Məhkəmə qərarları › İş №2-2(103)-317/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-317/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-317/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 23.11.2021-ci il tarixli 2- 2(113)-4442/2021 nömrəli qətnaməsindən (hakim Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X1 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 24.11.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1396,12 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 230.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin cavabdeh buna baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 30.06.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 30.06.2021-ci il tarixə yaranan 1396,12 manat borcuna görə 230000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 08.07.2021-ci il tarixli, **********6 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.11.2021-ci il tarixli 2- 2(113)-4442/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh siyahıya alınmış 230000 manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 1396,12 manat məbləğində vergi borcunun və 10 manat məbləğində dövlət rüsumunun tutulması, vəsaitin qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 23.11.2021-ci il tarixli 2- 2(113)-4442/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir sübuta istinad etmədən iddianın təmin edilməsinə dair qərar qəbul etmiş, hansı fəaliyyəti nəticəsində 1396,12 manat vergi öhdəliyimin yaranmasını aydınlaşdırmamış, fiziki şəxs kimi fəaliyyətinin dayandırılmasına dair arayışları nəzərə almamış, bununla da iddia olunan vergi borcunun hansı dövrdə yaranmasını aydınlaşdırmamışdır. Məhkəmə 1396,12 manat vergi borcuna görə 230 000 manat dəyərində əmlakın siyahıya alınaraq hərracda satılmasının hüquqi və məntiqi açıqlamasını verməmişdir. Həmçinin borcun qanunsuz hesablandığı nəzərə alınarsa məhkəmə tamamilə qanunsuz qətnamə qəbul etmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 20.04.2022-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin vəkili Nümayəndə2 16.03.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 23.11.2021-ci il tarixli 2-2(113)-4442/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh vergi borcunun 5 gün müddətində ödənilməsi barədə 07.06.2021-ci il tarixli **********558300 saylı bildirişdən görünür ki, 07.06.2021-ci il tarixə cavabdehin vergilər üzrə 1120,24 manat, maliyyə sanksiyaları üzrə 100 manat, faizlər üzrə 150,11 manat borcu olmuşdur. Elektron iş materiallarına əlavə edilmiş şəxsi vərəqədən görünür ki, vergi borcu 25.05.2021-ci il tarixdə kameral yoxlama nəticəsində hesablanmışdır. İşdən görünür ki, cavabdeh 15.07.2021-ci il tarixdə fərdi sahibkar kimi fəaliyyətini dayandırmışdır. İş materiallarında olan vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 30.06.2021-ci il tarixli, **********6 nömrəli qərardan görünür ki, Cavabdeh vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehin vergi borcunun mövcudluğu işdəki sübutlarla təsdiq olunduğundan iddia əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin vergi borcunun mövcudluğunun, onun qanuni olub-olmamasının məhkəmə tərəfindən araşdırılmaması barədə dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh 25.05.2021-30.06.2021 dövr üçün 18.08.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 3401,98 manat vergi borcunun mövcud olduğu iş materiallarında olan şəxsi hesab vərəqəsindən aydın göründüyündən, həmin borcun əsassız hesablanıb hesablanmaması isə hazırkı icraat zamanı araşdırılmalı olmadığından (cavabdeh tərəfindən mübahisələndirildiyi halda inzibati icraat çərçivəsində araşdırılmalı olduğundan) apellyasiya şikayətinin bu dəlili əsassızdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vergi ödəyicisinin fəaliyyətini dayandırması onu fəaliyyət göstərdiyi dövr üçün hesablanmış vergiləri ödəmək vəzifəsindən azad etmir. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, məhkəmə cəmi 1396,12 manat vergi borcuna görə 230.000 manat dəyərində əmlakın siyahıya alınaraq hərracda satılmasının hüquqi və məntiqi açıqlamasını verməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsi vergi orqanına borcun məbləğindən asılı olmayaraq vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicisinin əmlakını siyahıya almaq hüququ verdiyindən cavabdehin bu mülahizəsi iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 23.11.2021-ci il tarixli 2-2(113)-4442/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 23.11.2021-ci il tarixli 2-2(113)-4442/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar