Məhkəmə qərarları › İş №2-2(103)-329/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-329/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-329/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 14.12.2021-ci il tarixli 2-2(113)-5618/2021 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15940 manat pul, 8000 manat əldən çıxmış fayda və 31 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında 06.05.2019-cu il tarixdə BRC 177 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. 06.05.2019cu il tarixli, BRC 177 nömrəli alqı-satqı müqaviləsinə, 10.06.2019-cu il tarixli, təhvil-təslim aktına əsasən Cavabdeh 15940 manat dəyərində Texnofas Standart 50 mm-dən 450 bağlama satılmışdır. Cavabdeh İddiaçı MMC-yə 15940 manat borcu vardır. Hal-hazıradək 15940 manat pulun ödənilməsinə dair dəfələrlə şifahi və 08.01.2021-ci il tarixdə yazılı xəbərdarlıq etməklərinə baxmayaraq, heç bir ödəniş edilməmişdir. Cavabdeh 15940 manat puldan iki il heç bir ödəniş etməmiş və bununla da iddiaçı şirkətə əldən çıxmış fayda olaraq 8000 manat ziyan dəymişdir. Bakı Kommersiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-2(113)-5618/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 15940 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat olmaqla, cəmi 15960 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Мəhkəməsinin 14.12.2021-ci il tarixli, 2-2(113)-5618/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinə onun iştirakı ilə yenidən baxılmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-ci maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı,yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibiilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına(yerli icra hakimiyyəti orqanları), ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qeydiyyatda olduğu ünvanda özü və ailə üzvləri yaşamadığı və iddia ərizəsini təhvil götürmədiyi üçün ona qarşı məhkəmə qaydasında irəli sürülən iddiadan və iddiaya baxılmasından xəbəri olmayıb. Qətnaməni məhkəmə icraçısından əldə etmişdir. Məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmədiyi üçün məhkəmə iclaslarının tarixləri barədə məlumatı olmamışdır. Bu hal məhkəmə iclasına təkrar gəlməməyi kimi qiymətləndirilə bilməz. Qətnamənin əsaslandırıcı hissəsində 06.05.2019-ci il tarixli alqı-satqı müqaviləsi və 10.06.2019-cu il tarixli təhvil-təslim aktı üzrə 15.940,62 (on beş min doqquz yüz qırx) manat (ƏDV daxil) borcun əmələ gəlməsinə dair nəticələr ümumi sözlərlə, heç bir sənədə, qaiməyə, hesab fakturaya, tarixlərə və sаir məcburi məlumatlara istinad edilmədən göstərilmiş, iddiaçı tərəfindən bunların heç biri edilmədən ümumi məbləğin göstərilməsi ilə kifayətlənilmişdir. Bu isə cavabdehin həqiqətəndə həmin hərəkətləri etməsinin sübutu kimi qiymətləndirilə bilməz, çünki iddiaçı bu məsələdə maraqlı tərəf olduğundan məsələyə rəy verməkdən ötrü neytral və müstəqil mütəxəssis cəlb edilməli idi. 06.05.2019-ci il tarixli alqı-satqı müqaviləsi və 10.06.2019-cu il tarixli təhviltəslim aktı üzrə 15.940,62 manat (ƏDVdaxil) borcun əmələ gəlməsinə dair nəticələr neytral və müstəqil mütəxəssis tərəfindən verilməli olan rəy əsasında müəyyən edilməlidir. Mənə qarşı verilmiş sözügedən iddiaya məhkəmədə baxılması barədə məlumatı olmadığından hər hansı bir sübut təqdim etmək, habelə sübutun tələb edilməsi barədə vəsatət verə bilməmişdir”. İşə apellyasiya qaydasında baxılması 30.03.2022-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.12.2021-ci il tarixli 2-2(113)-5618/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında BRC 177 saylı, 06.05.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödəniş, müqavilə bağlandığı gündə təyin olunmuş smetanın dəyərinin ilkin ödəniş olaraq 50%-i, yerdə qalan məbləğ isə mal təhvil veriləndən sonra ödəniləcəkdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən bu müqavilə üzrə bütün ödənişlər bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə alınan mallar müqavilə imzalandıqdan sonra 30 iş günü ərzində satıcının anbarında təhvil verilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. 10.06.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh iddiaçı tərəfindən ona təqdim edilmiş cəmi məbləği 15940,62 manat (ƏDV daxil) təşkil edən malları qəbul etmiş, qeyd olunan akt tərəflərin imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya qaydasında xəbərdarlıqdan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığı və iddiaçı tərəfindən satılan malların cavabdehə təhvil verildiyi 10.06.2019-cu il tarixli təhviltəslim aktı ilə təsdiq olunduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 567-ci, 598.1-ci, 442-ci, 448.1-ci maddələrinə təhvil verilmiş malların dəyərinin cavabdehdən tutulması barədə iddiaçının tələbi əsaslıdır. Məhkəmə iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apellyasiya şikayətində borc məbləği ilə hansı əsasla razı olmadığını qeyd etməmiş, təhvil aldığı mallara görə tələb olunan borcun ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən prosessual pozuntuya yol verilərək cavabdehin iştirakının təmin edilməməsi ilə bağlı apellyasiya şikayətində qeyd edilənlər də məhkəmə tərəfindən əsassız hesab edilir. İş materiallarından görünür ki, işə birinci instansiya qaydasında baxılarkən cavabdehin elektron kabineti olmadığından məhkəmə iclaslarının vaxtı barədə bildirişlər cavabdehin qeydiyyatda olduğu ünvana kağız daşıyıcıda göndərilmiş və çatdırılmışdır. Cavabdeh apellyasiya şikayətində qeydiyyatda olduğu ünvanda yaşamadığını, bu səbəbdən bildirişləri almadığını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. İstinad edilən normanın tələbindən göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyata alınmaq hər bir kəsin qanundan irəli gələn vəzifəsi olduğundan cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması və bu səbəbdən məhkəmə bildirişlərini almaması məhkəmə tərəfindən yol verilmiş prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qətnamənin ləğvinə əsas olan hər hansı maddi və ya prosessual pozuntuya yol verildiyi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.12.2021-ci il tarixli 2- 2(113)-5618/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 14.12.2021-ci il tarixli 2-2(113)-5618/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə qanunla nəzərdə tutulmuş halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar