Məhkəmə qərarları › İş №2-2(103)-326/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-326/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-326/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçının ərizəsinə dair Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)- 1039/2021 saylı qərardadından (hakim Səbinə Nuriyeva) iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış podrat müqaviləsinə və ödəniş razılaşma protokoluna xitam verilməsi və Cavabdeh MMC-dən 148.000 manat borcun və cavabdehin borcdan yayınması nəticəsində maddi və əldən çıxmış fayda kimi 20.000 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Cavabdeh MMC-nin bank hesablarına iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)- 1039/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv olunmasını, ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iş üzrə gələcəkdə məhkəmə qərarının icrasının çətinləşdirə və ya qeyri-mümkün edə biləcəyi hər-hansı bir maneənin olmasına dair halların mövcud olmasının sübut edilməsi iddiaçının üzərinə düşür. İddiaçı bu vəzifəni icra etməmişdir. Məhkəmənin gənaətinə görə iddianın təmininə dair ərizə təqdim edən iddiaçı, bir tərəfdən iddianın uğurluluq qənaətincə iddianın təmininə dair ərizə təqdim edən iddiaçı, bir tərəfdən iddianın uğurluq ehtimalını təsdiq edən dəlilləri, digər tərəfdən isə ərizənin təmin edilməyəcəyi halda qətnamənin icrasının mümkünsüz, yaxud çətin olacağını təsdiq edən dəlilləri təqdim etməlidir. "Cavabdeh" MMC fəaliyyətdə olan şirkətdir və banklarda hesabları mövcuddur. Cavabdeh öhdəliyini icra etmədiyi üçün tərəfimizdən mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Buradan artıq qətnamənin gələcəkdə icrasının çətinləşəcəyi aydın şəkildə görünür. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)- 1039/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, nümayəndələri iclasda iştirak etməmişlər, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2- 2(113)- 1039/2021 saylı qərardadı ləğv edilməli, iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilərək cavabdehin bank hesablarındakı pul vəsaiti üzərinə 148.000 manat həddində həbs qoyulmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1 və 158.1.2-ci maddələrinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edilə bilər. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Hazırkı halda məhkəmə tərəfindən görülmüş tədbir iddia tələbinə mütənasib olmaqla qətnamənin icrasını təmin etmək məqsədi daşıyır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində iş üzrə gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirə və qeyri-mümkün edə biləcək bir maneənin olmasına dair halların mövcud olmasını sübut etməmişdir. Eyni zamanda iddia tələbi ilə iddianı təmin etmə tədbiri arasında səbəbli əlaqə mövcud deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının tələblərindən biri cavabdehdən podrat müqaviləsi üzrə borcun və əldən çıxmış faydanın tutulması, yəni pul tələbi olduğundan bu tələbin təmin tədbiri kimi cavabdehin bank hesablarındakı pul vəsaiti üzərinə həbs qoyulması iddiaçı tələbinə mütənasib olan tədbirdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Hazırkı halda iddiaçı tərəfindən iddia ərizəsinə əlavə etmiş xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktı, tərəflər arasında imzalanmış ödəniş razılaşma protokolu, həmin protokolun icra edilməməsi ilə bağlı iddia ərizəsində qeyd edilənlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında nəzərdə tutulmuş cavabdeh tərəfin iddiaçıya olan borcun ödənilməsindən yayınması ilə bağlı sübutların mövcudlunu və iddiaçının ərizəsinin əsaslı olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, iddiaçının əsas borc tələbindən əlavə tələb etdiyi 20.000 manat əldən çıxmış fayda ilə bağlı işdə ilkin sübutlar olmadığından ərizə qismən, yalnız əsas borc tələbi həddində cavabdehin bank hesablarındakı pul vəsaiti üzərinə həbs qoyulması hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-1039/2021 saylı qərardadı ləğv edilməli, iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilərək cavabdehin bank hesablarındakı pul vəsaiti üzərinə 148.000 manat həddində (vergi, məcburi dövlət sosial sığorta haqları və əmək haqlarının ödənilməsinə məhdudiyyət qoyulmadan) həbs qoyulmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı “xxxx” MMC-nin şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-1039/2021 saylı qərardadı ləğv edilsin. İddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilsin. Cavabdeh Cavabdeh MMC-nin Azərbaycan Respublikası banklarında olan hesablarındakı pul vəsaiti üzərinə 148.000 manat həddində (vergi, məcburi dövlət sosial sığorta haqları və əmək haqlarının ödənilməsinə məhdudiyyət qoyulmadan) həbs qoyulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar