Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-32/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndələri X4 və Nümayəndə, Cavabdehin nümayəndələri vəkil X7 və X6 iştirakları ilə; İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(82)-105/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 268.580 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra etmişdir ki, bu da tərəflər arasında imzalanmış görülmüş işlərin qəbul Aktı (Forma N2) və görülmüş podrat işlərinin və əlavə xərclərin müqavilə qiymətinin dəyəri haqqında arayışla (Forma N3) birmənalı olaraq təsdiq edilir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir. Belə ki, zəmanət müddətinin xx.xx.2016-cı il tarixdə bitməsinə və həmin vaxtdan bir ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh iddiaçıya qalan 268.580 manat pulu hələ də ödəməmişdir. İddiaçı cavabdehlə yaranmış bu mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışsa da, iddiaçının cavabdehə yazılı müraciətləri müsbət nəticə verməmişdir. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli, 2-2(82)- 105/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehdən 268.580 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli, 2-2(82)-105/2018 saylı qətnaməsinin ləğv olunması, iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi xx xxxx 2019-cu il tarixli, 2-2(103)- 142/2019 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi, işin baxılması üçün Baki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-412/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-142/19 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-412/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işlərin həmin vaxt qurtarıb-qurtarmamasını, işlər həmin vaxt yekunlaşmayıbsa, bunun hansı tərəfin təqsirli hərəkəti nəticəsində baş verməsini araşdırmamışdır. Bundan başqa, apellyasiya məhkəməsi tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin və ya xidmətlərin iddiaçıdan qəbul edilməsi, satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunun həyata keçirilməsi də ətraflı tədqiq edilib hüquqi qiymət verilməmişdir. Növbəti apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil Çingiz Hacıyev apellyasiya şikayətinə uyğun izahat verərək bildirmişdir ki, 2015-ci ilin dekabr ayında tərəflər arasında işlə bağlı iclas keçirilib. İddiaçı tərəfdən avadanlıqları tədarük edən xarici şirkət də iştirak edib. Xarici şirkətin nümayəndəsi mərkəzi havalandırma sisteminin 3 ay sonra gətiriləcəyini bildirib. Apellyasiya şikayətinin təmin olunmasını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2- 2(82)-105/2018 saylı qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Mehman Qurbanov apellyasiya şikayətinə uyğun izahat verərək bildirmişdir ki, 130000 manatlıq Forma 2 avtomatikaya aid olduğu üçün ödənilməyib. Avadanlıqlar işlək vəziyyətdə olmasına baxmayaraq avtomatika işləmədiyi üçün laboratoriyanı işlətmək mümkün deyil. Apellyasiya şikayətinin təmin olunmasını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(82)-105/2018 saylı qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, layihə iş materiallarına əlavə olunmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə iş materiallarına uyğun izahat verərək bildirmişdir ki, 4 ədəd Forma 2 və Forma 3 hazırlanıb. Onlardan 3-ü cavabdeh tərəfindən qəbul edilib və ödənilib. 4-cü Forma 2 2015-ci ilin dekabr ayında cavabdehə təhvil verilməsinə baxmayaraq cavabdeh tərəfindən qəbul edilməyib və ödəniş olunmayıb. Apellyasiya şikayətinin təmin olunmaması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(82)-105/2018 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Feyruz Süleymanov iş materiallarına uyğun izahat verərək bildirmişdir ki, şirkətdə mühəndis vəzifəsində işləyir. Layihə amerikalılar tərəfindən hazırlanıb. Avadanlıqların alınması və quraşdırılması onların nəzarəti altında həyata keçirilib. Sonradan layihəyə dəyişikliklər edilib. İşin təhvilinin ləngiməsinə səbəb layihəyə olunan dəyişikliklər və ödənişlərin gecikməsi olub. Avadanlıqlar hal-hazırda işlək vəziyyətdədir. Lakin “AOS-8” kontrolleri montaj edilərkən səhvə yol verildiyi üçün yanıb və temperatur ventilyatorları işləmir. Ona görə də sistem işləmir. Apellyasiya şikayətinin təmin olunmaması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2- 2(82)-105/2018 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi ləğv edilməlidir. İş materiallarında olan: Sifarişçi cavabdeh ilə icraçı iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, TT-10 saylı Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin 2.1-ci bəndinə əsasən Sifarişçi X2 tikintisinin (kondisioner, ventilyasiya və istilik sistemlərinin quraşdırılması üzrə avadanlığın, komplektləşdirici hissələrin və materialların göndərilməsi, quraşdırma və buraxılış–sazlama işlərinin yerinə yetirilməsi) satın alınması üçün İcraçının 1.032.500 (ƏDV ilə) manat məbləğində tender təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan X2 tikintisini təhvil verməyi, 2.3-cü bəndinə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən İcraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üçün müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. 14.3-cü bəndə əsasən müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və Sifarişçi tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda icraçının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir. 14.4-cü bəndə əsasən müqavilə üzrə işlərin başlanma vaxtı xx.xx.2015-ci il qurtarma vaxtı isə xx.xx.2015-ci il müəyyən edilmişdir. 14.5-ci bəndə əsasən Sifarişçi tərəfindən 268.580 manat saxlanılaraq, İcraçı satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunu və 1 il müddətində təmirinə zəmanəti öz üzərinə götürmüşdür. 18.1-ci bəndə müqavilənin icrası müddətində Sifarişçi aşkar olunmuş qüsurlar haqqında İcraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. xx.xx.2015-ci il tarixli müqaviləyə qiymət cədvəli əlavə olunmuşdur. xx.xx.2016-cı il tarixli istismara hazırlıq aktından görünür ki, Sifarişçi, Layihəçi, Podratçı və AR FHN X5 Dövlət Agentliyinin Baş Dövlət Müfəttişliyi obyektdə tikintiquraşdırma işlərinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq etmişlər. Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, 2515-cü məhəllədə inşa edilmiş X2 tikintisində görülən işlər üzrə f-2 hesabat cədvəlləri əlavə edilmişdir. Forma-3 arayışına əsasən noyabr 2015-ci ildə görülmüş podrat işlərinin və əlavə xərclərin dəyəri 211.563, 62 qəpik təşkil etmişdir. Forma-3 arayışına əsasən iyul 2015-ci ildə görülmüş podrat işlərinin və əlavə xərclərin dəyəri 820.906,38 qəpik təşkil etmişdir. HJ seriyalı, 103225 nömrəli elektron vergi hesab-fakturasına əsasən cavabdeh tərəfindən 300.000 manat məbləğində pul iddiaçıya ödənilmişdir. xx.xx.2015-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən 300.000 manat iddiaçıya ödənilmişdir. xx.xx.2015-ci il tarixli hesaba əsasən cavabdeh tərəfindən 437.500 manat iddiaçıya ödənilmişdir. HJ seriyalı, 148228 nömrəli elektron vergi hesab-fakturasına əsasən cavabdeh tərəfindən 137.500 manat iddiaçıya ödənilmişdir. HJ seriyalı, 659.706 nömrəli elektron vergi hesab-fakturasına əsasən cavabdeh tərəfindən 120.244,23 manat iddiaçıya ödənilmişdir. HJ seriyalı, 548536 nömrəli elektron vergi hesab-fakturasına əsasən cavabdeh tərəfindən 68.811,54 manat iddiaçıya ödənilmişdir. HJ seriyalı, 205041 nömrəli elektron vergi hesab-fakturasına əsasən cavabdeh tərəfindən 20.834,29 manat iddiaçıya ödənilmişdir. İddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunda qeyd olunur ki, müqavilə üzrə zəmanət müddətinin xx.xx.2016-cı il tarixində bitməsinə və həmin vaxtdan təqribən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh iddiaçıya 268,580.00 AZN pulu hələ də ödəməmişdir. Cavabdeh hesab edir ki, müqavilə üzrə işlər iddiaçı tərəfindən tam şəkildə təhvil verilmədiyindən müqavilə qiyməti tam olaraq iddiaçıya ödənilməmişdir. Səhiyyə Nazirliyinin iş üzrə tərəflərə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur ki, mübahisə predmeti olan müqavilə üzrə işlərin görülməsi zamanı bir sıra nöqsanlar yaranmış və həmin nöqsanların aradan qaldırılması tələb olunmuşdur. Səhiyyə Nazirliyi Respublika X11 cavabdehə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur ki, mübahisə predmeti olan müqavilə üzrə işlər yerinə yetirilən zaman bir sıra nasazlıqlar yaranmış və bu əsasdan da Laboratoriyanın istismara verilməsi mümkün olmamışdır. Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubunda qeyd olunur ki, mübahisə predmeti olan müqavilə üzrə işlər iddiaçı tərəfindən başa çatdırılmadığından işlərin faktiki yerinə yetirilməsini təsdiq edən “Forma 2”-lər onlar tərəfindən qəbul edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası isə işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə Qərarında göstərmişdir ki, Apellyasiya instansiyası məhkəməsində aparılan araşdırmada Laboratoriyaya baxış zamanı 3 əsas nöqsanın aşkarlanması – otaqlarda olan temperatur idarəsinin işləməsi, AHU-8 in mərkəzdən idarə olunmaması, BSL-3 və BSL-4 otaqlarında qapı açıldıqda təzyiqlər fərqinə görə siqnalizasiyanın işləməsi mütəxəssisin verdiyi ifadəsi ilə təsdiq edilmiş, lakin məhkəmə Laboratoriyanın layihəsinin təqdim edilməməsinə əsaslanaraq həmin rəyə hüquqi qiymət verməmişdir. Layihənin mövcudluğu, onun aidiyyəti orqanlardan (istismara hazırlıq aktında da layihəçi idarə və onun nümayəndəsi qeyd edilmişdir) alınmasının mümkünlüyü və layihənin P.Seyidova təqdim edilməsi barədə işin 2-ci cild 168-ci səhifəsində olan Kurşat Baysan adlı şəxsin yazılı müraciətində olan məlumatlar araşdırılmamış, qüsurların görülən iş x xxxxxx 2016-cı il tarixə təhvil verilən vaxta qədər, ondan sonrakı 1 il zəmanət müddətində, həmçinin iddiaçının, yoxsa cavabdehin hərəkəti nəticəsində əmələ gəlməsi müəyyən edilməmiş, Səhiyyə Nazirliyinin dəlilləri öyrənilməmiş, mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun qiymətləndirmə aparılmamışdır. Həmçinin qeyd olunmuşdur ki, S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri) müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, D/000858 saylı istismara hazırlıq aktının surətinə əsasən X8 sifarişçi AR Səhiyyə Nazirliyinin nümayəndəsi Vaqif Zülfüqarov tərəfindən obyektdə tikinti- quraşdırma işlərinin, podratçı Cavabdeh MMC-nin nümayəndəsi mühəndis Mübariz Əliyev daxili əmliyyat nəzarətinin, layihəçi “Azərdövlətlayihətikinti” DLİ-nin nümayəndəsi Güloğlan Feyzullayev tərəfindən müəllif nəzarətinin, müfəttişlik Fövqəladə Hallar Nazirliyinin X5 Dövlət Agentliyinin Baş Dövlət Müfəttişliyinin nümayəndəsi Nazim Hacıyev tərəfindən dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyinitəsdiq edilmiş, bundan başqa mütəxəssis rəyindən göründüyü kimi, Səhiyyə Nazirliyinin nümayəndəsi Kurşat Baysanın yazdığı elektron məktuba görə laboratoriya təhvil veriləndən sonra bütün layihə silinib. Göründüyü kimi işdə olan istismara hazırlıq aktına və layihənin sifarişçisinin elektron məktubuna əsasən, mübahisə predmeti olan laboratoriya təhvil alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşlərin və xidmətlərin göstərilməsi barədə tərəflər arasında podrat müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur (765.1-ci maddə). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1-ci maddə). Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (762.2-ci maddə). Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (762.3-cü maddə). Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır (762.4-cü maddə). Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər (763.1-cimaddə). Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır (770-ci maddə). Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir (773-cü maddə). İşin hallarına görə iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2015-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı ümumi məbləği 1.032.500 (bir milyon otuz iki min beş yüz) manat təşkil edən və X2 binasında kondisioner, ventilyasiya və istilik sistemlərinin quraşdırılması üzrə avadanlığın, komplektləşdirici hissələrin və materialların göndərilməsi, quraşdırılması və buraxılışsazlanması işlərini yerinə yetirməli, cavabdeh isə işin dəyərinin 763.920,00 (yeddi yüz altmiş üç min doqquz yüz iyirmi) manat hissəsini xx.xx.2015-ci il tarixə qədər, qalan 268.580 (iki yüz altmış səkkiz min beş yüz səksən) manat hissəsini isə yerinə yetirilmiş işlərə görə 1 (bir) illik zəmanət müddəti başa çatdıqdan sonra ödəməli idi. Hazırkı mübahisə 268.580 manatın cavabdeh tərəfindən ödənilməməsi ilə bağlıdır. İddiaçı hesab edir ki, müqavilə şərtləri onun tərəfindən tam icra edilmiş, görülən işlər cavabdeh tərəfindən qəbul edilmiş, işlərdə qüsur olması ilə bağlı cavabdehin iradı olmamışdır, cavabdeh isə iddiaçının müqavilə üzrə öhdəlikləri tam həyata keçirməməsi ilə əlaqədar 268.580 manatın ödənilmədiyini bildirmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin 2.1-ci bəndindən görünür ki, sifarişçi (cavabdeh) X2 tikintisinin (kondisioner, ventilyasiya və istilik sistemlərinin quraşdırılması üzrə avadanlığın, komplektləşdirici hissələrin və materialların göndərilməsi, quraşdırma və buraxılış– sazlama işlərinin yerinə yetirilməsi) satın alınması üçün icraçının (iddiaçının) 1.032.500 (ƏDV ilə) manat məbləğində tender təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında satın alınan X2 tikintisini təhvil verməyi cavabdehə öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən, cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) iddiaçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 14.3-cü bəndinə əsasən, müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və cavabdeh tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda iddiaçının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir. Müqavilənin 14.4-cü bəndinə əsasən, müqavilə üzrə işlərin başlanma vaxtı xx.xx.2015-ci il, qurtarma vaxtı isə xx.xx.2015-ci il müəyyən edilmişdir. Müqavilənin 14.5-ci bəndində qeyd edilir ki, cavabdeh tərəfindən 268.580 manat saxlanılaraq, iddiaçı satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunu və 1 il müddətində təmirinə zəmanəti öz üzərinə götürür. Həmçinin müqavilənin 18.1-ci bəndinə əsasən, müqavilənin icrası müddətində cavabdeh aşkar olunmuş qüsurlar haqqında iddiaçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. Hazırkı vəziyyətdə araşdırılmalı hal cavabdehin müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin və ya xidmətlərin iddiaçıdan qəbul edilməsi, satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunun həyata keçirilməsidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2014-cü il tarixli 302 saylı Qərarı ilə “Tikinti obyektlərinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Bundan başqa, Nazirlər Kabinetinin xx xxxxxxxx 2014-cü il tarixli 309 saylı Qərarı ilə “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı” təsdiq edilmişdir. Siyahının 1.11-ci bəndinə görə tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Dövlət Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı) da sifarişçi tərəfindən müraciətə əlavə edilir. Cavabdehin mövqeyinə görə X1raşdırılmış avadanlıqlar, kondisioner, ventilyasiya və sair sistem normal işləmir və ciddi problemlər mövcuddur. İşdən görünür ki, bununla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilərək ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, Mərkəzdə mübahisə predmeti olan kondisioner, ventilyasiya sistemi avadanlıqları üzrə xüsusi biliyə malik olan mütəxəssis olmadığından ekspertizanın həyata keçirilməsimümkün olmamış, mütəxəssis rəyi alınması üçün “xxxx” MMC mütəxəssis kimi işə cəlb edilmiş və MMC tərəfindən məhkəməyə xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi daxil olmuşdur. Rəydə qeyd olunmuşdur ki, Laboratoriyanın layihəsi mövcud olmadığından qoyulmuş suallara cavab verilməsi tam şəkildə mümkün olmamışdır. Lakin Laboratoriyaya baxış zamanı 3 əsas nöqsan aşkarlanmışdır – otaqlarda olan temperatur idarəsinin işləməsi, AHU-8 in mərkəzdən idarə olunmaması, BSL-3 və BSL-4 otaqlarında qapı açıldıqda təzyiqlər fərqinə görə siqnalizasiyanın işləməsi, layihə mövcud olmadığından həmin nasazlıqların əvvəldən yaranması və yaxud istismar nəticəsində yaranmasını müəyyən etmək mümkün olmamışdır. İşə apellyasiya qaydasında baxılarkən mütəxəssis X13 izahatında bildirmişdir ki, onun qarşısında qoyulan suallara yalnız Laboratoriyanın layihəsi təqdim olunduqdan sonra cavab vermək mümkündür. Rəydə qeyd olunan nöqsanlar həqiqətən də Laboratoriya binasında mövcuddur, lakin onların yaranma səbəblərini layihə olmadan müəyyən etmək mümkün deyildir. O da vurğulanmalıdır ki, Səhiyyə Nazirliyinin iş üzrə tərəflərə ünvanladığı müxtəlif tarixli məktublarında qeyd edilmişdir ki, mübahisə predmeti olan müqavilə üzrə işlərin görülməsi zamanı bir sıra nöqsanlar yaranmış və həmin nöqsanların aradan qaldırılması tələb olunmuş, işlər iddiaçı tərəfindən başa çatdırılmadığından işlərin faktiki yerinə yetirilməsini təsdiq edən “Forma 2”-lər onlar tərəfindən qəbul edilməmiş, nəticədə Laboratoriyanın istismara verilməsi mümkün olmamışdır. Şərti olaraq cavabdehin görülən işi x xxxxxx 2016-cı ildə qəbul etməsi nəzərə alınarsa, cavabdeh tərəfindən 268.580 manat saxlanılaraq, iddiaçı satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunu və 1 il müddətində təmirinə zəmanəti öz üzərinə götürməsi barədə müqavilənin 14.5-ci bəndinin tələbləri, yəni görülən işin qəbulundan sonra 1 il müddətində təmirə ehtiyacın olması barədə cavabdehin dəlilləri araşdırılmamışdır. Referens laboratoriyasında x xxxxxxx 2017-ci il tarixə olan texniki nasazlıqlar haqqında işin 1-ci cild 101-ci səhifəsində olan məlumat Səhiyyə Nazirliyinin x xxxxxxx 2017-ci il tarixli məktubu ilə iddiaçı və cavabdehə bildirilmişdir. Həmçinin, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Feyruz Süleymanov bildirmişdir ki, avadanlıqlar hal-hazırda işlək vəziyyətdədir. Lakin “AOS-8” kontrolleri montaj edilərkən səhvə yol verildiyi üçün yanıb və temperatur ventilyatorları işləmir. Ona görə də sistem işləmir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinin tələbindən də görünür ki, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(82)- 105/2018 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Valeh Ağayev Hakimlər imzalar: Afaq Nuriyeva Cahangir Yusifov Əsli ilə düzdür: Hakim Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-2(103)-32/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-32/2020
07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver