Məhkəmə qərarları › İş №2-2(103)-315/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-315/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-315/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı kommersiya işi Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4340/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. “X4 Zavodu” MMC (sonrakı adı “X5” MMC, hüquqi varisi İddiaçı MMC) (satıcı) ilə Cavabdeh (alıcı) arasında 25 mart 2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqaviləyə müvafiq olaraq satıcı burada razılaşdırılmış və müqavilənin tərkib hissəsi sayılan əlavələrdə (X1) qeyd olunan qiymətdə və çeşiddə beton məhsulunu (bundan sonra "Mallar” adlanacaq) tədarük etmək, alıcı isə müqavilənin icra müddətində, müqavilənin müddəa və şərtlərinə əsasən razılaşdırılmış qiymətə uyğun olaraq satıcıdan malları almaq barədə razılığa gəlirlər. 3.3.2-ci bəndinə əsasən malların ödənişini razılaşdırılmış şərtlər çərçivəsində vaxtında və düzgün aparmaq alıcının öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə malların qiyməti və çeşidi Əlavə 1-də (X1) əsasında müəyyənləşdirilir. 4.2-ci bəndinə əsasən hər bir ödənişin məbləği alıcıya satılmış və təhvil verilmiş malların hər partiyası üçün ayrılıqda verilən qaiınə-faktura və ya hesab-fakturada göstərilir. 4.3-cü bəndinə əsasən malların ödənişi tərəflərin razılaşdırmış olduğu protokola uyğun olaraq həyata keçirilir. 4.4-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlər qanunvericiliyə uyğun olaraq nəğd və ya köçürmə yolu ilə həyata keçirilir. 7.2-ci bəndinə əsasən alıcı, malların ödəniş müddətlərinin pozulmasına görə satıcının hesablaşma hesabına faktiki olaraq köçürüldüyü ana qədər ödənişin ləngidiİdiyi hər bir gün üçün gecikdirilıniş məbləğin 0,5%-i miqdarında Satıcıya penya ödəyəcək. 10.1-ci bəndinə əsasən hazırkı müqavilə tərəflər və ya onların səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı tarixdən qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. Bu müddətin bitməsinə ən azı 30 gün qalmış tərəflərdən hər hansı biri digər tərəfə bu müqavilənin ləğv etmək niyyəti barədə yazılı şəkildə xəbərdar etmədikdə, bu müqavilə avtomatik surətdə eyni şərtlərlə hər dəfə 1 (bir) il müddətinə uzadılır. 10.2-ci bəndinə əsasən yuxarıda qeyd olunan müddəaya baxmayaraq alıcının bu Müqavilə üzrə olan ödəniş öhdəliklərini tam şəkildə yerinə yetirdiyi ana qədər qüvvədə sayılır.

3. 25 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə 2 olan xx.xx.2021-ci il tarixli X2na əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların (beton) növü, ölçüsü və qiyməti barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. “X5” MMC (ləğv prosesindədir) tərəfindən ümumilikdə 307.590,60 manat dəyərində malların verilməsinə görə mart-iyul 2021-ci illəri əhatə edən elektron qaimələr tərtib edilərək Cavabdehnə elektron sistem vasitəsi ilə göndərilmişdir.

5. 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, xx.xx.2010-ci il tarixdə qeydiyyata alınmış “X4 Zavodu” MMC-nin (VÖEN: **********) hazırki adı “X5” MMC-dir.

6. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmış İddiaçı MMC (VÖEN: **********) xx.xx.2010-ci il tarixdə ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış “X5” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir.

7. İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli (üzləşmə) aktdan görünür ki, Cavabdeh (mühasib X3) İddiaçı Beton Zavoduna (İddiaçı MMC-yə) 59.314 manat borcunun olduğunu bildirmiş və xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay stabil ödəməklə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşlər.

8. İddiaçı MMC tərəfindən Cavabdehnə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda qanunvericililklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MMC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış Cavabdehndən 59.314 manat əsas borcun, 10.000 manat penya məbləğinin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat məbləğində mediasiyaya dair xərcin, cəmi ümumilikdə 69.714 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqi ünvanı AZ1029 Bakı şəhəri, Nərimanov rayonu, Köndələn eninə 10-cu olan İddiaçı MMC (VÖEN: **********) xx.xx.2010-cu il tarixdə ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış “X5” MMC-nin (qurumun əvvəlki adı “X4 Zavodu” MMC) ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisidir. “X5” MMC ilə Cavabdeh arasında 25 mart 2021-ci il tarixdə alqısatqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə cavabdehin mülkiyyətinə müxtəlif markalı beton təhvil verilib. Təhvil verilən malların dəyərinin bir hissəsi ödənilsə də, ƏDV daxil 59314 manat məbləğində borc ödənilməmişdir. Cavabdehin iddiaçıya 59314 manat məbləğində borcunun olması tərəflərin möhürü və səlahiyyətli şəxslərinin imzası ilə təsdiq olunan üzləşmə aktında öz əksini tapmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Cavabdehə mübahisənin məhkəmədən kənar həll edilməsi üçün pretenziya məktubu göndərilmişdir. Cavabdeh mediasiya sessiyasına dəvət olunsa da, iştirak etməmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 9.5-ci bəndinə əsasən alıcı, malların ödəniş müddətlərinin pozulmasına görə satıcının hesablaşma hesabına faktiki olaraq köçürüldüyü ana qədər ödənişin ləngidildiyi hər bir gün üçün gecikdirilmiş məbləğin 0,5 faizi məbləğində aatıcıya penya ödəyəcək.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4340/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia qismən təmin edilərək Cavabdehndən 59.314 manat məbləğində əsas borc, 3000 manat məbləğində dəbbə pulu, cəmi 62.314 manat məbləğində pul vəsaitini, mediasiya xərclərinin əvəzi olaraq 360 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC (“X4 Zavodu” MMC-nin hüquqi varisi) ilə Cavabdeh MənzilTikinti Kooperativi arasında 25 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda İddiaçı MMC həmin müqavilə üzrə sifariş edilmiş malları cavabdehə təqdim etsə də, malların dəyərinin cavabdeh tərəfindən tam ödənilmədiyini əsas göstərərək 59.314 manat məbləğində borcun tutulmasını tələb edir.

13. Məhkəmə qeyd etmişdir ki, mübahisəli müqavilə üzrə Cavabdeh İddiaçı MMCyə 59.314 manat borcunun olması faktı iş materiallarında olan tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı, eləcə də malların təqdim edilməsinə dair iddiaçı tərəfindən cavabdehə göndərilmiş və cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış elektron qaimələrlə öz təsdiqini tapır. Odur ki, əsas borcun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir.

14. Məhkəmə iddianın dəbbə pulu hissəsinə münasibətdə ilk olaraq qeyd etmişdir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

15. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 3000 manat məbləğində müəyyən edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4340/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə “X4 Zavodu” MMC (satıcı)ilə Cavabdeh (alıcı) arasında bağlanmış 25 mart 2021-ci il tarixdə alqı-satqı müqaviləsinə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə 2 olan xx.xx.2021-ci il tarixli X2na və İddiaçı MMC ilə Cavabdeh arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli (üzləşmə) aktna istinad edərək, iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir. Lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən sənədləri düzgün qiymətləndirməmişdir. Belə ki, tərəflər arasında mövcud xx.xx.2021-ci il tarixdə Alqı-satqı müqaviləsinə və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə 2 olan xx.xx.2021-ci il tarixli X2 mübahisəsiz haldır. Lakin İddiaçı MMC ilə Cavabdeh arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli (üzləşmə) akt mübahisəli haldır. Həmin aktı MTK səlahiyyətli olmayan şəxs tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, iddiaçı “X4 Zavodu” MMC təşkilatı hüququ forması dəyişərək İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyət olması barədə MTK məlumat verilməmişdir. Sözügedən üzləşmə aktı isə qanunsuzdur. Maddi hüquq normalarının pozuntu ilə tərtib edilmiş əsassız sənəddir. Eyni zamanda, iddiaçı borc məbləğini düzgün göstərməmişdir. Bu da işin digər mübahisəsiz halıdır. Məhkəmə bu istiqamətdə araşdırma aparmamışdır. Lakin məhkəmə iş materiallarını düzgün qiymətləndirməməsi nəticəsində qanunsuz məhkəmə aktı qəbul etmişdir. Mediasiya prosesi formal xarakter daşımış, mediasiya barədə bildirişlər MTK-nın ünvanına göndərilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz təqdim edilmişdir.

19. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.2.4-cü maddə-iddiaya etirazda cavabdeh iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar göstərilməlidir. 385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

20. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4340/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 25 mart 2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, satın alınacaq betonun müxtəlif çeşidləri üzrə qiyməti qiymətlərin razılaşdırılma protokolu imzalanmaqla razılaşdırılmışdır.

23. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələr və üzləşmə aktı əsasında müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya təhvil verdiyi mallara görə 59.314 manat borcu qalmışdır.

24. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən SMS xəbərdarlıq göndərilməklə məhkəmə iclaslarının vaxtı barədə xəbərdar edilsə də, iclaslarda səlahiyyəli nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya və iddiaçının təqdim etdiyi sübutlara etiraz bildirməmişdir. Apellyasiya şikayətinin məzmununda da məhkəmənin çəkişmə prinsipini pozduğuna dair əsas olmadığından müəyyən olunur ki, cavabdehin işə birinci instansiya qaydasında baxılarkən məhkəmə iclaslarının vaxtı barədə məlumatı olmuşdur.

25. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri budur ki, İddiaçı MMC ilə Cavabdeh arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktı MTK-nın səlahiyyəti olmayan şəxsi tərəfindən təsdiq edildiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə bu dəlili əsassız hesab edərək qeyd edir ki, həmin akt Cavabdeh mühasibi tərəfindən imzalansa da, hüquqi şəxsin möhürü ilə təsdiq edildiyindən belə qənaətə gəlməyə əsas verir ki, qanuni təmsilçi tərəfindən mühasibə iddiaçıya olan qalıq borcun məbləğini təsdiq etmək üçün səlahiyyət verilmişdir. Bundan əlavə cavabdehə iddiaçı tərəfindən malların təqdim edildiyi yalnız üzləşmə akı ilə deyil, cavabdeh tərəfindən mübahisələndirilməyən elektron qaimələrlə də təsdiq edildiyindən, təqdim edilmiş malların dəyərinin tam ödənilməsi barədə isə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən iddianın təmin edildiyi hissədə (həm əsas həm də dəbbə pulu ilə bağlı borc) qətnamə qanuni və əsaslıdır.

26. Apellyasiya şikayətində iddiaçının borc məbləğini düzgün göstərmədiyi qeyd edilsə də, cavabdeh iddianı hansı hissədə qəbul etdiyini, hansı məbləğdə ödəniş edildiyini göstərməmiş, nümayəndəsi hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə tərəfindən müəyyən olunur ki, apellyasiya şikayətinin formal xarakter daşıyır.

27. Apellyasiya şikayətində eyni zamanda mediasiya prosesinin formal xarakter daşıdığı, mediasiya barədə bildirişlərin MTK-nın ünvanına göndərilmədiyi qeyd edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, mediasiya mərhələsi qanunda tərəflər arasındakı mübahisənin məhkəməyədək həlli imkanı olaraq nəzərdə tutulmuş bir proses olduğundan və mübahisə tərəfləri arasında barışıq sazişinin imzalanması apellyasiya instansiyası mərhələsində də mümkün olduğundan qeyd edilən hal mübahisələndirilən qətnamənin ləğv edilərək iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bununla yanaşı işdən görünür ki, cavabdeh hüquqi ünvanında fəaliyyət göstərmədiyi üçün birinci instansiya məhkəməsi tərəfindən göndərilmiş sənədlər də cavabdehə çatdırılmadan geri qaytarılmışdır.

28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, işə baxmış məhkəmə tərəfindən mübahisə düzgün həll edilərək hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4340/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4340/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar