Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-331/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, X18 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qanuni nümayəndə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-498/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Qanuni nümayəndə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 35000 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 195 manat dövlət rüsumu, 0,4 manat xidmət haqqının tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-498/2025 nömrəli qərardadı ilə iddia tələbinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 35000 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 195 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulub iddiaçıya ödənilməsi” hissəsində iddiaçının iddiadan imtinasının qəbul edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-498/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
4. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-498/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etdiyi hallara düzgün hüquqi qiymət verməmiş, işin hallarını hüquqi və məntiqi mühakimə əsasında qanunvericiliyin istinad edilən normaları ilə əlaqəli şəkildə araşdırmamış və işin halları üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan aşağıdakı hallar aydınlaşdırılmamışdır: 1. Obyekt icarəyə verilərkən obyektin yanğın təhlükəsizliyinə cavabdeh olan şəxsin müəyyən edilməməsi və Qanuni nümayəndə yuxarıda qeyd edilən “Qaydalar”ın və istinad edilmiş digər qanunvericilik aktlarının normalarının tələbləri baxımından yanğın hadisəsinə görə məsuliyyət daşıması; 2. Həmin “Qaydalarda” müəssisə rəhbərləri ilə obyekti icarəyə götürən şəxslər arasında əmək münasibətlərinin olmasının mütləq şərt kimi müəyyən edilməməsi. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranmaması barədə gəldiyi nəticə işdə olan sübutlarla (cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, həmin qərarla müəyyən edilən hallar, qərarda sadalanan ekspert rəyləri, o cümlədən məhkəmə-xətşünaslıq ekspertizasının rəyi) öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticə işin aşağıdakı hallarına uyğun deyil: 1) Yanğın hadisəsi X9 təqsiri nəticəsində baş vermişdir; 2) Cavabdeh Qanuni nümayəndə müəssisənin direktoru kimi obyekti X13 icarəyə vermişdir; 3) Obyekt icarəyə verilərkən obyektin yanğın təhlükəsizliyinə cavabdehliyini kimin daşımalı olduğu müəyyən edilməmişdir; 4) Obyekt icarəyə verilərkən icarə müqaviləsi icarəyə götürən tərəfindən imzalanmamışdır və bu hal da obyekt icarəyə verilərkən obyektin yanğın təhlükəsizliyinə cavabdehliyi daşıyan şəxsin müəyyən edilmədiyini, yanğın təhlükəsizliyi qaydaları barədə icarəyə götürənin təlimatlandırılmadığını təsdiq edir; 5) DİN BDYTİ-nin 430 №-li, 06 may 2002-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi” qaydalarının 1.2-ci hissəsinə əsasən qüvvədə olan qanunvericiliyə müvafiq otaraq ticarət ictimai iaşə müəssisələrinin baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibatı heyəti və ya sahibkarlar (sonradan rəhbərləri) daşıyırlar; 6) Qanuni nümayəndə yuxarıda istinad edilən “Qaydalar”ın tələbləri baxımından obyektin yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs müəyyən edilmədən və icarəyə götürən bu barədə təlimatlandırılmadan icarəyə verilməsinə görə baş vermiş yanğın hadisəsinə görə məsuliyyətinin yaranması; 7) “Qaydalar”da obyektlərin rəhbərləri, inzibatı heyəti və ya sahibkarlarla (sonradan rəhbərləri) digər şəxslər arasında əmək hüquq münasibətlərinin olub-olmaması ilə bağlı bir müddəanın olmaması və yanğın təhlükəsizliyi qaydaları barədə tədbirlərin görülməsinin mütləq şəkildə əmək hüquq münasibətləri ilə şərtləndirilməməsi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
10. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
11. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
12. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
13. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
14. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
21. İşin müəyyən edilən halları ondan ibarətdir ki, daşınmaz əmlakın icbari sığortası barədə xx.xx.2017-ci il tarixli BA 773529 seriya və nömrəli şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən “Suraxanı” bazarı (qeyri-yaşayış sahəsi) ümumilikdə 361 846 manat sığorta məbləği həddində (150 manat azadolma məbləği) icbari sığorta qaydasında sığortalı "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmaqla iddiaçı tərəfindən sığortalanmışdır. xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Suraxanı” bazarında baş vermiş yanğın hadisəsi nəticəsində qeyri-yaşayış sahəsinə zərər dəymiş, dəymiş zərərin xx.xx.2019-cu il tarixli hesabatına görə ümumi zərər 35150 manat qiymətləndirilmiş, 25 fevral 2019-cu il tarixli 3691/CFİ-070/2018-2019 nömrəli sığorta aktı ilə xx.xx.2018-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği 35150 manat müəyyən edilmiş, 150 manat azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişi 35000 manat təyin edilmiş və xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığı əsasında sığortalı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına köçürülmüşdür.
22. İddiaçı cavabdeh Qanuni nümayəndə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi kimi yanğın təhlükəsizliyi qaydalarına əməl etməli olmasına, həmçinin icarəyə götürənləri yanğın təhlükəsizliyi qaydaları ilə tanış etməli olduğu halda, obyekti icarəyə götürən şəxs X14 və digər işçiləri yanğın təhlükəsizliyi qaydaları ilə tanış etmədiyinə və təlimatlandırmadığına istinad edərək cavabdehin xx.xx.2018-ci il tarixli yanğın hadisəsinin baş verməsində X19 ilə birgə məsuliyyət daşıdığını bildirmiş və subroqasiya qaydasında sığorta ödənişinin cavabdehdən tutulmasını tələb etmişdir.
23. İşdən görünür ki, xx.xx.2018-ci il tarixli yanğın hadisəsində sığortalı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə zərər dəymişdir və bu mənada ilkin olaraq həmin zərərə görə cavabdehin məsuliyyət daşıyıb-daşımaması müəyyən edilməlidir.
24. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində xx.xx.2018-ci il tarixli yanğın hadisəsi ilə bağlı aparılmış 0526 nömrəli material üzrə həyata keçirilmiş 27 may 2024-cü il tarixli 3-16-16/2-10/2050 nömrəli təkrar yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasından görünür ki, ekspert qarşısında baş vermiş yanğın hadisəsi ilə əlaqədar qüvvədə olan hansı normativ aktların tələbləri kimlər tərəfindən pozulduğu və "xxxx" Açıq Səhmdar Cəmiyyəti, sonradan “İcarədar” adlanacaq Qanuni nümayəndə ilə sonradan “İcarəçi” adlanacaq X19 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilədə yanğın təhlükəsizliyinə cavabdehlik heç kimə həvalə olunmadığı halda, həmin sahədə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına kimin məsuliyyət daşıdığının müəyyən olunması ilə bağlı suallar qoyulmuş, həmin rəydə göstərilmişdir ki, baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ №01-2001) 6.1, 6.2, 6.5-ci bəndlərinin və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ №03-2002) 3.19.3, 3.19.4-cü bəndlərinin tələbləri pozulmuşdur, həmçinin xx.xx.2018-ci il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilədə yanğın təhlükəsizliyinə cavabdehlik heç kimə həvalə olunmadığı halda, həmin sahədə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına kimin məsuliyyət daşıması məsələsi təhqiqat tərəfindən müvafiq araşdırmalar aparılmaqla və iş materiallarında olan məlumatlara hüquqi qiymət verilməklə həll edilə bilər.
25. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı leytenant X4 0526 saylı material üzrə qəbul etdiyi 27 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, yoxlama zamanı toplanmış materialla müəyyən edilmişdir ki, yanğın hadisəsi, 3-cü mağazanın daxilində yerləşmiş elektrik xətlərində və elektrik avadanlıqlarında yaranmış elektrik təbiətli qəza halından (artıq yüklənmədən) baş verməsi üçün xarakterikdir. Ona görə də X19 ünvan 4 ünvanında yerləşən "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən icarəyə götürdüyü 3 saylı mağazanın istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2, 6.5-ci, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qadaları”nın 3.19.3 və 3.19.4-cü bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də 26 aprel 2018-ci il tarixdə, saat 00 radələrində mağazanın daxilində yerləşmiş elektrik xətlərində və elektrik avadanlıqlarında qəza halının yaranmasından yanğın baş vermiş, nəticədə 6 mağaza içərisindəki əmlakla birlikdə yanğının təsirinə məruz qalmış "xxxx" ASC-yə tikinti üzrə 49987,0 manat, 6 saylı mağazanı icarəyə götürmüş X10 əmtəə üzrə 76969,85 manat, 2 saylı mağazanı icarəyə götürmüş X2 əmtəə üzrə 12688,60 manat, 4 saylı mağazanı icarəyə götürmüş X3 əmtəə üzrə 12176,00 manat, 5 saylı mağazanı icarəyə götürmüş X11 əmtəə üzrə 18032,67 manat, X8 9756,00 manat maddi ziyan dəymişdir. Lakin yoxlama materialından da göründüyü kimi yanğın hadisəsi nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, mağazalara dəymiş maddi ziyan mühüm zərər kimi qiymətləndirilmir, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Odur ki X9 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilməlidir.
26. Göründüyü kimi, xx.xx.2018-ci il tarixli yanğın hadisəsi ilə bağlı təhqiqat orqanı tərəfindən aparılmış araşdırma nəticəsində hadisənin məhz icarəçi X7 icarəyə götürdüyü obyektin daxilində yerləşmiş elektrik xətlərində və elektrik avadanlıqlarında yaranmış elektrik təbiətli qəza halından (artıq yüklənmədən) baş verməsi, hadisəyə sonuncunun məsuliyyət daşıması müəyyən edilmiş, lakin X7 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanmasının rədd edilməməsi qərara alınmışdır.
27. Hazırda isə iddiaçı cavabdehin X19 ilə birlikdə dəymiş zərər üçün birgə məsuliyyət daşımasına dair hər hansı sübut təqdim etməmiş, formal mülahizələr irəli sürmüşdür.
28. İddiaçının xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə X7 imza etməməsi, bu səbəbdən də sonuncunun yanğın təhlükəsizliyi qaydaları ilə tanış edilməməsi və nəticədə cavabdehin məsuliyyət daşıması ilə bağlı mövqeyinə münasibətdə isə məhkəmə göstərmişdir ki, xx.xx.2018-ci il tarixli yanğın hadisəsi ilə əlaqədar aparılmış araşdırma zamanı X19 verdiyi izahatında göstərmişdir ki, 2013-cü ildən ünvan 4 ünvanında yerləşən “ünvan 6ıq fəaliyyəti ilə məşğul olur. Həmin mağazada o toyuq məhsullarının satışını həyata keçirir. 26 aprel 2018 tarixdə saat 01 radələrində mobil telefonuna zəng olunaraq ASC-yə məxsus bazar ərazisində yanğın hadisəsinin baş verdiyi bildirilmiş, ürək xəstəsi olduğu üçün dərhal bazara getməmişdir. Bir neçə gündən sonra hadisə yerinə gedərək icarəyə götürdüyü mağaza da daxil olmaqla, ümumilikdə 6 mağazanın içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qaldığının şahidi olmuşdur. Hadisədən əvvəl mağazanın daxilində olan 5 ədəd soyuducudan biri və çöl hissədə olan 2 soyuducu elektrik cərəyanına qoşulu qalmışdır.
29. Göründüyü kimi, icarəçi X19 tərəflər arasında icarə münasibətlərinin olduğunu təsdiq etmişdir. Bu səbəbdən xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə X7 imza edibetməməsinin hazırkı işin halları baxımından hər hansı əhəmiyyəti yoxdur. Həmçinin göstərilməlidir ki, xx.xx.2018-ci il tarixli yanğın hadisəsi ilə əlaqədar aparılmış araşdırma zamanı xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə X7 imza etməməsi ilə bağlı 30 yanvar 2024-cü il tarixli 3-16-16/2-4/2097 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi də təhqiqat orqanına təqdim edilmişdir.
30. Digər tərəfdən, nəzərə alınmalıdır ki, icarəçi icarə münasibətlərindən irəli gələrək icarə obyektinə sahiblik və istifadə hüququna malikdir və bu mənada hər iki tərəfin sahibkarlıq fəaliyyəti subyekti olduğu icarəyəverən ilə icarəçi arasındakı münasibətlər əmək-hüquqi mübasibətləri deyildir və işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi müəyyən edilən əməyin mühafizəsi qaydaları həmin münasibətlərə tətbiq edilə bilməz. Bu səbəbdən yanğın təhlükəsizliyi qaydaları ilə icarəçinin cavabdeh tərəfindən tanış edilməsi vəzifəsi yalnız tərəflər arasında əmək münasibətlərinin olduğu halda irəli sürülə bilərdi. İcarə obyektinin daxilində yerləşmiş elektrik xətlərində və elektrik avadanlıqlarında yaranmış elektrik təbiətli artıq yüklənmənin məhz icarə münasibətləri zəmnində baş verdiyi isə işin müəyyən edilən halını təşkil edir. Başqa sözlə, iddiaçının arqumentləri yalnız "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X19 arasında əmək münasibətləri mövcud olduğu halda əhəmiyyət kəsb edə bilərdi.
31. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 25 may 2001-ci il tarixli 85 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.10.8-ci bəndinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar, həmçinin hazırkı qaydaların 1.9.1-1.9.12-ci bəndlərinin tələblərini yerinə yetirməlidirlər. Həmin bəndlərə görə isə bu tələblərə yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, Azərbaycan Respublikasının Dövlət X12 vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək; yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığını, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə şəhər və rayon X6 Xidmətinə və ya onun bölmələrinə ləngimədən məlumat vermək və s. aid edilmişdir.
32. Məhkəmə qeyd etmişdir ki, subroqasiya qaydasında pul tələbi ilə bağlı iddianın təmin edilməsi üçün cavabdehin sığorta hadisəsinin baş verməsində təqsirli olduğu təkzibedilməz sübutlarla təsdiq olunmalı olduğu halda, hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar xx.xx.2018-ci il tarixli yanğın hadisəsində cavabdehin təqsirini təsdiq etmir. Əksinə, hadisə nəticəsində təhqiqat orqanı tərəfindən məhz icarəçi X19 təqsirli hesab edilmişdir.
33. Apellyator icarəçinin təqsirini inkar etməmiş və bu hal işin mübahisəsiz halı olduğuna görə məhkəmənin işin bu halı barədə mövqeyi əsaslı və qanuna uyğundur. Lakin iddiaçı təqsirsiz (obyektiv) məsuliyyət prinsipinə əsaslanaraq cavabdehin hüquqi şəxsin direktoru olması səbəbindən yanğın təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını iddiada və şikayətdə qeyd etmişdir.
34. Kollegiya iddiaçının bu mövqeyini əsassız hesab edir.
35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarına əsasən...Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.
37. İddiaçı cavabdehin nə təqsirini, nə də təqsirsiz məsuliyyətinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin təqsirsiz məsuliyyət daşımalı olmasına dair hüquqi əsasa (qanuna) istinad etməmişdir. xx.xx.2018-ci ilin ekspert rəyi ilə, cinayət işinin rədd edilməsi barədə araşdırma ilə və qüvvədə olan qanunvericiliklə cavabdehin yanğın təhlükəsizliyinə görə məsuliyyət daşıması müəyyən edilməmişdir. Odur ki, iddiaçının dəlilləri təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
38. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-498/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.