Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-323/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi/vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 05.01.2022-ci il tarixli 2-2(113)-10/2022 nömrəli qətnaməsindən (hakim Ülkər Həsənova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 16410,37 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında 17 sentyabr 2020-ci il tarixdə 24 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən satıcı (iddiaçı) alıcı (cavabdeh) müqavilənin əlavə razılaşmasında göstərilən malları satmağı, satıcı isə malların dəyərini alıcıya ödəmək vəzifəsi daşıyır. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı sifariş olunan malın 50 faizi həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və satıcı tərəfindən təqdim edilmiş hesab-fakturanı aldıqdan sonra 5 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı 5 iş günü ərzində malların qalan 50 faizi həcmində ödəniş etməlidir. Həmçinin qeyd olunan müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən satıcının müqavilə üzrə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ vardır. Müqavilənin 3.4-cü bəndinə əsasən alıcı əşyaları qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) ödəmək vəzifəsi daşıyır. 17 sentyabr 2020-ci il tarixdə 24 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən mallar cavabdehə təqdim edilmişdir. Malların satıcıya təqdim edilməsi qaimə fakturalar və cavabdehin nümayəndələri ilə elektron yazışmalar ilə təsdiq edilir. Nəzərə alınmalıdır ki, cavabdeh ilkin olaraq, müqavilənin 5.1-ci bəndinin tələblərini pozaraq, 50 faiz həcmində ilkin ödənişi etmədən malları sifariş vermiş, ödənişin sonradan edilməsini xahiş etmişdir. Bununla əlaqədar alıcıya güzəşt edilərək, mallar ona təqdim edilmişdir. Bundan sonra alıcı tərəfindən malların bir qisminin dəyəri ödənilsə də, lakin müxtəlif bəhanələr göstərməklə 16410.37 manat pul hal-hazıradək ödənilməmişdir. Bununla da cavabdeh müqavilə şərtlərini kobud pozmuşdur. Halbuki yuxarıda göstərilən müqavilə tələblərinə əsasən, o cümlədən müqavilənin 5.2-ci bəndinə əsasən alıcı 5 iş günü ərzində malların dəyərini ödəməlidir. Hazırda cavabdeh faktiki təqdim edilmiş mallar üzrə ödənişi etmədən, yeni malların da təqdim edilməsini tələb etmişdir. Lakin izah olunmuşdur ki, müqavilənin 5.1-ci bəndinə əsasən sifarişlərin 50 faizi əvvəlcədən ödənilməlidir. Həmçinin artıq təqdim olunmuş malların dəyəri isə hər halda müqaviləyə uyğun ödənilməlidir. Göründüyü kimi iddiaçı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini tam icra edərək, cavabdehə malları təqdim etsə də, cavabdeh müqavilə şərtlərini pozmuş və malların dəyərini ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.01.2022-ci il tarixli 2- 2(113)-10/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin iddiaçıya 16410.37 manat məbləğində ödənilməmiş borcu olması qənaətinə gələrək iddianı təmin etsə də, iş materiallarında olan məhz hansı sənəd-sübut əsasında belə qənaətə gəlməsini açıqlamamış və qətnaməsini əsaslandırmamış, sadəcə iddiaçı tərəfindən təqdim edilmiş qaimə-fakturaları sadalamaqla kifayətlənmişdir. Halbuki, məhkəmə diqqət yetirməmişdir ki, iş materiallarında olan qaimə-fakturaların cavabdehə heç bir aidiyyəti yoxdur. Həmin qaimə-fakturalar əsasında verilməsi iddia olunan mallar cavabdehə deyil, cavabdehlə heç bir əlaqəsi olmayan tamamilə başqa-başqa şəxslərə (xəstəxanalara) verilmişdir. Belə olan halda, qaimələrdə göstərilən mallar iddiaçı tərəfindən cavabdehə verilmiş və cavabdeh tərəfindən qəbul edilmiş hesab edilə bilməz. Məhkəmə isə sözügedən qaimə-fakturaların hazırkı mübahisəyə aidiyyətinin olub-olmamasını araşdırmamış və sübutların qiymətləndirməsində səhvə yol vermişdir. Bundan əlavə, ümumiyyətlə, həmin qaiməfakturalarda malların qiyməti də qeyd olunmamışdır. Belə olan halda, hansı dəyərdə malın verilməsinin və cavabdehin borcunun nə qədər olmasının məhkəmə tərəfindən necə müəyyən edilməsi də başa düşülən deyil. Bundan başqa, iddiaçının təqdim etdiyi çıxarışa görə guya cavabdeh tərəfindən iddiaçıya 311.573 manat məbləğində pul ödənilmişdir. Halbuki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 687.049,62 manat məbləğində vəsait ödənilmişdir. Bu vəsaitin 375.476,35 manat hissəsi iddiaçının "xxxx" ASC-nin X2 bank hesabına, 311.573 manat hissəsi isə iddiaçının "xxxx" ASC-nin Binəqədi filialındakı bank hesabına köçürülmüşdür. İddiaçı "xxxx" ASC-dəki hesabına edilən köçürmələrlə bağlı hesabdan çıxarış təqdim etsə də, "xxxx" ASC-dəki hesabına edilən ödənişlərlə bağlı bank hesabından çıxarışı təqdim etməmiş və məhkəməyə səhv məlumat vermişdir. Göründüyü kimi, nəinki cavabdehin iddiaçıya borcu var, əksinə cavabdeh tərəfindən iddiaçıya artıq məbləğlər ödənilmişdir. Qeyd olunan ödənişlərlə bağlı sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbi iddiaçının iddia ərizəsində göstərdiyi hallarla bağlı elektron kabinet vasitəsi ilə məhkəməyə heç bir sübut təqdim etməməsidir. Qətnamə çıxarıldıqdan sonra iş materialları ilə tanış olanda məlum olmuşdur ki, qaimə-fakturalar və bank hesabından çıxarış məhkəmə iclasında təqdim etmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə yazılı sübutlar ancaq elektron kabinet vasitəsi ilə təqdim edilə bilər. Hazırkı işdə isə iddiaçı yazılı sübutları elektron kabinet vasitəsi ilə deyil, birbaşa məhkəmə iclasında təqdim etmiş və həmin sənədlərin surəti nə iddiaçı, nə də məhkəmə tərəfindən münasibət bildirilməsi üçün cavabdehə təqdim edilməmişdir. Bu səbəbdən həmin sənədlərin verilməsindən iddiaçının məlumatı olmamış və münasibət bildirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 78.1-1.-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3cümaddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Onu da məhkəmənin nəzərinə çatdırıram ki, cavabdeh tərəfindən iddiaçıya artıq məbləğin ödənilməsi elə iddiaçının özünün məhkəməyə təqdim etdiyi sənədlərlə təsdiq olunur. Belə ki, iş materiallarında olan iddiaçının özünün təqdim etdiyi 27.04.2021-ci il tarixli ******* saylı qaimə-faktura əsasında 30.000 manat, 30.06.2021-ci il tarixli ******* saylı qaimə-faktura əsasında 18.000 manat, 01.03.2021-ci il tarixli ******* saylı qaimə-faktura əsasında 25.000 manat, 12.03.2021-ci il tarixli ******* saylı qaimə-faktura əsasında 25.000 manat, 03.04.2021-ci il tarixli ******* saylı qaimə-faktura əsasında 5.000 manat, yəni ümumilikdə 103.000 (yüz üç min) manat pul iddiaçı tərəfindən cavabdehə geri qaytarılmışdır. Malların verilməsi ilə bağlı məhkəmənin istinad etdiyi cavabdehlə əlaqəsi olmayan qaimə-fakturaların əksəriyyəti 2020-ci ilin qaimələridir və ən sonuncu qaimə isə 11.06.2021-ci il tarixlidir. Lakin, işdəki sənədlərə əsasən, iddiaçı tərəfindən cavabdehə sonuncu dəfə 30.06.2021-ci il tarixdə 18.000 manat pul geri qaytarılmışdır. Cavabdeh borclu olduğu halda, iddiaçının cavabdehə pul qaytarması qeyri- mümkündür. Göründüyü kimi, məhkəmə mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halların heç birini araşdırmamış, iddiaçı tərəfindən təqdim edilmiş biri digərini təkzib e d ə n ziddiyyətli sübutlara diqqət yetirməmiş və sübuta yetirilməyən iddianı təmin etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 05.01.2022-ci il tarixli 2- 2(113)-10/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Elektron iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, iddiaçı ilə cavabdeh arasında 17 sentyabr 2020-ci il tarixli 24 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə uniforma satmağı, cavabdeh isə həmin malı qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdilir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 5 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. Malın təhvil verilməsinin və alıcıya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0,01 % miqdarında cərimə ödəyir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərinin 50% həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 5 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 29.09.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə 1 gün müddətində aralarında bağlanmış alqısatqı müqaviləsinə əsasən 16410,37 manat pulun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmiş, 06.10.2021-ci il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə tam araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmiş, o cümlədən prosessual pozuntuya yol verərək elektron məhkəmə sistemində olmayan sübutlara istinad etməklə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qeyd edilən normaların tələblərini pozaraq qətnaməsini elektron məhkəmə icraatı materiallarına əlavə edilməmiş sübutlaraqaimələrə, elektron qaimələrə və bank hesabından çıxarışa istinad etməklə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi tələb edilən borcun hansı tarixli qaimə üzrə yaranmış borc olduğunu, həmin borcla bağlı malın hansı tarixdə təhvil verildiyini, iddiaçının özü tərəfindən təqdim edilmiş, iş materiallarının 48-52-ci vərəqlərinə əlavə edilmiş kağız daşıyıcıda tərtib edilmiş qaimə fakturalarda qeyd edilmiş məbləğlərdə pul vəsaitinin hansı səbəbdən cavabdehə geri qaytarıldığını araşdırmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsinin və vəkilinin izahatına və 16.05.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə 450.749,62 manat dəyərində mal təhvil verilmiş, cavabdeh tərəfindən iddiaçının hesablaşma hesabına 687049,62 manat və ƏDV hesabına 123668,93 manat (cəmi 810718,55 manat) ödəniş edilmiş, 30.06.2021-ci il tarixədək ödəniş sifariş məbləğindən çox olduğundan cavabdehə 220.000 manat pul nağd olaraq qaytarılmışdır. Ümumi ödəniş məbləğinin 810718,55 manat olduğu cavabdeh tərəfin təqdim etdiyi 14.04.2022-ci il tarixli maliyyə arayışında da öz əksini tapmışdır. Lakin cavabdeh öz arayışında təhvil verilmiş malın ümumi dəyərinin 335974 manat olduğunu qeyd etmişdir. İddiaçının nümayəndəsinin izahatına əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi kimi rəsmiləşdirilsə də, əslində malların bir hissəsi sifariş əsasında iddiaçı tərəfindən hazırlandığından əslində tərəflər arasında həm də podrat müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. İzahata əsasən eyni zamanda müəyyən olunmuşdur ki, 30.06.2021-ci il tarixədək cavabdehin iddiaçıya təhvil verilmiş mallara görə hər hansı borcu qalmamış, əksinə artıq ödəməsi olduğu üçün 220.000 manat pul həmin tarixədək hissə-hissə nağd olaraq cavabdehə qaytarılmışdır. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən 16.05.2022-ci il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, tələb olunan borc məbləği 30.06.2021-ci il tarixdən sonra telefon vasitəsi ilə şifahi sifariş verilmiş mallara görə yaranmışdır. 30.06.2021-ci il tarixdən sonra cavabdeh tərəfindən iddiaçıya mal sifariş verilməsi, iddiaçı tərəfindən cavabdehə mal təqdim edilməsi barədə birinci instansiya məhkəməsinə hər hansı sübut (elektron qaimə, kağız daşıyıcıda qaimə, təhvil-təslim aktı və s) təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olduğu sübutlarla təsdiq edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alğısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1-ci maddəyə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Həmin Məcəlləsinin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Dəyəri tələb verilən malların (30.06.2021-ci il tarixdən sonra) cavabdehin səlahiyyətli şəxsinə təhvil verildiyi iddiaçı tərəfindən mötəbər sübutlarla təsdiq edilmədiyindən və cavabdeh tərəfin həyata keçirilən ödənişin məbləği hər iki tərəfin təqdim etdiyi maliyyə arayışları ilə müəyyən edildiyindən iş üzrə mühasibatlıq ekspertizası təyin edilməsi barədə iddiaçının nümayəndəsinin apellyasiya instansiyası məhkəməsinə verdiyi vəsatət əsassız hesab edilərək təmin edilməmişdir. İddiaçının apellyasiya instansiyası məhkəməsinə kağız daşıyıcıda təqdim etdiyi, (elektron kabinet vasitəsi ilə təqdim edilməmiş) yalnız iddiaçı tərəfin möhürü ilə təsdiq edilmiş, “Təhvil aldı” qrafasında imzası olan şəxsin ad və soyadı, o cümlədən vəzifəsi qeyd edilməmiş cədvəllər və digər sənədlər MPM-nin 372.2-ci və 217.5-ci maddələrinə əsasən məhkəmə tərəfindən sübut kimi qəbul edilməmiş və həmin sənədlərə hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci, 385.1.2-ci, 385.1.4-cü normalarına əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddia tələbinin əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyindən mübahisələndirilən qətnamə ləğv edilərək iddia rədd edilməlidir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 05.01.2022-ci il tarixli 2- 2(113)-10/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 05.01.2022-ci il tarixli 2- 2(113)-10/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-323/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-323/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver