Məhkəmə qərarları › İş №2-2(103)-325/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-325/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-325/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC, X5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi və iş üzrə Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, X5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsi üzrə ödənişin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4401/2023 nömrəli qətnaməsindən cavabdehlər "xxxx" MMC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 01-AT.M-2022/01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehin icarəyə götürdüyü “Meqafan istirahət və əyləncə mərkəzi”nin ikinci mərtəbəsində söküləcək taxta fanerka (dik), reyka və vintləri müqavilə ilə razılaşdırılmış qiymət üzrə almalı idi. İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2022-ci il tarixdə 30000 manat məbləğində avans ödənildiyi mübahisəsizdir. Bu barədə xx.xx.2022-ci il tarixli **********32254 saylı ödəniş qəbzi iş materiallarına əlavə edilmişdir. Eyni zamanda mübahisəsizdir ki, iddiaçı qeyd edilən müqavilə əsasında "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 nağd qaydada 15.000 manat, cavabdehlər X5, Cavabdeh3, Cavabdeh2 isə 2000 manat pul ödəmiş, lakin satılacaq mallar iddiaçıya təhvil verilməmişdir.

2. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə bağlanmış alqı-saqı müqaviləsinə əsasən diklərin söküntüsünə səhhəti ilə əlaqədar vaxtında başlaya bilmədiyi üçün üzürlü sayılmasını, xx.xx.2022-ci il tarixdən etibarən diklərin söküntüsünə başlayacağını, söküntü ərəfəsində elektrik enerjisi ilə təmin edilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir.

3. Cavabdeh1 Nərimanov RPİ-də vermiş olduğu xx.xx.2022-ci il tarixli izahatında «xx.xx.2022-ci il tarixində "xxxx" MMC ilə X10 arasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15 ünvanında yerləşən “Azure” TM 1-ci, 2-ci və 3-cü mərtəbələrinin və 3-cü mərtəbələrindən keçid etməklə girişi olan, 4-cü mərtəbələrini 10 il müddətinə icarəyə götürülməsi haqqında müqavilə bağladıqlarını, həmin ticarət mərkəzi ilə tanış olduğu zaman müəyyən elədi ki, 3-cü və 1-ci mərtəbələrin yerinə taxta diklər vurulub, icarə müqaviləsinin 3.3.3-cü bəndində razılaşdırılmışdır ki, MMC ticarət mərkəzinin təmir və bərpa işlərini apararaq yerə vurulmuş dikləri sökə bilər və istənilən şəxsə sata biləcəyini, işləri də şəxslərə və ya şirkətlərə gördürə biləcəyini, bundan sonra xx.xx.2022-ci il tarixdə İddiaçılə diktlərin satılması üçün razılaşdırdıqlarını, həmin müqaviləyə əsasən bir neçə gün sonra ilkin ödəniş olaraq 30.000 manat hesabına köçürüldüyünü, daha sonra "xxxx"nın işçisi olan Zöhrab tərəfindən 15000 manat nağd şəkildə pul göndərildiyi, şirkət tərəfindən mədaxil qəbzi yazılıb Zakirə göndərildiyi, bir müddət keçdikdən sonra İddiaçılə əlaqə saxlanıldığı, nə üçün hələ də diklərin çıxarılmadığının səbəbinin soruşuldğunu, rəsmi şəkildə İddiaçı zəng elədiyini, sağlamlığında problem olduğunu və onlara rəsmi şəkildə məktub göndərməklə ona vaxt verilməsini xahiş etdiyini, bundan sonra Zakirin adamları söküntü işlərinə başladığını, dəfələrlə ona sökülmüş dikləri apara biləcəyi barədə xəbər göndərdiyini, hər səfərindən bir yerdə aparılması üçün ona şərait yaradılmasını xahiş etdiyini, xx.xx.2022-ci il tarixdə də Babayev Babək tərəfindən MMC-yə məktub göndərildiyi və onlarla bağlanmış müqaviləyə xitam verildiyini, bunun səbəbini aydınlaşdıranda da hesab ödəniş olmadığı üçün müqavilənin pozulduğunu, müqaviləyə xitam verildiyinə görə də İddiaçılə bağlanmış olduqları müqaviləni yerinə yetirə bilmədiklərini, Cavabdeh3 ona 15000 manat verdiyini və həmin pulu Zakir adlı şəxsin iş yerində götürdüyünü, 15000 manatı aldıqdan sonra rəsmiş şəkildə mədaxil qəbzi yazıldığını, Nədən bu köçürmənin bank vasitəsi ilə eləmədiyini soruşduqda, bank hesabında pul az olduğunu, təxminən 2-3 gün sonra İddiaçın 15000 manat deyil 20000 manat aldığını, həmçinin yenidən Babayev Babəklə müqavilə bağlanarsa diklərini götürə biləcəyini, əgər bağlanmasa aralarında bağlanan müqaviləyə xitam verəcəyini, ondan alınmış 45000 manatı geri ödəyəcəyini» qeyd edilmişdir.

4. Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə X1, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi, daha sonra tələbin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən müqavilə üzrə 30000 manat məbləğində pulun, cavabdehlər "Aztürk Çarşı” MMC, X5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 dikt (taxtaların), materialların alqı-satqısı ilə bağlı ödənilmiş 20.000 manat məbləğində pulun və həmin materialların söküntüsü üçün çəkilmiş 7000 manat məbləğində xərcin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardım ilə bağlı ödənilmiş 220 manat, 400 manat dövlət rüsümu-mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə ərizə verərək, iddiaçıya vurulmuş zərərdən 1500 manat cavabdehlərdən Cavabdeh3 tərəfindən, 1500 manat da X7 tərəfindən ödənildiyini göstərərək faktiki olaraq iddia tələbinin həcmini 3000 manat azaltmışdır.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı inşaat materiallarının icarəsi və satışı üzrə sahibkarlq fəaliyyəti ilə məşğul olur. “Meqafan” Əyləncə Mərkəzinin ikinci mərtəbəsində söküləcək dikt və ağac materiallarının alqı-satqısı ilə bağlı cavabdehlərlə aralarında razılıq əldə edilmiş, tərəfindən öhdəlik icra edilməsinə baxmayaraq cavabehlər götürmüş olduğu öhdəliyi yerinə yetirməyərək ona maddi, mənəvi zərər vurmaqla onu aldatmışlar. Belə ki, tanışı “Aqil” adlı şəxs “Meqafan” Əyləncə Mərkəzinin ikinci mərtəbəsində söküntü işlərinin gedəcəyini və sahiblərinin həmin dikt və taxta materiallarını satmaq istədiklərini bildirdikdən sonra o özlərini şirkətin əməkdaşı kimi təqdim edən cavabdehlərdən Xaspolad və Zöhrab ilə görüşmüş, sonuncular “Meqafan” Əyləncə Mərkəzinin "xxxx" MMC tərəfindən icarəyə götürüldüyünü və həmin mərkəzin 2-ci mərtəbəsində söküntü işləri aparılacağını və materialları da satacaqlarını bildirmişlər. Aralarındakı razılaşmaya əsasən söküntü işləri onun tərəfindən aparılmalı idi. Daha sonra 23 iyun 2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı alıcıya 1,52x1,52 kv.m ölçülü, 14 mm qalınlığında olan taxta fanerka (dikt), reyka və vintlər satmalı, iddiaçı isə söküntü işlərindən əvvəl ilkin olaraq 30000 manat məbləğində pulu satıcıya ödəməli idi. 24 iyun 2022-ci il tarixdə Cavabdeh3 və Cavabdeh5 onun iş yerinə gələrək malların pulundan 20000 manat məbləğində pul alaraq getmişlər. Həmçinin işin həlli ilə bağlı X2 şirinlik olaraq 1000 manat məbləğində də pul verilmişdir. Daha sonra da 28 iyun 2022-ci il tarixdə müqavilədə qeyd edilmiş 30000 manat məbləğində pul "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Müqavilənin şərtlərinə əsasən söküntü işlərini öz hesabına aparmalı olduğundan fəhlələr gətirərək avqust ayında söküntü işlərinə başlamış və bütün sökülmüş diklər mərtəbəyə yığılmışdır. Söküntü işlərinin görülməsi üçün fəhlələrə ümumilikdə 7000 manat məbləğində pul ödənilmişdir. Bundan əlavə də Aslan İsmiyevə 1000 manat məbləğində tərəfindən şirinlik verilmişdir. Daha sonra “Meqafan” Əyləncə Mərkəzinin işçiləri və mühafizə xidməti fəhlələrdən söküntü işlərini dayandırmağı tələb etmiş həmçinin, sökülmüş malları çıxarmağa qoymamışlar. Bunun səbəbini soruşduqda səbəb kimi “Meqafan” Əyləncə Mərkəzi ilə "xxxx" MMC arasında mübahisə yarandığı və bu səbəbdən sözü gedən yerin "xxxx" MMC-yə icarəyə verilmədiyi bildirilmişdir. Daha sonra iddiaçı aldadılması ilə bağlı X6 müraciət etmiş və Nərimanov RPİ-nin 15 oktyabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Nəcəfzadə X4 RPİ-də vermiş olduqları izahat zamanı öz əməllərini etiraf edərək ümumilikdə 50000 manat məbləğində pul aldıqlarını etiraf etmişlər.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4401/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən 30.000 (otuz min) manat, Cavabdeh1 15.000 (on beş min) manat, cavabdehlər X5, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 2000 (iki min) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə iddia tələbinin 30000 manat hissəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə 30000 manat məbləğində ilkin ödəniş edilməsi nəzərdə tutulmuş və həmin məbləğ xx.xx.2022-ci il tarixli **********32254 saylı ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə həmin məbləğin köçürülməsi işdə olan sənədlərlə öz təsdiqini tapdığı və həmin pulun müqabilində iddiaçıya heç bir mal verilmədiyi üçün, 30000 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutulması barədə iddiaçının tələbi əsaslı hesab edilərək, iddia tələbi həmin hissədə təmin edilməlidir.

9. İddia tələbinin digər hissəsini təşkil edən 20000 manat məbləğində pulun cavabdehlərdən tutulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, işdə olan Nərimanov RPİdə İddiaçı şikayəti üzrə aparılmış araşdırma zamanı 20.000 manat məbləğində pulun iddiaçı tərəfindən Cavabdeh3 vasitəsi ilə Cavabdeh1 verilməsi Polis İdarəsində verilmiş yazılı izahatlar ilə (həmçinin Cavabdeh1 öz izahatı) təsdiqini tapdığı üçün, məhkəmə hesab edir ki, həmin məbləğdən Cavabdeh1 çatmış 15.000 manat – ondan tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh1 etirazında irəli sürdüyü – “pulu Şirkətlə bağlanmış müqavilə nəticəsində ödənildiyi və buna görə də nə təsisçi olaraq Cavabdeh1, nə də Şirkətin işçiləri olmuş şəxslərdən həmin pul tutula bilməz, təsisçi və işçilər MMC-nin öhdəliklərinə görə məsuliyyət daşımamalıdır” arqumentinə dair məhkəmə qeyd etmişdir ki, müqavilə bağlanılan, həmçinin 20.000 manat pul verilən zaman "xxxx" MMC-nin drektoru X3 olmuşdur, lakin həmin pul nə şirkətin direktoruna, nə də ki, şirkətin hesabına mədaxil olunmamışdır (buna dair heç bir sübut mövcud deyil). Buna görə də, nağd şəklində fiziki şəxslərə verilmiş 20.000 manatın MMC-dən tutulması qanuni və əsaslı hesab edilə bilməz.

10. Məhkəmə həmin 20.000 manatdan Cavabdeh1 çatmayan 5000 manata dair məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı 3000 manatın iddiaçıya geri qaytarılması və iddiaçının da həmin faktı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında qəbul etməsi, eyni zamanda iddiaçının nümayəndəsi tərəfindən həmin məbləğə dair mübahisələrin olmamasına dair ərizə təqdim etməsi işin mübahisəsiz halını təşkil etdiyindən həmin məbləğə dair yenidən qiymətləndirilmə aparılması zəruri deyil.

11. Məhkəmə onu da bildirmişdir ki, iş materiallarına əlavə olunmuş yazılı izahatlardan, məhkəməyə verilən şifahi izahatlardan müəyyən olundu ki, 5000 manat iş üzrə cavabdehlər olan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 arasında bölündüyü üçün, iddiaçıya qaytarılmayan 2000 manatın da həmin şəxslərdən tutulması qanuni və əsaslı hesab edilməlidir.

12. Məhkəmə iddianın təmin edilməyən 7000 manat hissəsi ilə bağlı qeyd etmişdir ki, təfərlər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən 3 təqvim günündən sonra malın söküntüsünə icazə verir, alıcı isə söküntünü öz öhdəsinə götürmüş, müqavilənin 4.1-ci maddəsini və həm də işdə olan sübutlar əsasən iddiaçı tərəfindən həmin məbləğdə xərcin çəkilməsi sübuta yetirilmədiyindən və həmin söküntü zamanı ona həmin məbləğin xərc kimi yaranmasında cavabdeh şəxslərin öhdəliklərinin pozması ilə əlaqəli olması öz təsdiqini tapmamışdır.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı 7000 manat məbləğində xərcin çəkilməsini sübut etmək üçün yalnız şahid ifadələrinə istinad etmiş. İşçilərə pulun verilməsini, drelin alınması və sair xərcləri təsdiq edən və 7000 manat məbləğin dəqiq olaraq necə formalaşdığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4401/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinə istinad edilsə də, həmin müqavilədən irəli gələn öhdəliklərin kim tərəfindən icra edilməməsini obyektiv araşdırmamışdır. Belə ki, alqı-satqı müqaviləsinin 4.3-cü maddəsinə əsasən, alıcı tərəfindən ilkin avans ödənişi edildikdən sonra alınan malın yükləmədən əvvəl apardığı mallara mütənasib olaraq ödənişlər etməli olmuşdur. İlkin ödənilmiş 30000 manat avans ödənişi isə söküntü başa çatdıqdan sonra son haqq-hesab zamanı nəzərə alınacağı razılaşdırılmışdır. Həmin müqavilənin 3.4.1-ci bəndinə əsasən, alıcının malı qəbul etməsi və əvəzində razılaşdırılmış pul məbləğini ödəməsi vəzifəsi olmuşdur. Eyni zamanda alıcı tərəfindən ödənilən məbləğlərin ƏDV xaric olmuş və ödənişdən əlavə ƏDV də ödənilməli olmuşdur. Tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə bütün öhdəliklər söküntü işlərinin aparılması, malların daşınması və ödənişlərin edilməsi müddəti və qaydası iddiaçı tərəfindən pozulmuşdur. Belə ki, iddiaçı söküntü işlərini vaxtında aparmamış və sökülmüş tikinti materiallarını müqavilə şərtlərinə əsasən daşınmadan əvvəl ödənişlərini etməmiş, hər dəfə müxtəlif bəhanələrlə öhdəliklərinin icrasından yayınmışdır. Ən son iddiaçi İddiaçı Əlmövsüm oğlu tərəfindən "xxxx" MMC-yə məktub gőndərərək əlavə vaxt istəmişdir. Ticarət Mərkəzinin hər bir yanı dik, taxta qırıntılarından ayaq basılmaz hala gəlmişdir. Ən azından bu taxta və diklərin səliqəli şəkildə bir yerə toplanması istənməsinə baxmayaraq, İddiaçı tərəfindən hər hansı bir addım atılmamışdır..Bütün bu mûddət ərzində “Azure” Ticarət Mərkəzinin fəaliyyəti dayanmaq məcburiyyətində qalmışdır. Məcbur qalındığı üçün Ticarət Mərkəzinin açılışı 3 ay sonrakı tarixə təxirə salınmışdır. Bu səbəbdən cavabdehlə müqaviləsi olan onlarca şirkətlərlə aralarında olan etibar zədələndi və onlar müqaviləyə vaxtından əvvəl xitam verdilər. Bundan əlavə dəfələrlə əmlak sahibinin nümayəndələri tərəfindən şifahi şəkildə bu natəmizliyin ortadan qaldırılması və biyabırçılığın aradan qaldırılması istənmişdir. Məhz bu səbəbdən əmlak sahibi X8 tərəfindən "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə narazılıqlar yaranmış və sonda iddiaçının öz öhdəliklərini icra etməməsi səbəbindən əmlak sahibi X8 tərəfindən müqavilə pozulmuşdur. İddiaçının hərəkətləri nəticəsində "xxxx" MMC xx.xx.2022-ci il tarixli icarə müqavilə üzrə əldə ediləcək külli miqdarda gəlirlərdən məhrum olmaqla yanaşı həmin müqavilənin pozulması nəticəsində vergi öhdəliklərinə cəlb edilməklə külli miqdarda zərərə də uğramışdır.

16. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Əlmövsüm oğlu ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən nağd və köçürmə yolu ilə ödənilmiş pullar MMC-yə aid olmuş və bütün məbləğlər MMC-yə mədaxil edilmişdir. İddiaçıla aparılan bütün danışıqlar fiziki şəxs olaraq deyil, MMC-nin səlahiyyətli nümayəndəsi kimi aparılmış və bu zaman onun qarşısında fiziki şəxs olaraq hər hansı bir öhdəlik götürülməmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 Nərimanov Polis bőlməsində vermiş olduğu izahatında da bildirmişdir ki, 15.000 AZN nağd şəkildə verildiyi an məbləğin alınması ilə bağlı qəbz (mədaxil orderi) yazılıb. Qətnamədə istinad edilən öhdəlik münasibətləri cavabdeh olaraq mənə şamil edilə bilməz. Öhdəliyin yaranması üçün onun onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin hallarına görə də İddiaçıla "xxxx" MMC müqavilə bağlamış və onların bir-birləri qarşısında öhdəlikləri olmuşdur. Cavabdeh1 iddiaçı qarşısında hər hansı bir öhdəliyi olmadığından iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilə bilməz və bu səbəbdən məhkəmənin tətbiq etdiyi maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətlərini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir.

18. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

19. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmiş, Cavabdeh3 çatmamış, digərlərinə çatmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

20. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 49.2-ci maddə-hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3-cü maddə-hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 52.1-ci maddə-hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2-ci maddə-bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddə- satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 575.1-ci maddə-əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 596.2-ci maddə-əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. 599.3-cü maddə-qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

21. Qətnamə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 tərəfindən qismən – iddianın özlərinə aid təmin edildiyi hissəsində mübahisələndirdiyindən qismən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4401/2023 nömrəli qətnaməsi iddianın təmin edildiyi hissədə dəyişdirilərək cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 45.000 manat pul tutulmalı, iddia Cavabdeh1 aid olan hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasındakı mübahisə xx.xx.2022-ci il tarixli 01-AT.M-2022/01 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. İşin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən həmin müqavilə əsasında "xxxx" MMC-nin hesabına satın alınacaq taxta fanerka (dik), reyka və vintlərə görə avans olaraq 30.000 manat pul köçürülmüş, eyni zamanda müqavilə üzrə ödənişin 15.000 manat hissəsi nağd olaraq hüquqi şəxsin təsisçisi Cavabdeh1 verilmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, satıcı öz öhdəliyini icra eməyərək müqavilə üzrə satılmış malı alıcıya təhvil vermədiyindən MM-nin 575.1 və 599.3-cü maddələrinə əsasən alıcının ödədiyi məbləği geri qaytarmağa borcludur.

25. "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtləri satıcı tərəfindən deyil, alıcı tərəfindən pozulmuş, alıcı müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada söküntü işlərini vaxtında icra etməmişdir. Müqavilənin 4.1-ci bəndində qeyd edilmişdir ki, “satıcı” müqaviləyə uyğun olaraq “alıcı” tərəfindən ilkin ödəniş həyata keçirildikdən 3 təqvim günündən sonra malın söküntüsünə icazə verir, “alıcı” söküntünü öhdəsinə götürür. Müqavilənin qeyd edilən bəndinə görə xx.xx.2022-ci il tarixdə avans ödənişi həyata keçirildikdən sonra xx.xx.2022-ci il tarixdən söküntüyə icazə verilməli idi. İddiaçının iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o "xxxx" MMC-yə müraciət edərək səhhəti ilə əlaqədar söküntüyə vaxtında başlamadığının üzürlü hesab edilməsini xahiş edərək xx.xx.2022-ci il tarixdən söküntüyə başlayacağını bildirir. İddiaçının və Cavabdeh3 işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdikləri izahatlardan görünür ki, iddiaçı söküntü işlərinə 2022ci ilin avqust ayının əvvəlində başlamış, 20-22 gün iş getmiş, lakin sökülmüş taxtaların obyektdən çıxarılmasına icazə verilməmişdir.

26. Məhkəmə kollegiyası alqı—satqı müqaviləsinin 4.1-ci bəndi ilə bağlı qeyd edir ki, satılan taxtaların alıcı tərəfindən sökülməsinə dair şərt alıcının üzərinə qoyulmuş və əvəzsiz icra edilməli olan əlavə öhdəlik olduğundan və MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə alıcının əsas vəzifəsi satılmış malın dəyərinin ödənilməsi olduğundan hazırkı halda alıcı razılaşdırılmış qaydada satılan mal üçün ilkin ödənişi həyata keçirdiyi üçün öz öhdəliyini icra etmişdir. İzahatlardan eyni zamanda görünür ki, alıcı 1 ay gecikmə ilə də olsa müqavilə üzrə üzərinə götürdüyü əlavə öhdəliyi, söküntü işlərini 2022-ci ilin avqust ayında həyata keçirmişdir və satıcının buna etirazı olmamışdır. "xxxx" MMC ilə “Azure” Ticarət Mərkəzi ilə aralarında bağlanmış icarə müqaviləsinə məhz iddiaçı tərəfindən söküntü işlərinə gec başlanılmasının səbəb olduğu bildirsə də, iş materiallarında bu halı təsdiq edən hər hansı sübut yoxdur. Əksinə iddia ərizəsinə etiraza əlavə edilmiş xx.xx.2022-ci il tarixli sazişdən görünür ki, xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş həmin sazişə əsasən “Azure” Ticarət Mərkəzində icarəyə götürülmüş obyektlərin təmir işlərinin "xxxx" MMC tərəfindən həyata keçirilməsi və digər müqavilə şərtlərinin yenilənməsi üçün əlavə saziş imzalanmışdır. Bundan əlavə Cavabdeh5 xx.xx.2023-cü il tarixli məhkəmə iclasındakı çıxışında bildirmişdir ki, "xxxx" MMC tərəfindən Ticarət Mərkəzinə ödənişlər vaxtında həyata keçirilmədiyi üçün icarə müqaviləsinə xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qətnamə "xxxx" MMC-dən 30.000 manat pulun tutulması hissəsində qanuni və əsaslıdır.

27. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə 15.000 manat pulun müqavilə tərəfi olan "xxxx" MMC-dən deyil, onun təsisçisi və hazırda qanuni təmsilçisi olan Cavabdeh1 tutulması barədə (həmin vəsaitin faktiki olaraq Cavabdeh1 tərəfindən qəbul edildiyinə və hüquqi şəxsin xəzinəsinə mədaxil edildiyinə dair işdə sübut olmadığına əsaslanaraq) nəticəyə gəlsə də, bu tələbin hansı maddi hüquq normasına əsasən təmin edildiyini göstərə bilməmişdir. Cavabdeh1 özü ilə iddiaçı arasında öhdəlik münasibəti olmadığından ona qarşı irəli sürülən iddia tələbinin qanuni əsası qətnamədə qeyd edilməli idi.

28. Kollegiya hesab edir ki, alıcı tərəfindən 15.000 manat pulun təsisçi Cavabdeh1 "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi ilə əlaqədar ödənildiyi mübahisəsiz olduğundan qeyd edilən vəsait hüquqi şəxsə öhdəliyin icrası ilə əlaqədar məbləğ kimi MMnin 599.3-cü maddəsinə əsasən satıcı olaraq öz öhdəliyini icra etməmiş "xxxx" MMC-dən alıcının iddiaçının xeyrinə tutulmalıdır. Təsisçinin (hüquqi şəxsin iştirakçısının) alıcıdan aldığı vəsaiti hüquqi şəxsin xəzinəsinə mədaxil etməməsi ilə bağlı məsələ isə hüquqi şəxslə təsisçi arasında həll edilməli mübahisə olduğundan hazırkı işin həlli üçün əhəmiyyətli deyil. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, iddiaçının ərizəsi əsasında toplanmış materiallarda olan izahatlara əsasən Cavabdeh1 "xxxx" MMCnin direktoru olmasa da, hüquqi şəxsin fəaliyyətinə faktiki rəhbərlik etmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4401/2023 nömrəli qətnaməsi iddianın təmin edildiyi hissədə dəyişdirilərək cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 45.000 manat pul tutulmalı, iddia Cavabdeh1 aid olan hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4401/2023 nömrəli qətnaməsi iddianın təmin edildiyi hissədə dəyişdirilsin. Cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 45.000 manat pul tutulsun. İddia Cavabdeh1 aid olan hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar