Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-315/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi, lizinq obyektinin geri təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Rauf qızının sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3549/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. "xxxx" MMC (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 113 nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 31510 manat olan və “Traktor 8095 4wd klimalı” kənd təsərrüfatı texnikasının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir, Lizinq alan texnikaların bu Müqavilənin 1.1-ci bəndində göstərilən 31510 manat dəyərindən 12310 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqaviləyə görə lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri Lizinq alan tərəfindən ödənilənədək Lizinqə verənə məxsusdur. Müqavilənin 3.5-ci bəndinə əsasən Bu müqavilənin şərtlərinə uyğun olaraq sonuncu ödənişin həyata keçirilməsindən sonra mülkiyyət hüququ Lizinq alana keçir. Müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən tərəflər razılaşırlar ki, müqavilənin valyutası Azərbaycan Respublikasının manatı ilə ifadə olunur. Lizinq alan bu müqavilənin 1.2-ci bəndində göstərilən qabaqcadan ödəniş də daxil olmaqla, Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq ödənişləri həyata keçirir. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb edir. Müqavilənin 5.1-ci bəndinə əsasən Lizinq alan tərəfindən aşağıdakı hərəkətlərə yol verilməsi müqavilənin şərtlərinin kobud pozuntusu halları hesab edilir: Texnikadan istifadə şəraiti bu müqavilənin şərtlərinə və ya Texnikanın təyinatına uyğun olmadıqda;Lizinq verənin icazəsi olmadan Texnikanın təyinatı dəyişdirdikdə və ya satdıqda, girova qoyduqda, yaxud digər şəxslərə istifadəyə verdikdə; Texnikanın işlək halda saxlanması üçün lazımı tədbirləri həyata keçirilməməsi və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə; Texnikanı lizinq müddətinə bütün zərərdən sığortalamadıqda; Bu Müqavilənin 3.16-cı bəndində göstərilən öhdəliyini icra etmədikdə; Texnikadan istifadə üçün bu Müqaviləyə Əlavə № 1-də nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə; Lizinq alan Lizinq verənin nümayəndələrinin Texnikaların vəziyyətini yoxlamasına şərait yaratmadıqda, o cümlədən Texnikaların yerləşdiyi sahəyə daxil olmasına icazə vermədikdə və ya maneəçilik törətdikdə. Müqavilənin 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda Lizinq verən Lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, müqaviləni bir tərəfli surətdə ləğv etmək, Texnikam saz vəziyyətdə geri götürmək və ya Texnikanın qalıq dəyərini tələb etmək, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlamaq və vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüquqlarına malikdir. Bu halda Lizinq verən Lizinq alandan götürülmüş Texnikanı başqa şəxsə İizinqə verə bilər. Müqavilənin 5.6-ci bəndinə əsasən Lizinq alan bu Müqavilənin 5.2-5.5-ci bəndlərinin tələblərini yerinə yetirmədikdə Lizinq verən bir tərəfli qaydada bu müqavilənin ləğv edilməsi, Texnikanın və ya onun qalıq dəyərinin, onun işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, vurulmuş zərərin, bu Müqavilənin 5.2-5.5-ci bəndlərində nəzərdə tutulan cərimələrin Lizinq alandan alınması üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
2. "xxxx" MMC (Hüquq ötürən şəxs), "xxxx" ASC (Qəbul edən şəxs) və Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007 nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli Sazişdən görünür ki, hüquq ötürən şəxs 2019-cu il 02 iyul tarixli, 99/0113/NBKT nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə özünə məxsus bütün hüquq və öhdəliklərini Qəbul edən şəxsə ötürür, həmçinin Hüquq ötürən şəxs xx.xx.2020-ci il tarixinə qədər Lizinq alanın bütün lizinq ödənişlərini qəbul edərək Hüquq qəbul edən şəxsə ötürməyi (hesabına ödəməyi) öz üzərinə götürür. Eyni zamanda Qəbul edən şəxs bununla razılaşaraq Lizinq alanların xx.xx.2020-ci il tarixindən etibarən Hüquq ötürən şəxsə ödəməli olduğu məbləği Lizinq alanlardan yeni ödəniş qrafiki əsasında qəbul etməyi, o cümlədən müqavilə ilə nəzərdə tutulmuş digər bütün hüquqları və öhdəlikləri öz üzərinə götürür. Lizinq alan şəxs isə bu müqavilə üzrə xx.xx.2020-ci il tarixinə qədər mövcud olan borcunu tam şəkildə Hüquq ötürən şəxsə ödəməyi, xx.xx.2020-ci il tarixindən etibarən yeni ödəniş qrafiki əsasında aylıq ödənişləri Qəbul edən şəxsə köçürməyi öz öhdəsinə götürür. 2.1-ci bəndə əsasən tərəflər razılaşırlar ki, Lizinq alan şəxs xx.xx.2020-ci il tarixinə qədər Hüquq ötürən şəxsə mövcud olan borcunu Saziş qüvvəyə mindiyi tarixdən 1 ay müddətində tam şəkildə hüquq ötürən şəxsə ödəyir. 2.2-ci bəndə əsasən Lizinq alan şəxsin Hüquq ötürən şəxsə borcun təsdiqlənməsi aktına əsasən xx.xx.2020-ci il tarixindən etibarən mövcud olan əsas məbləğ üzrə borcu isə Lizinq alan şəxs Saziş imzalanan tarixdən sonrakı qrafik üzrə Qəbul edən şəxsə ödəyir. 2.9-cu bəndə əsasən ödənişlər tam şəkildə həyata keçirildikdən sonra Müqavilə üzrə lizinqə verilmiş texnika iki tərəfli təhvil-təslim aktı əsasında Lizinq alan şəxsə təhvil verilir. Lizinq obyektinin təhvil-təslimi zamanı Lizinq alan şəxs tərəfindən irəli sürülən bütün pretenziyalara Hüquq ötürən şəxs cavabdehdir.
3. xx.xx.2024-cü il tarixli iddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı “Prior Leasing" ASC qarşısında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cıı il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” 30 iyul 2020-ci il tarixli Bərdə-007 nömrəli Sazişə əsasən xx.xx.2024-cü il tarixə qədər gecikdirilmiş cari borcu 12640 manat təşkil edir.
4. xx.xx.2019-cu il tarixli 113 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, lizinq məbləği 19200 manat olan 60 ay müddətinə lizinq predmetinə görə Cavabdeh hər ay 320 manat ödəməlidir.
5. xx.xx.2019-cu il tarixli 113 nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə tərtib edilmiş üzləşmə və təhvil-təslim aktından görünür ki, lizinq obyekti olan “Tümosan” markalı “Traktor 8095 4wd klimalı” texnika Cavabdeh (Lizing alan) təhvil verilmişdir.
6. "xxxx" ASC 15 yanvar 2024-cü il tarixində Cavabdeh pretenziya məktubu ilə müraciət edərək, "xxxx" MMC, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli 007 nömrəli Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli Sazişə əsasən lizinq ödənişləri və hesablaşma qaydasını pozduğuna görə xx.xx.2024-cü il tarixinə 12320 manat gecikdirilmiş borcun yarandığını, 3 iş günü müddətində pozulmuş şərtləri təmin edilməsini, əks halda "xxxx" ASC lizinq müqaviləsinin və Sazişin ləğv edilməsi, lizinq obyektinin saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbi ilə bağlı zəruri tədbirlərin dərhal başlanacağını bildirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
7. İddiaçı ASC iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Bərdə-007 nömrəli üçtərəfli Sazişə əsasən 11770,67 manat əsas borcun, 138 manat məbləğində ödənilmiş dövlət rüsumunun və cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd 8095 4wd klimalı traktorun Cavabdeh saz və işlək vəziyyətdə alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 113 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd 8095 4 WD klimalı traktor cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. İddiaçı "xxxx" ASC, "xxxx" MMC və Cavabdeh arasında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” 30 iyul 2020-ci il tarixli Bərdə-007 nömrəli Saziş ilə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçı "xxxx" ASC-yə ötürülmüşdür. Cavabdeh müqavilə və Sazişin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə cavabdehin lizinq müqaviləsi üzrə "xxxx" ASC qarşısında xx.xx.2024-cü il tarixinə 12640 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Göstərilən məbləğin ödənilməsi tələbi ilə, tərəflərindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLP-24/0004 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” 30 iyul 2020-ci il tarixli 007 nömrəli Sazişə əsasən lizinq ödənişləri və hesablaşma qaydalarını pozduğuna görə 12640 manat gecikdirilmiş əsas borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.5-ci maddəsinə görə, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3549/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş 30 iyul 2020-ci il tarixli Bərdə- 007 nömrəli Sazişə əsasən əsas borc üzrə 11770 manat 67 qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 100 manatının əvəzi Cavabdeh tutularaq İddiaçı ASCyə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında lizinq müqaviləsi imzalanmış, müqavilədə lizinq mükafatının məbləği haqqında razılaşma göstərilmişdir. İddiaçı müqavilə üzrə lizinq predmeti olan “Tümosan” markalı “Traktor 8095 4wd klimalı” texnikanı cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək ödənişlərini tam ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab etmişdir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” 30 iyul 2020-ci il tarixli Bərdə-007 nömrəli sazişə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 11770,67 manat gecikdirilmiş pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin bununla belə məhkəmə hesab etmişdir ki, iddia 1 ədəd “Tümosan” markalı “Traktor 8095 4wd klimalı” texnikanın cavabdehdən alınaraq saz və işlək vəziyyətdə İddiaçı ASC-yə verilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsinin təbiəti və mahiyyəti nəzərdən keçirilməlidir. Lizinq müqaviləsinin anlayışına nəzər yetirildikdə aydın olur ki, lizinq müqaviləsi icarə və alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən bir müqavilədir. Lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Azərbaycan Respublikası Konstitusiya X1). Lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər......Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır......(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar) Göründüyü kimi, lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafı və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur. Ancaq hazırkı halda, iddiaçı tərəfin həm lizinq müqaviləsi üzrə lizinq məbləğini tam tələb etməklə yanaşı eyni zamanda da, verilmiş 1 ədəd lizinq obyektinin geri qaytarılması tələbi nə qanunun mahiyyəti uyğun deyil, nə də yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa yönəlməmişdir. Əksinə, bu kimi hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır. İddiaçının, cavabdehin ardıcıl olaraq iki dəfədən artıq ödənişləri ödəmədiyini görərək həmin vaxt iddia qaldırmayıb müqavilənin sonunu gözləməsi və yalnız bundan sonra həm tam ödənişi, həm də lizinq obyektini geri tələb etməsi hüquqdan sui – istifadədir ki, bu da mülki qanunvericiliyə əsasən yol verilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi lizinq obyektinin geri tələb edilməsi hissəsində təmin edilməməlidir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin əsas borc üzrə 11.770,67 manat pulun tutularaq İddiaçıASC-yə ödənilməsi hissəsində dəyişdirilməsinə, yəni ödədiyi 19.028,31 manat məbləğində pulun 3.317,79 manatın "xxxx" ASC-nin hesabına oturdulması nəzərə alınmaqla məhkəmə aktının qəbul eidlməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ödədiyi 19.028 manat 31 qəpik pulun 3.317 manat 76 qəpiyi "xxxx" ASC- nin hesabına oturdulmamasını nəzərə almamışdır. Məhkəmə təqdim edilmiş sübutlara əsaslanmadan, LPO "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli hesabdan çıxarışı nəzərə almadan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda qeyd edilən,iş üçün əhəmiyyətli olan bütün faktiki halları nəzərə almamış, bu səbəbdən məhkəmə qərar qəbul edərkən səhv nəticəyə gəlmişdir ki, bu isə yolverilməzdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin dəyişdirilməsini xahiş etdi.
15. İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Mülki Məcəllənin: -194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. -194.2-ci maddəsinə görə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur
17. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
18. Mülki Prosessual Məcəllənin: 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin olunduğunu, cavabdehin apellyasiya şikayətində qətnaməni yalnız 3.317,76 manat məbləğində lizinq ödənişlərinə görə borcun tutulmasına dair iddianın təmin edilməsi hissəsində mübahisələndirdiyini, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə, yəni 3.317,76 manat məbləğində pulun tutulması hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli 113 nömrəli müqavilə bağlanmış, "xxxx" MMC həmin müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan traktoru Cavabdeh təhvil vermişdir. xx.xx.2020ci il tarixdə "xxxx" MMC (hüquq ötürən şəxs) ilə İddiaçı ASC (qəbul edən şəxs) və Cavabdeh (lizinq alan) arasında kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə 007 nömrəli saziş imzalanmış, həmin sazişə əsasən "xxxx" MMC-nin cavabdeh ilə bağladığı lizinq müqaviləsi üzrə hüquq və öhdəlikləri İddiaçı ASC-yə ötürülmüşdür. Bundan sonra cavabdeh lizinq ödənişlərini ödəniş qrafikinə uyğun həyata keçirməmiş və nəticədə lizinq müqaviləsi üzrə İddiaçı ASCyə borcu yaranmışdır.
22. Odur ki, mübahisəli hüquq münasibətində lizinq verən olan iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq alan olan cavabdehdən tutulmasını tələb etmək hüququna malikdir.
23. xx.xx.2020-ci il tarixədək 6488 manat məbləğində pulu "xxxx" MMC-yə ödəməsi və həmin məbləğin 3317 manat hissəsinin lizinq borcundan silinməməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən "xxxx" MMC-yə 6488 manat məbləğində ödəniş etməsi barədə sübutları təqdim etməmişdir. Bundan əlavə cavabdeh "xxxx" ASC-də olan cari hesaba 6488 manat məbləğində pulun köçürülməsi barədə ödəniş tapşırıqlarını apellyasiya instansiya məhkəməsinə təqdim etsə də, sözügedən sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmamasını əsaslandırmamışdır. Odur ki, məhkəmə kollegiyası sözügedən ödəniş tapşırıqlarının sübut kimi nəzərə alınmasını mümkün saymır.
24. Digər tərəfdən kollegiya onu da qeyd edir ki, sözügedən ödəniş tapşırıqları 6488 manat məbləğində pulun lizinq müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsi məqsədilə "xxxx" MMC-yə köçürülməsini deyil, cavabdehin "xxxx" ASC-də olan cari hesabına köçürülməsini təsdiq etməklə hazırkı mübahisəyə aid olması da müəyyən edilmir.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3549/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Elnur Həsənov
Ziya Şirinov