Məhkəmə qərarları › İş №2-2(103)-318/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-318/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-318/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. 16 iyun 2021-ci il tarixli xx.xx.2021 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumlyatorlar və digər maddi dəyərliləri Cavabdeh MMC-yə satır, Cavabdeh MMC isə malları İddiaçı MMC-dən qəbul edir və müqabilində İddiaçı MMCyə malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş haqqı ödəyir. Müqavilənin 7.3-cü maddəsinə əsasən Cavabdeh MMC bu müqavilə üzrə ödəyəcəyi ödənişi üzürsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0,1 %-i miqdarında İddiaçı MMC-yə cərimə ödəyir.

2. 02.07.2021-ci il tarixli EBBE seriyalı 276356 nömrəli, xx.xx.2021-ci il tarixli EBBE seriyalı 525969 nömrəli, xx.xx.2021-ci il tarixli EBBE seriyalı 721572 nömrəli, xx.xx.2021-ci il tarixli EBBF seriyalı 236057 nömrəli, xx.xx.2021-ci il tarixli EBBF seriyalı 278477 nömrəli və xx.xx.2021-ci il tarixli EBBF seriyalı 418153 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 56066,52 manat məbləğində mal satmışdır.

3. 05 oktyabr 2021-ci il tarixli öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktından görünür ki, Cavabdeh MMC-nin 05 oktyabr 2021-ci il tarixə İddiaçı MMC-yə 56065,82 manat borcu vardır.

4. 14.07.2022-ci il tarixli MŞB/5-02241 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC Bakı 5 saylı Mediasiya Təşkilatına 400 manat məbləğində mediasiya xərci ödəmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC Cavabdeh MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xeyrinə Cavabdeh MMC-dən 56065,82 manat əsas, 16000 manat cərimə, ödənilmiş 400 manat dövlət rüsumunun, ümumilikdə cəmi 72465,82 manat borcun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumlyatorlar və digər malların alqı-satqısına dair xx.xx.2021 nömrəli, 16 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) əsasən 30 bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağd qaydada satıcıya ödənilməlidir. Lakin sözügedən alqı-satqı müqaviləsi üzrə cavabdeh (alıcı qismində) öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçı qarşısında cəmi 56065,82 manat borcu yaranmışdır. Satın alınan mallara dair iddiaçı tərəfindən cavabdehə bir neçə elektron qaimə-faktura təqdim edilmişdir ki, cavabdeh tərəf bu günə qədər həmin fakturalar üzrə yaranmış borcu ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır.

7. İddia ərizəsinə etiraz daxil olmamışdır.

8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 56065,82 manat əsas borc, 1434,18 manat cərimə, cəmi 57500 manat və 400 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ddiaçı İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında malların alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə üzrə cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçının cavabdehə satdığı malların bazarda mövcud olan anoloji mallardan keyfiyyətcə daha aşağı, qiymətcə isə daha yüksək olması ilə bağlı olmuşdur. Qeyd edilən səbəbdən malların uzun müddət satılmayacağı və ya alış qiymətindən daha aşağı qiymətə satılacağı iddiaçıya əvvəlcədən bəlli olsa da, iddiaçı cavabdehi bu barədə xəbərdar etməmişdir. Odur ki, cavabdeh iddiaçıdan malların qiymətlərini aşağı salmağı və ya malların satılmayan hissəsini geri qəbul etməyi xahiş etsə də, iddiaçı cavabdehin təklifini qəbul etməmiş və bu səbəbdən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra edə bilməmişdir. Bununla yanaşı, "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 1434,18 manat cərimənin tutulması da qanunsuz sayılmalıdır ona görə ki, yuxarıda qeyd edilən səbəblərdən malların uzun müddət satılmayacağı və ya alış qiymətindən daha aşağı qiymətə satılacağı iddiaçıya əvvəlcədən bəlli olmasına baxmayaraq iddiaçı qanunsuz cərimə hesablamaq üçün uzun müddət gözlədikdən sonra məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə bu halı nəzərə almadan məbləğdə cərimə tutulması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi cavabdehi işdə iştirakını təmin etməmiş və onun iştirakı olmadan işə baxıb qətnamə qəbul etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 14.2 və 88-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübut toplamamalı, tərəflərə sübutları təqdim etmək üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Lakin məhkəmə sübutları Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 14.2-ci maddəsinin tələb etdiyi qaydada araşdırmamış və onları bu Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

18. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia əsaslıdır.

22. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

23. İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək alınan mallara görə yaranmış 56065,82 manat məbləğində borcunu ödəməmişdir.

24. Hazırda, cavabdeh öhdəliyini lazımınca icra etməməsinin iddiaçının cavabdehə satdığı malların bazarda mövcud olan anoloji mallardan keyfiyyətcə daha aşağı, qiymətcə isə daha yüksək olması ilə bağlı olduğunu bildirir.

25. Cavabdeh 05 oktyabr 2021-ci il tarixli üzləşmə aktını imzalamaqla malın iddiaçıdan təhvil alındığını və həmin tarixə 56065,82 manat borcunun olmasını təsdiq etmiş, iddiaçının göndərdiyi elektron qaimələrə qanunla müəyyən edilmiş müddət ərzində etiraz etməmişdir.

26. İşin qeyd edilən halları belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh dəyəri tələb edilən malları iddiaçıdan təhvil almış, üzləşmə aktı ilə təsdiq edilmiş borcun ödənilməsi barədə cavabdeh məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslı hesab edilir.

27. Kollegiya qeyd edir ki, satılmış malların bazarda mövcud olan anoloji mallardan keyfiyyətcə daha aşağı, qiymətcə isə daha yüksək olması əsası ilə malların dəyərini ödəməkdən imtina etməsi müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi mənasına uyğun gəlmir və məhkəmənin qənaətinə əsasən bu, hüquqdan sui-istifadə təəssüratı yaradır.

28. Cavabdeh malların keyfiyyətsiz olması və qiymətinin baha olması ilə bağlı hər hansı sübut təqdim etməmiş, əvvəlcədən narazılığını bildirməmiş, alqı-satqı müqaviləsini, üzləşmə aktını imzalamış, elektron qaimələri təsdiq etmişdir.

29. Həmin elektron qaimə-fakturalar faktiki olaraq cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir.

30. Dəbbə pulu ilə bağlı hissədə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467, və 567-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 1434,18 manat müəyyən olunmuşdur.

32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar