Məhkəmə qərarları › İş №2-2(103)-320/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-320/2023

04.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-320/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-7371/2022 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 saylı Təmir Tikinti Trestinin 28 saylı Tikinti Quraşdırma İdarəsinin Dövlət Sosial Müdafiə Fonduna olan 2716,9 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi bildirir ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 saylı Təmir Tikinti Trestinin 28 saylı Tikinti Quraşdırma İdarəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2716,9 manat olmaqla, ümumilikdə 2716,9 manat borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********171800 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2716,9 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Maraqlı şəxs ərizəyə etiraz edir və bildirir ki, Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 Saylı Təmir Tikinti Trestinin 28 saylı Tikinti Quraşdırma İdarəsi fəaliyyətini dayandırmışdır. Həmin idarədən 2007-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Bu barədə əmək kitabçasında qeydlər də mövcuddur.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-7371/2022 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, Maraqlı şəxs məxsus xx.xx.2010-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsi 28 saylı Tikinti Quraşdırma İdarəsinə rəis təyin edilmiş və xx.xx.2007-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Əmək kitabçasındakı qeydlərdən görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsi 28 saylı Tikinti Quraşdırma İdarəsindəki işindən azad oldunduqdan sonra müxtəlif müəsissələrdə çalışmış və sonuncu olaraq xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-də öz xahişi ilə işdən azad edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu növ işlər üzrə (hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə) hazırda mövcud olan təcrübəsi də ondan ibarətdir ki, bu növ işlərə baxılan zaman “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun deyil, Əmək Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

7. Qeyd olunanlara və Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, Vergi Məcəlləsinin 16.1.1-ci, 23.1.15-3-cü, 24.0.2-1-ci maddələrinə istinad edərək, məhkəmə belə nəticəyə gəlmişdir ki, Maraqlı şəxs hazırkı vaxtda Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 saylı Təmir Tikinti Trestinin 28 saylı Tikinti Quraşdırma İdarəsinin qanuni təmsilçisi olmadığından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi təmin edilməməlidir.

8. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 Saylı Təmir Tikinti Trestini 28 saylı Tikinti Quraşdırma İdarəsinin rəhbəri hal-hazıradək “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı məlumatlarında qanuni təmsilçi kimi Maraqlı şəxsdur. Vergi Məcəlləsinin 34.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. Buna baxmayaraq belə bir dəyişiklik barədə hər hansı məlumat daxil olmamışdır. Bundan başqa, Maraqlı şəxs məhkəmənin istinad etdiyi əmək kitabçası məlumatlarına görə xx.xx.2007-ci il tarixdən həmin vəzifədən azad olunduğuna baxmayaraq, 2012-ci ildə vergi orqanında elektron sənəd mübadiləsi haqqında müqaviləyə imza atması onun faktiki direktor kimi də olduğunu təsdiqləyir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, Maraqlı şəxs isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

13. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

15. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

16. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

17. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 09 sentyabr 2013cü il Qərarı.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməlidir.

21. Belə ki, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı məlumatlarına əsasən Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 Saylı Təmir Tikinti Trestini 28 saylı Tikinti Quraşdırma İdarəsinin qanuni təmsilçi Maraqlı şəxsdur.

22. Maraqlı şəxs isə əmək kitabçasının surətini məhkəməyə təqdim edərək, bildirir ki, o, xx.xx.2007-ci il tarixdən həmin idarədən işdən azad edilib və ona rəhbərliyi həyata keçirmir.

23. Sonuncuya məxsus xx.xx.2010-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsi 28 saylı Tikinti Quraşdırma İdarəsinə rəis təyin edilmiş və xx.xx.2007-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.

24. Göründüyü kimi Dövlət Vergi Xidmətinin elektron axtarış sistemindən çıxarışda Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 Saylı Təmir Tikinti Trestini 28 saylı Tikinti Quraşdırma İdarəsinin qanuni təmsilçi Maraqlı şəxs adı görünsə də, sonuncuya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.2007-ci il tarixdə öz xahişi ilə İdarənin rəisi vəzifəsindən azad edilmişdir.

25. Bununla yanaşı işin faktiki hallarından görünür ki, maraqlı şəxs əmək qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 Saylı Təmir Tikinti Trestini 28 saylı Tikinti Quraşdırma İdarəsinin rəisi vəzifəsindən azad edilsə də, hərəkətləri ilə həmin İdarəyə faktiki rəhbərliyi həyata keçirməkdə davam etmişdir.

26. Belə ki, ərizəçinin birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 saylı Təmir Tikinti Trestinin 28 saylı Tikinti Quraşdırma İdarəsinin səlahiyyətli şəxsi kimi Maraqlı şəxs elektron sənəd mübadiləsi haqında ərizə ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmişdir.

27. Bundan başqa, Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 saylı Təmir Tikinti Trestinin 28 saylı Tikinti Quraşdırma İdarəsi ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsi arasında xx.xx.2012-ci il tarixli elektron sənəd mübadiləsi haqqında müqavilə bağlanmışdır.

28. Həmin müqaviləni Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 saylı Təmir Tikinti Trestinin 28 saylı Tikinti Quraşdırma İdarəsinin səlahiyyətli şəxsi kimi Maraqlı şəxs imzalamışdır.

29. Məhkəmə iclasında maraqlı şəxs həmin ərizə və müqaviləni imzaladığını etiraf etmiş və hansı səbəbə görə işdən azad olduqdan sonra həmin sənədləri imzaladığını izah edə bilməmişdir.

30. Göründüyü kimi Maraqlı şəxs əmək kitabçasına əsasən işdən azad edildiyi xx.xx.2007-ci il tarixdən 5 ildən sonra, yəni 2012-ci ildə Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 saylı Təmir Tikinti Trestinin 28 saylı Tikinti Quraşdırma İdarəsinin səlahiyyətli şəxsi kimi vergi orqanına ərizə ilə müraciət etmiş və elektron sənəd mübadiləsi haqqında müqaviləyə həmin İdarənin adından imza atmışdır.

31. Bundan başqa Vergi Məcəlləsinin 34.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.

32. Buna baxmayaraq, belə bir dəyişiklik barədə vergi orqanına hər hansı məlumat verməmişdir.

33. Göründüyü kimi Maraqlı şəxs həm hüquqi, həm də faktiki olaraq Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 saylı Təmir Tikinti Trestinin 28 saylı Tikinti Quraşdırma İdarəsinə rəhbərliyi həyata keçirməkdə davam etmişdir.

34. Maraqlı şəxsin əmək kitabçasına əsasən işdən azad edilməsi isə ərizənin rədd edilməsi üçün əsas deyildir.

35. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, Maraqlı şəxs işdən azad edildikdən sonra da faktiki olaraq Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 saylı Təmir Tikinti Trestinin 28 saylı Tikinti Quraşdırma İdarəsinə rəhbərliyi həyata keçirməkdə davam etmişdir.

36. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 09 sentyabr 2013-cü il Qərarında qeyd olunmuşdur ki, “... vergiləri ödəməkdən yayınan şəxs qanunvericiliklə üzərinə vergiləri ödəmək vəzifəsi qoyulmuş subyekt, yəni vergi qanunvericiliyində anlayışı verilmiş fiziki şəxs və ya hüquqi şəxsin vergi öhdəliklərini faktiki yerinə yetirən şəxsi də ola bilər. Bu cinayətin subyektləri sırasına vergi və ya məcburi dövlət sosial sığorta haqları ödəyicisi olan fiziki şəxsləri, habelə hüquqi şəxslərin məsul işçilərini, yəni rəhbərini, baş mühasibini, eləcə də qanunvericiliklə və ya əmək müqaviləsi ilə mühasibat sənədlərinin tərtib edilməsi və rəsmiləşdirilməsi, müəssisənin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsi həvalə edilmiş digər şəxslərinidə aid etmək olar....Burada əsas meyar, məsul işçilərin hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin, qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılmasına, qanunla müəyyən edilmiş vergilərin, habelə hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və digər məcburi ödənişlərin ödənilməsinə, qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarının vergi orqanlarına təqdim edilməsinə, vergi ödəyicisinin digər vəzifələrini üzərinə götürməklə onun adından sahibkarlıq fəailiyyətinin faktiki həyata keçirilməsinə, vergi əməliyyatları aparmaqla vergi ödəyicisinin fəaliyyətinə və vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsinə görə cavabdeh olmasıdır.

37. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, “Göstərilənlərlə əlaqədar, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır....Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergiləri ödəməkdən yayınma cinayətinin subyektləri sırasına vergi ödəyicisi olan hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən şəxs (faktiki rəhbər) də aid edilməlidir”.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən də göründüyü kimi vergi ödəyicisi olan hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən şəxs (faktiki rəhbər) də vergiləri ödəməkdən yayınma cinayətinin subyektləri sırasına aid edilməlidir.

39. Formalaşan bu hüquqi mövqedən çıxış edərək, kollegiya hesab edir ki, hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən şəxs (faktiki rəhbər) də hüquqi şəxs tərəfindən vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, həmin vergi öhdəliyinin ödənilməsini təmin etmək üsulu kimi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına məruz qala bilər.

40. Bu mənada kollegiya hesab edir ki, Maraqlı şəxs Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 saylı Təmir Tikinti Trestinin 28 saylı Tikinti Quraşdırma İdarəsinə faktiki rəhbərliyi həyata keçirməkdə davam etdiyi üçün sonuncunun Dövlət Sosial Müdafiə Fonduna olan 2716,9 manat məbləğində borcun ödənilməsini təmin edilməsi üçün onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilər.

41. Eyni zamanda ərizəçinin istinad etdiyi hallar iş materiallarında olan Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 saylı Təmir Tikinti Trestinin 28 saylı Tikinti Quraşdırma İdarəsinin (VÖEN: **********) şəxsi hesab vərəqəsi və vergi borcunun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli **********171800 nömrəli bildirişlə təsdiq olunur.

42. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə təmin edilməlidir.

43. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ərizə təmin edilməlidir.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-7371/2022 saylı qətnaməsi ləğv edilsin. Ərizə təmin edilsin. Maraqlı şəxs (doğulduğu tarix – xx xxxxxxx 1957-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Sabirabad rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququ Azərbaycan Respublikası İnşaat, İstehsalat və Təsərrüfat İdarəsinin 3 saylı Təmir Tikinti Trestinin 28 saylı Tikinti Quraşdırma İdarəsinin Dövlət Sosial Müdafiə Fonduna olan 2716,9 manat məbləğində borcu tam ödənilənədək məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar