Məhkəmə qərarları › İş №2-2(103)-318/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-318/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-318/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair ilk iddia və Cavabdeh İddiaçınə qarşı “xərcin tutulması” tələbinə dair qarşılıqlı iddiadan ibarət kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vahid Nəriman oğlu Sadıqovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4243/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 30 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli LD 300 nömrəli Nəqliyyat Ekspedisiyası müqaviləsi bağlanmışdır.

2. Müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-nin hesabına bütün nəqliyyat növləri ilə birbaşa və ya qarışıq yolu ilə yükdaşımaların təşkili, bu müqavilə üzrə öhdəliklərin icrası üçün müxtəlif müqavilələrin bağlanması, sifarişə əsasən yükün göndərilməsinin və təhvil alınmasının təşkili, əgər bu sifarişdə nəzərdə tutulacaqsa, yükün sığortası üzrə əməliyyatların təşkili, bu müqavilə ilə nəzərdə tutulmuş digər xidmətlərin yerinə yetirilməsini və ya icrasının təşkil edilməsini, İddiaçı MMC isə bu xidmətləri qəbul etməyi və onların dəyərini Cavabdeh MMCyə ödəməyi öhdələrinə götürmüşlər.

3. Ekspeditor Cavabdeh MMC ilə Müştəri İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmışdır.

4. Həmin sazişə əsasən 2019-cu ilin aprel ayında Müştəri tərəfindən verilmiş sifarişə əsasən 237 kisədən ibarət, ümumi çəkisi 6566 kq təşkil edən qida məhsullarının Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına çatdırılması sifariş verilmişdir. Yukdaşıma xidmətinin ümumi dəyəri 4150 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Qeyd edilən məbləğə əlavə xərclər aid edilməmişdir. xx.xx.2019-cu il tarixində yük Sifarişçi tərəfindən tranzit ilə X6 limanına çatdırılsa da, mallara dair müştəri tərəfindən təqdim edilmiş uyğunluq sertifikatında bir sıra uyğunsuzluqlar (malların çatdırılma marşrutu düzgün qeyd edilməmişdir) aşkar edilmişdir. Nəticədə yükün Azərbaycana çatdırılması mümkünsüz olmuş və mallar hazırki Saziş imzalandığı günədək X6 limanında məcburi olaraq saxlanılmışdır. Tərəflər arasında bağlanılmış müqavilənin tələblərini nəzərə alaraq hazırki saziş Ekspeditorun yüklərin saxlanılması ilə bağlı bu günədək çəkdiyi xərclərin (demurage, storage və s.) Müştəri tərəfindən güzəştli əsaslarla ödənilməsi şərtlərini müəyyən edir.

5. Sazişin 1.1-ci bəndinə əsasən Müştəri, Ekspeditorun bu günədək yükün Bəndər Abbas limanında saxlanılması ilə bağlı çəkdiyi 13.385,44 ABŞ dolları məbləğində xərcləri (demurage və storage: 11.24$* 1076 gün + 1.2$*1076 gün) güzəştli şərtlər əsasında 6500 ABŞ dolları məbləğində ödəyir. Ekspeditor isə malları Azərbaycan Respublikası ərazisinə çatdır.

6. Sazişin “Qeyd” hissəsinə əsasən Müştəri daha əvvəl Ekspeditor xidmətlərinə görə ümumi hesablanmış 4150 ABŞ dolları məbləğdən 4150 ABŞ dolları və demurage və storage xərclərinə görə hesablanmış 13.385,44 ABŞ dolları məbləğdən 750 ABŞ dolları ödəmişdir (ümumi ödənilən məbləğ 4900 ABŞ dolları təşkil edib).

7. Sazişin 1.2-ci bəndinə əsasən Müştəri 1.1-ci bənddə qeyd edilən məbləğin 3500 ABŞ dollarını xx.xx.2022-ci il tarixədək, 3000 ABŞ dollarını isə mallar ölkəyə idxal edildiyi tarixdən 5 iş günü ərzində Ekspeditora ödəməlidir. İlkin 3500 ABŞ dolları ödənilməyənədək mallar X6 limanından çıxarılmır.

8. Sazişin 1.3-cü bəndinə əsasən Ekspeditor hazırki Sazişin 1.2-ci bəndində göstərilən qaydada Müştəri tərəfindən şdənişin həyata keçirildiyi təqdirdə ümumi xərc məbləğinin 6885,44 ABŞ dolları hissəsindən imtina edir.

9. Sazişin 1.4-cü bəndinə əsasən müştəri tərəfindən Sazişin 1.2-ci bəndində göstərilən ödəniş tarixləri pozulduğu təqdirdə hazırki Sazişin 1.3-cü bəndi ilə müəyyən edilmiş güzəşt məbləği tətbiq edilmədən Ekspeditorun çəkdiyi bütün xərclər, həmçinin müqavilə üzrə əlavə cərimə sanksiyaları Müştəri tərərfindən ödəniləcək.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20713 ABŞ dolları (Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə 35212,1 manat) məbləğində və 5800 manat, ümumilikdə 41012,1 manat məbləğində, həmçinin mediasiya rüsumu olaraq ödənilmiş 200 manat və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,50 manat, cəmi 41234,6 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün İddiaçı MMCyə qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdehdən 27 may 2022-ci il tarixində tərəflər arasında dəymiş ziyanla bağlı barışıq sazişinə müvafiq olaraq 13385,44 ABŞ dollarının və sonrakı dövrdə dəyən ziyana görə 7990 ABŞ dolları olmaqla, ümumilikdə 21.375,4 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikasının manat məzənnəsinə uyğun olaraq və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 201 manat dövlət rüsumun əvəzinin və hüquqi yardıma görə ödənilmiş 1500 manat məbləğində xərcin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı bildirir ki, 08 aprel 2019-cu il tarixli nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən cavabdeh iddiaçı ilə Pakistan İslam Respublikasının “İmran Usman” şirkəti arasında razılaşdırılmış alqı-satqıya görə 237 bağlamadan ibarət 6616 kq və ümumi dəyəri 13513 ABŞ dolları olan qurudulmuş bitkilərin Azərbaycana daşınmasını təmin etməli idi. Həmçinin, həmin müqaviləyə əsasən daşınma FOB olaraq Pakistanın Karachi limanından həyata keçiriləcəkdi. Lakin yük Pakistanın Lahor şəhərində idi. Cavabdehin əməkdaşlarının təklifinə əsasən yükün FOB olaraq deyil, Exwolaraq Lahor şəhərindən Formag şirkəti həyata keçirəcəkdi. Daşınmanın isə ümumi dəyəri LD300 nömrəli müqaviləyə əsasən 4150 ABŞ dolları olaraq qiymətləndirilmişdir. Lahor və Karachi arasında daşınma məbləğinin (1330 ABŞ dolları məbləğində təyin edilmişdir) bir hissəsi, yəni 530 ABŞ dolları satıcı (İmran Usman) tərəfindən Formag şirkətinin Pakistan agentinə ödənilib. Qeyd olunan yük X7 limanına vaxtında çatdırılıb. Azərbaycana gətirilməsi isə Fitosanitar sertifikatın çatışmazlığı səbəbilə mümkün olmamışdır. Hazırda satıcı iddia edir ki, yükün daşınması Exw-a keçdiyi üçün cavabdehin agenti bütün sənədləri hazırlayıb Daşıyıcı şirkətə və ya Alıcıya çatdırmalı idi. Satıcı iddiasını belə əsaslandırmışdır ki, liman Karachidə olduğu üçün konteyner Lahorda yox, Karachi-də bağlanmışdır və qanunlara əsasən konteyner Karachidə bağlandığı üçün Fitosanitar sertifikat yalnız konteyner möhürləndikdən sonra verilir. Buna baxmayaraq Fitosanitar sertifikatın hazırlanmasını gözləmədən, sənədlər tamamlanmadan konteyner yola salınır. X8 limanına çatdıqdan sonra cavabdehin əməkdaşının Satıcı şirkətin əməkdaşı Zeyn Tariq ilə razılaşmasına əsasən 650 ABŞ dolları məbləğində cərimə ödənilməsi halında Fitosanitar sertifikatın alınıb göndərilməsi razılaşdırılmışdır. Bunun üçün 300 ABŞ dolları cavabdehin əməkdaşlarının iştirakı ilə Satıcıya ödənilmişdir. Lakin Fitosanitar sertifikat əvəzinə digər sənəd təqdim olunmuşdur, təqdim olunmuş sənəd isə Fitosanitar sertifikatı əvəz etmirdi. Buna görə də, yükün Bəndər Abbas limanından çıxarılması mümkün olmamışdır. Satıcı, Pakistan İslam Respublikası qanunlarına görə yükə Fitosanitar sertifikatın verilməsini yalnız yükün Pakistan ərazisində olduğu zaman mümkün olduğunu bildirdi. Beləliklə, bütün məsuliyyət Daşıyıcı şirkətin üzərinə düşür. Qeyd olunan məsələlərlə bağlı bu müddət ərzində Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət olunmuşdur, həmçinin cavabdehlə uzun müddət danışıqlar aparılmışdır. Lakin, yükün Azərbaycana gətirilməsinə nail olunmamışdır. Bundan sonra, 27 may 2022-ci il tarixində cavabdeh ilə yeni razılaşma əldə olunmuş və barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən iddiaçı cavabdehə 3500 ABŞ dolları ilkin ödəniş, digər 3000 ABŞ dollarının isə yük Azərbaycan Respublikası ərazisində təhvil verildikdən sonra ödənildiyi təqdirdə cavabdeh yükü Azərbaycanda təhvil verməyi öhdəsinə götürdü. İlkin vəsaiti ödəməsinə baxmayaraq, 3 aydan artıq müddətdə cavabdeh öhdəliyini yerinə yetirməmişdir, yetirilməsi üçün əlavə tələblər irəli sürmüşdür. Bu səbəbdən bu müddət ərzində iddiaçıya dəymiş ziyan yükün ümumi dəyəri – 13513 ABŞ dolları, X3 sertifikatın alınması üçün ödənilmiş məbləğ – 300 ABŞ dolları, cavabdehə ödənilmiş məbləğ – 4900 ABŞ dolları, əldən çıxmış fayda – 2000 ABŞ dolları, barışıq sazişi əsasında cavabdehə ödənilmiş məbləğ – 5800 manat hesablanmışdır.

13. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, Cavabdeh MMC və İddiaçı MMC ilə arasında bağlanmış 08 aprel 2019-cu il tarixində LD300 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən Cavabdeh MMC qurudulmuş bitkilərin Azərbaycana daşınmasını ekspeditor kimi təmin etməyi, İddiaçı MMC isə bunun əvəzində daşıma haqqını ödəməyi öhdəsinə götürmüşdür. Buna müvafiq olaraq Cavabdeh MMC ilə üçüncü şəxs hesab edilən “BarFarabari X9”l Trasport Co” şirkəti nəqliyyat-ekspediyası xidmətlərinin göstərilməsi haqqında xx.xx.2019-cu il tarixli, A15/19 saylı müqavilə bağlanmışdır. Cavabdeh MMC tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilərək daşıma həyata keçirilsə də, İddiaçı MMC müqavilə öhdəliklərini pozaraq lazımi sənədləri təqdim və təmin etmədiyindən daşımanın yekunlaşdırılması mümkün olmamışdır. Belə ki, Cavabdeh MMC və İddiaçı MMC ilə arasında 08 aprel 2019-cu il tarixində LD300 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinin 2.3.3-cü bəndinə əsasən İddiaçı MMC-nin yükü müşayiət edən bütün lazımi sənədlərlə birlikdə, gömrük nəzarətin, avtomobil nəqliyyatı nəzarətin, sanitar nəzarətin və dövlət nəzarətin digər növlərinin həyata keçirilməsi üçün lazım olan bütün sənədləri Cavabdeh MMC-yə və ya onun kontragentlərinə verilməsini təşkil etmək, həmçinin ehtiyac olduğu halda, ekspeditora müştərinin maraqları təqdim etməsi məqsədləri üçün etibarnamə vermək vəzifəsi olmuşdur. Həmin müqavilənin məsuliyyət şərtlərini müəyyən edən 3-cü bəndində də məhz yükün nəqliyyat sənədlərinin rəsmiləşdirilməsi İddiaçı MMC-nin məsuliyyət dairəsinə aid edilmişdir. Lakin İddiaçı MMC öz məsuliyyət dairəsinə aid olan şərtləri yerinə yetirməmiş (fıtosanitar sertifikatın alınması), nəticədə yüklərin daşınması başa çatmamışdır. Bundan irəli gələrək isə Cavabdeh MMC-yə əlavə ziyan dəymişdir. Bu məqsədlə 27 may 2022-ci il tarixində dəymiş ziyanla bağlı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Cavabdeh MMC-yə həmin dövrə 13.385,44 ABŞ dolları məbləğində ziyan (demurage və storage xəclərı) dəydiyi müəyyən edilmiş, həmin ziyanın güzəştli şərtlərlə yəni 3500 ABŞ dollar ilkin, 3000 ABŞ dolları isə yük Azərbaycan Respublikası ərazisində gəldikdən sonra ödənilməsi razılaşdırılmışdır. Lakin İddiaçı MMC həmin barışıq sazişinin də şərtlərini düzgün icra etməmiş, yalnız ödənişin bir hissəsini həyata keçirmişdir. Nəticədə həmin sazişin 1.4-cü bəndinə əsasən İddiaçı MMC ümumi ziyan məbləğini ödəmək öhdəliyi yaranmışdır. Həmin saziş imzalandıqdan və İddiaçı MMC tərəfindən icra edilmədiyindən sonradan Cavabdeh MMC yenə də oxşar ziyanlarla üzləşmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 4243/2023 qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 27 may 2022-ci il tarixində tərəflər arasında dəymiş ziyanla bağlı bağlanmış barışıq sazişinə müvafiq olaraq 12635,44 ABŞ dolları və sonrakı dövrdə dəyən ziyana görə 7990 ABŞ dolları olmaqla, ümumilikdə 20625,44 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, dövlət rüsumuna görə 193,94 manat və vəkilin göstərdiyi yardıma görə 1350 manat İddiaçı MMCdən tutularaq "xxxx" MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

15. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, ilk iddianın təmin olunması və qarşılıqlı iddianın təmin olunmamasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Tərəflər arasında bağlanmış barışıq sazişindən müəyyən olunur ki, "xxxx" MMC yükün Bəndər Abbas limanında saxlanılması ilə bağlı 13.385.44 ABŞ dolları məbləğində xərclər çəkmiş, bu xərcləri İddiaçı MMC qəbul edərək, həmin məbləğdən 750 ABŞ dollarını ödəmişdir”. Halbuki barışıq sazişinin 1.3-cü bəndindən göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı özü həmin məbləğin 6885,44 ABŞ dolları hissəsindən imtina etmişdir. Pulun digər hissəsinə gəldikdə isə barışıq sazişinə əsasən Cavabdeh MMC-yə həmin dövrə 13.385,44 ABŞ dolları məbləğində pulun güzəştli şərtlərlə yəni 3500 ABŞ dollar, ilkin 3000 ABŞ dolları isə yük Azərbaycan Respublikası ərazisində gəldikdən sonra ödənilməsi razılaşdırılmışdır. Bundan sonra İddiaçı MMC tərəfindən 3500 ABŞ dolları ödənilmiş, yük Azərbaycan ərazisinə gətirilmədiyi üçün isə 3000 ABŞ dolları ödənilməmişdir. İşdə olan “X4 X2.” Şirkətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı MMC-yə məxsus malın saxlanması və müddətdən artıq saxlanmasına görə 7990 dollar (qaimə nömrəsi: 98AZ104-15778) Cavabdeh MMC tərəfindən “X4 X2.” Şirkətinə ödənilmişdir. Məhkəmə ümumiyyətlə “X4 X2.” Şirkəti ilə bağlı sənədləri sübut qismində qəbul etməməli idi. Belə ki, həmin məbləğin ödənilməsi məsələsi artıq barışıq sazişi ilə tənzimlənmişdir. Həmçinin, məhkəmə ilk iddia üzrə iddia müddətinin ötürüldüyünü nəzərə alaraq, iddianı rədd etmişdir. Halbuki İddiaçı MMC tərəfindən cavabdehin öhdəlikləri icra olunmadığı tarixdən etibarən dəfələrlə bildiriş, məktub və pretenziya ilə müraciət olunaraq, malların Azərbaycan Respublikasına gətirilməsi tələb olunmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Yəni pretenziya iddia müddətinin axımı başlandıqdan sonra 1 il ərzində artıq cavabdehə göndərilmişdir. Bundan əlavə, məhkəmə iddia müddətini hesablayarkən mediasiya mərhələsində sərf olunmuş 2 ay müddəti də nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh MMC apellyasiya şikaytinə dair etiraz vermişdir.

18. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə, iddianın əsassız olduğuna görə rədd edilməklə yanaşı, əsaslı olsaydı belə iddia müddətinin keçməsinə görə rədd ediləcəyi şəklində də əsaslandırma etmişdir. Bu isə iddianın yalnız iddia müddəti keçməsinə görə rədd edilməsi anlamına gəlmir. Belə ki, tərəflər arasında 08 aprel 2019-cu il tarixində imzalanmış LD300 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinin 2.3.3-cü bəndinə əsasən Bəyaz Floranın “yükü müşayiət edən bütün lazımi sənədlərlə birlikdə, gömrük nəzarətin, avtomobil nəqliyyatı nəzarətin, sanitar nəzarətin və dövlət nəzarətin digər növlərinin həyata keçirilməsi üçün lazım olan bütün sənədləri Formağa və ya onun kontragentlərinə verilməsini təşkil etmək, həmçinin ehtiyac olduğu halda, ekspeditora müştərinin maraqları təqdim etməsi məqsədləri üçün etibarnamə vermək" vəzifəsi olmuşdur. Həmin müqavilənin məsuliyyət şərtlərini müəyyən edən 3-cü bəndində də məhz yükün nəqliyyat sənədlərinin rəsmiləşdirilməsi İddiaçı MMC-nin məsuliyyət dairəsinə aid edilmişdir. Lakin İddiaçı MMC öz məsuliyyət dairəsinə aid olan şərtləri yerinə yetirməmiş (fıtosanitar sertifikatın alınması), nəticədə yüklərin daşınması başa çatmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz etdi.

20. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.Həmin Məcəllənin 852.3-cü maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. 24.Həmin Məcəllənin 852.5-ci maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir. 25.Həmin Məcəllənin 853.1-ci maddəsinə əsasən yük göndərən daşıyıcıya aşağıdakıları dəqiq göstərməlidir: yük alanın ünvanı; çatdırılma yeri; yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi; göndərmə müddəti və nəqliyyat növü; qiymətli obyektlər olduqda - onların dəyəri; habelə xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda - təhlükənin konkret növü və belə hallarda qəbul edilməli ehtiyat tədbirləri. 26.Həmin 853.1-1-ci maddəsinə əsasən yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir. 27.Həmin Məcəllənin 853.2-ci maddəsinə əsasən yük göndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir.

28. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.

29. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

30. Həmin Məcəllənin 859.3-cü maddəsinə əsasən əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi (859.3.2.).

31. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Həmin Məcəllənin 115.0, 115.0.5, 115.0.6-cı maddələrinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 34.Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verildiyini və şikayətin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia rədd edilməlidir.

37. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 852.5-ci maddəsi (ekspeditorun daşıyıcının təqsirinə görə məsuliyyət daşıması) və 859.2-ci maddəsi (daşıyıcının zərər üçün məsuliyyət daşıması) təşkil edir. Lakin hazırki işdə həmin maddələrin dispozisiya şərtləri mövcüd deyil.

38. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli LD 300 nömrəli Nəqliyyat Ekspedisiyası müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil edir.

39. Həmin müqavilənin 2.3.3-cü bəndində müəyyən edilmişdir ki, yükü müşayiət edən bütün lazımi sənədlərlə birlikdə, gömrük nəzarətin, avtomobil nəqliyyatı nəzarətin, sanitar nəzarətin və dövlət nəzarətin digər növlərinin həyata keçirilməsi üçün lazım olan bütün sənədləri ekspeditora və ya onun kontragentlərinə verilməsini təşkil etmək, həmçinin ehtiyac olduğu halda, ekspeditora müştərinin maraqlarını təqdim etməsi məqsədləri üçün etibarnamə vermək Müştərinin vəzifəsidir.

40. Ekspeditor Cavabdeh MMC ilə Müştəri İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişində isə qeyd edilmişdir ki, 2019-cu ilin aprel ayında Müştəri tərəfindən verilmiş sifarişə əsasən 237 kisədən ibarət, ümumi çəkisi 6566 kq təşkil edən qida məhsullarının Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına çatdırılması sifariş verilmişdir. Yukdaşıma xidmətinin ümumi dəyəri 4150 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Qeyd edilən məbləğə əlavə xərclər aid edilməmişdir. xx.xx.2019-cu il tarixində yük Sifarişçi tərəfindən tranzit ilə X6 limanına çatdırılsa da, mallara dair Müştəri tərəfindən təqdim edilmiş uyğunluq sertifikatında bir sıra uyğunsuzluqlar (malların çatdırılma marşrutu düzgün qeyd edilməmişdir) aşkar edilmişdir. Nəticədə yükün Azərbaycana çatdırılması mümkünsüz olmuş və mallar hazırki Saziş imzalandığı günədək X6 limanında məcburi olaraq saxlanılmışdır.

41. Göründüyü kimi tərəflərin imzaladığı barışıq sazişində tərəflər təsdiq etmişlər ki, yükün Azərbaycan Respublikasına çatdırılmamasının səbəbi müştəri, yəni iddiaçı tərəfindən lazımi sənədlərin təqdim edilməməsi olmuşdur.

42. Həmçinin, Sazişin 1.1-ci bəndinə əsasən Müştəri, Ekspeditorun bu günədək yükün Bəndər Abbas limanında saxlanılması ilə bağlı çəkdiyi 13.385,44 ABŞ dolları məbləğində xərcləri (demurage və storage: 11.24$* 1076 gün + 1.2$*1076 gün) güzəştli şərtlər əsasında 6500 ABŞ dolları məbləğində ödəyir. Ekspeditor isə malları Azərbaycan Respublikası ərazisinə çatdır.

43. Sazişin 1.2-ci bəndinə əsasən Müştəri 1.1-ci bənddə qeyd edilən məbləğin 3500 ABŞ dollarını xx.xx.2022-ci il tarixədək, 3000 ABŞ dollarını isə mallar ölkəyə idxal edildiyi tarixdən 5 iş günü ərzində Ekspeditora ödəməlidir. İlkin 3500 ABŞ dolları ödənilməyənədək mallar X6 limanından çıxarılmır.

44. İddiaçı tərəfindən isə həmin Barışıq Sazişi bağlandıqdan sonra öz öhdəliklərinin icra edilməsi, yəni lazımi sənədlərin təqdim edilməsi və 3500 ABŞ dollarının cavabdehə ödənilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

45. Mülki Məcəllənin 859.3 və 859.3.2-ci maddələrinə görə isə belə olan halda daşıyıcı (həmçinin ekspeditor) yükün itirilməsinin və ya məhvinə görə məsuliyyət daşımır.

46. Bu baxımdan kollegiya hesab edir ki, ilk iddia əsassızdır.

47. Eyni zamanda, kollegiya qeyd edir ki, iddia müddətinin ötürülüb-ötürülməməsi yalnız iddia əsaslı olduğu halda yoxlanılır və iddia əsassız olduğu halda bunun yoxlanılmasına ehtiyac yoxdur. Çünki belə hallarda hüququn pozulması müəyyən edilmir və iddia əsassız olduğuna görə rədd olunur. Ona görə də, ilk iddiaya münasibətdə iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməsinə zərurət yoxdur.

48. Qarşılıqlı iddianın qanuni əsasını isə Mülki Məcəllənin 853.2-ci maddəsi təşkil edir və hazırki işdə də həmin maddənin dispozisiya şərtləri müəyyən edilir.

49. Belə ki, yuxarıda qeyd olunduğu kimi yükün Azərbaycan Respublikasına çatdırılmamasının səbəbi müştəri, yəni iddiaçı tərəfindən lazımi sənədlərin təqdim edilməməsi olmuşdur.

50. Eyni zamanda, iddiaçı tərəfindən Barışıq Sazişinin 1.2-ci bəndi ilə müəyyən edilən 3500 ABŞ dollarının cavabdehə ödənilməsini təsdiq edən sübutlar da təqdim edilməmiş, yəni onun tərərfindən Sazişin 1.2-ci bəndində göstərilən ödəniş tarixləri pozulmuşdur.

51. Belə olan halda isə Sazişin 1.4-cü bəndinə əsasən 1.3-cü bənddə müəyyən edilən güzəşt məbləği tətbiq edilmədən cavabdehin çəkdiyi bütün xərclər, həmçinin müqavilə üzrə əlavə cərimə sanksiyaları iddiaçı tərərfindən ödənilməlidir.

52. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli LD 300 nömrəli Nəqliyyat Ekspedisiyası müqaviləsinin 3.8-ci bəndində də müəyyən edilmişdir ki, müştəri ekspeditora özü və ya nümayəndəsi tərəfindən yükü müşayiət edən sənədlərdə buraxılan qeyri-dəqiqliklər nəticəsində yaranmış əlavə xərclərin əvəzini ödəyir.

53. Cavabdeh tərərfindən Barışıq Sazişi bağlandığı tarixə qədər yükün Bəndər Abbas limanında saxlanılması ilə bağlı çəkdiyi xərclər isə Sazişin 1.1-ci bəndində müəyyən edilmişdir (13.385,44 ABŞ dolları).

54. Eyni zamanda, Sazişin “Qeyd” hissəsindən müəyyən edilir ki, həmin xərclərdən 750 ABŞ dolları ödəmişdir.

55. “X4 X2.” Şirkətinin xx.xx.2023-cü il tarixli məktubundan isə görünür ki, İddiaçı MMC-yə məxsus malın saxlanması və müddətdən artıq saxlanmasına görə 7990 ABŞ dolları (qaimə nömrəsi: 98AZ104-15778) Cavabdeh tərəfindən “X4 X2.” Şirkətinə ödənilmişdir.

56. Beləliklə, qeyd olunanlardan müəyyən edilir ki, iddiaçının öz öhdəliklərinin pozması nəticəsində cavabdeh tərəfindən cəmi 20625,44 ABŞ dolları məbləğində xərc çəkilmişdir (13.385,44 – 750 = 12635,44 + 7990 = 20625,44).

57. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh Mülki Məcəllənin 853.2-ci maddəsi və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli LD 300 nömrəli Nəqliyyat Ekspedisiyası müqaviləsinin 3.8-ci bəndinə əsasən həmin məbləğdə pul vəsaitinin iddiaçıdan tutulmasını tələb etməkdə haqlıdır.

58. Eyni zamanda, cavabdehin nümayəndəsi və vəkili vəsatət verərək, vəkilə hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin iddiaçıdan tutulmasını xahiş etmişdir.

59. Cavabdeh tərərfindən təqdim edilmiş onunla vəkil Əlibala Əliyev arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən, xx.xx.2024-cü il tarixli elektron qaimə, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş sənədindən isə müəyyən edilir ki, cavabdeh hazırki apellyasiya icraatında hüquqi yardım üçün vəkilə 1400 manat məbləğində vəsait ödəmişdir.

60. Mülki Prosessual Məcəllənin 115.0, 115.0.6, 119.1, 121.1-ci maddələrinin tələblərini, keçirilmiş məhkəmə iclaslarının sayını, cavabdehin vəkili tərəfindən keçirilmiş bütün iclaslarda iştirak etdiyini və apellyasiya şikayətinə qarşı yazılı etiraz tərtib edərək təqdim etdiyini, habelə vəkilə ödənilən məbləğin ağlabatan olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin hüquqi yardım üçün vəkilə ödədiyi vəsait iddiaçıdan tutulmalıdır.

61. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

62. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir.

63. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4243/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 30 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya icraatında hüquqi yardıma görə cavabdeh tərəfindən vəkilə ödənilmiş 1400 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vahid Sadıqov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar