Məhkəmə qərarları › İş №2-2(103)-319/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-319/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-319/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2798/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli 28/19 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış əsas borca görə 16.710,00 manat, faiz borcuna görə 905,00 manat olmaqla cəmi 17.615,00 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 28/19 nömrəli alqı-satqı müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıdan, cəmi, 41774 manat dəyərində “membran izospan AF+(yanmaz)” malı alınmışdır. Belə ki, xx.xx.2019-cu il tarixli qaimə ilə 2065,00 manat dəyərində 700 kv.m, xx.xx.2019-cu il tarixli qaimə ilə 12180 manat dəyərində 4200 kv.m və xx.xx.2019-cu il tarixli qaimə ilə 29.029,00 manat dəyərində 10.010m2 razılaşdırılmış mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh müqavilənin 1.3-cü bəndinə əsasən müəyyən olunmuş qiymətin 15.000,00 manat hissəsini müqavilə bağlanan gündən 10 iş günü ərzində ilkin ödəniş etməyi, qalan 26.774,00 manat hissəsi müqabilində şüşə paket barter etməyi öhdəsinə götürmüş, lakin qəbul etdiyi malın dəyərinin yalnız bir hissəsini - 8500,00 manatını xx.xx.2020-ci il tarixdə ödəmiş, bir hissəsi isə xx.xx.2020-ci il tarixdə 16.564,00 manatlıq şüşə paketlə barter etmiş, 16.710,00 manat borcu qalmışdır. Beləliklə cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam həcmdə icra etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxxx 2019-cu il tarixli 28/19 nömrəli alqı-satqı müqaviləsi üzrə 6500 AZN məbləğində əsas borcun Cavabdeh MMC-dən “xxxx” MMC-nin xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsinin iddiaçıya, 20 manatının isə cavabdehə aid edilməsi, qalan qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın təmin edilməyən hissəsi olan 11.115,00 manat pulun da cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual normaların pozulması ilə çıxarılmışdır. Belə ki, müqavilə ilə qarşılıqlı razılaşdırılmış ilkin ödənişin 6500 manat hissəsinin verilməsi və 10.210,00 manat dəyərində barterin qalan hissəsinin icra edilməsi ilə bağlı müqavilə ilə üzərinə götürdüyü öhdəliklər Cavabdeh MMC tərəfindən tam həcmdə icra edilməmişdir. Aldığı malın dəyərini tam ödəməmiş, əvəzləşdirməyi öhdəsinə götürdüyü 1428 m2 şüşə paketin iddiaçının mülkiyyətinə verməsinə dair öhdəliyini də icra etməmişdir. İddia verilən tarixə müqavilə üzrə 16.710,00 manat borcu qalmış, dəfələrlə onunla aparılmış danışıqların və ona göndərilmiş xx.xx.2020-ci il tarixdə pretenziya məktubu heç bir nəticəsi olmamış, iddiaçının əmlak mənafeyinə xeyli miqdarda zərər vurulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsinə ümumiyyətlə heç bir münasibət bildirməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 662.1- 622.3, 664, 441.1, 441.2, 441.4, 442, 443.1, 448.1, 448.2, 452.1-452.2-ci maddələrinə istinadən hesab etmişdir ki, qətnamə qanunsuz və əsassızdır., iş obyektiv və hərətəfli araşdırılmamış, iddiaçının verdiyi izahata düzgün hüquqi qiymət verilməmişdirdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazirkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış hər iki tərəfin səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin («MPM») 135.5, 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəillərinə əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirilir. Bu baxımdan, MPM-in 372.6-cı maddəsinin tələbələrini nəzərə alan məhkəmə kollegiysı hesab edir ki, işə onun şikayəti, yəni, iddianın rədd olunan hissəsində qətnamənin əsaslılığı yoxlanımalıdır. İddia ərizəsindən və apellyasiya şikayətindən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə qaiməfaktura ilə cəmi, 41.774,00 manat dəyərində mal (membran izospan AF+(yanmaz)) verməyi və cavabdeh isə həmin malı aldıqdan sonra 10 gün ərzində 15.000,00 manat dəyərində məbləğini ödəməyi, qalan, 26.774,00 manat dəyərində hisəsinini şüşə paketlə barter etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən mübahisələndirilir ki, cavabdehə: xx.xx.20219-cu il tarixli qaimə ilə 2065,00 manat dəyərində 700 kv.m mal, 20.11.19-cu il tarixli qaimə ilə 12.180,00 manat dəyərində 4.200,00 kv.m mal , xx.xx.2019-cu il tarixli qaimə ilə 29029 manat dəyərində 10.010,00 kv m mal versə də, cavabdeh müqavilə üzrə ödəməyi üzərinə götürdüyü, 15.000,00 manat məbləğində pulun xx.xx.2020-ci il tarixində yalnız bir hissəsini - 8500,00 manatını ödəmiş, xx.xx.2020-ci il tarixində isə təqdim etdiyi 16.564 manatlıq mal şüşə paketlə barter olunmuş, yerdə qalan hissədə isə cavabdeh öhdəliyini yerinə yetirməmiş, onun pulla ödəməli olduğu borcundan 6500 manat, barter edilməli mala görə isə 10.210,00 (26774-16564) manat, ümumilikdə iddiaçıya 16.710,00 (6500+10210) manat məbləğində borcu qalmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, həmin iddia tələbi borcun pulla ödənilməli 6500,00 manat məbləğində hissəsində təmin olunmuş, qalan 8500 manatı, habelə barter edilməli olan mala görə ödənilməsi tələb olunan 10.210, 00 manat pul tələbi hissəsində (cəmi16.710,00 manat), həmçinin, ödəmənin gecikdirilməsinə görə 905,00 manat dəbbə tələbi hissəsində rədd olunmuşdur. İşin materialları araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticə faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgündır. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.1-ci bəndindən görünür ki, tərəflər arasında təsdiq edilən qaimə-fakturalar satıcının malları alıcıya təhvil verdiyini təsdiq edən sənəddir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən malların dəyərini ödəmək üçün hər ödəniş üzrə satıcı alıcıya aşağıdakı sənədləri təqdim edir: -satıcının və bankının rekvizitləri olan hesab-faktura; -materialların təhvilini təsdiq edən qaimə-faktura; -əlavə dəyər vergisinin əvəzləşdirilməsini təsdiq edən elektron vergi hesab-fakturası. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə, malın verilməsini təsdiqi olaraq, 29.029,00 manat dəyərində malın verilməsi barədə Cavabdeh MMC-yə ünvanlanmış ******* N-li xx xxxxxx 2019-cu il tarixli qaimə faktura - kimliyi bilinməyən “xxxx” tərəfindən imzalanmışdır (Müəssisənin möhürü ilə təsdiq olunmamışdır). Lakin “xxxx”ın cavabdehin malları təhvil almağa səlahiyyəti verdiyi şəxs olubolmadığına dair sənəd-sübut məhkəməyə təqdim olunmamış və onun şahid qismində dindirilməsi üçün də məhkəməyə vəsatət təqdim edilməmişdir. Digər tərəfdən, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Atakişiyev Rafiq Ceyhun oğludur. İddiaçının məhkəməyə təqdim etdiyi 2065 manat dəyərində malın verilməsinə dair 00227320 N-li xx.xx.2019-cu il tarixli digər bir qaimə fakturaya gəldikdə isə, birincisi, həmin faktura “Nicat m” adlı şəxsə ünvanlanmış, sonradan üzərinə qara rəngli karandaşla yazılar əlavə edilmiş və kimliyi bilinməyən “Mustafayev” adlı şəxs tərəfindən imzalanmışdır ki, adıçəkilən həmin şəxslərin də məhkəmədə şahid qismində dindirilməsi üçün məhkəməyə təqdim olunmamışlar, bu barədə vəsatət verilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş dəyərinin bəlli olmayan mallara dair üçüncü bir ******* saylı xx.xx.2019-cu il tarixli qaimə-fakturanın da, həmçinin, tamlığı pozulmuş, karandaş və qələmlə əlavə yazılar daxil edilmiş, malları təhvil alan şəxsin adı yoxdur, ünvanlandığı şəxsin də (“Ağ şəhər Bədəl...”) kimliyi bəlli deyil. Ən azından cavabdehə ünavanlandığı müəyyən olunmur. Göründüyü kimi, tədqiq edilən hər üç qaimə-fakturada aşkar edilən nöqsanlar onlarda təsbit olunan malların, məhz, cavabdehə təqdim edildiyini təsdiq edən mötəbər sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndlirilməsini istisna edir. Bundan əlavə, qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəməyə alqı-satqımüqaviləsinin 2.2-ci bəndinə müvafiq olaraq malların dəyərini ödəmək üçün hər ödəniş üzrə cavabdehə təqdim edilməli olan elektron vergi hesab-fakturaların (elektron qaimə) mövcudluğuna dair sübutlar da məhkəməyə təqdim olunmamışdır. İddiaçının 905 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbinə gəldikdə isə alqı-satqı müqaviləsində ödəmənin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi barədə razılaşma yoxdur. Mülki Məcəllənin 463.1-ci maddəsi də məhz nəzərdə tutur ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Göründüyü kimi, iddiaçı cavabdehdən dəbbə pulunun tutulması tələb etməsi əsassızdır. Beləliklə də, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunan hissəsində işin hərtərəfli araşdırılmadığını, sübutlara düzgün hüquqi qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarıldığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. MPM-in 385.2-ci maddəsinin tələbindən isə görünür ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2798/2020 saylı, xx.xx.2020-ci il tarixli mübahisələndirilən hissədə qanunsuz və əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qətnamə mübahisələnirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2798/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən (mübahisələndirilən hissələrində) saxlanılsın. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar