Məhkəmə qərarları › İş №2-2(103)-328/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-328/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-328/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-201/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMM Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixədək yaranmış, xx xxxxx 2013-cü il tarixli 633 saylı müqavilə üzrə ƏDV daxil 4601559,85 manat əsas borc, 409376,61 manat cərimə, xx xxxx 2013-cü il tarixli 70/10 saylı müqavilə üzrə ƏDV daxil 68125 manat əsas borc, 8668,14 manat cərimə, xx xxxxxx 2016-cı il tarixli 2060 saylı müqavilə üzrə ƏDV daxil 7387,09 manat əsas borc, 578,58 manat cərimə, ƏDV daxil 4601559,85 manat əsas borc məbləğinə, ƏDV daxil 68125 manat əsas borc məbləğinə, ƏDV daxil 7387,09 manat borc məbləğinə qətnamənin çıxarıldığı tarixə qüvvədə olan Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun faizlərin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4677071,94 manat məbləğində əsas borc, 418623,33 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-201/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx xxxxx 2013-cü il tarixli 633 saylı müqavilə üzrə ƏDV daxil 4601559,85 manat əsas borc, xx xxxx 2013-cü il tarixli 70/10 saylı müqavilə üzrə ƏDV daxil 68125 manat, xx xxxxxx 2016-cı il tarixli 2060 saylı müqavilə üzrə ƏDV daxil 7387,09 manat olmaqla, ümumilikdə 4677071,94 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMM-ə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 28 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMM-ə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddia müddətinin tətbiq edilərək, həmin hissədə də iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Cavabdeh" MMC tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizədə iddia müddətinin təkcə faiz borclarına deyil, bütün iddia tələbinə tətbiq edilməsi xahiş edilmişdir. Belə ki, iddia müddəti iddiaçı tərəfindən ötürülməklə məhkəməyə müraciət edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarıldıqdan sonrakı dövrdə, “xxxxxx” MMC tərəfindən borc məbləğlərindən xeyli miqdarda ödəniş edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli 2060 saylı müqavilə üzrə mövcud olan 7387,09 manat məbləğində borc tamamilə ödənilərək, həmin müqavilə üzrə borc bağlanmışdır. Bundan əlavə, 70/10 saylı müqavilə üzrə borc məbləğindən qətnamə qəbul edildikdən sonra 8496 manat məbləğində ödəniş etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "Cavabdeh" MMC-dən tutulmalı olan məbləğlər hissəsində dəyişdirilməli və ödənilmiş məbləğlər tutulmalı olan məbləğlərdən çıxılmalıdır. Həmçinin "Delta Telekom” LTD MMM-də qiymətlərin yüksək olması "Cavabdeh" MMC kimi şirkət üçün böyük bir borcun yaranmasına gətirib çıxarmışdır. Dəfələrlə MMC tərəfindən qiymətlərin aşağı salınması barədə müraciətlər edilməsinə baxmayaraq, həmin müraciətlər əsasında aparılmış danışıqlar nəticəsiz qalmışdır. "Delta Telekom" LTD MMM aparılan danışıqlara və edilən müraciətlərə cavab olaraq qiymətlərin endiriləcəyi barədə vəd versə də, köhnə tariflərlə hesab-fakturaları təqdim etməyə davam etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMM ilə Cavabdeh MMC arasında xx xxxxx 2011-ci il tarixli 633 saylı xüsusi ayrılmış kanallar vasitəsi ilə İddiaçı MMM şəbəkəsi üzərindən beynəlxalq internet şəbəkəsinə qoşulma haqqında müqavilə (sonuncu dəfə müqaviləyə xx.xx.2019-cu il tarixli 33 nömrəli əlavə olunmuşdur) və xx.xx.2016-cı il tarixli 2060 saylı müqavilə (sonuncu dəfə müqaviləyə xx.xx.2016-ci il tarixli A əlavəsi olunmuşdur) bağlanmışdır. Müqavilələrə əsasən İddiaçı MMM internet xidmətlərini göstərməyi, Cavabdeh MMC isə xidmətlərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin tərəflər arasında xx.xx.2013-cü il tarixli 70/10 saylı saytların icarəsi haqqında müqavilə (sonuncu dəfə müqaviləyə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə olunmuşdur) bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı MMM ona məxsus rabitə qüllələrini və mülkiyyətində və ya icarəsində olan obyektlərdə Cavabdeh MMC-yə məxsus rabitə avadanlıqlarının yerləşdirilməsinə icazə verir, sonuncu isə istifadə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, İddiaçı MMM həmin müqavilələr üzrə öhdəliklərini icra edərək Cavabdeh MMC-yə rabitə xidmətlərini təmin etmişdir. Cavabdeh MMC isə öhdəliklərini yerinə yetirmədiyindən xx xxxxxx 2020-ci il tarixədək, xx xxxxx 2013-cü il tarixli 633 saylı müqavilə üzrə ƏDV daxil 4601559,85 manat əsas borc, 409376,61 manat cərimə, xx xxxx 2013-cü il tarixli 70/10 saylı müqavilə üzrə ƏDV daxil 681xx xxxxx 8668,14 manat cərimə, xx xxxxxx 2016-cı il tarixli, 2060 saylı müqavilə üzrə ƏDV daxil 7387,09 manat əsas borc 578,58 manat cərimə borcu yaranmışdır. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı qismən qəbul edərək, bildirmişdir ki, Cavabdeh MMC müqavilələr üzrə yaranmış əsas borc məbləğlərinin ödənilməsinə razıdır. Tərəflər arasında üzləşmə aktı tərtib olunmuş və həmin akta əsasən borcun məbləği konkret göstərilmişdir. Lakin iddia tələbində əsas borca faiz məbləğlərinin hesablanması qanunsuzdur. Belə ki, hər 3 müqavilə üzrə iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. Apellyasiya şikayətində isə cavabdeh iddiaya etiraz etmiş və öz etirazını şikayətdə göstərilənlərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iddiaçı onunla bağlanılmış müqavilələrə istinad edərək, hazırki iddianı irəli sürmüşdür. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli 633 saylı və xx.xx.2016-cı il tarixli 2060 saylı müqavilə müqavilələr mahiyyət etibarı ilə podrat müqavilələri, xx.xx.2013-cü il tarixli 70/10 saylı müqavilə isə icarə müqaviləsidir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə isə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Hazırkı işdə də İddiaçı MMM müqavilələr üzrə öz üzərinə düşən öhdəliyi icra edərək Cavabdeh MMC-yə internet xidmətləri göstərmiş və icarə obyektlərini təhvil vermiş, lakin sonuncu ödənişləri vaxtında həyata keçirməmişdir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMM-ə həmin tarixə olan borcu xx xxxxx 2013-cü il tarixli 633 saylı müqavilə üzrə ƏDV daxil 4521402,17 manat, xx xxxx 2013-cü il tarixli 70/10 saylı müqavilə üzrə ƏDV daxil 66768 manat, xx xxxxxx 2016-cı il tarixli 2060 saylı müqavilə üzrə ƏDV daxil 7182,89 manat, ümumilikdə 4595353,06 manat müəyyən edilmişdir. Hər iki tərəf üzləşmə aktını öz imzaları və möhürləri ilə təsdiq etmişlər. Cavabdehin nümayəndəsi də birinci instansiya məhkəməsində Cavabdeh MMC-nin üzləşmə aktında göstərilən məbləğlərin ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı MMM üzləşmə aktında göstərilən məbləğlərin tutulmasını tələb etməkdə haqlıdır və ona görə də, həmin hissələrdə iddia əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh əsas borcları mübahisələndirmədiyi halda, apellyasiya şikayətində həmin hissədə iddiaya etiraz etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir. Ona görə də, məhkəmə kollegiyasının gəldiyi nəticə yalnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi faktlara və sübutlara əsaslanmışdır. İddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd olunur ki, tərəflər arasında bağlanmış müqavilələrin müvafiq olaraq 9.1, 5.3, 7.1-ci bəndlərinə əsasən müqavilə imzalandığı gündən 1 il müddətində qüvvədədir. Tərəflərdən biri müqavilənin müddətinin qurtarmasına 30 gün qalmış onun ləğv olunması haqqında təklif verməzsə müqavilə növbəti 1 il müddətinə uzadılır. Hazırki işdə də tərəflər arasında müqavilə münasibətləri müvafiq olaraq 2011, 2013 və 2016-cı illərdə başlamış və halhazıra kimi də davam etməkdədir. Mülki Məcəllənin 377.2-ci maddəsində isə göstərilmişdir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Ona görə də, iddia müddətinin ötürülməsi nəticəsinə gəlmək üçün hər hansı bir əsas mövcud deyildir. Həmçinin tərəflər arasında son hesablaşma sənədi olaraq xx xxxxxx 2020-ci il tarixli üzləşmə aktı tərtib olunmuş və həmin tarixə hesablanmış borcların məbləği konkret olaraq xx xxxxx 2013-cü il tarixli 633 saylı müqavilə üzrə ƏDV daxil 4521402,17 manat, xx xxxx 2013-cü il tarixli 70/10 saylı müqavilə üzrə ƏDV daxil 66768 manat, xx xxxxxx 2016-cı il tarixli 2060 saylı müqavilə üzrə ƏDV daxil 7182,89 manat, ümumilikdə 4595353,06 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindən müəyyən ödənişlərin edilməsi isə həmin qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki hazırki məhkəmə tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olub-olmaması yoxlanılır. Cavabdeh tərəfindən edilmiş ödənişlərin ümumi borcdan çıxılması isə qətnamənin icrası mərhələsində nəzərə alınmalı məsələdir. Bundan başqa müqavilə qiymətlərinin yüksək olması və cavabdehin maddi vəziyyəti iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, əvvəla Mülki Məcəllənin 398.1-ci maddəsinin tələblərinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Göründüyü kimi qanunverici müqavilə tərəflərinin müqavilə azadlığı prinsipinə uyğun olaraq müqavilənin bağlanması zamanı müqavilənin mühüm şərti olan qiyməti də könüllü surətdə razılaşdırmalarını müəyyən etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri də əsassızdır. Həmçinin həmin Məcəllənin 448.1ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-201/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar