Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-319/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “pulun tutulması və avadanlıqların qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5572/2022 saylı qətnaməsindən İddiaçı MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İcarəyə verən Cavabdeh MMC ilə icarəçi İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən ona məxsus Bakı şəhəri, C.Cabbarlı 44 ünvanında yerləşən Caspian Plaza iş mərkəzinin 1-ci mərtəbəsində 12 kv.m və 13-cü mərtəbəsində 60 kv.m sahəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, aylıq 750 manat + 18% ƏDV olmaqda ofis sahəsini icarəçinin istifadəsinə verməyi, sonuncu isə icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.
2. Tərəflər arasında icarə hüquq münasibətləri xx.xx.2022-ci il tarixədək davam etmişdir. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin hesabına ödənilmiş icarə üzrə ödənilmiş əlavə pul vəsaiti 42.860,34 manat, işçilərə fəaliyyət olmadığı dönəmdə ödənilmiş olan əmək haqqı avqust ayı üzrə 4.292,75 manat, iş fəaliyyətinin qanunsuz olaraq dayandırılmasına səbəb olmaqla dəymiş təqribi maddi ziyan orta aylıq dövriyyə hesablaması ilə 63.956,42, işgüzar nüfuza xələl gəlməsinə, müştərilər qarşısında öhdəliklərin yerinə yetirə bilməməsinə və s. maddi və mənəvi zərərə görə - 100.000 manat, ofis avadanlıqlarının, şirkətə məxsus hüquqi sənədlərin, möhür və ştampın, müştərilərin hüquqi və digər sənədlərinin qanunsuz olaraq istifadəsinə qadağa, məhdudiyyətlər və ya bu kimi hərərkətlər etməklə ziyan vurmağa görə 100.000 manat olmaqla maddi və mənəvi zərər təqribən cəmi 311.109,51 manat bundan əlavə mediasiya və məhkəmə üçün ödənilmiş olan 601 manat, cəmi yekun 311.710,34 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi, xx.xx.2019-cu ildə Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza” iş mərkəzində ofis sahəsinə dair icarə müqaviləsi əsasında icarəyə götürülmüş Ofis otağında olan İddiaçı MMC-yə məxsus olan ofis avadanlıqları, kompüterlə və avadanlıqlar, hüquqi əhəmiyyət kəsb edən sənədlər, MMC-yə məxsus möhür və ştamp və s. avadanlıqların qaytarılması habelə cavabdehin məhkəmə hazırlıq iclasına təqdim etdiyi inventar aktı və daxili kassa mədaxil qəbzləri də nəzərə alınaraq qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, icarə haqqı və avans məbləği olaraq hal-hazırda Cavabdeh MMCnin hesabına 42.860,34 manat əlavə pul ödənilmişdir. Cavabdeh MMC-nin rəhbərliyi 2019-cu ildən etibarən icarə müqaviləsinə əlavələr edərək hər dəfə ofis yerini dəyişdirmiş və müqavilə öhdəliyi olan ofis otaqlarının icarə verən tərəfindən tam təmir olunaraq təhvil verilməsi öhdəliyini pozmuş, bundan başqa kommunal təminat (internet və s.) normal şəkildə təşkil edilməmişdir. Bu barədə dəfələrlə rəhbərliyə bildirdikdə isə, heç bir tədbir görülməmişdir. Bir neçə dəfə icarə verənə irad bildirdikdən sonra Cavabdeh MMC-nin rəhbərliyi xx.xx.2019-cu il tarixli müqavilənin öhdəliklərini kobud şəkildə pozaraq icarəçinin İddiaçı MMC-nin fəaliyyətinə ciddi şəkildə maneəçilk törətmiş, icarə müqaviləsinin predmeti olan ofis otaqlarını 02 avqust 2022-ci il tarixdən etibarən qeyri-rəsmi olaraq bağlamış, işçilərin fəaliyyət göstərməsi üçün “Caspian Plaza” iş mərkəzində olan Ofis otaqlarına girilməsinə, ofis otaqlarının içərisində olan hüquqi əhəmiyyət kəsb edən sənədləri, ofis avadanlıqlarını, şirkətə məxsus olan möhür və ştampın götürülməsinə vəzifə səlahiyyətlərini aşmaqla qadağa qoyulmuşdur. Cavabdehə dəfələrlə müraciət edərək qanunsuz əməllərinə son qoyulması təklif olunsa da, etdikləri bu qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh MMC-nin etdiyi bu özbaşnalıq və kobud qanun pozuntusu nəticəsində avqust ayı üzrə işçilərə ödəməli olduqları əmək haqlarını əməkdaşların işə gəlmədiyi halda belə öz ziyana olaraq ödənilmişdir. Bundan başqa hələ də ofis avadanlıqları olmadığı üçün yeni ofis binasını da kirayə edə bilməmiş, bu səbəbdən də gəlirləri kəskin azalmasına və iş məkanın olmaması ucbatından əməkdaşlarının əmək haqlarının ödənilməsində çətinliklər yaranmaqdadır.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə aid əlavələrə əsasən icarə haqqı aylıq olaraq xx.xx.2019-cu il tarixindən 21 aprel 2022-ci il tarixinədək 750 AZN + 18 % ƏDV = 885 AZN, 21 aprel 2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək isə 700 AZN + 18% ƏDV = 826 AZN olmuşdur. Həmin müqavilə üzrə xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixinədək iddiaçıya tərəfindən aylıq icarə haqqı üzrə elektron qaimələr göndərilmişdir. Ümumilikdə bu elektron qaimələr üzrə iddiaçı 37.170 manat icarə haqqı ödənilməli idi. İddiaçı tərəfindən elektron kabinet vasitəsilə təqdim olunmuş bankdan çıxarışlar üzrə isə ümumilikdə 68.771 manat ödənilmişdir. Belə ki, 68.771 – 35.223 = 33.548 manat artıq ödəmə görünür. Bundan başqa, xx.xx.2021-ci il tarixində və İddiaçı MMC arasında borc müqaviləsi bağlanılmış, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 14.036 (on dörd min otuz altı) manat məbləğində borc pul verilmişdir. İddiaçının təqdim etdiyi bank çıxarışlarında isə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ödəmələrdə təyinat kimi xx.xx.2021-ci il tarixli borc müqaviləsi göstərilmişdir. Göründüyü kimi iddiaçı borc müqaviləsi üzrə 14.036 manat məbləğində ödənişləri də icarə haqqı ödənişi kimi məhkəməyə təqdim etmiş və borc üzrə ödəmələr çıxıldıqda (33.548 – 14.036 = 19.512) 19.512 manat məbləğində artıq ödəmə görünür. Lakin, adıçəkilən müqavilədən başqa tərəflər arasındakı razılığa əsasən cavabdeh İddiaçı MMC-yə 2021-ci ilin yanvar ayından 146 kv.m və 10 kv.m anbar sahəsi icarəyə vermişdir. İddiaçı MMC 146 kv.m ofis sahəsinə görə aylıq Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1721 manat, 2022-ci ilin may, iyun və iyul ayları üçün 2670 manat icarə haqqı ödəməli idi, 10 kv.m sahə üçün isə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 690 manat ödəniş olunmalı idi. 18 may 2021-ci il və 10 avqust 2021-ci il tarixli kassa mədaxil qəbzlərindən də göründüyü kimi İddiaçı MMC tərəfindən faktiki icarə münasibətlərinə əsasən 1721 manat və 2000 manat ödəniş olunmuşdur. Hal-hazırda isə iddiaçının bu icarə münasibəti üzrə 146 kv.m sahəyə görə 30.691,90 manat, 10 kv.m üçün 10.350 manat olmaqla, ümumilikdə 41.041,90 manat ödənilməmiş icarə borcu vardır. Göründüyü kimi iddiaçının artıq ödədiyi 19.512 manat məğləğində pul faktiki icarə münasibətləri üzrə ödənilməli məbləğə daxildir və hazırki vəziyyətdə iddiaçının cavabdehə 41.041,90 – 19.512 = 21.529,90 manat məbləğində borcu qalmaqdadır. İddia ərizəsində göstərilən sayda əşyanın müqavilədə qeyd olunan 60 kv.m sahəyə yerləşməsi qeyri-mümkündür, habelə iddiaçının təqdim etdiyi video görüntüdə də istifadəsində olan sahənin 60 kv.m olmadığı açıq-aşkar görünür. Belə ki, video görüntüyə əsasən ofis sahəsinin 6 otaq, giriş hissə, mətbəx və anbar hissədən ibarətdir. İddiaçının təqdim etdiyi siyahı üzrə əşyaların da ofis sahəsində olduğu görünür. Bundan başqa video görüntüdə də görünür ki iddiaçının əməkdaşları sərbəst şəkildə ofis sahəsinin video görüntüsünü aparmışdırlar. Belə olduğu halda iddiaçının əməkdaşlarının ofisdən məcburi çıxarılması halı mövcud deyildir. Əlavə olaraq, iddiaçı ofis sahəsini tərk edərkən bütün elektron əşyaları ofisdən çıxarmışdır. Tərəfindən tərtib olunan aktdan da görünür ki icarəyə verilmiş sahələrdə yalnız müxtəlif mebel və digər əşyalar qalmışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5572/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən giriş hissədə olmuş əşyaların Cavabdehndən alınaraq İddiaçınə verilməsi, mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçınə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən, cavabdeh tərəfin öhdəliyə əsasən iddiaçı şəxsin xeyrinə hərəkətlər etməməsini aşkara çıxartsa da, (cavabdehin, iddiaçının əmlakına aid olan ofis avadanlıqlarını, texniki sərvətini, möhür və s. vacib əşyalarını geri qaytaracağı barədə məhkəməyə təqdim etdiyi siyahı bunu sübut edir), cavabdehin öhdəlik qaydalarına əməl etməməsini müəyyən etsə də, nəticədə iddiaçının maddi hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə iddia tələblərinin təmin edilməsini əsaslandırmamış, iş materiallarında olan mötəbər sənədlərə əhəmiyyət verməmiş, iddia tələblərini tam həcmdə təmin etməmişdir.
10. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 698.1ci maddəsinin tələbi ilə icarə borcları iddiaçı tərəfindən ödənilmədiyindən əşyalarını girov saxlamaq icarəyə verənin, yəni cavabdehin hüququdur. Buna baxmayaraq, məhkəmə 146 kv.m sahənin icarəyə verildiyini təsdiqləsə də, cavabdehin girov hüququnu nəzərə almamış, qətnamədə siyahıda göstərilən əşyaların qaytarılmasına qərar vermişdir. İddiaçı və cavabdeh arasında faktiki icarə münasibətləri üzrə yaranmış icarə haqqı borcunun qaytarılmasının təminatı kimi cavabdeh tərəfindən saxlanılan əşyaların iddiaçıya qaytarılması mülki qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
16. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
17. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
19. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
20. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
21. Həmin Məcəllənin 698.1-ci madəsinə əsasən hər hansı torpaq sahəsini və ya hər hansı otaqları kirayəyə verən kirayə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə kirayəçinin həmin torpaq sahəsində və ya həmin otaqlarda olan əşyalarının girov qoyulması hüququna malikdir. Girov hüququ cari və növbəti ildən də uzun müddət üçün zərərin əvəzinin ödənilməsi və kirayə haqqının verilməsi haqqında gələcək tələblər üzrə həyata keçirilə bilməz. Bu hüquq girov qoyula bilməyən əşyalara şamil edilmir.
22. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Həmin Məcəllənin 1092.1-ci madəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarı.
26. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
29. Belə ki, icarə haqqı üzrə əlavə ödənilmiş 42.860,34 manat pul vəsaitinin geri qaytarılması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələri təşkil edir.
30. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (439.4).
31. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1).
32. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2).
33. Lakin hazırki işdə bu əsasların mövcud olduğu müəyyən olunmur.
34. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC Bakı şəhəri, C.Cabbarlı 44 ünvanında yerləşən Caspian Plaza iş mərkəzində 12 kv.m və 60 kv.m sahəni aylıq 750 manat + 18% ƏDV olmaqda İddiaçı MMC-yə icarəyə vermişdir.
35. Sonradan icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə 3 nömrəli, xx.xx.2022-ci il tarixdə 4 nömrəli dəyişiliklər olsa da, son olaraq rəsmiləşdirilmiş məbləğ 750+18 % ƏDV qalmışdır, yəni qeyd edilən pul ƏDV məbləği ilə birgə 885 manat təşkil edir.
36. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə edilmiş xx.xx.2022-ci il tarixdə 4 nömrəli dəyişilikdə icarəçinin 12 kv.m sahədən 10 kv.m sahəyə keçməsi qeyd edilmişdir.
37. İddiaçı son olaraq müqaviləyə edilmiş dəyişiklikdən sonra 70 kv.m sahəyə keçdiklərinə və icarə haqqının isə 885 manat təşkil etməsinə istinad edərək artıq ödənilmiş pulu geri tələb edir.
38. Cavabdeh isə müqavilədə icarəyə verilmiş sahənin 70 kv.m göstərilməsinə baxmayaraq faktiki olaraq 146 kv.m sahə verildiyi, tərəflər arasında müqavilə ilə rəsmiləşdirilmiş məbləğdən əlavə, iddiaçı ilə olmuş şifahi danışıqlara əsasən faktiki icarə haqqının xx.xx.2021-ci il tarixdən 2022-ci ilin may ayına kimi 885 manat ödəməklə yanaşı, əlavə 2.411 manat, 2022-ci ilin may ayından isə müqavilədə göstərilmiş məbləğdən əlavə 3.360 manat ödəməsi barədə tərəflərin razılaşdığını bildirmişdir.
39. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tərəflər arasında bağlanmış borc müqaviləsindən görünür ki, borc alan (İddiaçı MMC) borc verənə (Cavabdeh MMC) 14.036 manat məbləğində pulu razılaşdırılmış tarixlər və məbləğlər üzrə ödəməyi öhdəsinə götürmüşdür.
40. İddiaçının cavabdehə artıq ödənilmiş pulun sübutu kimi işə əlavə etdiyi xx.xx.2021-ci il tarixli ödəniş tapşırığında (1000 manat), xx.xx.2021-ci il ödəniş tapşırığında (3000 manat), xx.xx.2021-ci il ödəniş tapşırığında (2000 manat), xx.xx.2021-ci il ödəniş tapşırığında (5000 manat) tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinə istinad vardır.
41. Bu fakt isə o nəticəyə gəlmək üçün əsas verir ki, sadalanmış ümumi məbləği 11.000 manat təşkil edən 4 ödəniş icarə müqaviləsi üzrə icarə haqqı olaraq deyil, məhz xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə edilmiş ödənişlərə aiddir.
42. Bundan əlavə cavabdeh icarəyə verilmiş sahənin faktiki olaraq 146 kv.m olduğunu qeyd etmiş, iddiaçı isə ilk öncə qeyd edilmiş sahənin ölçüsü barədə məlumatı olmadığını bildirmişdir.
43. Lakin birinci instansiya məhkəməsinin iclasında iddiaçının özü tərəfindən təqdim edilmiş, icarə sahəsindən çıxma anının audio-video görüntüsünə baxış keçirildikdən sonra mövcud sahənin müqavilədə qeyd edilmiş sahədən artıq olduğunu, lakin dəqiq məlumatının olmadığını bildirmişdir.
44. İcarə sahəsindən çıxma anının audio-video görüntülərindən isə görünür ki, icarə sahəsi giriş hissə, 6 otaq, mətbəx və anbardan ibarətdir. Qeyd edilən sahələrin isə müqavilədə əks edilmiş 70 kv.m sahədən kifayət qədər artıq olması aşkar surətdə görünür.
45. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də bu faktı etiraf etmiş, lakin əlavə otaqlardan ofis kimi istifadə etmələrini və orada onlara məxsus əşyaların olduğunu bildirmişdir.
46. Bundan başqa, cavabdeh tərəflər arasında olan şifahi razılaşmanın təsdiqi kimi xx.xx.2021-ci il tarixdə nağd qaydada kassaya ödənilmiş 1721 manat və xx.xx.2021ci il tarixdə ödənilmiş 2000 manat pul vəsaitinə dair qəbzləri iş materiallarına əlavə etmişdir.
47. Bundan sonra iddiaçı tərəf də xx.xx.2020-ci il tarixdə nağd qaydad kassaya ödənilmiş 690 manat və xx.xx.2020-ci il tarixdə ödənilmiş 2.251 manat pul vəsaitinə dair qəbzləri məhkəməyə təqdim etmişdir.
48. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsindən icarə müqaviləsində ödənilməli olan pulun cəmi 885 manat təşkil etməsinə baxmayaraq, hansı səbəb görə artıq ödəməsi soruşulmuş, iddiaçı tərəf də, qeyd edilmiş məbləğlərin avans olduğunu bildirmişdir.
49. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən əlavə edilmiş xx.xx.2020-ci il tarixli 885 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair ödəniş tapşırığı məhz 2020-ci ilin mart ayı üçün müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqının ödənilməsinə dair sənəddir.
50. Digər xx.xx.2020-ci il tarixli 4425 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair ödəniş tapşırığında 2020-ci ilin mart ayının icarə haqqı kimi göstərilsə də, hansı səbəb görə mart ayının icarə haqqının ödənilmiş olduğu təqdirdə yenidən 4.425 manat pulun avans olaraq ödənilməsi əsasını iddiaçı tərəf izah edə bilməmişdir.
51. İşdə olan xx.xx.2020-ci il tarixli 1770 manat məbləğində digər ödəniş tapşırığı ilə bağlı isə kollegiya qeyd edir ki, bu 2020-ci ilin 2 ayın üçün edilmiş ödənişdir (885x2). Yəni qeyd edilən qəbzdə göstərilmiş məbləğ müqavilədə razılaşdırılmış məbləğdən kənara çıxılan məbləğə aid deyildir.
52. İşə əlavə edilmiş 2021-ci ilə aid ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 18.850 manat məbləğində ödəniş edilmişdir.
53. Kollegiya qeyd edir ki, icarə müqaviləsində göstərilmiş 885 manat icarə haqqı nəzərə alınmış olsa ödənilməli olan məbləğ 2021-ci ilin 12 ayı üçün 10.620 (885x12) manat təşkil etməli idi. Lakin burada da, iddiaçı tərəf xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2021-ci il tarixdə yenidən 5000 manat məbləğində pul vəsaitinin avans olaraq verilməsini qeyd etsə də, hansı səbəb görə davamlı olaraq bir neçə dəfə icarəyə verənə avans ödəməli olduğunu əsaslandıra bilməmişdir.
54. Yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında icarə hüquq münasibətləri xx.xx.2022-ci il tarixədək davam etmişdir.
55. İşə əlavə edilmiş 2022-ci ilə aid ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2022-ci il tarixdə 9000 manat, elə həmin tarixdə yenidən 1620 manat, xx.xx.2022-ci il tarixdə 5310 manat, xx.xx.2022-ci il tarixdə 5310 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat məbləğində iddiaçı tərəfindən cavabdehə ödənişlər edilmişdir. Bu hal üçün də iddiaçı tərəf yenidən pulların avans olaraq verilməsini qeyd etmişdir.
56. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən müqavilənin təfsiri və qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçı tərəf həm cavabdehin kassasına nağd qaydada pul verməsi faktını, həm də iddiaçının hansı səbəbə görə davamlı olaraq bir çox dəfə icarəyə verənə avans ödəməli olduğunu əsaslandıra bilmədiyindən, eyni zamanda icarəyə verilmiş sahənin 70 kv.m sahədən kifayət qədər çox olması halı onu deməyə əsas verir ki, həqiqətən də, tərəflər arasında müqavilədə göstərilmiş sahədən artıq sahənin verilməsi ilə bağlı və məbləğdən artıq ödənişlə bağlı razılıq əldə edilmiş və onun da əsasında tərəflər arasında işgüzar münasibətlər olmuşdur.
57. Belə olan halda isə iddiaçı tərəfindən tələb edilən məbləğ artıq məbləğ hesab edilə bilməz. Belə ki, iddiaçı tərəf özü ödəməli olduğu məbləği qəbul etmiş və müvafiq olaraq ödənişləri həyata keçirmişdir.
58. Bu baxımdan kollegiya hesab edir ki, əlavə ödənilmiş 42.860,34 manat pulun tutulması hissəsində iddia rədd edilməlidir.
59. Həmçinin kollegiya hesab edir ki, iddianın işçilərə fəaliyyət olmadığı dövrdə ödənilmiş olan əmək haqqı avqust ayı üzrə 4.292,75 manat, iş fəaliyyətinin qanunsuz olaraq dayandırımasına səbəb olmaqla dəymiş təqribi maddi ziyan orta aylıq dövriyyə hesablaması ilə 63.956,42 manat, işgüzar nüfuza xələl gəlməsinə, müştərilər qarşısında öhdəliklərin yerinə yetirə bilməməsinə və s. maddi və mənəvi zərərə görə 100.000 manat, ofis avadanlıqlarının, şirkətə məxsus hüquqi sənədlərin, möhür və ştampın, müştərilərin hüquqi və digər sənədlərinin qanunsuz olaraq istifadəsinə qadağa, məhdudiyyətlər və ya bu kimi hərərkətlər etməklə ziyan vurmağa görə 100.000 manat olmaqla pulun tutulması barədə tələbləri də təmin edilə bilməz.
60. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
61. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki ümumiyyətlə zərərin mövcudluğu, cavabdehin öz öhdəliklərinin pozması və bunun nəticəsində iddiaçıya zərərin hansı şəkildə dəyməsi əsaslandırılmamış və həmin zərərin dəyməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.
62. Mənəvi zərərin tutulması barədə tələblərə dair kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. ... Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər".
63. Göründüyü kimi, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər. Buna görə də, həmin tələblər tam əsassız olduğuna görə rədd edilməlidir.
64. Bununla yanaşı kollegiya hesab edir ki, avadanlıqların geri qaytarılması hissəsində iddia əsaslıdır.
65. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
66. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.
67. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcuddur.
68. Belə ki, cavabdeh tərəfindən işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında İddiaçı MMC-yə məxsus olan aktda qeyd edilmiş əşyaların anbara təhvil verildiyi qeyd edilmişdir.
69. Birinci instansiya məhkəməsində də iddiaçı tərəf həmin aktda göstərilmiş əşyaların ona məxsus olduğunu təsdiq etmiş və qeyd edilmiş əşyalarla qane olduqlarını bildirmişdir.
70. Apellyasiya şikayətində cavabdeh iddiaçıya məxsus və aktda sadalanan həmin avadanlıqların onun sahibliyində olduğunu bildirmiş, lakin həmin əşyaları məhz Mülki Məcəllənin 698.1-ci maddəsinin tələbinə uyğun olaraq icarə haqqı borcunun qaytarılmasının təminatı kimi girov saxladığını qeyd etmişdir.
71. Kollegiya hesab edir ki, cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh iddiaçının ona icarə haqqı borcunun mövcud olduğunu bildirsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
72. Eyni zamanda işin yuxarıda qeyd olunan halları ilə də iddiaçının cavabdehə icarə haqqı borcunun olması müəyyən olunmur.
73. Belə olan halda isə onun tərəfindən iddiaçıya məxsus əşyaların girov kimi saxlanılması üçün əsaslar mövcud deyildir.
74. Göründüyü kimi həmin iddia tələblərinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin bütün dispozisiya şərtləri mövcuddur və ona görə də, iddiaçı xx.xx.2022-ci il tarixli təhvil-təslim aktda göstərilən ona məxsus əşya və avadanlıqların cavabdeh tərəfindən geri qaytarılmasını tələb etməkdə tam haqlıdır.
75. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
76. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5572/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn