Məhkəmə qərarları › İş №2-2(103)-326/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-326/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-326/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi Açar söz: öhdəliyin lazımınca icra edilməməsi, pul tələbi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5692/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Ekspeditor qismində "xxxx" MMC ilə sifarişçi qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə (müqavilənin predmeti) əsasən ekspeditor sifarişçinin sifarişinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə 1-də qeyd edilən 18 ədəd drezin VMT-dəmir yolu maşınlarının və əlaqədar ehtiyat hissələrinin sifarişçi tərəfindən müəyyən edilmiş marşrutla daşınması məqsədi ilə nəqliyyat eskpedisiya xidmətlərini müqavilədə nəzərdə tutulan qaydada və qiymətlə sifarişçiyə təqdim etməyi, sifarişçi isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən xidmətləri təhvil alıb müqavilədə müəyyən olunan qiymətini ekspeditora ödəməyi öhdəsinə götürür. Müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə üzrə göstərilən xidmətlər müqabilində sifarişçi tərəfindən ekspeditora ödəniləcək ümumi məbləğ bütün vergi və digər xərclər daxil 934.065 manat təşkil edir. Müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən müqavilədə nəzərdə tutulan qaydada və məbləğdə, ekspeditorun təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır (1.2-ci bənd). Həmin müqavilənin 16.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında ekspeditora dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir.

2. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqaviləyə Əlavə 1 ilə xidmətlərin həcmi, spesifikasiyası və qiymətləri müəyyənləşdirilmişdir.

3. Adıçəkilən müqaviləyə Əlavə 1 ilə məbləği 437.580 manat olan 10 ədəd VMT 865 C/GR markalı drezinlərin İtaliya Respublikası, Poviglio şəhəri (RE) 42028, Via Romana 99 ünvanından Azərbaycan Respublikası, ünvan 1 çatdırılması (İncoterms 2020:DAP Baku), məbləği 338.703,75 manat olan 7 ədəd VMT 865 C/GR markalı drezinlərin İtaliya Respublikası, Poviglio şəhəri (RE) 42028, Via Romana 99 ünvanından Azərbaycan Respublikası, ünvan 1 çatdırılması (İncoterms 2020:DAP Baku), məbləği 43.758.0 manat olan 1 ədəd VMT 865 C/GR markalı drezinlərin İtaliya Respublikası, Poviglio şəhəri (RE) 42028, Via Romana 99 ünvanından Azərbaycan Respublikası, ünvan 1 çatdırılması (İncoterms 2020:DAP Baku), məbləği 53.519,4 manat olan demontaj edilmiş ehtiyat hissələrinin İtaliya Respublikası, Poviglio şəhəri (RE) 42028, Via Romana 99 ünvanından Azərbaycan Respublikası, ünvan 1 çatdırılması (standart çadır ilə), məbləği 60.503,85 manat, sığorta dəyəri 24 140 170 Azərbaycan manatı olan malların müqavilənin 13-cü bölməsi üzrə nəzərdə tutulan sığorta xərcləri daxil olmaqla, ümumilikdə 934.065 manat məbləğində xidmətlərin göstərilməsi razılaşdırılmışdır. 1 saylı Əlavənin “Qeyd” hissəsində yükləmə zamanı sərbəst vaxt (low-bed): 8 (səkkiz) saat (demuraj - 255,0 (iki yüz əlli beş) AZN / saat), boşalma zamanı sərbəst vaxt (low-bed): 48 (qırx səkkiz) saat demuraj - 680,0 (altı yüz səksən AZN / günlük), yükləmə və boşalma zamanı sərbəst vaxt (standart yük maşını): 48 (qrıx səkkiz) saat (demuraj - 255,0 (iki yüz əlli beş) AZN təşkil etdiyi qeyd olunur.

4. İddiaçındə baş mühasibin müavini vəzifəsində çalışan Orxan Əhmədov tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (Vüsal Ağakişiyev) ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron poçt məktubunun məzmununda qeyd olunmuşdur ki, cari tarixə "xxxx" QSC-nin İddiaçınə olan borcu 80.235,93 manat təşkil edir. Müqavilələr üzrə borcun açıqlaması aşağıdakı kimidir: - 240439 nömrəli xidmət müqaviləsinə (drezinlərin daşınması) əsasən əsas məbləğ üzrə borcunuz: 33.183,87 manat təşkil edir; - 240439 nömrəli xidmət müqaviləsinə (drezinlərin daşınması) əsasən, boşdayanma (demmurage) üzrə borcunuz 38.203,56 manat təşkil edir. - 264776 nömrəli xidmət müqaviləsinə (Chelyabinsk daşınması) əsasən borcunuz 8.848,50 manat təşkil edir.

5. İddiaçı əvvəlki direktoru olmuş Məhəmməd Rzayev tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (Vüsal Ağakişiyev) ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron poçt məktubunun məzmununda qeyd olunmuşdur ki, biz sizə 71.387,43 manat güzəşt etmiş oluruq. Lakin, siz də bizimlə əməkdaşlığı davam etdirirsiniz.

6. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ünvanlanaraq, 71387.42 manat məbləğində borcun ödənilməsi xahiş edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC tərəfindən öhdəliklərinin üzrlü səbəblər olmadan, qərəzli və qəsdən yerinə yetirilməməsi səbəbindən yaranmış 71,387.42 manat əsas borc, həmçinin öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 1 illik 5 faiz hesabı ilə 20 ay üçün 5.949 manat gecikmə borcu, dövlət rüsumu və bank xərci olaraq 304.16 manat məbləğində xərcin, ümumilikdə 77,640.58 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh – "xxxx" QSC ilə aralarında bağlanmış 240439 saylı, xx.xx.2022-ci il tarixli müqavilə əsasında şirkət cavabdehə bir sıra daşıma xidmətləri göstərmişdir. Həmin müqaviləyə əsasən ECO tərəfindən müvafiq malların – yəni 18 ədəd “DREZİN VMT” avadanlığının daşınması həyata keçirilmiş və ADY-yə müvafiq qaydada təhvil verilmişdir. Daşınmaların həyata keçirilməsi zamanı ECO tərəfindən ADY-yə mütəmadi status hesabatları təqdim edilmişdir. Malların – “DREZİN VMT” avadanlığının ADY tərəfindən təhvil alınmasını təsdiq edən sənəd qismində ADYnin müvafiq əməkdaşı tərəfindən təsdiq edilmiş “CMR” sənədləri çıxış edir. ECO öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra edib bütün malları vaxtında ADY-yə çatdırsa da, ADY ödənişlə bağlı öhdəliyi tam şəkildə icra etməmiş və hazırda ADY-nin ECO-ya 71,387.42 manat məbləğində borcu vardır. Daşıma başa çatdıqdan və mallar tam təhvil verildikdən bir ay müddət sonra onlara malların – “DREZİN VMT”-nin birində zədələnmə olduğu bildirilmiş və qalan borc məbləğinin məhz bu səbəbdən ödənilməsi ADY tərəfindən saxlanılmışdır. Tərəfindən göstərilmiş 71,387.42 manat dəyərində xidmətin ödənişi uzun müddətdir cavabdeh tərəfindən şifahi və yazılı müraciətlərə baxmayaraq ödənilmir. Sözügedən məbləğin ödənilməsi və məsələnin danışıqlar yolu ilə həll olunması üçün cavabdehə müvafiq pretenziya məktubu da təqdim edilmiş, lakin cavabdeh heç bir geri dönüş etməmişdir.

9. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə “iddiaya etiraz ərizəsi” ünvanlayaraq qeyd etmişdir ki, iddianı qəbul etmirlər. Belə ki, cavabdeh ADY ilə "xxxx" MMC (iddiçının əvvəlki adı) arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilə bağlanmışdır. Müqavilənin ümumi məbləği vergilər və digər xərclər daxil olmaqla, 934065 manat təşkil edib. Müqaviləyə əsasən "xxxx" MMC tərəfindən 17 ədəd drezin daşınmış, bunun müqabilində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" MMC-yə 900.881,14 manat ödəmişdir. Lakin 18-ci drezin digər drezinlərdən fərqli olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə gec çatdırılmış, çatdırıldıqdan sonra məlum olmuşdur ki, qeyd olunan drezin zədələnmiş, zədə yeri sonradan suvaq ilə örtülmüşdür. Bu haqda xx.xx.2023-cü il tarixdə akt da tərtib olunmuşdur. Bu məsələ ilə bağlı "xxxx" MMC-nin rəhbərliyi ilə görüşlər təşkil olunmuş və nəticədə tərəflər razılığa gəlmişdir ki, zədələnmiş drezinin təmirini ADY öz üzərinə götürür, "xxxx" MMC isə müqavilə üzrə qalıq borc məbləğini ADY-yə güzəşt edir. Şirkətin direktoru ADY-yə mail vasitəsilə ünvanlanmış məktubda bunu qeyd etmişdir. ADY tərəfindən müqavilə üzrə götürülən öhdəliklərə riayət edilmiş, "xxxx" MMC-yə heç bir ziyan vurulmamışdır.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5692/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 33183,86 manat (otuz üç min yüz səksən üç manat səksən altı qəpik) borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,17 manat (yüz otuz səkkiz manat on yeddi qəpik) olmaqla, cəmi 33322,03 manat (otuz üç min üç yüz iyirmi iki manat üç qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddia tələbinin bir hissəsini "xxxx" QSC tərəfindən öhdəliklərinin üzrlü səbəblər olmadan, qərəzli və qəsdən yerinə yetirilməməsi səbəbindən yaranmış 71,387.42 manat tələb edilməsi təşkil edir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilənin bağlanması, müqavilənin ümumi dəyərinin 934.065 manat razılaşdırılması, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə drezinlərin daşınması xidmətlərinin göstərilməsi, cavabdeh tərəfindən müqavilə üzrə cəmi 900881,14 manat ödənişin həyata keçirilməsi işin mübahisələndirilməyən hallarıdır.

12. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 442, 445.1, 445.5, 448.1, 850.1, 851, 852.1, 852.2, 852.3, 852.4-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77, 107, 119.1-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-5692/2024 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh ADY (Sifarişçi) ilə İddiaçı MMC (Ekspeditor) arasında xx.xx.2022-ci il tarixli 240439 nömrəli nəqliyyatekspedisiya xidmətlərin satın alınmasına dair müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən Ekspeditor Sifarişçinin sifarişinə əsasən Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə 1-də qeyd edilən 18 (on səkkiz) ədəd drezin VMT – dəmir yolu maşınlarının və əlaqədar ehtiyat hissələrinin Sifarişçi tərəfindən müəyyən edilmiş marşrutla daşınması məqsədilə nəqliyyat-ekspedisiya xidmətlərini (Xidmətlər) Müqavilədə nəzərdə tutulan qaydada və qiymətlə Sifarişçiyə təqdim etməyi, Sifarişçi isəöz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən Xidmətləri təhvil alıb Müqavilədə müəyyən olunan məbləği Ekspeditora ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği bütün vergi və digər xərclər daxil olmaqla 934 065 (doqquz yüz otuz dörd min altmış beş) manat təşkil etmişdir. Müqaviləyə əsasən ekspeditor 17 ədəd drezin daşımış və bunun müqabilində ADY tərəfindən ekspeditora 900.881,14 (doqquz yüz min səkkiz yüz səksən bir manat on dörd qəpik) manat ödənilmişdir. Lakin 18-ci drezin digər drezinlərdən fərqli olaraq ADY-yə gec çatdırılmış və çatdırıldıqdan sonra məlum olmuşdur ki, həmin drezin zədələnmiş, zədə yeri sonradan suvaq ilə örtülmüşdür. Bu haqda xx.xx.2023-cü il tarixdə Akt da tərtib edilmişdir. Qeyd olunan məsələ ilə bağlı iddiaçının rəhbərliyi ilə görüşlər təşkil olunmuş və nəticədə tərəflər razılığa gəlmişdir ki, zədələnmiş drezinin təmirini ADY öz üzərinə götürür, iddiaçı isə müqavilə üzrə qalıq borc məbləğini ADY-yə güzəşt edir. Güzəştlə bağlı razılaşma 24 avqust 2023-cü il tarixli elektron məktubda öz əksini tapmışdır. Güzəşt barədə elektron məktub X5 tərəfindən yazılmışdır. M.Rzayev xx.xx.2022-ci il tarixli 240439 nömrəli müqaviləni direktor qismində imzalamış, həmçinin iddiaçı şirkətinin təsisçisi olmuşdur. M.Rzayev xx.xx.2023-cü il tarixdə güzəşt barədə elektron məktubu iddiaçının korporativ elektron poçt ünvanı vasitəsi ilə göndərmiş, həmçinin yazışmanın surəti İddiaçı MMCnindigər əməkdaşlarına da elektron poçt vasitəsi ilə göndərilmiş, başqa sözlə, digər aidiyyəti əməkdaşlarında güzəşt barədə məlumatı olmuşdur. Məhkəmənin M.Rzayevin müqavilə üzrə borc məbləğini güzəşt etməsinə dair iradə ifadəsini bildirməkdə səlahiyyətli şəxs olmaması mövqeyi qanunvericiliyin normalarına və işgüzar münasibətlərə ziddir. ki hüquqi şəxslərin əməkdaşları arasında korporativ elektron poçt vasitəsilə yazışmalar aparıldıqda tərəflərin hər dəfə sənədləri imzalamaq səlahiyyətlərinin olubolmamasının yoxlanılması nə dərəcədə məqsədəuyğun və ağlabatan olması aydın deyildir. Həmçinin, əgər M.Rzayevin məbləğin güzəşt edilməsi ilə bağlı səlahiyyəti olmamışdırsa, o zaman yazışmada direktor qismində iştirak edən Teymur Mirzəyev nəyə görə bu məsələyə dərhal reaksiya verməmiş və ADY-yə qarşı iddia ərizəsi yalnız razılaşmadan 1 il ötdükdən sonra qaldırılmışdır. Məhkəmə qanunvericiliyin bu normasını nəzərə almamışdır. Belə ki, səlahiyyətli şəxs Teymur Mirzəyev güzəşt edildiyi dövrdə aparılan yazışmada iştirak etmiş, M.Rzayevin korporativ elektron poçt ünvanın aktiv olmasını və M.Rzayevin yazdığını görmüş və bununla razılaşmışdır. Əks halda o dərhal reaksiya göstərməli idi. Lakin ADY-yə qarşı iddia 1 ildənsonra, T.Mirzəyev direktor vəzifəsindən azad olunduqdan sonra verilmişdir. Bu isə o deməkdir ki, M.Rzayevin xx.xx.2023-cü ildə səlahiyyəti olmasa belə, o borcun silinməsi ilə bağlı iradə ifadəsini səlahiyyətli şəxsin icazəsi və razılığı ilə həyata keçirmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci i l tarixli 240439 nömrəli nəqliyyatekspedisiya xidmətlərin satın alınmasına dair müqavilənin xüsusi şərtlərinə əsasən (12) xidmətlərin təhvil alınması barədə müvafiq təhvil-təslim aktı Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan və möhürləri ilə təsdiq edildikdən sonra Sifarişçi tərəfindən qəbul edilmiş sayılır. Lakin iddiaçı tərəfindən təhvil-təslim aktları, qaimə və digər sənədlər təqdim olunmamış və bu xüsusat məhkəmə tərəfindən araşdırılmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qüsurlarla bağlı bildiriş təqdim olunmamışdır. Lakin qeyd olunmalıdır ki, zədələnmiş drezinlə bağlı iddiaçıya dərhal məlumat verilmiş, drezinin şəkilləri çəkilmiş, xx.xx.2023-cü il tarixdə Jeysmar şirkətinin iştirakı ilə Akt tərtib edilmişdir. Bununla bağlı iddiaçıilə dəfələrlə görüşlər təşkil olunmuş və görüşün nəticəsi olaraq, qalıq borc güzəşt olunaraq silinmişdir. Həmin ərəfədə razılaşma əldə olunmasaydı cavabdeh ADY ona dəymiş zərəri tələb etmək hüququndan istifadə edərdi. Lakin razılaşmanı rəhbər tutub drezini öz hesabına təmir etdikdən və bu məsələnin üzərindən 2 il müddət keçdikdın sonra öz hüquqlarınndan istifadə edilməsi də çətinləşir. Bu isə iddiaçı tərəfin öz vəzifələrini vicdanlı icra etməməsinə dəlalət edir. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəfindən 900881,14 manat ödəniş həyata keçirilmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməkdən qərəzli şəkildə boyun qaçırsaydı, o həmin məbləği də ödəməzdi. İddiaçı tərəfdən 18-ci drezinin cavabdehə təhvil verilməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Məhkəmə yalnız şifahi məlumata əsaslanıb qətnamə qəbul etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

16. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2-ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.3-ci maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. 852.4-ci maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2- 2(113)-5692/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilənin bağlanması, müqavilənin ümumi dəyərinin 934.065 manat razılaşdırılması, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə drezinlərin daşınması xidmətlərinin göstərilməsi, cavabdeh tərəfindən müqavilə üzrə cəmi 900881,14 manat ödənişin həyata keçirilməsi işin mübahisələndirilməyən hallarıdır. Həmçinin İddiaçı əvvəlki direktoru olmuş Məhəmməd Rzayev tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (Vüsal Ağakişiyev) ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron poçt məktubunun məzmununda qeyd olunmuşdur ki, biz sizə 71.387,43 manat güzəşt etmiş oluruq. Lakin, siz də bizimlə əməkdaşlığı davam etdirirsiniz. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı əvvəlki direktoru olmuş X2 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü ilə) bəndi ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

24. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iddianın qismən təmin edilməsi ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, X5 müqavilə üzrə 71.387,43 manat borc məbləğinin güzəşt edilməsi barədə iradə ifadəsini bildirməkdə səlahiyyətli şəxs olmadığı üçün onun tərəfindən müəssisəyə ödənilməli borcun güzəşt edilməsi səlahiyyəti də yoxdur. Çünki məktubu yazan zaman müəssisənin direktoru olmamış və ya hər hansısa formada müəssisəni təmsil edərək güzəşt məktubu yazmaq üçün səlahiyyətinin olması halı müəyyən olunmamışdır. Həmçinin ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

25. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair Müqavilənin 16.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçinin aşkar olunmuş qüsurlar haqqında ekspeditora dərhal bildiriş verməli olduğunu, belə bir bildirişin ekspeditora təqdim edilməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də cavabdeh apellyasiya şikayətində dəlili kimi əsaslandırdığı bu hal da əsassızdır.

26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5692/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar