Məhkəmə qərarları › İş №2-2(103)-325/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-325/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-325/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7290/2024 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, S-103/2021 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı malları təchiz edir, alıcı isə həmin malları alır. Təchiz edilmiş malların miqdarı, təchiz edilmə müddəti və şərtləri, qiymətləri və ödəniş şərtləri satınalma sifarişində göstəriləcəkdir.

2. Müqavilənin 2.1-ci bəndinə görə müqavilənin ümumi qiyməti satınalma sifarişində müəyyən olunur və ona uyğun olaraq ödənilir

3. Müqavilənin 2.2-ci bəndinə görə satınalma sifarişində göstərilmiş malların qiyməti heç bir halda dəyişdirilə bilməz.

4. Müqavilənin 2.3-cü bəndinə görə, başqa qayda tərəflərlə satınalma sifarişində razılaşdırılmayıbsa, təchiz edilmiş malların dəyəri satıcı tərəfindən təqdim edilmiş hesabfaktura və qaimə-faktura əsasında mal verildikdən 14 gün sonra satıcının bank hesabına ödənilir.

5. Müqavilənin 2.4-cü bəndinə görə alıcı müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişi həyata keçirmədikdə gecikdirilmiş hər gün üçün ümumi məbləğin 1%-i məbləğində satıcıya cərimə ödəyir. Cərimə məbləğinin ödənişi satıcının təqdim etdiyi hesab əsasında alıcı tərəfindən mübahisəsiz qaydada həyata keçirilir.

6. xx.xx.2022-ci il tarixli, 25 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 6146,62 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.

7. xx.xx.2023-cü il tarixli, 35 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 351,64 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.

8. xx.xx.2023-cü il tarixli, 36 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 250,16 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.

9. xx.xx.2023-cü il tarixli, 37 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 129,80 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.

10. xx.xx.2022-ci il tarixli, 27 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 384,68 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.

11. xx.xx.2022-ci il tarixli, 28 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 245,44 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.

12. xx.xx.2023-cü il tarixli, 34 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 1154,04 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.

13. xx.xx.2023-cü il tarixli, 33 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 1721,62 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.

14. xx.xx.2023-cü il tarixli, 38 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 1239 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.

15. xx.xx.2023-cü il tarixli, 32 nömrəli qiymətlərin razılaşdırılması protokolu ilə müqavilə üzrə 1338,12 manat məbləğində malın təhvil verilməsi razılaşdırılmışdır.

16. İddiaçı MMC tərəfindən Core Construction” MMC-yə xx.xx.2022-ci il tarixli 368/2022 nömrəli 6146,62 manat, xx.xx.2023-cü il tarixli 198/23 nömrəli 351,64 manat, xx.xx.2023-cü il tarixli 200/23 nömrəli 250,16 manat, xx.xx.2023-cü il tarixli 201/23 nömrəli 129,80 manat, xx.xx.2022-ci il tarixli 379/2022 nömrəli 384,68 manat, xx.xx.2022-ci il tarixli 387/2022 nömrəli 245,44 manat, xx.xx.2023-cü il tarixli 136/23 nömrəli 1154,04 manat, xx.xx.2023-cü il tarixli 199/23 nömrəli 4605,54 manat, xx.xx.2023-cü il tarixli 132/23 nömrəli 1721,62 manat məbləğində, xx.xx.2023-cü il tarixli 03/23 nömrəli 1239 manat məbləğində, xx.xx.2023-cü il tarixli 68/23 nömrəli 1338,12 manat məbləğində hesabfakturalar təqdim olunmuşdur.

17. İddiaçı MMC tərəfindən Core Construction” MMC-yə xx.xx.2023-cü il tarixli EBDF 022273 nömrəli 6146,62 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 114084 nömrəli 351,64 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 114307 nömrəli 250,16 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 114536 nömrəli 129,80 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCE 450461 nömrəli 384,68 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCG 482462 nömrəli 245,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDD 019692 nömrəli 1154,04 manat, xx.xx.2023-cü il tarixli EBDC 956895 nömrəli 1721,62 manat, xx.xx.2023- cü il tarixli EBCM 684773 nömrəli 1239 manat, xx.xx.2023-cü il tarixli EBDA 302509 nömrəli 1338,12 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

18. xx.xx.2022-ci il tarixli, 25 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 6146,62 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.

19. xx.xx.2023-cü il tarixli, 35 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 351,64 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.

20. xx.xx.2023-cü il tarixli, 36 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 250,16 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.

21. xx.xx.2023-cü il tarixli, 37 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 129,80 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.

22. xx.xx.2022-ci il tarixli, 27 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 384,68 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.

23. . xx.xx.2022-ci il tarixli, 28 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 245,44 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.

24. xx.xx.2023-cü il tarixli, 34 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 1154,04 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.

25. xx.xx.2023-cü il tarixli, 33 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 1721,62 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.

26. xx.xx.2023-cü il tarixli, 38 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 1239 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.

27. xx.xx.2023-cü il tarixli, 32 nömrəli təhvil-təslim aktına görə müqavilə üzrə 1338,12 manat məbləğində mal cavabdehə təhvil verilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, S-103/2021 saylı alqı-satqı müqaviləsinnin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə həmin müqavilə üzrə yaranmış 17394,39 manat borcun və ödənilmiş 143 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış xx.xx.2021- ci il tarixli, S-103/2021 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC sifariş olunmuş malları satmağı, Cavabdeh MMC isə malları almağı və müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC olaraq xx.xx.2023-cü il tarixli, 01 nömrəli təhvil təslim aktına əsasən ƏDV daxil 10752,16 manat, xx.xx.2023-cü il tarixli, 32 nömrəli akta əsasən 1338,12 manat, xx.xx.2023-cü il tarixli, 33 nömrəli akta əsasən 1721,62 manat, xx.xx.2023-cü il tarixli, 34 nömrəli akta əsasən 1154,04 manat, xx.xx.2023-cü il tarixli, 35 nömrəli akta əsasən 351,64 manat, xx.xx.2023-cü il tarixli, 38 nömrəli akta əsasən 1066,73 manat, xx.xx.2023-cü il tarixli, 37 nömrəli akta əsasən 129,80 manat, xx.xx.2022-cü il tarixli, 27 nömrəli akta əsasən 384,68 manat, xx.xx.2022cü il tarixli, 28 nömrəli akta əsasən 245,44 manat, xx.xx.2023-cü il tarixli, 36 nömrəli akta əsasən 250,16 manat dəyərində olan mallar təhvil verilmişdir. Həmin malların təhvil verilməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən uzun müddətdir ki, ödənişləri həyata keçirilmir. Dəfələrlə ödənişlə bağlı müraciət olunsa da, verilmiş vədlərə əməl edilməmiş və ödənişin həyata keçirilməsi təmin edilməmişdir. Qeyd edilməsi zəruridir ki, Cavabdeh MMC-nin yuxarıda qeyd olunan müqavilə üzrə yaranmış borcun İddiaçı MMC-yə ödəməməsi iddiaçının qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, S103/2021 saylı alqı-satqı müqaviləsinnin ləğv edilməsi və cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə yaranmış 17394,39 manat borcun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1400 manat xidmət haqqının, dəbbə pulu olaraq 73853,41 manat cərimənin və dövlət rüsumu olaraq ödənilmiş 143 manat manatın, habelə yeni ödənilmiş 316 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(113)-7290/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, S-103/2021 saylı alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilməsi, Cavabdeh MMC-dən 12961,12 manat əsas borc, 640 manat dəbbə pulu, 1000 manat hüquqi yardıma görə xərc, 130,81 manat dövlət rüsumu, ümumilikdə 14731,93 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddia ərizəsi 3 hissədən ibarətdir: 1. 17394,39 manat əsas borcun tutulması; 2. Tərəflər arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, S-103/2021 saylı alqı-satqı müqaviləsinin ləğvi; 3. 73853,41 manat dəbbə pulunun ödənilməsi. Məhkəmə iddia ərizəsini birinci hissədə qismən əsaslı hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, S-103/2021 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 12961,12 manat məbləğində mal təhvil verilmiş, malların təhvil verilməsi tərəflər arasında imzalanmış təhvil aktları ilə rəsmiləşdirilmiş, aktlar cavabdehin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə təhvil verilmiş malların müqabilində cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən yaranmış 12961,12 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı cavabdehdən əsas borc üzrə əlavə olaraq 4433,27 manat vəsaitin ödənilməsini tələb etsə də, göstərilən həcmdə malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş üzləşmə aktını mötəbər sübut qismində qəbul etməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, 01 nömrəli üzləşmə aktına görə 01 sentyabr 2024-cü il tarixli, S-103/2021 saylı müqavilə üzrə cavabdehin iddiaçıya 10752,16 manat məbləğində borcu vardır. Üzləşmə aktı cavabdeh tərəfindən Ülvi İsmayılov adlı şəxs tərəfindən imzalanmış, həmin şəxsin cavabdehin qaraj müdiri olması aktda göstərilsə də, həmin şəxsin cavabdehin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən hər hansı sübutu iddiaçı məhkəməyə təqdim edə bilməyəcəyini məhkəmə iclasında bildirmişdir. Bundan əlavə, tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən görünür ki, alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsi ikitərəfli aktlarla rəsmiləşdirilmiş, aktlar cavabdeh tərəfindən lazımi qaydada (imzalanıb möhürlənməklə) təsdiq edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, əsas borc üzrə 4433,27 manat vəsaitin tutulması hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia ərizəsini ikinci hissədə əsaslı hesab etmişdir. İddiaçı məhkəmədən cavabdehlə aralarında bağlanmış 01 sentyabr 2021ci il tarixli, S-103/2021 saylı müqavilənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, göstərilən müqavilə üzrə öhdəliklərin lazımi qaydada cavabdeh tərəfindən icra edilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün iddiaçı hazırda həmin müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Materiallardan müəyyən olunur ki, iddiaçı cavabdehə ünvanladığı pretenziyada (xx.xx.2024-cü il tarixində cavabdehə çatdırılmışdır) müqavilənin ləğvi ilə bağlı niyyətini ifadə etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, S-103/2021 saylı müqavilə ləğv edilmiş hesab edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsi üçüncü hissədə qismən təmin edilməlidir. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, S-103/2021 saylı müqavilənin 2.4-cü bəndinə əsasən hesablanmış 73853,41 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 640 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, S-103/2021 saylı müqavilə ləğv edilmiş hesab edilməli, cavabdehdən 12961,12 manat məbləğində əsas borc, 640 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddia ərizəsində 1400 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən həmin xərc qismən, 1000 manat hissədə cavabehə aid edilməli, qalan 400 manat xərc iddiaçının özünə aid edilməlidir.

6. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-7290/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-7290/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

8. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə dəbbə pulunun məbləğinin azaldılaraq 640 manat məbləğində müəyyən edərkən iddiaçının əmlak mənafelərini nəzərə almamışdır. Bundan əlavə iddiaçı tərəfindən Kredo Vəkil Bürosunun hesabına 1400 manat hüquqi xidmət haqqı köçürülmüşdür. İddia qismən təmin edildiyindən həmin xərc qismən, 1000 manat hissədə cavabehə aid edilmiş, qalan 400 manat xərc iddiaçının özünə aid edilmişdir ki, iddiaçı cavabdehin təqsirinə görə maddi ziyan dəydiyinə görə tələbin bu hissəsi tam formada təmin edilməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 130,81 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 328,19 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qeyd olunan qanunvericiliyin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır lakin məhkəmə dəbbə pulu və xərclərlə bağlı hissədə heçbir ciddi əsaslandırma etmədən sadəcə formal mülahizələrə əsaslanıb və qiymət verib yekun məhkəmə qətnaməsi çıxarmışdır.

9. Bundan əlavə iddiaçı ərizə verərək apellyasiya şikayətinə əlavə edilməsi zərurəti meydana gəldiyini bildirmiş və apellyasiya şikayətində göstərilənlərə əlavə olaraq cavabdehdən 4433,27 manat miqdarında pul tutularaq iddiaçıya ödənilməsi və dövlət rüsumu olaraq ödənilmiş 33 manat tutularaq idiaaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi AR Mülki Məcəlləsinin müqavilənin ləğv edilməsi ilə bağlı olan 421 və 422-ci maddələrini nizamsız sadalamaqla kifayətlənmiş, onların fərqini nəzərə almadan, qanuni əsası mövcud olmayan “müqavilənin ləğv edilmiş hesab edilməsi” tələbini təmin etməklə, səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi, Mülki Məcəllənin alqı-satqı müqaviləsinə həsr olunmuş 567, 598, 600-cü maddələrini də sadəcə qətnamədə sadalamaqla kifayətlənmiş, heç bir əsas olmadan işgüzar adətləri rəhbər tutaraq düzgün nəticəyə gələ bilməmişdir. Mübahisə ilə bağlı Qanunun konkret normalarının mövcud olmasına və qətnamədə onlara istinad etməsinə baxmayaraq, məhkəmə nədənsə mahiyyətinə varmadan işgüzar adətlərə əsaslanmış və iddia təmin edilən hissədə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin yazılı ərizə ilə müraciət etməsinə baxmayaraq, heç bir əsas olmadan prosesdə qısa müddətə fasilə elan etməmiş, bununla da cavabdeh tərəfin işdə iştirakını təmin etməmişdir. Məhkəmə, cəmi bir neçə dəqiqə davam edən, bir məhkəmə baxışı iclası keçirməklə, tam, obyektiv və hərtərəfli araşdırma aparılmasına heç bir şərait yaratmamışdır. Məhkəmə, yalnız iddiaçının təqdim etdiyi, mötəbərliliyi şübhə doğuran sənədlər əsasında,əlavə heç bir araşdırma aparmadan, iddia təmin edilən hissədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin və izahatlarının mötəbərliliyini yoxlamamış, iş üzrə sənədlərdə olan imzaların və möhürlərin mötəbərliliyini aydınlaşdırmaq üçün müvafiq ekspertizalar təyin etməmiş, iş üzrə ümumiyyətlə heç bir araşdırma aparmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili verdikləri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin apellyasiya şikayətiniт rədd edilməsini, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verdikləri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının apellyasiya şikayətiniт rədd edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Hazırkı halda apellyasiya baxışının hədləri ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətində qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. İddiaçının verdiyi apellyasiya şikayəti ilə bağlı isə qeyd edilməlidir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin yalnız dəbbə pulu və vəkil xərclərinə dair tələbin rədd edilmiş hissəsində ləğvinə və həmin tələblərin tam təmin edilməsinə yönəldilsə də, həmin şikayətdə qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş edilmiş, bundan əlavə iddiaçı apellyasiya şikayətinə dəqiqləşdirmə verərək həmin ərizədə əsas borcun tutulması tələbinə dair iddianın rədd edilmiş hissəsində də qətnamənin əsaslılığını mübahisələndirdiyini vurğulamışdır. Beləliklə, həmin ərizəni nəzərə almaqla kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfindən qətnamə iddianın rədd edilmiş hissəsində mübahisələndirilir. Odur ki, qətnamənin əsaslılığı iddiaçının apellyasiya şikayətinə əsasən iddianın rədd edilmiş hissəsində, cavabdehin apellyasiya şikayətinə əsasən isə iddianın təmin edilmiş hissəsində olmaqla bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC aralarında bağlanmış xx.xx.2021- ci il tarixli, S-103/2021 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı sözügedən müqavilənin ləğv edilməsini, müqaviləyə əsasən təqdim edilmiş mallara görə 17394,39 manat məbləğində borcun, 73853,41 manat məbləğində dəbbə pulunun və məhkəmə xərclərinin tutulmasını tələb edir.

21. Kollegiya ilk növbədə iddianın alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddianın qanuni əsaslarını Mülki Məcəllənin 567, 598.1-ci maddələri təşkil edir.

22. İddianın həmin hissəsi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsiyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 12961,12 manat məbləğində mal təhvil verilmiş, malların təhvil verilməsi tərəflər arasında imzalanmış təhvil aktları ilə rəsmiləşdirilmiş, aktlar cavabdehin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdeh isə həmin malların müqabilində tərəfindən hər hansı ödəniş edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

23. Birinci instansiya məhkəməsi tərəfindən sübutların mötəbərliyinin, sənədlərdəki imzaların və möhürlərin həqiqiliyinin yoxlanılmaması barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, birincisi, iddiaçı tərəfin təqdim etdiyi sübutların mötəbərliyi işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İkincisi, cavabdeh apellyasiya şikayətində yuxarıda göstərilən dəlili irəli sürsə də, hansı sübutların mötəbərliyini şübhə altına aldığını dəqiq göstərməmiş, eləcə də şübhələrinin əsaslarını izah etməmiş, bununla yanaşı dəlillərdəki qeyri-müəyyənliklər cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatında da aradan qaldırılmamışdır. Bundan əlavə cavabdehin nümayəndəsi verdiyi izahatında iddianın rədd edilməsi barədə mövqeyini ödənilməsi tələb edilən malların əslində təqdim edilməməsi ilə deyil, təqdim edilmiş mallara görə tərəflərindən ödənişlər edilməsi ilə əsaslandırmışdır. Belə olan halda məhkəmə kollegiyası həmin dəlilləri formal və qeyri-müəyyən dəlillər kimi qiymətləndirir.

24. Odur ki, kollegiya hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təqdim etdiyi malların dəyəri olaraq 12961,12 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

25. Alqı-satqı müqaviləsi üzrə borcun tutulması barədə iddianın rədd edilmiş hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı təqdim etdiyi mallara görə 4433,27 manat pul vəsaitinin ödənilməsini tələb etsə də, göstərilən həcmdə malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki iş materiallarına əsasən müəyyən edilir ki, tərəflər arasında mübahisəli alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsinin ikitərəfli aktlar imzalamaqla rəsmiləşdirilməsinə dair işgüzar adət formalaşmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir.

26. İddianın müqavilənin ləğv edilməsi hissəsinə mübasibətdə isə qeyd edilməlidir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş malların dəyərini 1 ildən artıq müddət ərzində ödəməməklə müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda iddiaçının Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən müqavilənin ləğv etmək hüququ yaranmış və iddiaçı cavabdehə ünvanladığı pretenziya məktubunda müqavilənin ləğv edilməsi barədə iradəsini qarşı tərəfə çatdırmışdır. Odur ki, məhkəmə kollegiyası müqavilənin ləğv edilmiş hesab edilməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

27. Digər tərəfdən iddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyini müqavilədə nəzərdə tutulmuş müddətdə (mallar verildikdən sonra 14 gün ərzində) icra etməməsi, yəni həmin öhdəliyinin icrasını gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 640 manat məbləğində dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.

28. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi MPM-in 121.1-ci maddəsinə əsasən hüquqi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq cavabdehdən 300 manat tutulmasını ağlabatan hesab etməkdə da haqlı olmuşdur.

29. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən həmin şikayətlər verilərkən ödənilmiş dövlət rüsumları müvaviq olaraq apellyatorlara aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı MMC və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7290/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri üçün ödənilmiş rüsum apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Elnur Həsənov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar