Məhkəmə qərarları › İş №2-2(103)-331/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-331/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-331/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "İddiaçı" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1544/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı "İddiaçı" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9025 manat məbləğində əsas borcun, 61370 manat məbləğində dəbbə pulunun, 2000 manat əldən çıxmış faydanın, 7,25% məbləğində hesablanmaqla 654 manat məbləğində bank uçot dərəcəsinin və 31 manat məbləğində dövlət rüsumunun tutularaq, onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 03/18 №-li müqaviləyə əsasən iddiaçı (icraçı) cavabdehin (sifarişçinin) sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. İddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ona göstərilən xidmət müqabilində xidmət haqqını ödəməkdən boyun qaçırmış, ümumilikdə, iddiaçıya 9025 manat məbləğində borcu qalmışdır Müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 1 % əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 61370 manat cərimə hesablanmışdır. Bundan əllavə qeyd edilən puldan cavabdehin hərəkətləri nəticəsində istifadə edə bilməmiş 2000 manat məbləğində gəlirindən məhrum olmuşdur. İddiaçı hesab edir ki, qeyd olunan vəsait, eyni zamanda Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbinə müvafiq olaraq ondan 7,25% məbləğində bank uçot dərəcəsi ilə hesablanmış 654 manat faiz məbləği tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixli, 05/18 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə yaranmış 9025 manat məbləğində əsas borc, 125 manat cərimə borcu, cəmi, 9150 manat və dövlət rüsumu kimi ödənilmiş 3,75 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnaməni ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və presessual hüquq normalarının pozulması ilə çıjxarılmışdır. Belə ki, cavabdeh ödənişlərdən boyun qaçırmamış və yaranmış çətin vəziyyətlə bağlı vaxt istəmişdir ki, hissə-hissə bütün borcunu ödəsin. Bu müddət ərzində cavabdehin biznes fəaliyyətində gözləmədiyi geriləmələr olmuş və cavabdeh bu barədə iddiaçınıməlumatlandırmışdır. Belə ki, məşğul olduğu tikinti biznesi fəaliyyəti tək cavabdehdə yox bütün respublika üzrə bu sahə üzrə geriləmə olduğu hamıya məlumdur. Bu səbəblərdən meydana gələn müəyyən vaxtlardakı gecikdirmələr baş vermişdir ki, bu səbəbdən iddiaçıməhkəməyə müraciətetmişdir. Biznesdə olan geriləmə ödənişləri vaxtında aparmağa da təsir etmiş və müqavilədə nəzərdə tutulmasa da bu halməndən asılı olmayan hal kimi nəzərə alınmamalıdır. Lakin bu faktlar məhkəmə tərəfindən lazımınca raşdırılıb qiymətləndirilməmiş, onun gecikdirmələri isə səbəbsiz kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Bu gün o, iddiaçı qarşısında məhkəmə tərəfindən ona əassız faiz və dəbbə pulu hesablanır bu da onun yuxanda göstərdiyi Mülki Məcəllənin 445.5-ci maddəsi ilə təsbit olunan hüquqlarımın pozulması deməkdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8, 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) N.Sərdərova cavabdehin apellyasiya şikayətinin işi uzatmaq məqsədi ilə verildiyini və formal xarakter daşıdığını vurğulayraq, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini vurğulamaqla yanaşı, iddiaçıya olan borcu üzrə ödənişlərdən boyun qaçırmadğını və maddi durumunda yaranmış çətin vəziyyətlə bağlı hissə-hissə ödəmək istəyində olduğunu bildirmiş, lakin daha sonra, ona faiz və dəbbə pulu hesablanması ilə də razılaşmamışdır. Hər bir halda, məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız oludğunu vurğulayan dəlillərini əsassız sayır. Belə ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilədən görünür ki, iddiaçı (icraçı) cavabdehşin (sifarişçinin) sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 850-ci maddəsinə əsasən yük daşıması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin ) daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımayğı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 854.1 və 854.1.3-cü maddələrinə əsasən yük daşıması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlər (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə yük alan tərəfindən yükün qəbul edilməsini təsdiq edir. İş materiallarına əlavə olunmuş: - EAAH seriyalı, 637284 nömrəli, xx.xx.2018- ci il tarixli; - EAAİ seriyalı, 294159 nömrəli, xx.xx.2018-ci il tarixli; -EAAİ seriyalı, 913583 nömrəli, xx.xx.2018-ci il tarixli; -EAAJ seriyalı, 689741 nömrəli, xx.xx.2018-ci il tarixli; -EAAK seriyalı, 374865 nömrəli, xx.xx.2018-ci il tarixli; -EAAL seriyalı, 133853 nömrəli, xx.xx.2018-ci il tarixli; -EAAL seriyalı, 889454 nömrəli, xx.xx.2018-ci il tarixli; -EAAM seriyalı, 594492 nömrəli, xx.xx.2018-ci il tarixli; - EAAN seriyalı, 439293 nömrəli, xx.xx.2018-ci il tarixli; -EAAO seriyalı, 174746 nömrəli, xx.xx.2018-ci il tarixli; -EAAP seriyalı, 115688 nömrəli, xx.xx.2019-cu il tarixli; -EAAP seriyalı, 248361 nömrəli, xx.xx.2019-cu il tarixli; -EAAP seriyalı, 261207 nömrəli, xx.xx.2019-cu il tarixli; -EAAP seriyalı, 382801 nömrəli, xx.xx.2019-cu il tarixli; -EAAP seriyalı, 347845 nömrəli, xx.xx.2019-cu il tarixli; -EAAQ seriyalı, 032616 nömrəli, xx.xx.2019-cu il tarixli; -EAAR seriyalı, 153983 nömrəli, xx.xx.2019-cu il tarixli; - EAAS seriyalı, 609622 nömrəli, xx.xx.2019-cu il tarixli; -EAAT seriyalı, 977352 nömrəli, xx.xx.2019-cu il tarixli; -EAAV seriyalı, 397701 nömrəli, xx.xx.2019-cu il tarixli -EAAW seriyalı, 655195 nömrəli, xx.xx.2019-cu il tarixli - elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilən yükdaşıma xidmətlərinin - ƏDV daxil dəyəri 21.435,60 manat təşkil etmişdir. Eyni zamanda, işə əlavə olunmuş tərəflər rəsmi elektron poçtları (e-mailləri) vasitəsilə yazışmalarından bəlli olur ki, cavabdeh iddiaçıya olan borcunun 9025 manat məbləğində olduğunu təsdiq etmiş və layihələrin başa çatdığı üzündən maliyyə vəziyyətində yaranmış çətinliklər nəzərə alınmaqla, yeni layihələr başlayana kimi borcun bağlanılacağını vəd etmişdir. Apellyasiya şikayətinin qeyd olunan dəlillərindən də göründüyü kimi, cavabdeh iddiaçıya olan 9025 manat məbləğində qalıq borcunun mövcudluğunu heç də mübahisələndirmir, əksinə onu hissə-hissə ödəmək əzmində olduğunu bildirir. Mülki Məcəllənin 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşıma müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun. Tərəflər arasında bağlanmış yükdaşıma müqaviləsinin 5.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq bu müqavilələrin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə müəyyən edilir. Həmin müqavilənin 5.2-ci bəndindən isə görünür ki, aylıq xidmət haqqı təhvil-təslim aktı təqdim edildikdən beş bank günü ərzində sifarişçi tərəfindən icraçıya ödənilməlidir. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, cavabdeh tərəfindən ona verilmiş elektron qaimələr üzrə hesabları mübahisələndirilməmişdir. Yükdaşıma müqaviləsinin 4.2.1-ci bəndindən isə görünür ki, sifarişçi icraçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin gecikdirilmədən ona ödənilməsini təmin etməlidir. Həmin müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 1 % əlavə hesablanacaq. Beləliklə mülki qanunvericiliyin qeyd olunan tələbləri və tərəflər arasındakı yükdaşıma xidməti müqaviləsinin qeyd olunan şərtləri və işin yuxarıda qeyd olunan halları onu deməyə əsas verir ki, cavabdeh sifarişçi olaraq yükdaşıma xidmətlərini həyata keçirən iddiaçının göstərdiyi xidmətlərin dəyərinin gecidirilmədən ödənilməsini təmin etməyə borclu olduğu halda, bu bu müqavilə öhdəliyini yerinə yetirməmişdir. Mülki Məcəllənin 443.1-ci maddəsi isə nəzərdə tutur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəriin əvəzitni ödəməyə borcludur. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin iddiaçıya olan borcunu gecikdirməsinə haqq qsazandırmağa çalışan dəlillərinin əsassız olduğu sübuta yetirilir. Birinci instansiya məhkəməsi qətnaməsində iddianı 9025 manat məbləğində əsas borc tələbi hissəsində tam, 61.370,00 manat dəbbə pulu tələbi hissəsində isə Mülki Məcəllənin 467-ci maddəsiənə əsasən azaldılaraq qismən, yəni 125 manat (əsas borcun təxminən bir faizini təşkil edir) məbləğində hissəsində təmin etmiş, qalan (2000 manat əldən çıxmış fayda və 654 manat 7,25 faiz bank uçot dərəcəsi tələbləri) hissələrində isə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci binstansiya məhkəməsinin gəldiyi həmin nəticəni, işin yuxarıda tədqiq olunan halları baxımından, faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya həmin qətnamənin qanunsuz, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1544/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1544/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar