşsaq, onlar tərəfindən həmin Məcəllənin 354.2-ci madəsində nəzərdə tutulan bir illik iddia müddəti buraxılmış olur. Belə ki, Məcəllənin qeyd olunan 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qarşılıqlı iddiaçılar isə, borcun etirafı və onun 1 saylı əlavəsiinin, habelə zaminlik müqaviləsinin notariat qaydasında bağlandığı 18 may 2019-cu il tarixindən etibarsızlığına əsas olan halları artıq bildikləri və ya bilməli olduqları halda, onlar tərəfindən 1 il keçdikdən sonra - 05.10.2020-ci il tarixində həmin əqdlərin etibasız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən olunan 1 illik iddia müddəti (kəsici müddət) ötürülmüşdür. Qarşılıqlı iddiaçıların apellyasiya şikayətində, hüquqi əsası dəyişərək mübahisələndirilən əqdlərin əhəmiyyətsiz əqdlər olduğna istinadən Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilən iddia müddütinin buraxmadıqları ilə bağlı dəlillərinə gəldikdə isə bu halda da onlar yanılır. Çünki, Mülki Məcəllənin qeyd edilən 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 18 may 2019-cu il tarixli borcun etirafı barədə müqaviləyə və onun 1 saylı əlavəsindən görünür ki, həmin müqavilənin nəticələrinin tətbiqi üzrə öorclunun öhdəliklərinin icrası 15 aprel 2019-cu il tarixindən başlayır və müqavilənin 3.3-cü bəndinə əsasən hər hansı ay üzrə aylıq ödəniş ödənilmədiyi təqdirdə, kreditorun borcludan həmin tarixə olan qalıq borcun ödənilməsini tələb etmək hüququna mpalikdir. Belə olan halda, etiraf olunmuş borcun icra olunma vaxtı çatmış, lakin ödənilmədiyi, növbəti ayın 15-dən, yəni konkret halda 2019-cu ilin may ayının 15-dən etibarən, Mülki Məcəllənin qeyd olunan 354.1-ci maddəsi ilə müəyyən edilən 1 illik iddia müddətinin axımı başlayır ki, həmin tarixdən hesablanan bir illik iddia müddəti də buraxılmış olur. Qeyd olunanlardan göründüyü kimi, qarşılıqlı iddiaçıların iddia tələblərinin təmin edilməsi üçün əsasların mövcudlğu müəyyən edilmir. Bununla yanaşı məhkəmə kollegiyası onların apellyasiya şikayətnin ilkin iddia tələbinin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır. Belə ki, ilkin iddiaçı “xxxx” ilə “A&B” arasında bağlanmış 18 may 2019-cu il tarixli “mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən və həmin müqaviləyə 1 saylı Əlavədən isə görünür ki, müqavilə ilə etiraf olunmuş 382.000 ABŞ dolları məbləğində borc 15 aprel 2019-cu il tarixindən etibarən, hissə-hissə ödənilməklə icrasına başlanılır və bu 15 dekabr 2022-ci il tarixində icra başa çatdırırılır. Qeyd olunan müqavilədən həmçinin görünür ki, tərəflər həmin müqavilə ilə aşağıdakı razılığa gəlmişlər: 3.1. Bu müqavtiləyə əsasən “A&B”, “xxxx”ya 382 000 ABŞ dolları məbləğində pul vəsaiti borcdlu olduğunu və ödəyəcəyini qəbul edir. 3.2. Hazırkı müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulan borc məbləği müqavilənin 1 nömrəli Əlavəsində nəzərədə tutulmuş vaxtlarda və təyin olunmuş həcmdə ödənilmədiyi təqdirdə hər gecikdirilmiş gün üçün ödənilməli məbləğin 0,1 % məbləğində dəbbə pulu hesablanacaq. 3.3.“A&B”, 1 nömrəli Əlavədə göstərilən ödəmə cədvəlinə riayət etmədiyi, hər hansı ay üzrə nəzərədə tutulumuş aylıq ödənişi gecikdirdiyi və ya tam həcmdə həyata keçirmədiyi təqdirdə “xxxx”nın dərhal məhkəməyə müraciət edərək müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulan ümumi borc məbləğinin həmin tarixə olan qalıq borcunu tələb etmək hüququ vardır. Müqavilənin qeyd olunan imperativ şərtindən göründüyü kimi, hər hansı ay üzrə ödəniş gicikdirildiyi təqdirdə, kreditor “xxxx” borclu .“A&B”-dən 382 000 ABŞ dolları ümumi borc məbləğinin həmin tarixə olan qalıq borcunu tələb edə bilər. İş materiallarından görünür ki, borclu 2019-2020-ci illərdə heç bir ödəniş etməmiş və onun qeyd olunan Əlavəyə əsasən hazırkı günə icra edilməli olan borcu, cəmi, 202.000,00 ABŞ dolları təşkil edir (Borcun növbəti hissəsinin ödənilmə vaxtı 15 iyun 2021-ci il tarixində çatır). Mülki Məcəllənin 427.3-cü maddəsinin tələbindən də görünür ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki qanunvericiliyin qeyd olunan tələbi və borcun etirafı müqaviləsinin göstərilən şərtləri onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən etiraf olunmuş 382.000,00 ABŞ dolları məbləğində borcun, bütövlükdə, cavabdehlərdən ilkin iddiaçının xeyrinə tutulmasını qət etməkdə haqlı olmamışdır. (Mülki Məcəllənin 467-ci maddəsi tətbiq olunmaqla, dəbbə pulu, əsas borc məbləğinə münasibətdə bir faizinə azaldılaraq 3820 $ məbləğində tutulması qət olunmuşdur) . Göründüyü kimi, məhkəmə, qətnamədə 202.000,00 ABŞ dolları məbləğindən artıq hissədə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlməmişdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçıların apellysiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1231/2020 saylı 27.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilməli: -ilkin iddia tələbi qismən təmin edilməli və cavabdehlərdən müştərək qaydada 202.000,00 ABŞ dolları məbləğində əsas borc, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən onların əmlak vəziyyəti və əsaslı mənafeləri nəzərə alınmaqla, həmin məbləğin bir faizi həcmində 2.020,00 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 204.020,00 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq ilkin iddiaçıya ödənilməli, borcun qalan hissəsinin icrası vaxtı çatmadığına görə ilkin iddia qalan hissəsində, eyni zamanda qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar “xxxx” MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1231/2020 saylı 27.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. İlkin iddia tələbi qismən təmin edilsin. “xxxx” MMC-dən və Cavabdeh2 müştərək qaydada 202.000,00 ABŞ dolları məbləğində əsas borc, 2.020,00 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə, 204.020,00 (iki yüz dörd min iyirmi) ABŞ dolları məbləğində pul, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi ilə tutularaq, “İddiaçınə” ödənilsin. İlkin iddia tələbi qalan hissədə, habelə, qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-313/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-313/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver